Bayram sözü necə yaranıb?

23-03-2020 13:52

Ərəb dilində bayram anlamına gələn “eyd”, “iyd” sözü türk dillərində işlənən avdet/adət sözü ilə kökdaşdır. Anlamı “dönmə”deməkdir.

Dilimizdəki “adət” sözü hər hansı bir xalqın həyatında qədimdən bəri qəbul edilmiş və kök salmış ənənə, vərdiş, alışma mənasında işlənir ki, bu da “dönmə” anlayışı ilə bağlıdır. Deməli, bayram olması üçün əsas şərt tarixi günün bəlli bir zamanda mütləq təkrar baş verməsidir.

Beləliklə, biz “eyd” sözündən yola çıxaraq “bayram” sözünün mənşəyini izah edə bilərik.
Bayram sözünün mənşəyi haqda çoxlu mülahizələr var. Bu söz dilimizdə hər hansı bir tarixi və s. hadisə şərəfinə keçirilən şadlıq günü, təntənə - “şadlıq”, “şənlik”, “xoşbəxtlik” anlamında işlənir. Bəs bu söz necə yaranıb?
Bəziləri “bayram” sözünü pəhləvi mənşəli söz kimi qeyd ediblər. Pati – “geri, təkrar”, rama isə “barış”, “xoşbəxtlik” deməkdir.
Sanskritcədə də bu söz eyni anlama gəlir. Məlumdur ki, türk dillərində “bayram” sözü “beyram”, “mayram”, “bəyrəm”, “nayrın”, “meyram” və s. biçimlərdə işlənməkdədir. Sözün əski qaynaqlarda “badram/beyrem” və “bayram” şəklində işlənməsi yeni mülahizələrə yol açmış, hətta “bayraq” sözü ilə eyni kökdən gəldiyini yazmışlar. Hər iki sözün (bayra+m, bayra+q) son samitindəki səs istisna olmaqla, eyni fonetik quruluşlu olması bəzi araşdırmaçıları bu fikirdə olmağa sövq etmişdir. Bundan başqa, bayraq və bayram sözlərinin kökündə “batırmaq”, “sancmaq” feillərinin durduğu iddia olunmuşdur.
Doğrudur, bayraq sözü “batır” feili ilə bağlıdır. Bu fikri sancaq sözünün mənşəyi (sanc feili) də sübut edir. Bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, bu sözlər (bayram, bayraq) bir kökdən yaranmayıb.
H.Həsənov və R.Kəsəmənli bu sözü birmənalı olaraq türk mənşəli söz hesab edirlər. Sözün “bay” və “aram”dan yarandığı şübhə doğurmur. Müəllif qeyd edir ki, orta əsrdə türklər birinci aya Aram deyirdilər: “Uyğurlarda indi də Aram yazın ilk ayı kimi işlədirlər. Qədim uyğur dilində “uram” “gerçək hədiyyə” deməkdir. Yəni bayram ifadəsinin mahiyyəti ... “Bay tanrıdan yazın gəlişi” və yaxud “Bay tanrıdan istirahət günləri”, "Bay tanrıdan gerçək hədiyyə” kimi versiyalar ola bilər. Deməli, “bayram” sözü yazın gəlişi ilə bağlı yaranıb. Sonralar isə “bayram” sözü daha geniş məna kəsb edib və hər hansı təntənəyə şamil olunub”.
Aram sözü bu gün də dilimizdə “dinclik”, “istirahət”, ”rahat” anlamında işlənməkdədir. Bu onu göstərir ki, yuxarıda qeyd etdiyimiz pəhləvi, sanskrit dilindəki “rama” (dinclik, xoşbəxtlik) sözü dilimizdəki “aram” sözü ilə kökdaşdır.
R.Kəsəmənli bir qədər də irəli gedərək “bayram” sözünü “Ayların sultanı” anlamında izah edir. “Şadlıq, şənlik günü” anlamında işlənən bayram əvvəllər yalnız Yaz bayramı kimi qavranılmış, “novruz” sözü sonradan meydana çıxmış və “bayram” sözü ilə paralel şəkildə (Novruz bayramı) işlənmişdir. Bu gün də bəzi bölgələrimizdə mart ayına “Bayram ayı” deyirlər.
Yaxud bölgələrimizdə “bayram” dedikdə hələ də Novruz bayramı başa düşülür. Bu baxımdan, R. Kəsəmənlinin “aram” sözü ilə bağlı yanaşmasını doğru sayırıq.axar.az

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 23-03-2020 13:52
Baxış sayı: 3413
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını