Vaşinqtonun Bakı səhvi: Rusiyanı dəstəkləyən İrəvanı niyə qoruyurlar?

11-05-2022 09:39

Rusiyanın Ukraynaya hücumu fonunda dünyanın iki cəbhəyə bölünməsi prosesi sürətlənir: Qərbdə bunu Baydenin təbirincə, “azad dünya” və “tiranlıq”, Moskvada “hegomonluq istəyindən əl çəkməyənlər” və “öz maraqlarını qoruyanlar” adlandırırlar; və xüsusilə Rusiya cəbhəsində yer alanlar Qərb bloku tərəfindən “qara siyahıya” salınır – Sudan, Eriteriya kimi ölkələrə edilən təzyiqlər, Çin və Hindistan kimi böyük ölkələrə “rusları dəstəkləməyin” çağırışları və s. prosesin artıq kulislərdə yox, açıq müstəvidə getdiyini göstərir;
Və bu məntiqlə Ermənistan Qərbin “qaranlıq tərəf”ə daxil etdiyi ölkələr sırasında olmalıdır.
Birincisi, Ermənistan Rusiyanın tərəfdaşıdır;
İkincisi, “rus ittifaq”larında yer alan digər ölkələrlə müqayisədə (Belarus istisna olmaqla) Ukraynanın işğalına ən çox dəstək verən ölkə Ermənistandır;
Üçüncüsü, Ermənistanın Ukryna müharibəsində Rusiyaya hərbi, canlı qüvvə, ictimai və informasiya dəstəyi verdiyi sirr deyil: erməni mediasını və İrəvanda baş verənləri izlədikdə bunu aydın görmək mümkündür, o cümlədən, Ermənistan hakimiyyəti Rusiyanın xeyrinə olan “neytrallığını” davam etdirir;
Dördüncüsü, Ermənistan Rusiya üçün sanksiyaların dəlinməsi platforması rolunu oynayır və qarşıdakı dövrdə bu prosesin daha da genişlənəcəyi gözləniləndir, çünki bu ölkənin sanksiyaların dəlinməsi işində təcrübəsi var:
- İran uzun illər sanksiyalardan yayınmaq məqsədilə Ermənistandan istifadə edib, xüsusilə çirkli pulların yuyulmasında;
- Qərbdə erməni diasporu/lobbisinin mövcud imkanları bu istiqamətdə münbit şəraitin yaranmasına sərf edilir;
Lakin bu gün Ermənistan Rusiyanın Ukraynaya hücumuna ən çox dəstək verən ölkə kimi təzyiqlə yox, “sığalla” mükafatlandırılır.
a) Vaşinqtondan İrəvana indiyə qədər irad belə bildirilməyib, əksinə İrəvan küçələrində etirazların güc yolu ilə yatırılmasına rəğmən müxtəlif formalarda dəstəkləyir;
b) Ermənistan “Demokratiya sammiti”nə dəvət olunur, həmçinin, bu ölkənin rəsmiləri Vaşinqtonda yüksək səviyyədə qəbul olunur: xarici işlər naziri, parlament sədrinin ABŞ-a səfərlərinin təşkil edilməsi belə nümunələrdəndir;
ABŞ-ın bu yanaşması haradan qaynaqlanır?
Bu sualın cavabını bəlkə də Vaşinqtonun Cənubi Qafqaz siyasətində axtarmaq olardı. Belə ki, Ermənistanın Rusiyanın təsirindən çıxarılması, ümumilikdə Cənubi Qafqazda ABŞ-ın mövqelərinin gücləndirilməsi məqsədilə edilir. Hərçənd, Azərbaycana yanaşmada yumşaq desək qeyri-balansın olması əsas səbəbin bu olmadığını deməyə əsas verir. Çünki Rusiyanın Ukraynaya hücumunda hərtərəfli dəstək verən Ermənistanı okeanın o tayında yüksək səviyyədə qəbul edən ABŞ siyasi və humanitar dəstəyi ilə Ukraynaya böyük ölçüdə kömək edən Azərbaycana eyni yanaşmanı sərgiləmir. Erməni rəsmilər Vaşinqtonda qəbul olunarkən, Azərbaycandan ABŞ-a heç bir səfər təşkil edilmir. Bu, Vaşinqtonun Azərbaycana qarşı diskriminasiya yanaşmasından qaynaqlanır və burada əsas səbəbin məhz erməni diasporu/lobbisinin olduğunu deyə bilərik.
Görünür, ABŞ kim super güc hələ də erməni diasporu/lobbisinin təsirindən xilas ola bilmir, müstəqil siyasət yürütmək əvəzinə bu şəbəkənin maraqlarını yerinə yetirir. 
Xüsusi diqqətçəkən məqam ABŞ-dakı erməni şəbəkəsinin faktiki rus lobbisi rolunu oynamasıdır. Hazırda erməni lobbisi Rusiyanın maraqlarının müdafiəsi istiqamətində ciddi şəkildə çalışır. ABŞ mətbuatında Ukraynaya hücum edən Rusiyanın təmizə çıxarılması cəhdləri, sanksiyaların müəyyən qədər yumşaldılması ilə bağlı çağırışlar, bir sıra siyasətçilərin Rusiyanın maraqlarına uyğun açıqlamalar verməsi, həm də Vaşinqtonun siyasətinə təsir etmək istiqamətindəki addımlar bunu sübut edir. Rusiya İctimai Palatasının və Rusiya Prezident Şurasının keçmiş üzvü, Lavrovun yaxın dostu kimi tanınan erməni politoloq Andranik Miqranyan bu gün ABŞ-da “Demokratiya və Əməkdaşlıq İnstitunun” direktoru kimi Moskvanın maraqlarının müdafiəsi istiqamətində çalışır və bu işdə erməni lobbisinin üzvləri ilə birgə hərəkət edir. Eyni şəbəkə Ukraynaya hücum edən Rusiyanı qorumağa çalışdığı kimi, bu hücumda Rusiyaya dəstək verən Ermənistanı da dəstəkləyir, nəticə etibarilə, Vaşinqton İrəvana “sığal” çəkməyi davam etdirir.
ABŞ bu məsələdə də ikili standartlardan çıxış edir və təkcə Azərbaycana yox, Türkiyəyə, eləcə də ərəb ölkələrinə qarşı da strateji səhvlərə yol verir. Bu səhvlər ABŞ-ın milli maraqlarına zidddir.

Asif Nərimanlı
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 11-05-2022 09:39
Baxış sayı: 4244
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını