“Ana, mənə layla de" - Şəhid qəhrəmanımızı xatırladıq...

06-05-2021 18:35
Son otuz ilə yaxın bir dövrdə torpaqlarımızın mənfur düşmən tərəfindən işğal altında saxlanılması həmin illərdə böyüyən gənc nəslin təlim-tərbiyəsinin işğalla barışmaz ruhda aparılmasını zəruri edirdi. 
Məhz bu nöqteyi-nəzərdən orta məktəblərdə keçilən dərsliklərdə rayonlarımızın işğal günləri,iyirmi faiz torpağımızın işğalda olması dönə - dönə şagirdlərə xatırladılırdı. Şəhid qəhrəmanımız Devran da oxuduğu məktəbdə  belə tərbiyə almışdı. Nayibov Devran Fazil oğlu 1993-cü il noyabr ayının 30-da Bərdə şəhərində anadan olmuşdur. Orta təhsili Bərdə şəhərindəki 2 saylı tam orta məktəbdə almışdır. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılan Devran gələcək həyatını hərbi xidmətlə bağlamağı və ilk imkan düşən kimi  uzun illərdən bəri işğalda qalan torpaqlarımızı işğaldan azad etməyi qərara aldı.  Bu məqsədlə 2014- cü ildən başlayaraq müxtəlif hərbi təyinatlı kurslarda iştirak edərək hərbi biliyini və bacarıqlarını inkişaf etdirmiş və 2019-cu ildə kiçik gizir rütbəsinə yiyələnmişdir. Devran Nayıbov 2015 –ci ildən “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirdikdən sonra  hərbi hissənin kəşfiyyat bölüyündə xidmət etmiş, komandanlıq tərəfindən  tapşırılan ağlr və çətin tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.  



O,2016-cı ildə qardaş Türkiyədə döyüş hazırlığı kursunu müvəffəqiyyətlə bitirməsi barədə sertifikat almışdır. 2018-ci ildə Türkiyədə keçirilən “EFES- 2018”  beynəlxalq hərbi təlimlərdə otuz iki ölkə arasında birinci yerə layiq görülmüşdür.  Bundan başqa ayrı-ayrı vaxtlarda Devran  Pakistanda, İsraildə, Özbəkistanda, Tacikistanda və Qazaxıstanda hərbi təlimlərdə və yarışlarda  iştirak etmiş və ölkəmizin  hərbi qüvvələrini ləyaqətlə təmsil etmişdir.  O, Türkiyədə və respublikamızda müxtəlif  hərbi kursları bitirməsi barədə sertifikatlar almış,müxtəlif  illərdə komandanlıq tərəfindən fəxri-fərmanlarla təltif olunmuşdur.  Devran Nayibov 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin Tovuz döyüşlərində iştirak etmiş,komandanlıq tərəfindən verilən tapşırıqları cəsarətlə yerinə yetirmişdir.  Onun döyüş yolu Kəlbəcər istiqamətində gedən döyüşlərdən başladı.  O,ermənilərin postlarının dağıdılmasında xüsusi qəhrəmanlıq göstərmişdir. Murovdağ yüksəkliyində kəşfiyyata gedərkən döyüş yoldaşlarına “Mən subayam,mənə icazə verin,mən gedim” – deyərək özünü qabağa vermiş,təkbaşına kəşfiyyata gedərək qarşıdakı düşmən postunu partlatmış və döyüş yoldaşlarının postu tutmasında müstəsna rol oynamışdır. Döyüş yoldaşlarının dediyinə görə  Devran dəfələrlə döyüş yoldaşlarının  çətin vəziyyətdən xilas olmalarına  kömək edib.

Devranın döyüş yolu Cəbrayıl rayonundan da keçmişdir. Cəbrayılda  düşmən qüvvələri ordumuzun irəliləyişinə ciddi maneə törətdiyi zaman Devranın rəhbərlik etdiyi altmış  nəfərlik həmlə qrupu gizli olaraq düşmən arxasına keçmiş,düşməni ağır itkilərə məruz qoymuş,onların xeyli canlı qüvvələrini əsir götürmüşlər. Döyüş yoldaşlarının dediyinə görə Devran düşmənin yüzlərlə əsgər və zabitini məhv etmiş,iyirmi tankını partlatmışdır.   Qardaşı Rüstəmin dediyinə görə,Vətən Müharibəsi başlayandan üç ay qabaq məzuniyyətdə olarkən  Devran başını anası Xuramanın dizləri üstinə qoymuş və ona demişdir: “Ana, mənə layla de. Mən şəhid olacağam “. Sanki onun şəhid olacağını qabaqcadan bilirdi. 8  oktyabr 2020-ci il tarixdə Füzili rayonunun Kənd Horadiz deyilən yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə düşmən gülləsi  Devranın arzularını yarımçıq qoydu. O, şəhidlik zirvəsinə yüksəlməklə bir evin oğlu olmaqla bərabər ,həm də  bütöv Azərbaycan xalqının oğlu oldu.respublika Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə“, ”Hərbi xidmətlərə görə“  və  ”Vətəm Müharibəsi İştirakçısı“ medalları ilə təltif olunmuşdur. Allah rəhmət eləsin!     

Oqtay SALAHLI
Dalidag.az














Kateqoriya: Manşet / Qarabağ
Tarix: 06-05-2021 18:35
Baxış sayı: 2698
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını