"Məndən sonra Aşıq Şəmşiri incidəcəklər..." - Səməd Vurğunun narahatçılığı

20-03-2023 12:26
Bu yaxınlarda Dədə Şəmşirin doğum günü ilə bağlı təşkil olunmuş dəyərli bir məclisdə iştirak etdim. Burada saz və söz adamlarının yeni fikirləri və dəyərli söhbətlərinin şahidi oldum.
Folklorşunas alim İslam Sadığın bir söhbəti isə xüsusi marağa səbəb oldu. O bildirdi ki, Osman Sarıvəlli söhbətlərimizin birində dedi ki, S.Vurğun ömrünün son günlərini yaşayanda hər axşam onun yanında olurdum. Söhbətlərin birində dedi ki, Osman, məndən sonra Aşıq Şəmşiri incidəcəklər, onu qoru. Şairin narahatçılığının səbəbini Osman müəllimdən soruşanda bilmirəm dedi. Bü gün də mən S.Vurğunun bu vəsiyyətinin əsas səbəbini bilmirəm. 

Çox düşündürücüdür, həm də maraqlıdır, eləmi?
Mədəniyyətimizin formalaşmasında sazın və poeziyanın rolu danılmazdır. Bizim mənəvi dəyərlərimizin xeyli hissəsi saz və söz vasitəsi yaddaşlara həkk olunub. Poyeziyada isə qoşmanın xusisi yeri var. Saz olmasaydı, indi Dərbənd çoxdan ruslaşmış, Təbriz çoxdan farslaşmışdır. Millətin əlindən sazı almaqla, onun yaddaşını zəiflətmək, dünənini unutdurmaq asan olardı. Ölkəmizin əhalisi, xüsusi ilə qərb bölgəsinin əhalisi Dədə Ələsgərin, Dədə Şəmşirin, böyük S.Vurğunun və B.Vətənoğlu kimi onlarla şirin söz ustalarının qoşmalarını əzbərləyərək  böyüyüb və tərbiyə olunub kamilləşiblər. Yaddaş selektivdir, lazım olanı və ürəyə yatanı yadda saxlayır. Yalanı, zir- zibili yadda saxlamır. Qoşmaların əksəriyyəti başdan ayağa ürəyə yatan dəyərlər toplumudur. Ürəyə yatdığına görə asanlıqla insan yaddaşında qalır. Saz-söz aşıq yaradıcılığında bir tərəfdən dəyərlər əzbərlənərək mənimsənilir, digər tərəfdəndə, yaddaş böyüyür və möhkəmlənir. Nəticədə insan kamilləşır. Mədrəsə təhsilinin müasir təhsildən fərqi onun dəyərə əsaslanan təhsil olmasıdadır. Bir var ki, Nizamini, Fizulini, Sədinin, Ə. Caminin, Quranın ayələrini, Məhəmməd  peygəmbərin kəlamlarını məktəbdə öyrənəsən, bir də var ki, son yüz ildə yazılmış icərisində dəyər olmayan əsərləri tədris edəsən. Fərq böyük, nəticə müxtəlif olar. Qoşmanı sərbəst şeirlə əvəz etməklə, sazı sıradan çıxarmaqla yaddaşı zəiflətmək, mədəniyyətin ötürülməsini zəiflətmək olar.
 Görünür Səməd Vurğunun zamanında saz və sözlə mədəniyyətin ötrülməsinə təhlükə var imiş. O, bunu hiss edirmiş. Ona görə də Aşıq Şəmşirin gələcəyindən narahat olubdu. Hər bir əzbərlənən şeir parçası milli dəyərlərimizin dərkidir. Misal üçün: “qızılı udsa da qara torpaqlar, yenə qiymətini özündə saxlar”( S.Vurğu)”. Və ya ”hər işin qeyidinə qal vədəsində” (Dədə Şəmşir). Dahi sənətkarlarımıza Allahdan rəhmət diləyirəm.
Bu hadisəyə təhsil tərəfdən baxanda bəd niyyət aydın görünür. Məlumdur ki, təhsil iqtisadiyyatla birlikdə insan həyatının qoşa qanadıdır. Təhsil zəif olarsa, iqtisadiyyat da zəif olar. İqtisadiyyatı zəif olanda, dövlət də zəif olur. Dövlət zəif olanda əhali məzlum və aciz olar. Təhsildə baş verən hadisələri izləyəndə görürsən ki, bənzər müdaxilələr təhsildə baş verir. Təhsilin məzmunun (xüsusi ilə humanitar fənlərin) dəyərsizliyi, müəllimi hörmətdən salmaq cəhdləri bu müdaxilələrin təzahür formalarıdır.

 Şahlar Əsgərov professor,
Əməkdar elm xadimi


Dalidag.az


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 20-03-2023 12:26
Baxış sayı: 2544
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını