Sərkisyanın İlham Əliyevlə bağlı şok etirafları

21-10-2020 19:43
Ötən gün Ordumuzun Vətən müharibəsinin gedişində əldə etdiyi növbəti uğurlardan və Zəngilanın azad edilməsindən sonra uzun müddətdir kölgədə qalmağa üstünlük verən Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da proseslərə qatılıb.
Bir-birinin ardınca verdiyi açıqlama-müsahibələrdə Serj Sərkisyan “müharibə əleyhdarı” kimi görünməyə çalışsa da, ilk cümləsindən sonra dedikləri əslində bu şəxsin mahiyyətini ortaya qoyur.
Xocalı qatilinin məğlubiyyət etirafı
Müharibəni Azərbaycan tərəfinin başladığını iddia edən Sərkisyan ilk cümləsindəcə bunun bədəlini “mülki əhalinin” ödədiyini bildirir.
Təsəvvür edirsinizmi? Bunu Serj Sərkisyan deyir!
Bütün həyatını dinc azərbaycanlılara qarşı qətliamlara həsr edən, Dağlıq Qarabağ və ətrafını qarış-qarış işğal edən bir şəxs! Hələ Ermənistan Müdafiə naziri olarkən Tomas de Vaala verdiyi müsahibəsində Xocalı soyqırımını törətdiyini açıq şəkildə etiraf edən Sərkisyan demişdi ki: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.
Dağlıq Qarabağ ətrafındakı 7 rayondan 750 min insanın qovulmasında, Xocalı da daxil olmaqla, azərbaycanlılara qarşı bir neçə qətliamda birbaşa iştirak edən, mülki insanların öldürülməsi və yurdundan qovulmasına şəxsən rəhbərlik edən, atəşkəs, sülh çağırışlarına məhəl qoymadan ərazilərimizi silah gücünə işğal edən Serj Sərkisyanın “mülki əhalinin zərər görməsindən” danışması qədər saxtakarlıq və riyakarlıq ola bilməz.
Amma nə qədər “sülhpərvər” görünməyə çalışsa da, bu sözlərin ardınca dərhal Ermənistan ordusunun “döyüş qabiliyyəti” haqda mifologiyanı davam etdirməyə girişir. Əsas arqumentlərindən biri də odur ki, Azərbaycan uzun müddət öz xalqına qısa müddətdə işğaldakı əraziləri azad edə biləcəyi vədini verib:
“Ancaq 3 həftə müddətində onlar yalnız bir istiqamətdə dərinliyə girə biliblər. Bu, müharibənin başa çatması demək deyil”.
Üç həftəyə Azərbaycan Ordusu 30 ildir işğalda olan rayonlarından 3-nü geri qaytarıb, üstəlik Suqovuşan, Hadrut da daxil olmaqla, strateji yerləri, həmçinin Xocavənd rayonuna aid kəndləri, Murovun zirvəsini işğaldan azad edib.
Sərkisyanın rəhbərlik etdiyi silahlı dəstə nizami rus bölmələrinin (366-cı motoatıcı diviziya da daxil) birbaşa dəstəyi və zirehli texnikası ilə əliyalın, ov tüfəngləri belə əlindən alınan azərbaycanlıların üstünə gəlib və və tam iki il müddətində Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edə bilib. Bu 30 ildə isə daim azərbaycanlıların geri qayıdacağı düşüncəsi ilə işğaldakı ərazilərdə səngər qazmaqla, ora külli miqdarda silah daşımaqla məşğul olublar – nə qurub-tikiblər, nə də yaradıblar, yalnız dağıdıblar, yalnız səngər qazıblar, yalnız silah daşıyıblar...
Azərbaycan Ordusunun ələ keçirdiyi hərbi qənimətlərin sayı və görüntüləri təsdiqləyir ki, Ermənistan işğal etdiyi ərazilərə Rusiyadan nə qədər silah daşıyıb.
30 il bərkidikləri, möhkəmləndikləri, betonla sədlər qurduqları 3 rayondan 3 həftəyə qovulmalarına təsəlliverici bəraət cəhdi nə qədər gülüncdürsə, məğlubiyyətin etirafı da o qədər diqqətçəkicidir.
Kazan danışıqları etirafı
2011-ci ildə Kazanda münaqişənin həll edilməsinə çox yaxın olduqlarını, ancaq Azərbaycanın “qeyri-konstruktivliyi” nəticəsində bundan imtina edildiyini bildirən Sərkisyan Bakını “kompromissiz mövqeyi”nə görə tənqid edir.
Azərbaycanın “güzəşt”i nə olmalıymış? 5 rayon müqabilində Dağlıq Qarabağın statusu. Üstəlik, Kəlbəcər müzakirəsi sonraya saxlanılır, Laçın isə “hər iki tərəfin nəzarətində qalır”.
Azərbaycan BMT qətnamələrinin yerinə yetirilməsini ilk başdan tələb edir. Bu 4 qətnaməyə görə, Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərdən “dərhal və qeyd-şərtsiz” çıxmalıdır. “Qeyd-şərtsiz” sözü burda xüsusi vurğulanır və bütün qətnamələrdə hallanır.
Ermənistan isə 27 ildir BMT qətnamələrindəki tələbi yerinə yetirmir; Azərbaycanın dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazi bütövlüyünə hörmət etmir və işğalı davam etdirir.
Sərkisyanın İlham Əliyev etirafı
Serj Sərkisyan Prezident İlham Əliyevin əsas tələbi - ərazi bütövlüyü məsələsinə də dolayısı ilə toxunur və Aprel savaşını xatırladır. Bildirir ki, Aprel savaşında Rusiyanın birbaşa müdaxiləsi ilə atəşkəs əldə edildi. “İlham Əliyevi atəşkəsə razı salmaq çox çətin oldu”, - deyə Sərkisyan bildirir.
Bu fakt artıq Aprel savaşında Azərbaycan Prezidentinin nə qədər qətiyyətli davrandığının dolayı təsdiqidir.
Sərkisyan 2011-ci il Kazan, 2016-cı il Aprel savaşında Prezident İlham Əliyevin son dərəcə qətiyyətli davranmasından və qəti tələblər irəli sürməsindən şikayətlənir. Bildirir ki, İlham Əliyev güzəştsiz siyasət yürüdür.
İlham Əliyevin güzəştsiz siyasətinə qarşı dözə bildiyindən qürurlanan və hakimiyyətdə olduğu müddətdə işğal etdiyi ərazilərdən demək olar ki, heç birini geri qaytarmadığını vurğulayan Sərkisyan Azərbaycan Prezidentini “məqbul sayılmayan arzularda” da günahlandırır.
“Dənizdən dənizə” xülyası ilə yaşayan və 100 ildir Azərbaycan torpaqlarını işğal edə-edə özlərinə dövlət qurub genişləndirən, 2020-ci ilin avqustundan isə “yeni ərazilər üçün yeni müharibə” siyasətinə keçən Ermənistan siyasətçilərinin Azərbaycanın dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməyə başlayan Prezident İlham Əliyevi “təhlükəli arzuda” ittiham etməsi nə qədər düşükdürsə (Prezidentimizin sözləri ilə desək), o qədər də böyük etirafdır.
Nəhayət, erməni siyasətçilər anladılar ki, qarşılarında Azərbaycanın haqqını ən sərt şəkildə müdafiə etməyə qadir olan “dəlisov lider” var.
Nəhayət, anladılar ki, bu lider heç nəyi heç vaxt güzəştə getməyəcək!
Nəhayət, etiraf etdilər ki, İlham Əliyevdən nə danışıqlarda, nə meydanda, nə diplomatiyada Azərbaycanın milli maraqlarına uyğun olmayan hər hansı “güzəşt” qoparmaq mümkün deyil!kult.az

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 21-10-2020 19:43
Baxış sayı: 3188
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını