Üçüncü Qarabağ müharibəsi olacaq?

15-06-2021 11:58

İkinci Qarabağ savaşı bitsə də, Azərbaycan Ordusunun hərbi təlimləri dayanmır. Bu, ordumuzun növbəti lokal müharibəyə, antiterror əməliyyatlarına başlayacağı haqda iddiaların səslənməsinə də səbəb olub. “Növbəti müharibə başlasa, Azərbaycan Xankəndi daxil, digər əraziləri də işğaldan azad edib, bölgəyə tam və əmin sülh gətirər” kimi fikirlər səslənir.
 
Aydındır ki, bütövlükdə Cənubi Qafqazda sülhün yaranması, bərqərar olması münaqişənin tam və birmənalı həllindən keçir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazda əmin-amanlığı bərqərar etmək üçün tələsməlidirmi? İndiki halda ərazilərimizin tam bərpası üçün müharibəni başlatmağımız bizə nə vəd edir?
Dalidag.az-ın xəbərinə görə, Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, hər bir dövlətin əsgəri müharibəyə hər an hazır olmalıdır: “Azərbaycan bu gün məhz bu taktikanı seçib. Sülh istəyiriksə, silahı əlimizdən yerə qoymalı deyilik. Azərbaycana şimaldan kifayət qədər təsir var. Xüsusilə son günlər Jirinovski çox təhlükəli fikirlər işlədir. Bu, təsadüfi deyil. Rusiyanın aparıcı kanalları yenidən Azərbaycana qarşı nifrət püskürürlər, əks-təbliğat aparırlar. Köçəryanın Hadrut, Şuşa sevdası gündəmə gəlib. Guya Şuşa və Hadrutu geri qaytaracaqlar. Azərbaycan bütün hallarda 3-cü Qarabağ müharibəsinə hazır olmalıdır”.
 
Politoloq deyir ki, bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın nəzarətində deyil: “Həmin Azərbaycan torpaqlarında Rusiya sülhməramlılar adı ilə öz qoşunlarını yerləşdirib. Belə bir şəraitdə Azərbaycan Ordusunun hazırlıq səviyyəsi yüksək olmalıdır. 2-ci Qarabağ müharibəsində Azərbaycan Ordusunun nəyə qadir olduğunu hər kəs gördü. Cənubi Qafqazda sülhün bərqərar olması Azərbaycandan asılıdır. Bu gün Gürcüstan elə bir statusda deyil ki, həm Azərbaycanla, həm də Ermənistanla müharibə aparsın. Amma Ermənistan həm Gürcüstana, həm də Azərbaycana qarşı həmişə xəyanət yeri olub. Azərbaycana və Gürcüstana qarşı Ermənistan tarix boyu istifadə olunub. Bu gün Azərbaycan Ordusunun təkrar-təkrar təlimlərə qatılması uğurlu bir gediş, taktikadır. Ordumuz sülhyaradıcı, eyni zamanda sülh qoruyucu statusundadır. Bizim alternativ çıxış yolumuz yoxdur. Bizə qarşı təxribatlar olub və gələcəkdə də olacaq. Şimal və cənub qonşumuz tərəfindən təxtibatlar dayanmır. Son 200 ildə belə olub”.
 
Politoloq deyir ki, bu gün Azərbaycan balanslaşdırılmış siyasət yürüdür: “Bu gün ölkəmizdə əksəriyyət hisslərlə danışır. Siyasət isə hissləri sevmir. Bu gün atılan addımları ağıllı başla düşünmək lazımdır. Hazırda Azərbaycan ”şimal ayısı"nı oyatmaq istəmir. Rusiya bütün imperiyaların yolunu gedir və artıq yolun sonundadır. Rusiya dağılmaq üzrədir. Bu ərəfədə RF Azərbaycana ciddi ziyan vura bilər. Bunu untmamalıyıq. Bu gün bizə Rusiya ilə bağlı problem lazım deyil. İran və Rusiya bizə qarşı tarix boyu səmimi olmayıblar. Bu gün “biz Xocalıya girmədik”, “biz Xankəndini almadıq” kimi fikilər səslənir. Biz mütləq həmin tarixi torpaqlarımıza da sahib çıxacağıq. Buna kimsənin şübhəsi olmasın".
 
Politoloq deyir ki, Azərbaycan Rusiyanın zərərsiz hala gəlməsini gözləməlidir: “İran özü-özünün başına bəladır. Oradakı rejim dövlətdən bir əsər-əlamət qoymayıb qalsın. Buna baxmayaraq, bu gün Azərbaycan üçün ən böyük təhlükə şimal təhlükəsidir. Putinin yaxın dostları Rusiyanı sümürüb qurtarıblar. Dünya resurslarının 21 faizi Rusiyada yerləşib. Dünya əhalisinin 60 faizi cəmi 20 faiz resursla yaşayır. Tək Rusiya 5 milyard əhalini saxlaya bilər. Amma bu gün Rusiyada yaşayış səviyyəsi çox aşağıdır, korrupsiya ən yüksək həddədir. Rusiyanın çökməsi prosesi başlanıb, 2024-cü ilə qədər çöküşü qaçılmazdır. Həmin zamana qədər Rusiyanı qıcıqlandırmamaq vacibdir. Rusiyasız Ermənistan Azərbaycanın qarşısında dayana bilməz. O zamana qədər dözməli, gözləməliyik. 3-cü Qarabağ müharibəsi həmin zaman 44 gün deyil, 4 günə yekunlaşa bilər”.

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 15-06-2021 11:58
Baxış sayı: 3249
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını