Kəlbəcərdən yayılan sözün və qələmin işığı - Rəna Təbəssüm yazır

27-08-2025 12:38

                                             N.Dəlidağlı 
                                                               

                               (Esse)
     
    Sadəcə gündəlik həyatla məhdudlaşmayan, sözün gücü, yaradıcılığın əbədi nəfəsi ilə tarixə həkk olan izlərdə maraq doğuran ömürlər var. Namiq Dəlidağlı geridə qalan 55 illik ömrünün izində Kəlbəcərdən yayılan sözün müqəddəs yükünü və qələmin işığını gələcəyə daşımaqdadır. Özünü yaradıcılığa həsr edən N.Dəlidağlı qələmə aldığı poetik nümunələrlə ədəbiyyat tarixinin yaddaşında özünə yer eləyən şəxsiyyətlərdəndir. 55 yaş yaradıcı adamın ömrünün bir hesabatı, həm də. Ötən illər ərzində həm ədəbi mühitdə, həm də jurnalistika aləmində qazandığı hörmət, oxucu sevgisi onun zəhmətinin və istedadının bəhrəsidir. Deməli,  bu yubileyi təkcə yaşın göstəricisi deyil, həm də cəmiyyətin söz adamına verdiyi  qiymətin bir təntənəsi kimi dəyərləndirməliyik.
   
   Namiq Dəlidağlının asan olmayan həyat yolunun başlanğıcı Kəlbəcərdən keçir. Hələ orta məktəb illərindən rayonun “Yenilik” qəzetində və mərkəzi mətbuatda dərc edilən şeir və məqalələri ilə istedadlı qələm sahibi kimi tanınıb, qəzetdə ştatdankənar müxbir olaraq fəaliyyət göstərib.  Gənc yaşlarında uşaq xatirələrinin məskəni olan doğma Kəlbəcərin dağlarından, saf bulaqlarından, ayrıllb. Məcburi köçkünlük kimi ağır dərdin acısını yaşamaq onun da ömür payına düşüb. Bu dərd təbii ki, taleyində dərin izlər buraxıb. Yaradıcı insan üçün isə bu, həm də ilhamın, sözün mayasına hopan bir nisgildir. O, təkcə öz ailəsinin yox, bütün bir xalqın ağrı-acısını yaşayaraq köçkünlük mövzusunu həm poeziyasında, həm də publisistik yazılarında vətən həsrəti kimi ifadə edib. Köçkünlük dövründə yaşadıqları onun qələmini daha da itiləşdirərək möhkəmləndirib, sözün dəyərini, yaddaşın əhəmiyyətini artırıb. Kəlbəcərdən yayılan sözün və qələmin işığında bir xalqın dərdini ifadə edərək poetik dillə öz duyğularını, yurd həsrətini, sevgi və insanlıq mövzularını misralarına köçürə bilib. Hər bir şeiri onun daxili dünyasının güzgüsü olmaqla yanaşı, həm şəxsi tale, həm də bütöv bir millətin yaddaşı olub. Tanınmış şairin poeziyasında səmimiyyət var, çünki o, sözləri bəzək üçün deyil, ürəkdən yazır. Həssas qəlbli ədəbiyyat adamının qələmi sevginin zərif notlarını, insanlıq duyğularını, torpaq həsrətini, mübarizə ruhunu əks etdirir. Hər misrası oxucunun qəlbinə toxunur, onu düşündürür, duyğulandırır. Bənzərsiz söz çələngində həm kədər, həm ümid, həm də güc var. Qələmi yalnız yazmaq üçün deyil, həm də yaşamaq, yaşatmaq üçündür... 
     
    Namiq Dəlidağlının yaradıcılığı təkcə şeirlərlə məhdudlaşmır. Jurnalist kimi fəaliyyət göstərdiyi illər ərzində o, cəmiyyətin səsini eşitdirməyə, gerçəkləri oxuculara çatdırmağa çalışır. Mətbuat onun üçün sadəcə peşə deyil, bir missiyadır. O, yazılarında sosial problemləri qabardıb, insanların düşüncələrinə işıq salır, həqiqətin keşikçisi kimi çıxış edir. Jurnalistika onun üçün qələm savaşının başqa bir cəbhəsidir və o, bu cəbhədə də uğurla mübarizə aparır, qalib gəlir.
     1993-cü ildən dövri mətbuatda imzası daha çox tanınan jurnalist-filoloq Namiq Dəlidağlı müxtəlif qəzetlərdə müxbir, parlament müxbiri, şöbə müdiri işləyib. “168 saat”, “Hər şey sizin üçün”, “Dəlidağ” və digər qəzetlərin baş redaktoru  olub. Bu gün isə “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər”, Özbəkistanda nəşr edilən “Sevgi sükutu” adlı  kitabların müəllifi, “Manevr.az”, "Dalidag.az", "Sumqayitfakt.az" saytlarının təsisçisidir. İmzası beş publisistik kitabda da yer alıb. Şeirləri təkcə ölkə daxilində deyil, həm də xaricdə nəşr edilən ədəbi toplularda dərc olunur. 
     Namiq Dəlidağlı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, bir sıra ədəbi və media mükafatlarına, Prezident təqaüdünə layiq görülüb. Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” və “Kaya” xəbər portallarının köşə yazarıdır. 2022-ci ilin iyul ayından Azərbaycan Jurnalistlər Birliyinin Kəlbəcər bölməsinin sədridir.
     Ömrünün oğlan çağını yurdsuz ötürən, özünü fəsillərin qışı sanan, otuz ilə yaxın həsrətini çəkdiyi, xəyal qanadlarında seyr etdiyi Kəlbəcərə yenidən qovuşan şair ürəkdən deyir:
Gəlirəm, “yorduğum” yerlər, gəlirəm,
yıxılıb-durduğum yerlər, gəlirəm,
ay evcik qurduğum yerlər, gəlirəm,
gəlirəm qoynunda yaşayam indi.

Dağlar, çox xatirəm qalıbdı səndə,
hərdən yol azsam da dumanda, çəndə:
gəzib öyrənəcəm çöldə, çəməndə,
bir az nabələdəm, naşıyam indi.

     Əsl ədəbiyyata, sözə xidmət edən Namiq Dəlidağlının ömrü elə sözlərlə də yoğrulub. Bir tərəfdə poeziyanın incə ruhu, digər tərəfdə jurnalistikanın sərt və obyektiv dili, prinsipial mövqeyi dayanır. Bu güc onun şəxsiyyətində və yaradıcılığında birləşərək, həm ədəbiyyata, həm də mətbuata dəyər qatıb, imzasını tanıdıb. Yaxından tanıdıqca qələm adamının ömrü və yaradıcılığı bir həqiqəti xatırladır: İnsan köçkün ola bilər, amma sözün, yaradıcılığın, qələmin vətəni yoxdur. Qələm hər yerdə doğmadır, söz hər yerdə işıq saçır.
     Namiq Dəlidağlının 55 illik həyat yoluna baxanda böyük bir zəhmətin, sarsılmaz iradənin, illərlə davam edən yaradıcılığının mənzərəsi görünür. Qarşıdakı illərdə, şübhəsiz ki, hələ yazacağı şeirlər, işıqlandıracağı mövzular, oxucularla bölüşəcəyi həqiqətlər var.
     Ömür sözlərlə, qələmlə, yaradıcılıqla davam edir. Bu yubiley isə yeni uğurların başlanğıcıdır.
     55 illik ömrünüz mübarək, Namiq Dəlidağlı! Yazın, yaradın... Kəlbəcərdən yayılan müqəddəs sözünüzün və qələminizin işığı gələcək nəsillərin yolunda çıraq olsun! 












    Rəna TƏBƏSSÜM,
AJB-nin və AYB-nin üzvü,
  jurnalist, yazıçı-publisist



Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-08-2025 12:38
Baxış sayı: 250
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını