Ağ Ev “Zəngəzur koridoru”na görə hərəkətə keçir

07-07-2021 11:27
Ağ Ev “Zəngəzur koridoru”na görə hərəkətə keçir
"Zəngəzur koridoru”ilə bağlı dəfələrlə yazmışam. Xüsusən qeyd etmişəm ki, bu koridor Dağlıq Qarabağ məsələsindən daha önəmlidir. Əlbəttə, mən başa düşürəm ki, bu fikir ictimaiyyət arasında o qədər də rəğbətlə qarşılanmır. Azərbaycan insanı hələ ki, bu koridorun ölkəmizə hansı üstünlüklər və hansı status verəcəyinin fərqində deyil.

"Zəngəzur koridoru”nun önəminə bir daha diqqət çəkmək üçün Amerika mətbuatında gedən bir məqalədən söhbət açacağıq. Söhbət "The National Interest” jurnalında çap olunmuş "Armenia Can Stop Iran’s New South Caucasus Foothold” (Ermənistan İranın Cənubi Qafqazda yeni dayaq nöqtəsi yaratmasının qarşısını ala bilər) məqaləsindən gedir.

Öncə "The National Interest” jurnalı haqqında qısa məlumat verib. Bu jurnal 1994-cü ildə Amerika Birləşmiş Ştatlarının 37-ci prezidenti (1969-1974) Riçard Nikson tərəfindən qoyulub. Amerikanın beyin mərkəzlərindən biri kimi tanınır. Jurnalın ana xəttini "the West and the rest” (Qərb və yerdə qalan dünya anlamını verir. E.H) ideyası təşkil edir. Yəni, bu beyin mərkəzinin əsas qayəsi Qərbin maraqlarının müdafiəsidir. Təbii ki, onlar Qərb deyəndə daha çox Amerikanı nəzərdə tuturlar. Daha bir məqama toxunum. Bu jurnalda anti-Türkiyə və anti-Azərbaycan mövqeyindən yazılmış məqalələrlə tez-tez qarşılaşmaq olar. Müvafiq olaraq "The National Interest” Ermənistana xüsusi simpatiya sərgiləyir.

Yuxarıda adını vurğuladığımız məqalədə isə Ermənistana yanaşma xeyli fərqlidir. Bu fərq də Amerikanın maraqlarından doğur. Məqalədə söhbət ondan gedir ki, Azərbaycan "Zəngəzur karidoru”nun (onlar Naxçıvan koridoru adlandırırlar. E.H) açılmasında maraqlıdır. Ancaq Ermənistan bu işə o qədər maraq göstərmir. Belə olduğu təqdirdə nə baş verə bilər? Məqalənin müəllifi Wes Martin yazır ki, Azərbaycan bu koridoru İran üzərindən də aça bilər. Bu isə İrana böyük üstünlüklər vəd edir. Belə ki, rəsmi Tehran bu koridor vasitəsi ilə Cənubi Qafqaza təzyiq mexanizmi əldə edə bilər və üstəlik, dünya iqtisadi məkanına inteqrasiya imkanı qazanar.

Müəllif əmindir ki, belə bir perspektivin həyata keçməsinə imkan vermək olmaz. Xüsusən İbrahim Rəisi kimi mühafizəkar birisinin prezident seçildiyi İrandan belə bir strateji önəmi olan koridorun keçməsi Qərb üçün arzuolunan deyil. Müəllif deyir ki, İbrahim Rəisi hakim kimi 1988-ci ildə İranda gizli şəkildə edam edilmiş 30 min siyasi fəalın qətlində əsas rollardan birini oynayıb. Müəllif yazır: "Ancaq sanksiyalar və təcridetmə siyasətinin ağırlığı altında qalan yeni rəhbərlik və İran Cənubi Qafqazda "xilas kəməri” əldə edə bilər. Bəlkə də Ermənistan fərqinə varmadan sanksiyalar altında boğulan İrana Cənubi Qafqazda "xilas kəməri” ata bilər. İrəvana təsir gücünə sahib olan Amerika bu perspektivin qarşısını nəyin bahasına olursa olsun almalıdır”.

Bu nə deməkdir? Açıq şəkildə bildirilir ki, Azərbaycan "Zəngəzur (Naxçıvan) koridoru”nun açılmasında maraqlıdır. Ancaq Ermənistan buna imkan verməsə, Azərbaycan bu koridoru İran üzərindən də aça bilər. Dolayısı ilə bu həm də o deməkdir ki, Azərbaycan iqtidarı bu variantı da nəzərdən keçirir. Bu isə Amerikanın maraqlarına qətiyyən uyğun gəlmir. Və ABŞ təsir imkanına malik olduğu Ermənistana İrana "xilas kəməri” atmağa imkan verməməlidir. Bu həm də onun etirafıdır ki, "Zəngəzur koridoru” Amerikanın da maraq dairəsindədir.

Müəllif qeyd edir ki, Nikol Paşinyan seçki ərəfəsində verdiyi bəyanatların birində deyir ki, o, heç vaxt "Zəngəzur (Naxçıvan) koridoru”nun açılmasına imkan verməyəcək: "Baxmayaraq ki, üçtərəfli anlaşmada kommunikasiyaların açılmasının vacibliyi xüsusi ilə vurğulanır”.

Müəllif bildirir ki, koridorun İran ərazisindən keçməsi həm də Azərbaycanla gələcək danışıqlar zamanı Ermənistanın mövqelərinin daha da zəifləməsinə səbəb olacaq.

Hazırda Azərbaycanın Naxçıvana və Türkiyəyə Gürcüstan üzərindən çıxdığını yazan müəllif deyir ki, İrandan keçəcək dəmir yolu xətti Azərbaycan üçün o qədər də cəlbedici görünmür: "Ən əlverişli yol köhnə yolun bərpasıdır. O yol isə Ermənistandan keçir”.

Ancaq bu yola olan maraq Ermənistanın barışmaz mövqedə olması səbəbindən zəifləyir və rəsmi Bakını İran variantı üzərində düşünməyə vadar edir. Bu, həm də Ermənistanın gələcək regional iqtisadi münasibətlərdən kənarda qalması deməkdir. İrana isə əvvəl itirdiyi yerdə yeni təsir imkanı verir.

Məqalədə bildirirlir ki, İran Cənubi Qafqazı öz ərazisi sayır. Ancaq 44 günlük müharibədə Türkiyə və Rusiya Azərbaycan və Ermənistanla birlikdə bölgədə əsas oyunçu kimi göründü. İran isə sanki yatıb yuxuya qalmışdı. Azərbaycanı Naxçıvanla birləşdirə biləcək dəmir yolunun İrandan keçməsi rəsmi Tehrana əldən verdiyi mövqeyi geri almağa şərait yaradacaq.

Müəllifin gəldiyi son qənaət belədir ki, Cənubi Qafqazın çiçəklənməsi Ermənistandan keçməli olan koridora bağlıdır. Ancaq Ermənistan buna imkan verməsə, Bakı İrandan keçəcək dəmir yoluna qərar verməli olacaq. Asiya-Sakit Okean hövzəsindən Avropaya və əks istiqamətə malların bu koridor üzərindən daşınacağını qeyd edən müəllif yazır: " Bu kimi səbəblərdən Amerika Ermənistana öz iqtisadi gələcəyi və regional təhlükəsizliyi üçün təzyiq etməlidir”./musavat.com

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 07-07-2021 11:27
Baxış sayı: 3282
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını