“Sülhməramlıların başıpozuq hərəkətləri 366-cı alayı xatırladır”

11-09-2021 09:22

“Sülhməramlıların başıpozuq hərəkətləri 366-cı alayı xatırladır”

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rus sülhməramlılarının bu bölgədəki işini müsbət qiymətləndirib. O, bunu TASS-a Mahaçqalada "Vətən Qəhrəmanlarının Saatı" Ümumrusiya vətənpərvərlik aksiyasının iştirakçıları ilə görüşdə deyib.

"Rusiya sülhməramlı missiyasının fəaliyyətini yalnız müsbət qiymətləndirirəm. Bizi mülki əhali qiymətləndirir - bu gün Qarabağda həyat sürətlə gedir. Təbii ki, çox mürəkkəb məsələlər var, amma proses gedir - insanların geri qaytarılması, bir sıra problemli məsələlərin həlli. Ona görə də düşünürəm ki, hər şey yaxşı olacaq ”, - Muradov bildirib.
O əlavə edib ki, Rusiya sülhməramlıları münaqişədən sonra 5 il Dağlıq Qarabağ ərazisində qalacaqlar. "İlk beş il - üç dövlətin başçılarının imzaladığı müqaviləyə əsasən. Sonradan Rusiya sülhməramlı kontingentinin qalma müddətinin daha da uzadılması ilə bağlı qərar veriləcək ”, - deyə TASS -ın həmsöhbəti əlavə edib.
Rusiya Qəhrəmanı Rüstəm Muradov Rusiyanın sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı komandanı vəzifəsini sentyabrın 6-da başa vurdu. General-mayor Mixail Kosobokov Rusiyanın bölgədəki sülhməramlı missiyasının komandanı təyin edilib.
Ermənistan KİV-də artıq Kosobokovun İrəvana səfər edərək, orda Ermənistan rəsmilərilə görüşdüyü barədə məlumatlar yayılıb.
Dalidag.az-ın məlumatına görə, bizimyol.info saytına danışan politoloq Tofiq Abbasov bildirib ki, hərbçilər siyasətə qarışmamalıdır, lakin onlara hər zaman yön verənlər siyasətçilərdir.

Tofiq Abbasov Tofiq Abbasov
“Bu günlərdə Azərbaycana türk generallarının gəlişi barədə xəbərlər görünür ki, İrəvanda və Moskvada qıcıq yaratdı. Və istər Muradovun, istərsə də Kosobokovun bu addımlarını sırf “Türkiyəyə cavab” kimi qiymətləndirirəm. Qarabağ Azərbaycan bölgəsidir və sülhməramlıların yeni komandanı da ilk olaraq Bakıya gəlməli idi. Lakin görünən odur ki, Rusiyanın bu və digər hərbçiləri siyasi oyunlara aludə olublar, öz işləri yaddan çıxıb”, - deyə T.Abbasov qeyd edib.
O, bildirib ki, sülhməramlıların bəzən yola verdiyi başıpozuq hərəkətlər Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlərdə iştirak edən 366-cı alayı xatırladır: “O vaxt Moskvada baş qarışıq idi, Qarabağda olan Rusiya zabitləri özlərini Ermənistanın “tutovka”sı, Amerikadan lobbinin göndərdiyi pulla dolandırırdılar. Uzun illərdən sonra, bəzi başıpozuqluq hallarını görəndə düşünürsən ki, elə də çox şey dəyişməyib”,- deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, hazırda yaşanan gərginlik Türkiyə-Rusiya çəkişməsini xatırladır: “Lakin düşünürəm ki, Türkiyə və Rusiya bir-birinə o qədər lazımlı tərəfdaşlardır  ki, onlar mütləq Qarabağ məsələsində də konsesusa gəlməli, bu və digər problemlərin həlli yolunu birgə tapmalıdırlar”.
T.Abbasov əlavə edib ki, hələ sülhməramlıların mandatının uzadılıb-uzadılmayacağını demək tezdir: “Bu barədə dnaışmaq tezdir. Əgər Azərbaycan uyğun görsə, o zaman müddətin artırılmasına razı ola bilər. Bir il keçib, post-müharibə dövrüdür. Ümid edək ki, Rusiya sülhməramlıları da iradlardan nəticə çıxaracaq. Lakin proseslər heç də ürəkaçan məcrada davam eləmir”.
Politoloq Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə də bağlı danışıb: “
Bu qədər hadisələr oldu, mina partlayışı nəticəsində sülhməramlıar da xəsarət aldılar. Amma Monitorinq Mərkəzindən heç bir açıqlama olmadı. Görünür, o mərkəzdə xidmət edənlər sadəcə gündəlik hadisələri qeydə almaqla, məlumat ötürməklə məşğuldurlar”.

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 11-09-2021 09:22
Baxış sayı: 2180
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını