GünŞAH...lıq arzusuyla! - Aydın Canıyev yazır...

12-10-2019 18:27

GünŞAH...lıq arzusuyla! - Aydın Canıyev yazır...


Qızımla Tverdən qovğadan qayıdıram. Həddən artıq gərginəm. Körpəmin - "mənim generalım" çağırdığımın genetikadan alnına yazılmışları oxuyuram: məndən, anasından yana haqq etdiklərini danışıram, etiraf edirəm Məzahir əmiyə. Babasından, nənəsindən ancaq "xoşbəxtlik mükafatı" var alnında. Əmisindən, dayısından, bibisindən, yox, bibisi yoxdur, xalasından da həmçinin: "sevgi". Fəqət...


Başım bundan o yana işləmir. Nə qədər özümü bəsirətli saysam da, oxuya bilmirəm 5 dil bilən, tarixçi-alim, artıq Moskvada ingilis dili təmayüllü məktəbdə rus uşaqların ingilis dili müəlliməsinin alnında yazılanları, alın yazısını.

Tapmaq istəyirəm. Çırpınıram - lap şumer, mixi yazıları kimi oxumaq istəyirəm Körpəmin alın yazısını!

Və... və... və... heyrət!

SÖZARASI: həmişə yazılarımda vurğulamışam ki, sözlə oynamayın, sözə xəyanət etməyin, söz sizi vurar (kimə ki yazmışdım, artıq Söz onları vurub), hər sözün, hər ən adi deyimin sanbalını bilmişəm, heç vaxt da sözü yanlış işlətməmişəm. Mənim işlətmək istəyib, işlədə bilmədiyim sözü kimdəsə görmüşəmsə, "yengəliyini" etmişəm, "bəyin gözaydınlığı"nı el-aləmə car etmişəm!

... bu gün üç dəfə ard-arda dilimdən situasiyanın möhürü olan fikirlər keçib: nə yaxşı ki varsan! nə yaxşı ki, tanıdım!

Üstəlik də bu günün ŞAH olayı mənim qovğam yox, əlimə keçən, daha doğrusu, fb lentində rastıma çıxan şeir oldu!

Özüm "Ruhundan asılası şair" yazmışdım... Adil Şirindən. Çoxdandı axtaran yoxdu - pulu olanda, bankda işləyəndə hamının cibinəcən axtarıb girdiyi şairimizi! İndi həbsdədi, ya da artıq çıxıb. Mən də axtara bilmirəm - başımı qaşımaq bir yana e, xərçəng xəstəsi olan dədəmlə danışmağa macal tapmadığım bu dönəmlərdə hardan xəbər bilim ki?

Həə... gəldi çıxdı qarşıma qızımın alın yazısında oxumaq istədiklərim. Amma mənim qızım üçün yazılmayan bu şeiri ona görə bəyəndim ki, alnında... yazılanları oxumaq bir bəsirətdi, alın yazılarını oxumaq bir bəsirətdi!

Maraqlıdır ki, şeir... mənim dostumun, əzizimin, əxlaqına və istedadına əmin olub parlayacağına güvəndiyim Emil Rasimoğlunundur!

Maraqlı olanı odur ki, şeir... "1000 kişi ilə Amerikaya göndərsən, 1001-ci kişi kimi qayıdası" (Barat Vüsal), doğru və ciddi, komplekssiz, etimadlı, etibarlı, özgüvənli olmağıyla möhtəşəm olan qəşəng balaya, özü də sənin, mənim, onun dəyərləndirməsiylə yox e, fitrətindən-nütfəsindən gözəl olan, hələ orası qalsın deyilməyə ki, ölkənin bütün "əclaf"larının tanıdığı halda, mənim - Azərbaycanın və dünyanın "ən səmimi əclafı"nınsa bu yaxınlarda diqqətini cəlb edən... Şahinə Könülə ithaf olunub!

Emil Rasimoğlu - məni Musa Yaqubun saçlarına bənzədən Şairimi çox istədiyimi özünə və dostlarına demişəm. Ad günündə dilucu təbrik etmişəm. Haqqında yazmağa tələsməmişəm. Çünki Emil Rasimoğlu haqqında yazılacaq yazı onun hələ bir daha və yenidən etiraf etdirəcək xarüqələri gözləyir. İnandığım iki-üç nəhəng imzadan, əxlaqlı insandan biridir Emil Rasimoğlu!

Emilin nə qədər tutumlu, qabaritli, lakonik və net şeir müəllifi olduğunu isə görməyə nə mənim kimi həvəskar əclaf tənqidçi lazımdı, nə Məmməd Arif, nə də Halof Blüm.
Nəzərə alın ki, şeir...

- "Qəm eləmə, mənim ömrüm
Ölümümdən sonra gəlir.
Ağ yığvalım, göyçək günüm
Zülümümdən sonra gəlir..."

- "Dünyanın fırlanan oxu kimiyəm,
Dolana bilmədim, Anam, başına.
Mən də insanların çoxu kimiyəm,
Gəlib yalvarıram, Atam, daşına"

- "Bu yer üzü yaş olub,
Axır gözümdən, Allah!"

- "Gələndə mənnən gəldi,
Küsdü, tək getdi ömrüm", -

deyən, dünyaya niyə gəldiyini anlayan kreativ, nəinki adamlarla, dünyanın özüylə belə "məzələnən", zarafatlaşan, "mən elə məndən doğulacaq Vətən üçün doğulmuşam" iddialı xanıma yazılıb!

Emilin belə bir Ülyahəzrəti tərənnümə cəsarətini alqışlayıram, gözəl şeirə layiq görüldüyünə görə isə Şahinə Könülə deyirəm:

nə yaxşı ki, səni tanıdım, nə yaxşı ki, varsan!

Sən nəinki vətəndəkilər üçün, vətəndən didərgin düşən vətəndaşlar üçün özün vətənsən - "vətən doğacağam" deyən Qadın!

SÖZARDI: soydaşlarınızla bir yerdə olsanız da, onları didərgin, perik düşmüş, sürgün olunmuş soydaşınızı görəndə olduğu kimi sevin!

Bu şeir mənim qızımın alnında yazılanı oxumağa bəs etdi!

Belə hallarda qənaətbəxşlik yaradan əsərlərin adına ədəbiyyat deyilir! Böyük Ədəbiyyat!

YAZISONRASI:

adətən... günAYDIN deyirik, bu gün günŞAH... oldu.

p.s. "Nənə Qorqudluğunu" eləyən elədi, "Dədə Qorqudluğunu" mən edim: gününüz yaxşı, ŞAHanə keçəndə belə də müraciət edə bilərsiniz, bəşərta Kİ, "patent və lisenziya haqqı" mənimdir, bir "əclaf" cəsarət eləməsin, ha!

p.p.s. haçansa qürbətdə olsanız, görsəniz ki, vətəndə necə ləyaqətli insanlarınız qalıb, onda mənim bu sevgimi anlayarsınız, demİrəm ki, mütləqdir qızınız yanınızda olsun və görsün ki, bir üzünüz gülür, işıldayır, bir gözünüz ağlayır!

Əzizim Emil, Səni öpüb bağrıma basıram - yaşatdığın gözəl misralarla, tanıtdığın dəyərli imzayla: mənim sərvətlərim!

GÖZÜNDƏN ASILAN ADAM...

Özündən çıxıb eləcə,
Özündən asılan adam.
Nə yaman göz dəyib sənə,
Gözündən asılan adam.

Dərs verir içindəki dərd,
Ürəyin sinifdə qalıb.
Alnındakı o yazıdan
Allahın da "2" alıb.

Laylanı dil-dil deyənin
dili ucunda ölmüsən.
Hər gün elə öz gözündən
düşüb ovcunda ölmüsən.

Necə yaşayırsan axı?!
Bəxt dediyim səndə ölüb.
Tanrı özü and içir ki,
Elə adda bəndəm ölüb.

Özündən çıxıb eləcə,
Özündən asılan adam.
Nə yaman göz dəyib sənə,
Gözündən asılan adam.

Aydın Canıyev

Dalidag.az


Kateqoriya: Tənqid-fikir
Tarix: 12-10-2019 18:27
Baxış sayı: 2505
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını