Sarkisyan Ermənistanın müharibə cinayətləri və terror aktlarını ETİRAF ETDİ

17-02-2021 19:02
Sarkisyan Ermənistanın müharibə cinayətləri və terror aktlarını ETİRAF ETDİ
“Bir nəfər lovğalanaraq, Kirovabadda (Gəncə-red.) aeroportu darmadağın etmək barədə əmr verdiyini bəyan edirdi. Lakin atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox...”.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan müsahibəsində bu etirafla çıxış etdi: məqsədi Paşinyan hakimiyyətini ittiham etmək idi, lakin bununla, Ermənistanın müharibə cinayətinə əl atdığını, 44 günlük müharibədə Azərbaycanın yaşayış məskənlərini raket hücumlarına məruz qoyduğunu etiraf etmiş oldu.

I Qarabağ müharibəsində Xocalı soyqırımının törətdiklərini etiraf edən, “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdülər, biz streotipləri qırdıq” deyən Sarkisyan II Qarabağ müharibəsində də Ermənistanın mülki əhaliyə hücumlarını dilə gətirir.

- Mən erməni tərəfinin “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə bəyanatlarla razı deyiləm. Məndə dəqiq informasiya var ki, müharibənin son mərhələsində konkret Şuşa istiqamətində “İsgəndər”dən istifadə olunub;

Sarkisyan deyir və bunun səhv addım olduğunu vurğulayır: “İsgəndər”dən artıq müharibənin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım idi”.

Ardınca qeyd edir ki, Gəncəyə, Bərdəyə və döyüş bölgəsindən yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərə raket zərbələrinin məqsədli şəkildə endirildiyini etiraf edir: “... Atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox”.

Sarkisyanın bu müsahibəsində iki məqam diqqət çəkir:

1. “İsgəndər”lərdən istifadə edilmədiyinə görə təəssüf edir;
2. Ermənistanın dinc sakinləri hədəfə aldığını etiraf edir;

O, bunu axmaqlıq adlandırsa da, əslində, Ermənistanın mülki əhalini hədəfə almaqla belə istəyinə nail ola bilmədiyi üçün belə deyir. Sual yaranır: Paşinyanın yerində Sarkisyan olsaydı, mülki əhalini hədəfə almayacaqdımı?

Eyni addımlar atılacaqdı. Onun “İsgəndər”lərdən vaxtında istifadə edilmədiyinə görə təəssüf keçirməsi də bunu təsdiqləyir. O cümlədən, Sarkisyanın vaxtilə Xocalı soyqırımı ilə bağlı etirafı, I Qarabağ müharibəsində törətdikləri, prezident olduğu dövrlərdə Aərbaycanın mülki əhalisinə qarşı törədilən terror aktları da bunu göstərir.

Məsələ şəxslər deyil, məsələ Ermənistan dövlətinin mahiyyətinin terrordan ibarət olması deməkdir.

1990-cı ildən etibarən Azərbaycana qarşı törədilən terror aktları...

Erməni terrorçular 1990-cı ildən başlayaraq, azərbaycanlılara qarşı əsrin əvəlindəki soyqırımı aktlarını yenidən təkrarladılar və 1992-ci ilin 26 fevralında bəşəriyyətin qara ləkəsi olan Xocalı soyqırımı törədildi. Tarix Azərbaycan torpaqlarının işğalı zamanı erməni terrorçuların mülki əhaliyə qarşı dəhşətli əməllərinə şahidlik etdi.

1991-ci il sentyabrın 8-də Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun erməni terrorçuları tərəfindən partladılması nəticəsində 6 nəfər həyatını itirdi, 36 nəfər yaralandı. Buna qədər isə 9 belə terror aktı törədilmiş, 68 nəfər - xüsusilə qadınlar, uşaqlar, qocalar terrorun qurbanı olmuş, 132 nəfər müxtəlif bədən xəsarətləri almışdı.

1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyotunun vurulması nəticəsində mülki insanlar həlak olub. 1992-ci il yanvarın 28-də Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərniş və 3 ekipaj üzvü həlak oldu. Erməni terrorçuları tərəfindən hava nəqliyyatında törədilən terror aktları nəticəsində, ümumilikdə 176 nəfər həlak olub.

1992-ci il yanvarın 8-də “Krasnovodsk-Bakı” sərnişin bərəsinin partladılması 25 nəfərin həlak olması, 88 nəfərin ağır yaralanması ilə nəticələndi.

1994-cü il martın 19-da atəşkəsin bağlanmasından dərhal sonra Bakı metropoliteninin 20 Yanvar stansiyasında elektrik qatarında terror aktı törədildi: 14 nəfər həlak oldu, 49 nəfər yaralandı. Həmin il iyulun 3-də Bakı metropoliteninin 28 May - Gənclik stansiyaları arasında elektrik qatarında daha bir partlayış törədildi. Nəticədə 13 nəfər həlak oldu, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı.

Erməni terrorunun özünəməxsus xüsusiyyətlərindən biri də məhz azyaşlı uşaqlara qarşı amansız olmaqdır. Belə terror aksiyaları müxtəlif vasitələrlə həyata keçirilir, misal üçün, partlayıcı maddələr uşaq oyuncaqlarına yerləşdirilir və s. 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq, Tovuz rayonu ərazisindən axan çaya buraxmaqla ermənilər iki uşağın ölümü ilə nəticələnən terror aktı törətdilər.

2011-ci ildə erməni terrorçular partlayıcı maddənin yerləşdirildiyi uşaq oyuncağından yenə istifadə etdilər. 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak oldu, anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı ağır bədən xəsarəti aldı.

2017-ci ildə erməni terrorçuların açdığı atəş nəticəsində 2015-ci il təvəllüdlü, 2 yaşlı Zəhra Quliyevə və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi.

2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı xarici ölkələrdə ermənilərin azərbaycanlılara qarşı vandalizmi, 27 sentyabrda başlanan əməliyyatlardan sonra mülki əhaliyə qarşı edilən hücumlar da erməni terrorunun davamıdır.

Vətən müharibəsində cəbhədə məğlub olan Ermənistanın əsas hədəfi mülki əhali oldu: 94 nəfər dinc inşa şəhid oldu, 400-dən artıq insan yaralandı, minlərlə mülki obyekt və infrastruktur yararsız hala düşdü.

Bu, Ermənistanın müharibə cinayətləri və terror aktlarının nəticəsidir. Serj Sarkisyan da bu cinayətləri etiraf etdi.

Azərbaycan on illər ərzində erməni terrorundan əziyyət çəkib. Və nəhayət, 27 sentyabrda başlanan Vətən müharibəsi ilə illərdir mülki əhaliyə qarşı terror aktları törədənlər cəzalandırıldı. Ordumuzun qalib gəldiyi, darmadağın etdiyi erməni ordusu isə Paşinyanın dövründə yox, məhz Koçaryanın, Sarkisyanın qurduğu ordudur. İllərdir Azərbaycana qarşı terror aktları törədən Koçaryan-Sarkisyan ordusu 44 gün ərzində məhv edildi.

Asif Nərimanlı



Kateqoriya: Qarabağ
Tarix: 17-02-2021 19:02
Baxış sayı: 3261
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını