Fəlsəfə doktoru Aqil Şirinovun dinlə elmin qarşılıqlı münasibətləri haqqında fikirləri

27-03-2020 14:23

İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov dinlə elmin qarşılıqlı münasibətləri haqqında fikirləri

Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini icra edən, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov dinlə elmin qarşılıqlı münasibətləri haqqında fikirlərini bölüşüb.
O qeyd edib ki, artıq iki ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 27 mart ölkəmizdə “Elm günü” kimi qeyd olunur.
A.Şirinov daha sonra dinlə elmin qarşılıqlı münasibətləri haqqında fikirlərini bölüşüb: “Dahi Nizami “Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz!” – deyirdi. Həqiqətən də son əsrlərdəki elmi-texnoloji tərəqqi onu göstərdi ki, yalnız elmi inkişafa nail olmuş ölkələr və cəmiyyətlər dünyada söz və qüvvət sahibi ola bilirlər. Əlbəttə ki, bəşəriyyət elmi inkişafa, ələlxüsus təbiət elmlərindəki tərəqqiyə nail olmaq üçün uzun və məşəqqətli yol keçmişdir. Xüsusilə orta əsrlərdə Qərbi Avropada elmi həqiqətlərlə dini doqmaların bir-birinə qarşı qoyulması elmin inkişafına ciddi maneçilik törətmiş, ancaq bu mübarizədən yenə elm qalib çıxmışdır. Bəzən sosial şəbəkələrdə sanki İslam şərqində də belə mübarizənin yaşandığına dair tarixi reallığa əsaslanmayan mülahizələrə rast gəlirik. Əlbəttə belə mülahizələrin yaranmasında bu gün İslam adı ilə ortaya çıxan və dinimizin səhv interpretasiyasına əsaslanan radikal qrupların da rolu vardır. Lakin tarixə nəzər salsaq, İslam dünyasında Avropada yaşanmış din-elm mübarizəsinə rast gəlmirik. Orta əsrlərdə fundamental elmlər sahəsində məşhur olmuş alimlərin bir çoxu həm də din alimi idi. Məsələn, müsəlman perpatetizmini (məşşailik) sistematikləşdirən Farabı həmçinin qazı olmuşdur. Avropada “Averroes” kimi tanınan və Aristotel fəlsəfəsinin Qərb dünyasına ötürülməsində xüsusi rolu olan İbn Rüşd həm də İslam fəqihi idi. Riyaziyyat, astronomiya və digər dəqiq elmlərin inkişafında əvəzsiz rolu olan böyük alimimiz Nəsirəddin Tusi eyni zamanda İslam teoloqu idi və onun kəlam elmi sahəsində qələmə aldığı “Təcridül-etiqad” adlı əsəri İslam əqidəsinə dair yazılmış ən fundamental əsərlərdən biri hesab olunur. Belə nümunələrin sayını artırmaq mümkündür. Bu alimlər elmi həqiqətlərlə dini həqiqətləri bir-birinin alternativi və ya bir-birinə zidd həqiqətlər kimi qəbul etmirdilər. Son dövrlərdə bəzi təhsilli insanların belə, metodik səhvə yol verərək dinlə elmi bir-birinə qarşı qoymağa çalışdıqlarının şahidi olduqda “İnsan genomu layihəsi”nə (The Human Genome Project) başçılıq etmiş məşhur Amerikan genetiki Frensiz Kollinsin (Francis Collins) bir televiziya proqramında səsləndirdiyi bu fikri xatırlayıram: “Mənə görə, elm “necə”, Tanrı isə “niyə” sualının cavabıdır ”. Kollins demək istəyir ki, elm (xüsusən təbiət elmləri) kainatın və onun ehtiva etdiyi varlıqların strukturunu araşdırır və bu strukturun necəliyini üzə çıxarır. Bu ancaq elmin cavablaya biləcəyi sualdır və dinin sahəsinə daxil deyildir. Din isə “insan bu dünyaya niyə gəlib, gəlişinin məqsədi nədir və öldükdən sonra hara gedəcək” sualına cavab verir və bu sual da elmin sahəsinə daxil deyildir. Kollinsdən əsrlərcə əvvəl Qalileo Qaliley də bu fikri səsləndirmişdi. Ona irəli sürdüyü heliosentrik düşüncənin müqəddəs kitaba zidd olduğu deyildikdə, belə cavab vermişdi: “Müqəddəs kitab bizə göyə (cənnətə) necə gedəcəyimizi öyrədir, göylərin necə getdiyini (hərəkət etdiyini) deyil.” Deməli, din və elmi bir-birinə qarşı qoymaq bu iki məfhumun hüdudlarını bilməməkdən və sahələrini bir-biri ilə qarışdırmaqdan irəli gəlir. Təəssüf ki, müasir dövrdə belə, bəzi dini və qeyri-dini qruplar arasında elmlə dini bir-birinə qarşı qoymağa çalışanlara rast gəlirik və tarixdə qalmalı olan bu məsələ süni şəkildə gündəmə gətirilməyə davam edir. Ümidvaram ki, gələcək nəsillər öz vaxtlarını belə qeyri-ciddi məsələlərə sərf etməyəcək.”

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 27-03-2020 14:23
Baxış sayı: 3519
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını