Cəbrayıl necə azad edildi? - DETALLAR/VİDEO

04-10-2021 11:30
Cəbrayıl necə azad edildi? - DETALLAR/VİDEOErmənistan Silahlı Qüvvələrinin təxribatından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları hər keçən gün uğurla aparılır, düşmənə sarsıdıcı zərbələr endirilirdi. Elə müharibənin ilk saatlarında 6 kəndimiz işğaldan azad olundu.
Əks-hücum əməliyyatının növbəti günlərində düşmənin xeyli sayda canlı qüvvəsi, atəş nöqtələri və hərbi texnikaları məhv edilərək Cəbrayıl rayonunun bir neçə kəndi azad edildi.
Qızğın döyüşlər zamanı düşmən Azərbaycan ordusunun qarşısında dayana bilməyərək xeyli itki verib geri çəkildi. Oktyabrın 4-də isə uzun illərdir düşmən tapdağında qalan Cəbrayılın mərkəzi və ətraf 9 kəndi işğaldan azad olundu.
Bu gün Azərbaycan əsgərinin Cəbrayıl şəhərinə ayaq basmasının 1 ili tamam olur. Ötən ilin bu günü cəbrayıllıların 27 illik həsrətinə son qoyuldu. 1993-cü ilin avqustun 23-də işğal olunan, minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin salındığı Cəbrayıl şəhərinin azad olunmasında haqq bizimlə oldu, düşmən əsirliyində qalan doğma torpağımız Vətən oğullarını salamladı... 27 ildən sonra doğma torpağımız ev sahibini qarşıladı, rəşadətli ordumuzun ayaq səsləri Cəbrayıla nəfəs verdi...

Şad xəbəri Azərbaycan xalqına Ali Baş Komandan İlham Əliyev paylaşdığı tvitlə verdi. Ölkə Prezidenti həmin gün axşam xalqa müraciət etdi, Cəbrayılla yanaşı rayonun 9 kəndinin- Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildiyini açıqladı, Ermənistana xəbərdarlıq etdi və onların 7 şərtinin qarşısında Azərbaycan torpaqlarından çıxmaları ilə bağlı şərt qoydu. Cəbrayılın işğaldan azad edilməsinin Ermənistana, onun havadarlarına dərs olduğunu xatırlatdı. Həmin gün İlham Əliyev Birlik komandirləri – general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib, təbrikləri korpusların bütün şəxsi heyətinə çatdırmağı tapşırıb. Mayis Bərxudarov və Hikmət Mirzəyev prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.
Ali Baş Komandanın xalqa müraciətindən bir hissə:
“Əziz həmvətənlər.
Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!
Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!
Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik.
Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu. Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Prezidentin xalqa müraciəti hər birimizi qürurlandırdı, ordumuz bundan güc aldı. Azərbaycan hərbçisi Ali Baş Komandana Cəbrayılda bir söz verdi, söz verdi ki, bütün işğal olunmuş torpaqlarımızda Azərbaycanın üçrəngi bayrağı dalğalanacaq. Müzəffər ordumuz sözünü tutdu, bu gün şanlı bayrağımız Qarabağda dalğalanır. Azadlığın mübarək, doğma Cəbrayıl!

Akqabay Mıradov


Kateqoriya: Qarabağ
Tarix: 04-10-2021 11:30
Baxış sayı: 4254
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını