Reklam
Kəlbəcərin əsir abidələri
09-10-2019 15:32
Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 3054 kvadrat kilometrdir. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədləri tərkibindədir. Ən yüksək zirvəsi olan Camışdağın (Murov dağının zirvəsi) hündürlüyü 3724 metrdir.
Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, civə və qiymətli tikinti materialları (tuf, perlit, obsidan, travertin, və s.) ilə zəngindir. Kəlbəcərin 280 min hektar ərazisini meşələr təşkil edir.
Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında “Xotavəng” və ya “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı olmuş və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, monastırın əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuşdur. Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə erməni və gürcü xalqlarının kilsələrindən fərqlənir.
Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar (Gəncəsər) monastırı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastırın divarında daş üzərindəki epiqrafik yazıda bildirilir: “Yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”.
Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “aranşax” adlandırılmışlar. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy Qandsazar monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun (ölkənin ruhani idarəsi) rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək, diofizit (Həzrət İsanın (ə) həm bəşəri, həm də ilahi sifətə malik olmasına inanmaq) alban xristianlarının iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimi bu monastır kompleksinin ərazisində dəfn edilmişdir. Hündür qala divarları ilə əhatə olunmuş Qandzasar kompleksinə alban xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd maili dam örtüyündə yüksələn monastır binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir.
Monastır kompleksinin memarlıq üslubu, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət yerli xristianların iqamətgahı olmuş monastır dinin baş xəzinəsi mənasında Gəncəsər adlanmışdır.
“XUDAVƏNG” MƏBƏDİ
Azərbaycan Albaniyası memarlığının möhtəşəm nümunələrindən biri də “Xudavəng” (İNV № 11) monastır kompleksidir. Ağdərə-Kəlbəcər magistral yolunun üstündəki Bağlıpəyə kəndindən aşağı, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən bu qədim Alban məbəd kompleksi VI-VII əsrlərdə inşa olunmuşdur. Məbədin ilkin tikintisinin məhz bu dövrə aid olması buradakı qazıntılar zamanı aşkara çıxarılmış saxsı məmulatların öyrənilməsi nəticəsində aşkarlanmışdır. Sonrakı dönəmlərdə məbəd bir neçə dəfə təmir edilərək ona əlavələr olunmuş, nəhayət, Xaçın knyazı Həsən Cəlal (1215-1261) tərəfindən məbəddə əsaslı bərpa işləri həyata keçirilmişdir. Bəzi məlumatlara görə, Həsən Cəlalın həyat yoldaşı Minə Xatun burada dəfn olunmuşdur.
Ümumilikdə, kompleksə doqquz tikili daxildir: 1. Qədim kilsə; 2. Kiçik birnefli Müqəddəs Məryəm ana bazilikası; 3. Arzu Xatun məbədi; 4. Həsən Cəlal məbədi; 5. Müqəddəs Qriqoris məbədi; 6. Arzu Xatun məbədinə əlavə edilmiş zal; 7. Zəng qülləsi; 8. Məktəb binası; 9. Qalereya.
Bu tikililərdən beşi əsas, digərləri köməkçi xarakteri daşıyır. Məbəd kompleksinə daxil olan bu abidələrin heç də hamısı dövrümüzədək yaxşı vəziyyətdə çatmamış, yaşca daha qədim olanları nisbətən uçmuşdur.
Binaların inşası zamanı əsasən yerli qara bazalt daşdan, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə edilmişdir. Damları isə kirəmit və səliqə ilə kəsilmiş daşlarla örtülmüşdür. Maraqlısı odur ki, üstü günbəz kimi inşa edilmiş binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Məbəd binalarında pəncərə oyuqları da mövcuddur. Həmin oyuqların yuxarı hissəsi nalşəkilli formada düzəldilmişdir.
Monastıra daxil olan tikililərin divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar həkk edilmişdir. Kompleksin ətrafı digər alban monastırlarında olduğu kimi möhkəm divarlarla əhatələnmişdir.
Kompleksə daxil olan Arzu Xatun kilsəsi öz monumentallığı ilə seçilir. Bu məbəd 1214-cü ildə Alban knyazı Vaxtanqın xanımı Arzu Xatun Arcruni tərəfindən ərinin və iki oğlunun xatirəsinə inşa etdirilmişdir.
Düzbucaqlı şəklində inşa edilmiş kilsənin qapısının hər iki tərəfində xırda otaqlar vardır. Binanın mərkəzində böyük bir alın hissənin üstündə qübbə ucaldılmış, qübbənin üstü isə konusvari damla örtülmüşdür. Kilsənin fasadı səliqə ilə yonulmuş daşla üzlənmiş, daşların üstündə qabartma və oyma şəklində çox incə naxışlar işlənmişdir. Məbədin şərq fasadında daş üzərində Vaxtanqın, cənub fasadında isə Arzu Xatunun və iki oğlunun təsvirləri həkk edilmişdir.
Torpaqlarımız işğal edildikdən sonra “Xudavəng” məbədi də dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Düşmən, abidədəki Alban kilsəsinə aid xaç və yazıları balta ilə çaparaq yox etmiş, beləliklə, tarixi saxtalaşdırmağa çalışmışdır. Onlar öz təbliğatlarında bu məbədini erməni kilsəsi kimi təqdim edir, xalqımızın maddi-mədəni irsini özününküləşdirirlər.
“GƏNCƏSƏR” MƏBƏDİ
“Gəncəsər” (İNV № 10) keçmiş Ağdərə rayonunun Vəngli kəndində, Xaçın çayının sol sahilində yerləşən XIII əsr xristian Alban monastırıdır. Orta əsrlərdə monastır Alban Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur.
Məbəd Gəncədağ dağında tikilmiş və adını da buradan almışdır. Dağın adı isə ərəb dilindəki kənisə - “məbəd” və Azərbaycan dilindəki “dağ” sözündəndir. Kənisə sözünün ərəb dilində olması orada ərəblərin yaşaması ilə əlaqədar deyil. Bu o deməkdir ki, XII əsrdə Azərbaycan dilində kənisə (kənsə, gənzə) sözü vardı və Azərbaycan dilindən həmin söz dağın adına keçmişdir.
Kənisə - “məbəd” sözü respublikamızda Kənzə, Kənzəçay (Ordubad rayonu), Kənizədağ (əslində Kənisədağ) İsmayıllı rayonunda və b. toponimlərdə qalmışdır.
Bu məbəd Artsax hökmdarı Həsən Cəlal və oğlu tərəfindən 1216-1265-ci illərdə tikilmişdir. Monastrın özündə saxlanan epiqrafikanın köməyilə məlum olur ki, indiki, mövcud məbədin tikintisinə Həsənin atası Vaxtanqın vəsiyyəti ilə 1216-cı ildə başlanmışdır. 1261-ci ildə monqollar tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy gətirib “Gəncəsər” məbədində dəfn etmişdir. Bu məbəd 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Provaslav Kilsəsi Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimləri bu məbəd kompleksinin ərazisində dəfn edilmişlər. Həsən Cəlalın qəbrinin üstündə belə bir yazı var: “Ulu knyaz Cəlal öz valideyninin vəsiyyətini yerinə yetirərək 665-ci ildə (1216-cı ildə) bu gözəl və daş (kapital) kilsəni tikdi və onu bütün mümkün şəkillərlə (bəzəklərlə) dövrələyərək 687-ci ildə (1238-ci il) özünün və arvadı Məmkanın iradəsi ilə onu bitirdi”. Monastrın daxilində, kupelin altındakı yazı və Kirakos Qandzaketsinin məlumatı da bunu təsdiq edir.
1240-cı ildə tikilmiş abidə pak edilmişdir (müqəddəs su səpilmişdir):
Yazıya görə: “Bu kilsə 689-cu ildə (1240) Alban Katolikosu Ter-Nersesin patriarxlığı dövründə pak edilib”.
Həsən Cəlalın arvadı Məmkan bu kilsənin darvazaları yanında gözəl bir qavit tikdirmişdir. Əvvəlcə “Gəncəsər” Cəlali knyazlarının, alban katalikosları və Xaçının mühüm şəxslərinin dəfn edildiyi yer olmuşdur. Orada alban katalikoslarının iqamətgahları, vardapetlər məktəbi, əlyazmaların saxlandığı kitabxana və s. da yerləşmişdir.
Qəbirüstü abidələrin üzərindəki bəzi yazılar: “Bu 1102-ci (1653) il Alban katalikosu Qriqorinin qəbridir”. “Bu Cəlal Dolanın nəslindən olan 1149-cu il (1700) alban katalikosu Yereminin qəbridir”. “Bu alban katalikosu Yesaynın qəbridir... 1177 (1728)”.
Hətta, XVII əsrin sonunda da yerli əhali “Gəncəsər”i alban adlandırırdı. Ruhani Apav monastrın damını bərpa edib orada belə bir yazı qoymuşdur: “... Aqvan Gəncəsərin müqəddəs taxtında bizim saf niyyətlə verilmiş vəsaitlərimizdən istifadə edib kilsələrin damlarını və dağılmış divarlarını tikdilər”.
“Gəncəsər” və onun camaatının XIII əsr Alban kilsəsinin sonrakı tarixini öyrənmək üçün çox mühüm sənəddir. Abidədə bir çox diofizit elementləri var ki, bunlar da XIII əsrdə Alban katolikosluğunun başqa kilsələrə tabe olmaq istəməməsini bir daha təsdiq edir.
Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementləri onun çoxəsrlik ənənələri olan Azərbaycan Albaniyası memarlığına aid olduğunu təsdiq edir.
“Gəncəsər” məbədinin orta əsrlərdə mülkü vardı. Bu mülkdə yerləşən kəndlilərin əhalisi məbədə mənsub idi. 1825-ci ilə aid arxiv sənədlərində göstərilir ki, 4 ailədən ibarət Ballıqaya və 55 ailədən ibarət Vəngli kəndlərinin istifadə etdiyi torpaqlar “Gəncəsər mülkü”, həm də Güzlək və Dizak adlanır. Sənəddə qeyd olunur ki, Ballıqayanın əhalisi təmiz türklərdir (azərbaycanlılardır), amma Vənglidə ermənilər də yaşayır, onları məbədin kahini Sərkis xaricdən gətirmişdir.
Tarixi-dini abidələri
Alban məbədi (500-cü il) – Həsənriz kəndi (İNV № 280)
Alban məbədi (1283-cü il) – Həsənriz kəndi (İNV № 279)
Alban məbədi (V-IX əsrlər) – Vəng kəndi
Alban kilsəsi (V-VII əsrlər) – Çərəkdar kəndi
Alban məbədi (614-cü il) – Kolataq kəndi (İNV № 270)
Müqəddəs Yaqub kilsəsi (635-ci il) - Kolataq kəndi (İNV № 269)
Alban məbədi (672-ci il) – Qocaqot kəndi (İNV № 278)
Alban məbədi (698-ci il) – Qocaqot kəndi (İNV № 277)
Alban məbədi (713-cü il) – Dəstəgir kəndi (İNV № 4498)
Alban məbədi (718-ci il) – Qasapet kəndi (İNV № 4485)
Kilsə (1894-cü il) – Qasapet kəndi (İNV № 4486)
Kilsə (1898-ci il) – Maqadiz kəndi (İNV № 4488)
Kilsə (1668-ci il) – Dovşanlı kəndi (İNV № 4482)
Kilsə (XVII əsr) – Dəvədaşı (Poqosoqomer) kəndi (İNV № 4483)
Qırmızı məbəd (XVII əsr) – Qozlu kəndi (İNV № 4484)
Urek məbədi (1279-cü il) – Talış kəndi (İNV № 4489)
Alban kilsəsi (VIII-IX əsrlər) – Tərtər çayının Bulanıq çayı ilə qovşağında
Alban məbədi (X əsr) – Çormanlı (Qarnakar) kəndi (İNV № 274)
Alban kilsəsi (XI əsr) – Çormanlı (Qarnakar) kəndi (İNV № 275)
Kilsə (1883-cü il) – Maxrataq kəndi (İNV № 4490)
Məbəd (1881-ci il) – Maxrataq kəndi (İNV № 4491)
Məbəd – Maxrataq kəndi (İNV № 4492)
Məbəd – Şaplar kəndi (İNV № 4493)
Məbəd – Şaplar kəndi (İNV № 4479)
Məbəd (XIII əsr)– Vəngli kəndi (İNV № 4478)
Məbəd – Kiçan kəndi (İNV № 4480)
Məbəd (1251-ci il)– Smakaok kəndi (İNV № 4481)
Alban məbədi (XII əsr) – Çıldıran kəndi (İNV № 272)
Qırmızı məbəd (XIII əsr) – Çıldıran kəndi (İNV № 273)
“Xatırvank” məbədi (1204-cü il) – Qozlu kəndi (İNV № 276)
Məscid (XIX əsr)
Məscid (XVIII-XIX əsrlər) – Başlıbel kəndi
Məscid (XIX əsr) - Otaqlı kəndi
Ziyarətgahları
Qəbiristanlar (3 ədəd) orta əsrlər – Qasapet kəndindən 5-6 kim aralı (İNV № 5844)
Qoç daşlar piri – Əsir kəndi yaxınlığında
Seyid Əsədullahın ziyarətgahı (XIX əsr) – Söyüdlü yaylağı
Seyid Bağır ağanın ocağı – Başlıbel kəndi
Seyid Əliabbas ağa ziyarətgahı – Başlıbel kəndi
Seyid Əhməd ağa ocağı
Tarixi memarlıq abidələri
Dovşanlı nekropolu (Son Tunc, İlk Dəmir dövrü) – Araçadzor kəndi (İNV № 1228)
Balıqaya nekropolu (Ton Tunc, İlk Dəmir dövrü) – Sırxavənd kəndi (İNV № 1229)
Daş qoç fiqurları - ərəb yazısı ilə (XIX əsr) – Zar kəndi (İNV № 6155)
Daş qoç fiqurları - ərəb yazısı ilə (XIX əsr) - Zar kəndi (İNV № 6156)
Daş qoç fiqurları - ərəb yazısı ilə (XIX əsr) - Zar kəndi (İNV № 6157)
Daş qoç fiqurları - ərəb yazısı ilə (XIX əsr) - Zar kəndi (İNV № 6158)
Daş at fiquru – Zəylik kəndi - (İNV № 6159)
Celabert qalası – Qasapet kəndi (İNV № 4487)
Lök qalası (VII-VIII əsrlər) – Qanlıkənd kəndi
Uluxan qalası (VII-IX əsrlər) – Qaracanlı kəndi
Qalaboynu qalası (VIII-IX əsrlər) – Qalaboynu kəndi
Comərd qalası (VIII-IX əsrlər) – Comərd kəndi
Keşikçi qalası (VIII-IX əsrlər) – Qamışlı kəndi
Urud abidələrinin xronoloji sayı (1478-1610) – Zar, Zeylik, Keşdək kəndləri
Tağlı daş körpü (XIX əsr) – Soyuqbulaq kəndi
Kateqoriya: Manşet / Karusel / Kəlbəcər
Tarix: 09-10-2019 15:32
Baxış sayı: 31 345
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02