Kəlbəcərli girovlar dəyişdirilir – Rusiya vasitəçidir

04-10-2019 10:59
Kəlbəcərli girovlar dəyişdirilir – Rusiya vasitəçidir

 

İllərdir erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması şanası yaranıb; girovun oğlu: “Çox istərdik ki, Rusiyanın xarici işlər nazirinin açıqlaması söz olaraq qalmasın...”

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı açıqlama verib. “Valday” diskussiya klubunun XVI sammitində çıxış edən Lavrov yaxın zamanlarda əsir və girovların dəyişdiriləcəyini deyib.

Bundan bir neçə gün öncə isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Azərbaycan nümayəndə heyəti azərbaycanlı girovların məsələsini qaldırıblar. Avropa Şurasının baş katibi Mariya Pesçinoviç Buriç isə Dilqəm Əsgərov və Şahbaz Quliyev probleminin Baş Katibliyin gündəliyində olduğunu bildirib. “Bizə bəslənən ümidləri və inamı doğrultmaq üçün zəruri olan bütün addımları atacağıq”, - deyə xanım Mariya Pesçinoviç Buriç fikrini yekunlaşdırıb.

Oktyabrın 3-də isə AŞPA binası qarşısında Dağlıq Qarabağda ermənilərin girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, aksiya iştirakçıları əllərində “Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq!”, “Ermənistan Azərbaycan torpaqlarındakı işğala son qoymalıdır!” yazılmış plakatlar tutublar. Aksiya iştirakçıları AŞPA-nın payız sessiyasında iştirak edən parlamentariləri və ətrafdakı insanları məsələ ilə bağlı məlumatlandırıblar. Aksiya Polşa Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə baş tutub.




Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov
açıqlamasında Sergey Lavrovun sözlərindən sonra ümidlərinin bir qədər artdığını bildirdi: “Biz çox istərdik ki, Rusiyanın xarici işlər nazirinin həmin açıqlaması söz olaraq qalmasın, atılacaq real addımın xəbərçisi kimi tarixə düşsün. Sergey Lavrov da yaxşı bilir ki, Dilqəm Əsgərov azərbaycanlı olmaqla yanaşı Rusiya vətəndaşlığını da daşıyır. Ən azından onlar bu nüansı nəzərə almalıdırlar.

Biz ümidlərimizi cənab prezidentimiz İlham Əliyevə bağlamışıq. Çünki Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması məsələsi cənab prezidentimizin diqqət mərkəzindədir. Ölkəmizin rəhbərinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Əsir və girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Xarici İşlər Nazirliyi, aidiyyəti dövlət qurumları və hüquq müdafiəçiləri atamın girovluqdan azad edilməsi istiqaməntində müxtəlif platformalarda intensiv iş aparır. Bu işlərin nəticəsi olaraq Ermənistanın baş nazirinin köməkçisi, müdafiə naziri, xarici işlər naziri də acıqlama veriblər ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsi istisna deyil. Əlbəttə, Rusiyanın əsir və girovların dəyişdirilməsi işinə real ciddi müsbət müdaxiləsi olsa, bu iş tez bir zamanda həllini tapar. Çünki Rusiyanın Ermənistana təsiri böyükdür. Mən ümid edirəm ki, yaxın zamanlarda atam Dilqəm Əgərov, həmçinin Şahbaz Quliyev girovluqdan azad ediləcəklər”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Etibar SEYİDAĞA

Dalidag.az


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 04-10-2019 10:59
Baxış sayı: 4679
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını