44 günün dastanı: Qəhrəmanlıq dolu qürur səhifələri

01-10-2021 11:14
44 günlük Vətən müharibəsinin bir ili tamam olsa da bu savaşda Azərbaycan əsgərinin misilsiz qəhrəmanlıqları təkcə ölkəmizdə deyil, bütün dünyada dillərdə dolaşmaqdadır. Görünən odur ki, qəhrəman oğullarımız elə qeyri-adi şücaət göstərmişlər ki, bu, hələ uzun illər boyu dillərdə dastan olacaqdır.

Heç şübhəsiz ki, II Qarabağ savaşı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı və özünəməxsus qiymətə malikdir. İllər keçdikcə bu savaşın bir çox məqamları daha da aydınlanacaq və o, tarixdə öz layiqli dəyərini alacaqdır. Bu savaş təkcə Ermənistan tərəfindən otuz ilə yaxın işğalda saxlanılan torpaqlarımızın azad edilməsi deyil, həm də bir şərəf, namus, qürur savaşı idi. Erməni faşizminin məhv edilməsi savaşı idi, ermənilərin uzun onilliklər boyu xəyalını qurduqları “Dənizdən dənizə Ermənistan” məkrli planının alt-üst olması idi.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Bu böyük Zəfərin qazanılması xalqımızın bütövlükdə qüdrətli bir orduya çevrilməsi ilə mümkün olmuşdur. Xalq bir yumruq kimi birləşərək düşmənin başını əzməyi bacarmışdır.
Respublikamızın ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları, cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın mübarizə əzmini sarsıda və qələbəmizin böyüklüyünə kölgə sala bilmədi.
 
Azərbaycan xalqı bu qurtuluş savaşında minlərlə şəhid vermişdir, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını
itirənlər, qazi olanlar vardır. Elə torpaqlarımız da məhz bütün bunların hesabına, qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına işğaldan azad edildi. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.
Dövlətimizin başçısı hər zaman müharibə iştirakçılarına, qazi və şəhid ailələrinə böyük diqqət və qayğı nümayiş etdirir. Prezidentin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.
 
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

Öz növbəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Qazilərimizin istər respublikamızda, istərsə də xarici ölkələrdə müalicə almaları, sağlamlıqlarını bərpa etmələri istiqamətində Mehriban xanımın fəaliyyəti misilsizdir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaqlar”.

44 günlük savaş, bütün itkilərinə və ağrı-acısına baxmayaraq, tariximizin şanlı səhifəsi hesab edilir. Bunun nəticəsidir ki, müharibənin başlandığı 27 Sentyabr şəhidlərimizi anma günü kimi qeyd edilsə də, həm də haqlı olaraq qürur və şərəf günü kimi qiymətləndirilir. Azərbaycan xalqı, dünyadakı bütün azərbaycanlılar tarix boyu 27 Sentyabr – Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır!

 Namidar Misirzadə, 
Şirvan Kommersiya Məhkəməsinin sədri



Kateqoriya: Karusel / Qarabağ
Tarix: 01-10-2021 11:14
Baxış sayı: 2862
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını