Tanınmış vəkil Prezidentə, Vitse-prezidentə və MSK-a sədrinə MÜRACİƏT ETDİ

31-01-2020 16:22
123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd, tanınmış vəkil Əziz Qənbərov Prezidentə, Birinci vitse-prezidentə və MSK-a sədrinə müraciət edib.

Dalidag.az
həmin müraciətin mətnini təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  

Birinci Vitse-prezident xanım Mehriban Əliyevaya

Mərkəzi Seçki Komissiyasının sədri  cənab Məzahir Pənahova

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizəd Əziz Qənbərov tərəfindən

                                                       M Ü R A C İ Ə T

Hörmətli cənab Prezident!

Nəzərinizə çatdırmağı özümə borc bilirəm ki, bu gün Sizin tərəfinizdən aparılan islahatlar, kadr dəyişiklikləri, dövlət idarəetmə orqanlarında gəncləşdirmə siyasətinin aparılması bəzi dırnaqarası dövlət məmurlarını narahat edir.  
Buna görə də hər fürsətdə bu işlərə mane olmağa çalışırlar. Bu cür məmurlar Kəlbəcər rayon dövlət idarələrində də mövcuddur.
Cənab Prezident, Siz öz çıxışlarınızda biz gəncləri ölkədə aparılan islahatlarda yaxından iştirak etməyə, keçiriləcək növbədənkənar parlament seçkilərinə fəal qoşulmağa çağırdınız.  
Biz gənclər isə Sizin bu çağırışınızdan ruhlanaraq aparılan islahatlara dəstək vermək, xalqımızın problemlərinin həllində və dövlətimizin inkişafında yaxından iştirak etmək məqsədilə bu seçkilərdə iştirak etmək qərarına gəlmişik. Deputatlığa namizədlər arasında gənclərin üstünlük təşkil etməsi minlərlə gəncin Sizin bu çağırışınıza müsbət cavab verdiyinin göstəricisidir.  
Sizin mövqeyiniz bəllidir: seçkilər şəffaf keçirilsin, xalqın seçdiyi şəxslər millət vəkili olsun. Sizin bu mövqeyinizi Ərazi-təşkilat məsələləri üzrə köməkçiniz cənab Zeynal Nağdəliyev də bir daha bəyan etdi. O, açıq şəkildə bildirdi ki, heç kim keçmişdəki “ənənəvi qaydalara” ümid etməsin. Cənab Prezident, lakin bəzi məmurlar öz “fəaliyyətləri” ilə Sizin mövqeyinizə kölgə salmağa, seçkilərin şəffaf keçirilməsinə mane olmağa çalışırlar.
Belə ki, mən Kəlbəcər ictimaiyyətinin, çoxsaylı ziyalıların dəstəyi ilə 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm. Təbliğat-təşviqat kampaniyası başladıqdan bu günə qədər seçki komandamızla ölkəmizin müxtəlif bölgələrində məskunlaşmış soydaşlarımızla görüşlər keçirir, onların problemləri ilə maraqlanırıq.
Əhali tərəfindən rəğbətlə qarşılanmağımız, seçicilərin məni dəstəkləməsi, seçicilərlə görüşlərimizə xeyli sayda vətəndaşların gəlməsi və s. artıq Kəlbəcər rayon hakimiyyət orqanlarında çalışan bəzi məmurları narahat etməyə başlayıb. Belə ki, onlar öz təsir imkanlarından, hakimiyyət səlahiyyətlərindən istifadə edərək insanları mənim görüşlərimə gəlməkdən çəkindirirlər. İnsanlar isə işləri bu məmurlardan keçdiyinə görə, öz iş yerlərini, yaxınlarının iş yerlərini itirməməsi üçün və s. təhdidlərdən çəkindikləri üçün məcbur qalıb bu təziqlərə əməl etməli olurlar.
Lakin bu cür süni əngəllərə baxmayaraq, keçirdiyimiz görüşlərə yenə də xeyli sayda insanlar gəlir, heç nədən çəkinməyərək öz dəstəklərini ifadə edirlər.  Görüşə gələn insanlar qeyd edirlər ki, “biz bilirik ki, cənab Prezident bu seçkiləri xüsusi diqqətdə saxlayır, O xalqı əmin edib ki, seçkilər şəffaf keçiriləcək. Buna görə də biz heç bir məmurun təziqindən qorxmayaraq, cənab Prezidentə arxalanaraq öz namizədimizi dəstəkləməyə gəlmişik”.
Lakin bəzi məmurların ənənəvi riçaqlardan istifadə etməklə insanlara təziq göstərməsi Sizin gördüyünüz işlərə kölgə salmağa hesablanmışdır. Bütün bunlar isə xalqda olan inamı sarsıltmağa gətirib çıxara bilər. Sizdən xahiş edirəm ki, yuxarıda qeyd edilən məsələləri ciddi nəzarətə götürəsiniz, bu cür halların araşdırılması və xalqa təziq göstərən məmurların cəzalandırılmasını üçün ciddi göstəriş verəsiniz.

Hörmətlə! Əziz Qənbərov"
Dalidag.az






Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 31-01-2020 16:22
Baxış sayı: 41 434
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını