Qarabağda əməliyyat: Rusiya təcrübəsi tətbiq edilə bilər

06-01-2022 12:10

İlin əvvəlində Azərbaycan Qarabağda hələ də gizlənən erməni quldur birləşmələrinin təmizlənməsi üçün xüsusi antiterror əməliyyatına başlaya bilər. Onun həyata keçirilməsində iştirak edən Azərbaycan qüvvələrinin tərkibi, taktikası əsasən yerli real şəraitlə müəyyən ediləcək.

Dalidag.az bildirir ki, bu sözləri rusiyalı tarixçi və hərbi ekspert Oleq Kuznetsov axar.az-a müsahibəsində deyib.
“Bu halda Azərbaycan təhlükəsizlik qüvvələri ya 1941-1945-ci illər İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Karpatın dağlıq və meşəlik ərazilərində ekstremistlərlə mübarizə aparan sovetlərin, ya 2000-2002-ci illərdə Şimali Qafqazda antiterror əməliyyatı təşkil edən Rusiyanın, ya da PKK yaraqlılarına qarşı effektiv mübarizə aparan Türkiyənin təcrübəsindən istifadə edə bilər. Rusiya və Azərbaycan təhlükəsizlik orqanlarının bu qəbildən birgə əməliyyatlar keçirmək təcrübəsi də var və onların təhlili onu deməyə əsas verir ki, azərbaycanlı mütəxəssislər antiterror əməliyyatlarını səmərəli keçirməyə taktiki, fiziki, psixoloji və maddi cəhətdən kifayət qədər hazırdırlar.
İlk növbədə, hər hansı bir antiterror aksiyası zamanı silahlıların yerli əhalidən dəstəyinin dərəcəsi nəzərə alınmalıdır, ona görə də ilk növbədə mülki şəxslərin və silahlı quldurların əmlaklarını ayırmaq üçün məcburi tədbirlər görülməlidir. Düşünürəm ki, yerli erməni əhalisindən olan yaraqlıların dəstəyi yüksək olacaq. Hətta qadınlar yaşayış məntəqələrinə girilməməsi üçün özlərini zirehli texnikanın altına atacaqlar və bütün bunlar lentə alınaraq internetdə yerləşdiriləcək. İnanıram ki, bu məsələdə Rusiyanın təcrübəsi Bakı üçün daha faydalı olacaq. Xüsusi tədbirlərin harada həyata keçirilməsindən asılı olaraq, üç müxtəlif sxem üzrə antipartizan əməliyyatının keçirilməsini məqsədəuyğun hesab edərdim. Yaşayış məntəqələrindən kənarda açıq yerlərdə düşmən bazalarını - anbarları, müşahidə məntəqələrini və s. aşkarlayıb məhv etmək üçün ordunun xüsusi təyinatlılarının döyüş qrupları fəaliyyət göstərməlidir. Bu cür hərəkətlər qışda ən yaxşı şəkildə həyata keçirilir, çünki qarda həm insanların, həm də avadanlıqların ərazi boyunca hərəkətinin izləri və stasionar sığınacaq yerləri ən yaxşı şəkildə oxunur. Bütün bu və mütəxəssislərə yaxşı məlum olan digər səciyyəvi xüsusiyyətlər yaraqlıların demək olar ki, bütün məskunlanmış və ya gizli mühəndis strukturlarını müəyyən etməyə, lokallaşdırmağa, aradan qaldırmağa və ya ələ keçirməyə imkan verir. Azərbaycan xüsusi əməliyyat qüvvələri döyüşçülərinin texnikası, o cümlədən ayrı-ayrı avadanlığa, teplovizorlara və digər spesifik texniki vasitələrinə malik olması üstünlükdür. Kənd yerlərində birgə xüsusi tədbirlər adətən ordunun xüsusi təyinatlıları və daxili qoşunların qüvvələri tərəfindən keçirilir. Yazda qar əriməsi zamanı onları həyata keçirmək təsirli olur.
Xüsusi əməliyyat adətən belə həyata keçirilir: səhər saatlarında daxili qoşunlar zirehli texnika ilə kənddə toplanır, gecə isə vaxtından əvvəl kəndlərdən dağlara bütün çıxışlar xüsusi təyinatlılar tərəfindən bağlanır. Daha sonra metal detektorlar vasitəsilə silah saxlaya bilən şəxsləri və silahın özünü müəyyən etmək üçün kənddə ev-ev gəzinti aparılır. Bir kəndi təmizləmək üçün adətən iki-üç gün vaxt lazımdır. Ən çətini isə çoxmənzilli binalar olan şəhərlərdə, şəhər tipli qəsəbələrdə belə tədbirlərin keçirilməsidir. Belə yaşayış məntəqələri əvvəlcə sektorlara bölünür, burada özəl tikililər çoxmərtəbəli binalardan ayrıdır. Bu zaman yaraqlıların hərəkəti zamanı qəsəbəni tərk etməmələri üçün əvvəlcə məişət və yağış kanalizasiyası kimi mühəndis şəbəkələri nəzarətə götürülür, daha sonra qeyri-yaşayış binaları təmizlənir və texniki otaqlar nəzarətə götürülür, şəxsi sektor axtarılır. Daha sonra yaşayış binalarında əhali yoxlanılır. Daxili qoşunların bir briqadasının və xüsusi təyinatlıların bir taborunun hərəkəti planlaşdırılırsa, bir və ya iki orta sənaye müəssisəsi olan bir şəhəri axtarmaq üçün bir həftə kifayətdir”, - hərbi ekspert bildirib.
Onun sözlərinə görə, deyilənləri nəzərə alaraq, Ermənistanın Azərbaycandakı qanunsuz silahlı birləşmələrini müəyyən etmək, zərərsizləşdirmək üçün Azərbaycan hərbçilərinə 1-3 ay vaxt lazımdır:
“Azərbaycan Ordusu bu müddətdə Qarabağın bütün erməni əhalisini və onların daimi yaşayış yerlərini “süzgəcdən” keçirməlidir. Həmçinin onların yaşayış məntəqələrindən kənarda yerləşmə imkanları, kəşfiyyat-diversiya qruplarının hərəkətlərini dəstəkləmək üçün hərbi əmlak və ərzaqlar saxlanan gizli mühəndis qurğuları axtarılmalıdır. Təbii ki, gizlənən yerlərin yüz faizini müəyyən edib məhv etmək mümkün olmayacaq, lakin onların 70-80 faizini aradal qaldırmaq tamamilə mümkün olacaq. Bu isə terrorizmin kökünü kəsmək üçün yaxşı nəticədir”.

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 06-01-2022 12:10
Baxış sayı: 3315
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını