Zakir Həsənov Laçına getdi - Video

11-02-2022 13:03
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Laçın rayonunda dislokasiya olunan hərbi hissədə yeni tikilən və əsaslı təmir edilən hərbi infrastruktura baxış keçirib. 
Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyətin yaşayış yeri ilə tanış olan müdafiə nazirinə məruzə edilib ki, sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb. Burada istilik sistemi ilə təchiz edilmiş qərargah binası, yataqxana, hamam-sanitar qovşağı, ərzaq və əşya anbarları, ideoloji sinif, xidməti, məişət və silah otaqları var. Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməkxana binası müasir standartlara cavab verən sobalar, soyuducular, eləcə də digər məişət texnikası və inventarla təchiz edilib.
Hərbi hissələr generatorlar vasitəsilə fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Ərazidə müxtəlif növ ağaclar əkilib, yaşıllıq zolağı və idman şəhərciyi salınıb.
Sonra general-polkovnik Z.Həsənov hərbi hissənin tibb məntəqəsində olub.
Məruzə olunub ki, burada hərbi qulluqçuların müayinə və müalicəsini həyata keçirmək üçün müasir tipli tibbi avadanlıqlar quraşdırılıb, səyyar flüoqrafiya rentgen maşını və təxliyə üçün təcili tibbi yardım avtomobilləri mövcuddur. Nazir tibb məntəqəsində müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalıb xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Müdafiə naziri döyüş və avtomobil texnikası parkında hərbi texnikanın saxlanma şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə də maraqlanıb.
Daha sonra hərbi qulluqçularla görüşən müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordu quruculuğu sahəsində görülən işlər və həyata keçirilən islahatlardan danışıb. Nazir 2016-ci ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt zəfərində, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq və fədakarlıq nümunələrinin dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildiyini bir daha hərbi qulluqçuların diqqətinə çatdırıb. Azərbaycan Ordusunun ən müasir silah, döyüş texnikası və avadanlıqla təchizatının bundan sonra da planlı şəkildə davam etdiriləcəyini vurğulayıb.
Vətən müharibəsində əldə edilən Qələbədən sonra informasiya sahəsində Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin fəaliyyətinə də toxunan müdafiə naziri yayılan böhtan və təxribat xarakterli məlumatlara qarşı diqqətli olmağı, hərbi və xidməti sirlərin qorunmasının vacibliyini xüsusi qeyd edib.
Görüşdə hərbi qulluqçular işğaldan azad edilən ərazilərimizdə xidmət etməkdən qürur duyduqlarını və burada yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Hərbi hissələrin xidməti döyüş fəaliyyəti ilə də maraqlanan müdafiə naziri Ölkə Başçısının Ordumuz qarşısında qoyduğu vəzifələrin icrası, eləcə də döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı konkret tapşırıqlar verib.

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 11-02-2022 13:03
Baxış sayı: 4214
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını