Qənirə Mehdixanlı: "Gözümüzdə dən-dən oldu yaşımız, ayrılıqla barışmadıq, ayrıldıq..." -ŞEİRLƏR

12-10-2019 11:35
...Elə bildim yazda yağan,
Bahar leysan yağışıdı.
Sən demə, bu, nakam gedən
Sevənlərin göz yaışıdı....


Dalidag.az
Qənirə Mehdixanlının şeirlərini təqdim edir:

BU YOLDAN

Bürüyüb dünyanı yol damar-damar,
Yolçular yollardan rahatlıq umar,
Kimiyə daş-kəsək, kimiyə hamar,
Keçir namərdlər də, mərd də bu yoldan.

Biri toy-düyünlə gəlindir köçür,
Biri dərdlərini götürüb qaçır,
Hamı son mənzilə bu yolla köçür,
Keçir məhəbbət də,dərd də bu yoldan.

Mehdixanlı, uzun-kəsədi yollar,
Qıyarmı yolçular küsə bu yollar,
Fərq qoymaz yaxşıya, pisə bu yollar,
Keçir qoyunlar da, qurd da bu yoldan.

* * *
Bir məclisdə təsadüfən görüşdük,
Kefimizi soruşmadıq,ayrıldıq,
Dətdimizi baxışlarla bölüşdük,
Bircə kəlmə danışmadıq, ayrıldıq.

Könlümüzdən nələr keçdi bu anlar,
Nələr dedi bizə keçmiş zamanlar,
Başımızda sevgi dolu dumanlar,
Əl uzadıb görüşmədik,ayrıldıq.

Qəlbimizdə köhnə hisslər oyandı,
Gözümüzdə bütün dünya dayandı,
Deməsəm də bu hər kəsə bəyandı,
Bu məclisə qarışmadıq,ayrıldıq.

Mehdixanlı, başdan çıxdı huşumuz,
Səyriyirdi kirpiyimiz, qaşımız,
Gözümüzdə dən-dən oldu yaşımız,
Ayrılıqla barışmadıq, ayrıldıq.

XƏBƏRİM YOXMUŞ

Nə xəbər tutmuşam, nə də bilmişəm,
Sən demə böyüyüb, yaşa dolmuşam,
Cilvəli bir gözəl mələk olmuşam,
Mənə diqqət edən, baxanlar çoxmuş,
Özümün-özümdən xəbərim yoxmuş.

Kimi görmək üçün daş üstə çıxıb,
Kimi pəncərədən xəlvətcə baxıb,
Neçə ürəkləri yandırıb-yaxıb,
Onlar da bu sirri açmağa qorxmuş,
Özümün-özümdən xəbərim yoxmuş.

Bir çoxu gecələr yuxu yatmamış,
Mənə söz deməyə cürət etməmiş,
Məhəbbət nə şeydir mənə çatmamış,
İllər ötüb-keçmiş, fəsillər axmış,
Özümün-özümdən xəbərim yoxmuş.

Mehdixanlı, ötən illəri saydım,
Qocalıq üz verdi, qəddimi əydim,
Bir əlim, bir dizim, başıma döydüm,
Vaxt keçmiş, gözəllik əlimdən çıxmış,
Özümün-özümdən xəbərim yoxmuş.

BİZİM DAĞLAR

Dolayları arşın-arşın,
Gah qalxır, gah enir maşın,
Gül-çiçəkdir hər qarışın,
Bir ümmandır bizim dağlar.

Hər tərəfi yaşıl meşə,
Buz bulaqlar qoşa-qoşa,
İç suyundan yüz il yaşa,
Qocamandır bizi dağlar.

Dərdə dərman hər çiçəyi,
Meşəsinin göbələyi,
Ağ buludlar qar örpəyi,
Çən-dumandır bizim dağlar.

Bir yaxşı bax, Mehdixanlı,
Kəklikotu, baldırqanlı,
Başı göydə asimanlı,
Asimandır bizim dağlar.

EŞQİ İÇDIM ARAM-ARAM

Eşqi içdim aram-aram,
Harda olsan, orda varam,
Mən anama minnətdaram,
Eşq oduna yanan eşqim.

Qəm karvanım yollar üstə,
Köçüb gedir asta-asta,
Yollar uzun, könül xəstə,
Göydən yerə enən eşqim.

Həsrət könlüm para-para,
De sən hara, bu eşq hara?
Uralanmış bostanlara,
Uralanıb dönən eşqim.

Dərdim-qəmim ətək-ətək,
Qoş kotana birgə çəkək,
Alovundan geydim köynək,
Alovlanıb sönən eşqim.

Mehdixanlı sirr-sirdaşı,
Bu yük sənə yol yoldaşı,
Çox ağırdır özün daşı,
Parçalanıb sınan eşqim.

OLAN OLDU


Dərd yüküdür belimdəki,
Belə yüklər bilməz çəki,
Gözləyirəm mən hələ ki,
Gözüm yolda qalan oldu.

Öz oduma özüm yandım,
İçin-için alovlandım,
Nə yoruldum, nə usandım,
Nə bir yada salan oldu.

Gecə-gündüz çox ağladım,
Yastığımı qucaqladım,
Hər tərəfdən soraqladım,
Nə bir xəbər alan oldu.

Ürəklərdə min dərd-azar,
Tükənməzdir giley-güzar,
Nədən belə oldu bezar,
Tez saralıb-solan oldu.

Allahı saldım yadıma,
Fələklər yandı oduma,
O da çatmadı dadıma,
Mənə artıq olan oldu.

Mehdixanlı, sinən dağlı,
Yaqub kimi qəm otaqlı.
Bu dünyada ona bağlı,
Nəyim vardı talan oldu.

* * *
İsmi pünhan saxla,aşkar eyləmə,
Bir az da gəl mənə sən ondan danış.
Bağrımın başını sözlə teyləmə,
Danış, dönə-dönə,sən ondan danış.

Baxıram üzünə özüm bayaqdan,
Tükənib canımda dözüm bayaqdan,
Zillənib ağzına gözüm bayaqdan,
Susma,danış yenə,sən ondan danış.

Alışıb yanıram,istim görünməz,
Alov ərşə qalxır, tüstüm görünməz,
Eşqin atəşində bişdim görünməz,
Danış yana-yana,sən ondan danış.

CAN APARIR

Əzrayılın işinə bax,
Gündə neçə can aparır.
Məndən onun xəbəri yox,
Canımı canan aparır.

Həyatım at üstə gedir,
Yorğa gedir, asta gedir,
Elə bir şəstlə gedir,
Ürəyimi qan aparır.  

Arzularım qanad açır,
Ürəyimdən nələr keçir?
Mehdixanlı yuxum qaçır,
Bir ismi pünhan aparır.

DEDİ QAZAN BU DÜNYADA


Can alandan can istədim,
Axirəti-zaman istədimm,
Cənnətə ünvan istədim,
Dedi,- qazan bu dünyada.

Bir gün ömrüm getsə bada,
Qıl körpüdən düşsəm oda,
Bəlkə Tanrım çatar dada,
Dedi,- qazan bu dünyada.

Yalvardım qadir Allaha,
Batmayım bir də günaha,
Gorda cəza vermə daha,
Dedi,- qazan bu dünyada.

Unutma gəl haqq-hörməti,
Yadına sal qiyaməti,
Yaradana məhəbbəi,
Dedi,-qazan bu dünyada.

Mehdixanlı, mayan təmiz,
Qurandakı ayən təmiz,
Getməyi ora tər-təmiz,
Dedi,-qazan bu dünyada.

DÜNYADA İÇİMDƏ YAŞAYIR


Yalan dünya nəyə gərək,
Dünya içimdə yaşayır.
Yumruq boyda kiçik ürək,
Dünya boyda yük daşıyır.

AllAH sözü dilimdədir,
"İncil", "Quran" əlimdədir,
Dünya, yükün belimdədir,
Kotana qoş, çək daşıyır.

Gözlərində yaz yağışı,
Kirpiyində qarlı qışı,
Sinəsində Kəbə daşı,
Mehdixanlı tək daşıyır.

Qənirə Mehdixanlı

Dalidag.az




Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 12-10-2019 11:35
Baxış sayı: 3798
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
01 / 12 / 2024