Paşinyanın Brüsseldə xətası cəzasına çevrilə bilər - GÖZLƏNTİLƏR

14-12-2021 15:43
Vətən müharbəsinin bitməsinin bir ilinin tamam olması ilə əlaqədar noyabrın 9-da Rusiyada planlaşdırılan üçtərəfli görüşdən Nikol Paşinyanın müəmmalı şəkildə imtinası əslində onun qarşıdakı zamanlarda imitasiya cəhdlərinin təkrarlanacağından xəbər verirdi.
Gözləntilər özünü doğrultdu. Sülh sazişinə hazırlıq məqsədilə planlaşdırılan üçtərəfli görüşlərdən imtina edən Ermənistan rəhbərliyinin qərarının ardınca Azərbaycan-Ermənistan sərhəddində ard-arda baş verən hərbi təxribatlar belə deməyə əsas verir. Lakin təəssüf ki, bunun davamında Avropa İttifaqının prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü barədə anonsundan sonra rəsmi Moskvanın Soçi görüşünü tezləşdirməsi Paşinyan nəzərindən heç nəyi dəyişənə oxşamadı.
Belə ki, noyabrın 26-da Rusiya və Azərbaycan Prezidentləri ilə eyni bəyanatla çıxış edən erməni baş nazir 1 il əvvəl imzaladığı bəyanatda (10 noyabr 2020) üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışdığı kimi, Soçi anlaşmasının da əhəmiyyətini itirmək məqsədilə dekabrın 1-də Moskvada baş nazir müavinlərinin üçtərəfli görüşünü əsassız iddialarla müvəqqəti də olsa deaktivləşdirməyi bacardı. Bununla rəsmi İrəvan eyni zamanda Brüssel görüşünə ciddi hazırlıq gördüyünü göstərdi.

Aİ ATƏT-in (Minsk Qrupu) başı üzərindən Qarabağla və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı yeni qurum yaratmaq fikrində deyil. Onsuz da Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı var. Bu Tərəfdaşlıq Proqramında Azərbaycan da var, Ermənistan da. Çox güman ki, Aİ elə bu Platforma çərçivəsində dialoqu davam etdirməyə çalışacaq. Konkret desək, Avropa Minsk Qrupunu öz "məhsulu" hesab edir. Çünki orada bir nümayəndəsi də təmsil olunur - Fransa. 
Əgər Ermənistan Brüssel görüşündə ATƏT-in Misnk Qrupunun dirildilməsinə ümid edirsə, boşunadır. Əgər keçən bir ildə buna nail ola bilmədilərsə, bundan sonra da Bakı istəməyincə mümkün kimi görünmür. Çünki Azərbaycan istəmirsə, heç kim bizi məcbur edə bilməz. Təbii ki, Azərbaycan o səfərlərin əleyhinə deyil. Lakin Azərbaycan daha 44 günlük müharibə ilə 30 illik işğalına son qoyduğu ərazilərin "status" məsələsini müzakirə etmək istəmir. Biz müharibə ilə özümüz öz müqəddaratımızı həll etmişik və heç kimə imkan vermərik ki, yenidən bu cür oyunlar quralar. Aydındır ki, ATƏT-in Minsk Qrupu bunun üçün alternativ yollar axtarır. Rəsmi Bakıya Minsk Qrupunun bundan sonra hansı sahədə fəaliyyəti ilə bağlı da təklifini edib. Prezident İlham Əliyev də bu barədə danışarkən dəfələrlə qeyd edib ki, Minsk Qrupunun fəaliyyətinin əleyhinə deyilik, işlərini humanitar məsələlər istiqamətində davam etdirə bilərlər. Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bir daha ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikin monitorinq adı altında sərhəddə səfər planlarının üstündən birdəfəlik xətt çəkməklə, Minsk Qrupunun bu istiqamətdə "xidmətlərini" oyundan kənar vəziyyətə saldı. Bütün bu gedişlər təbii ki, bu qurumun bir daha bölgədə istənilən bir siyasi prosesə müdaxilə imkanlarını əlindən almaq üçün Rusiyanın da iştirakı ilə düşünülmüş bir addımdır.

Heç şübhəsiz ki, Azərbaycan bu gün Brüsseldə də müzakirəsi gözlənilən bütün mövzularda üstün mövqedə olacaq. Biz bunu son olaraq elə Beynəlxalq Məhkəmənin Ermənistanın "əsirlərlə" bağlı iddiasını rədd etməsi ilə bağlı qərarına istinad edərək də deyə bilərik. Bu məqamda bir məsələ də rəsmi Bakının silahı ola bilər: Ermənistan işğaldan azad edilən ərazilərimizlə bağlı təqdim etdiyi mina xəritələrinin etibarsızlığı, qeyri-dəqiqliyi amilidir ki, bu da rəsmi İrəvana böyük ümidlərlə getdiyi Brüsseldən naümid qayıtmasına səbəb ola bilər. Buna sübut kimi rəsmi Bakının əlində az qala hər gün həmin ərazilərdə minaya düşərək həyatını itirən dinc vətəndaşların, tikinti işi aparan fəhlələrin, hərbçilərin siyahısı xatırladıla bilər. Bu nüans eyni zamanda atəşkəs sazişi hesab edilən 10 noyabrdan sonra Ermənistanın Azərbaycana mina müharibəsini dayandırmadığını təsdiqləmiş olur.
Hər kəsə məlumdur ki,  Azərbaycan və Ermənistan arasındakı bütün ziddiyyətli məsələlərin müzakirəsində ta müharibənin ilk günündən bu vaxta kimi aparıcı aktor Rusiyadır. Bu nöqteyi nəzərdən Brüssel görüşüdən konkret nəticələr gözləməyə dəyməz, gözləntilər çox deyil. Amma, Avropanın göbəyində təşkil edilən bu tip görüşlər tərəflərin demokratik ab-havada ünsiyyətləri, ziddiyyətli məsələləri öz aralarında, üçüncü bir tərəfin müdaxiləsi olmadan çözmək üçün olduqca önəmlidir. Təbii ki, əgər Paşinyan köləlik siyasətlərindən əl çəkərsə, onun-bunun tapşırığı, sifarişi əsasında addım atmazsa...

Brüssel görüşü bəlkə də, rəsmi İrəvan üçün bölgədə yaranan yeni geosiyasi vəziyyəti dəyərləndirmək baxımından ona verilən son imkandır. Nikol Paşinyan anlamalıdır ki, bu gün Azərbaycan nəinki bölgədə, hətta regionda aparıcı aktora çevrilir, bu proses çox sürətlə davam edir. Ən əsası isə İran Fars körfəzi-Qara dəniz marşrutunu Ermənistan üzərindən keçirməklə Zəngəzur dəhlizinə alternativ yaratma planından imtina etməyə məcbur qalır ki, bu da Tehranın "3+3" formatına doğru addım atmasına imkan yaradır. Daha mühüm olan isə odur ki, beləcə Ermənistanın yeganə alternativi də əlindən alınmış olur. Bu isə deməyə imkan verir ki, İrəvanın iştirak etmək istədiyi bütün regional layihələr Bakının əlində cəmlənir.
Nəticə etibarilə Bakının Avrasiyanın nəqliyyat şəbəkələrində payı daha da artırır ki, bu da istər iqtisadi, istərsə də siyasi imkanları daha da genişləndirmək fürsəti yaradır. Bu amil də Ermənistana rəhbərliyini Azərbaycanla ortaq fikrə gəlməyinə, kompromisə getməyinə kifayət edən proseslərdir. Manevr imkanları da xeyli genişlənən rəsmi Bakı İrəvana barış əlini uzadır, uzun müddətli sülh sazişinə zəmin hazırlayacaq delimitasiya, demarkasiya işləri ilə bağlı əməli praktiki addımlar atmaq və bölgədə gərginliyi maksimum azaldıb, gələcək regional layihələrin startına dəvət edir. Təbii ki, hər şey Ermənistan rəhbərliyinin qərarından asılıdır - Ermənistan üçün yaxşı gələcək də, pis gələcək də...
Rəsmi İrəvan daxildə problemlərinin dərinləşdiyi bir vaxtda müharibə ritorikasından, revanş niyyətindən əl çəkərək Bakı ilə sənədlərdə razılaşdırdığı məsələlərə qarşı pozuculuq siyasətindən imtina etməsə Azərbaycan beynəlxalq hüququn da imkan verdiyi kimi öz suverenliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin müqəddaratını yenidən özü həll edəcək.milli.az

Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 14-12-2021 15:43
Baxış sayı: 4196
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını