Azərbaycan epistolyar irsi və Üzeyir Hacıbəyli, Müslüm Maqomayev məktubları

12-11-2025 15:12
                                     Atakişiyeva Həcə


Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktublarının xüsusi xidmətləri danılmazdır. Hər iki ədib çoxəsrlik ədəbi mədəni irsimizin inkişafında əvəzolunmaz xidmətlər göstərərək  məktubları  vasitəsilə  Azərbaycan  ədəbiyyatını  zənginləşdirmişdirlər. 
Ədiblərimiz müntəzəm olaraq, bir-biriləri ilə məktublaşdıqlarına görə Azərbaycanın epistolyar irsi olduqca zəngindir. Görkəmli Azərbaycan mütəfəkkirləri məktublarında həyatlarından, mühitdən, bədii-fəlsəfi məsələlərdən, əsərlərindən, ədəbi-elmi ictimaiyyətdən bəhs etdiklərinə görə epistolyar irs özündə olduqca zəngin məlumatları saxlayır. Məhz bu xüsusiyyətlərinə görə ədəbiyyatşünaslar Azərbaycan epistolyar irsinin araşdırılıb, tədqiq edilməsində olduqca maraqlıdırlar. Epistolyar irsi ədəbiyyatşünaslar ictimai-ədəbi mühiti araşdırmaq baxımından Azərbaycan ədəbiyyatşünaslıq elminin ən etibarlı və zəngin mənbələrindən biri kimi qiymətləndirirlər. Azərbaycan ədəbiyyatının bir çox mərhələləri haqqında məhz epistolyar irs vasitəsilə dolğun məlumat alırıq. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktubları sayəsində yaşadıqları dövrün, görkəmli şəxsiyyətlərin, onların xasiyyətlərin, yaradıcılıq və fəaliyyətlərin, başqa şəxsiyyətlərlə münasibətlərin öyrənmiş oluruq. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin bir- birinə yazdığı yaxın dostluqdan doğan məktubları Azərbaycan ədəbiyyatında elmi mənbə rolunu oynamış, görkəmli şəxsiyyətlərin həyat yolu haqqında məlumatların əldə edilməsində ciddi mənbə olmuşdur.Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Azərbaycanın opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti Hüseynqulu Sarabskiyə yazdığı məktub özündə dövrün siyasi motivlərini əks etdirir. Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə 1913-cü il iyulun 30-da tələbə olarkən Peterburqdan yazdığı məktubun mövzusu dövrün siyasi gedişləri və siyasi rəhbərlərin bir-birinə olan rəftarlarıdır. Qeyd olunan məktub ilk dəfə 1939-cu ildə “İnqilab və mədəniyyət” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur. Üzeyir Hacıbəyli Hüseynqulu Sarabskiyə yazdığı məktubda ictimai vəziyyəti belə analiz edir. “Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyarsınız. Amma “Əsli və Kərəm”i gündüz oynamaqda böyük səhv edibsiniz, mən bu barədə Müslümə dəxi yazmışam. O ki, qaldı pul işinə o barədə mənim işim yaşdır, çünki göndərdiyin pulun yarısı müəllimə və dərs işlərinə gedib, qərəz bu halda pula böyük ehtiyacım vardır. Sən görünür ki, pulun hamısını bir yerdə göndərə bilməzsən, elə olan surətdə çox təvəqqə edirəm ki, yəni iki yüz manatını indi və iki yüz manatını da avqustda. Amma bir də artıq təvəqqə edirəm ki, bu iki yüz manatı mümkün olsa kağız alan günü göndərəsən ki, pulun gec gəlməsi dərsimə xələl yetirməsin. İnşaallah mən konservatoriyaya girəndən sonra Bakıya gəlib işlərə bir baş çəkmək fikrim dəxi vardır. Onda işlər hamısı asan olar və onu da bil ki, sənin zəhmətin mənim yadımda heç vaxt hədər getməz, çünki hər halda biz bir-birimizə lazım olan adamıq və mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun” [4, s.5]. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev sənət yoldaşları ilə yanaşı ailə üzvləri ilə də məktublaşırdılar. Onların bu məktublarında dövrün ictimai-siyasi vəziyyətləri və həqiqətləri öz əksini tapırdı. Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublar Azərbaycan epistolyar irsinin inkişaf etdirilib, zənginləşdirilməsinə xidmət edir. Üzeyir Hacıbəylinin qardaşına yazdığı məktublarda bir-birindən ayrı düşmüş iki dahinin, iki qardaşın həsrət dolu fikirləri və ürək sözləri öz əksini tapır. Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubların mövzuları olduqca zəngin idi. Belə ki, o, məktublarında Xoyski hökumətinin istefasından, Nəsib bəyin yeni kabinə qurmasından, Bakıda çıxan qəzetlərdən, Qarabağ və Lənkəran məsələlərinin ölkənin xeyrinə bitdiyindən, Şimaldan gələn təhlükədən, ermənilərin “Arşın mal alan”a sahib çıxmaq cəhdlərindən, ermənilərin Zəngəzur iddiasından, ailə üzvlərindən, yaxın qohumlardan, uzun həsrətindən, məsafənin böyüklüyündən, ümidlərindən, konservatoriya açmasından, orada iki yüzdən artıq şagirdin oxumasından, yarısının qadın, yarısının kişi, qadınların arasında çadralıların da olmasından, konservatoriyanın açılışında Nərimanovun iştirakından, Nərimanovla birlikdə komissarlara çay qonaqlığı verməsindən, hökumətin ona dəstəyindən, “Arşın mal alan”ın fransız dilinə tərcümə olunmasından, Parisə gəlməsi üçün Nərimanovun Moskvadan dönməsini gözləməsindən geniş bir şəkildə bəhs edir. Ceyhun Hacıbəylidə müntəzəm olaraq, qardaşı Üzeyir Hacıbəylinin məktublarına cavab yazırdı. O, məktublarında Avropada yaşamağın bütün sıxıntılarından, vətənindən, ailəsindən uzaq olmasından, güllələnməkdən və ya sürgün olunmaq qorxusundan yazırdı. Ceyhun Hacıbəyli nə qədər çətin həyat tərzi yaşasa da, məktublarında bu çətin vəziyyətini Üzeyir Hacıbəyliyə bildirmirdi. Məktubların əksəriyyətində o, dolanışığındakı çətinliklər ilə bağlı heç bir şey yazmırdı. Üzeyir Hacıbəylinin qardaşına olan məktubunda onun təyyarəçi oğlu Ceyhunun (məktublardakı Ceyçik) 23 yaşında II Dünya müharibəsində almanlarla savaşda həlak olmasından doğan kədər və böyük sarsıntı öz əksini tapır. Ceyhun Hacıbəylinin Azərbaycana dönməsi üçün əlindən gələn hər şeyi edən Üzeyir Hacıbəyli bütün sıxıntılarına, vətənindən, ailəsindən uzaq olmasına baxmayaraq, qardaşını vətənə gətirtməyə nail ola bilmir. Üzeyir Hacıbəyli “Bayrağımız sarsılmaz” kitabında onun qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublar öz əksini tapmışdır. “Salam-duadan sonra necə ki, sizə bildirirəm sizin buraya qayıtmaq məsələnizi qəti surətdə həll etmişik. Əlbəttə, tezlik ilə buraya qayıtmağınız yaxşıdır. Bu xüsusda Zülfüqar sizə müfəssəl məktub yazıbdır, yəqin ki, alıb oxumuşsunuz. Əlbəttə, öylə edərsiniz, yəni SSSR səfarətxanəsinə müraciət edib, Azərbaycana qayıtmağa izn istərsiniz ora dəxi buradan əhval bilib sizə cavab deyəcəkdir. Buradan isə necə ki, Zülfüqar yazdırır, məsul yoldaşlar tərəfindən izn verilir. O xüsusda arxayın ola bilərsən. İzn aldıqdan sonra haçan çıxmaq istədiyinizi bizə məktub ilə bildirərsən. Məncə, Moskva təriqi ilə gəlməyiniz daha yaxşı olar. Moskvadan Bakıya sürət qatarı vardır ki, çox rahatdır. Pul lazım olduğu cəhətdə bizə məlum edərsən, Pulu Moskvada istəsəniz də mümkündür. Yəni Parisdən Moskvaya qədər gəlməgə xərciniz çatarsa, Moskvadan bildirsəniz tel vasitəsilə oraya pul göndərmək daha asan olur. Qərəz tezlik ilə çalışın ki, soyuqlar sizə əziyyət verməsin. İnşallah, buraya gələndən sonra qulluq barəsində heç fikir yoxdur. Qərəz o məsələni burada danışarıq. Vacib budur ki gələsiniz” [5, s.375]. Üzeyir Hacıbəylinin sənət yoldaşı və qardaşı Müslüm Maqomayevə yazdığı məktublarda imza atdığı ilklərdən, sənət uğurlarından, bəstələrindən, əsərlərindən, Peterburqda yaşamağından, konservatoriyadakı fəaliyyətindən, konservatoriyanın qaydalarından, yaşayışından, ailəsindən bəhs edir. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktubları vasitəsilə həyat və yaradıcılıq bioqrafiyaları, zəngin ömür salnamələri, dəyərli bəstəkarlıq, dirijorluq, musiqişünaslıq, ictimai xadim fəaliyyətləri haqqında dolğun məlumat əldə edirik. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev məktublarında ictimai-ideoloji və fərdi-psixoloji vəziyyətləri olduqca geniş bir şəkildə analiz etmişdir. Ədəbiyyat:
  1. Həsənova T.  Oxşar taleli bəstəkarlar : Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin adları xalqımızın mədəniyyət tarixinə əbədi həkk olunub // Kaspi. - 2016. - 17-19 sentyabr. - № 146. - S. 7.  
  2. Hümbətova A. Azərbaycan xalq mahnılarının bəstəkar yaradıcılığında təzahür formaları / A. Hümbətova // Mədəniyyət.az. - 2018. - № 320. - S. 53-55.
  3. Qafarova Z. Azərbaycan professional musiqisinin klassiki : görkəmli bəstəkar Müslüm Maqomayevin 130 illiyinə // Mədəniyyət. - 2015. - 18 sentyabr. - № 72. - S. 12.  
  4. Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub // İnqilab və mədəniyyət jurnalı //-1939. - № 3. - S. 5.
  5. Üzeyir Hacıbəyli // Bayrağımız sarsılmaz // Bakı, “Avrasiya Press”, 2011, s. 426.
    
Dalidag.az                                                 


Kateqoriya: Poeziya-nəsr
Tarix: 12-11-2025 15:12
Baxış sayı: 36
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını