Ayrılıqlar sonsuz olur... - Ənvər Məsud

29-06-2024 20:08
    Ənvər Məsud

"...Ürəyimdə közüm vardı,
Nə tab, nə də dözüm vardı.
Üç-dörd kəlmə sözüm vardı,
Onu da yurda söylədim..."


Dalidag.az Sevinc Qəribin təqdimatında şair Ənvər Məsudun yaradıcılığından bir neçə nümunə təqdim edir: 

Səndən gedən yol da varmış


Hikmət götür hər saralan xəzəldən,
"Yox" vardısa "Ol" da varmış, a zalım.
İki sevən arasında əzəldən
Qanqal varmış, kol da varmış, a zalım.

Doğman varmı, sirlərini açmağa,
Ümid varmı xoşbəxtlıkdən uçmağa?!
Öz dizini balasıtək qucmağa
Bir cüt yorğun qol da varmış, a zalım.

Ürək deyil, köksümdəki dağımdı,
Nəğmə deyil, dilimdəki ağımdı.
Mən deyirdim, güclü yanım sağmdı,
Dərd daşıyan sol da varmış, a zalım.

Boş-boşuna alışmışam, yanmışam,
Kim soruşsa sevgimizi danmışam.
Bütün yollar sənə gəlir, sanmışam,
Səndən gedən yol da varmış, a zalım.

Qəlbimə daman qadın

Nə vaxt qanıma sızdın, nə vaxt canıma hopdun,
Sən bu qərib ruhumu sardın nə zaman, qadın?
Səndən nə istəyirdim, səndən nələr umurdum,
Bir balaca ümiddi, bir az da güman, qadın!

Nə deyim, bir qələmlə siləsən həsrətini,
Verəsən bir çiçəyə, gülə sən həsrətini.
Mən nəyə oxşadım ki, biləsən həsrətini,
Gözlərimdə zülmətdir, yolumda duman, qadın.

Üst-üstə toplayıram, sənsiz günlər bitmir ki,
Könlümü ovutmağa xəyalların yetmir ki,
Özün getdiyin kimi xatirən də getmir ki,
Sənsən yuxuma girən, qəlbimə daman qadın.

Ya gəl, ağlar gözümü yollarından kəs indi,
Ya da gəlmə, küləktək kükrə bir də, əs indi.
Sənə son şeirimdir, ta yazmaram, bəsindi,
Dad, həzər səndən elə, aman, dad-aman, qadın!

Əlvida

Sanma, bütün yolları dönüb, sənə azıram,
Nə olsun, mən dəlinin könlü bir qadındadı.
Şeir kimi oxuma, son məktubdur, yazıram,
"Sənə şeir yazmaram!" demişdim, yadındadı?

"Nə var, nə yox, necəsən..." halını soruşmuram, 
Bilirəm ki, yaxşısan, havalar da xoş keçir.
Elə mən də yaxşıyam, həsrətdən alışmıram,
Zənn etmə, qocalmışam, günüm-ayım boş keçir.

Sevgidə, şeirdə də çox getmişəm dərinə,
Ətrini misra-misra varaqlara səpmişəm.
Hər gecə niyyət tutub, durub, dua yerinə
Adını ulduz-ulduz səmalara səpmişəm.

Canımı aldığını dediyin söz bilmədi,
Gözündə hədə-qorxu, dildə nida, söylədin.
Mənimki heç əzəldən səninlə düz gəlmədi,
Mən ümid istəyəndə sən əlvida söylədin.

Ürəyim yağmalandı, arzularım çalındı,
Bir xəbər neştər kimi deşdi sinəmi, dəldi.
Qapınızda Vağzalı hansı gün ki, çalındı,
O gün ümidlərimin qara kağızı gəldi.

Bu köz od almaz daha, bir bax, nuru itibdir,
Mən qəlbimin ən dərin yerindən qanamışam.
Etdiyin zülüm qədər köksümdə dağ bitibdir,
İnanmazsan bəlkə də, min dəfə sanamışam.

Zamanla öyrəşmişəm, adını səhv salmıram,
Kimisə çağıranda çaşmıram, karıxmıram.
Həsrətini unutdum, xəyalına dalmıram,
Niyə yalan deyim ki, səninçün darıxmıram.

Ayrılıq nəğmələri indi mənə görədir,
Deyir kaman əlvida, oxuyur ney əlvida!
Sən yerdə salamat qal, mənim yolum göyədir,
Əlvida, zalım qızı, əlvida ey, əlvida!

Olur

Gülüşü bəndə salınca
Vurulmağın ansız olur.
Can gedir yarın dalınca,
Aşiq olan cansız olur.

Saray deyil, bax, o damdır,
Bomboşdur, könül odamdır.
Sevgi də bir cür edamdır,
Nə sirdisə qansız olur.

Ruhuna qon gözəlliyin,
Kəfəndir son gözəlliyin.
İndi hər on gözəlliyin
Hər doqquzu donsuz olur.

Bu dəli gülər yarımçıq,
Bir sevinc dilər yarımçıq...
Bütün sevgilər yarımçıq,
Ayrılıqlar sonsuz olur.

Hara tələsirsən

Bu qədər adam içində
De, kimi gəzirsən, adam?!
Sən bir dilənçi ovcunda
Sədəqə, nəzirsən, adam.

Qəmi gözündə solmayan,
Gözü sevincdən dolmayan,
Heç kəsə lazım olmayan
Canından bezirsən, adam?

Ahın yellərtək əsəndə,
Özün özündən küsəndə,
Camaat qurban kəsəndə
Sən ümid kəsirsən, adam.

Qəlbini yoran adamın,
Vurduqca vuran adamın,
Könlünü qıran adamın
Üstündə əsirsən, adam.

Güdüb, izləyən yoxdursa,
Heç əzizləyən yoxdursa,
Səni gözləyən yoxdursa
Hara tələsirsan, adam?

Şah olubdur söz qəlbimdə

Fələk məni ha yıxsa da
Qalxdım, durdum acığına.
Sözlərimlə qulağını
Dartdım, burdum acığına.

Dərdi canımda təklədim,
Yedəklədim, ətəklədim.
Şillələdim, kötəklədim.
Döydüm, vurdum acığına.

Var gur ocaq, köz qəlbimdə,
Şah olubdur söz qəlbimdə.
Yuva qurdum öz qəlbimdə
Viran yurdun acığına.

Sevən ürəklərə doldum,
Nə qurudum, nə də soldum.
Yaza-yaza şair oldum
"İtin-qurdun" acığına.

Sinəmin ah yerinə

Sözlərin bal-qaymağını
Mən düzürəm - bax, - yerinə.
Məmləkətin maymağını
Qoydular Allah yerinə.

Arzularımla çağladım,
Sındım, üzüldüm, ağladım.
Gecələrə bel bağladım
İşıqlı sabah yerinə.

Daramadım tellərini,
Boşa verdim illərini.
Ay ana, gəl, əllərini
Qoy sinəmin ah yerinə.

Gəldim mən bura vaxtında,
Dedilər: - Güldü baxtın da!
Gələndən şeir taxtında
Oturmuşam şah yerinə.

Kim alarsa söz - zərimi,
O, güldürər gözlərimi.
Ən kəsərli sözlərimi
İşlətdim silah yerinə.

Var hər işin öz yeri də,
Həm şəri, həm xeyiri də.
Ənvərin bu şeiri də
Yaman düşdü - Pah! - yerinə.

Göyçək unutdun

Ömrü qurban etməyə
Hər an hazıram sənə. 
Son dəfə göz yaşımla
Məktub yazıram sənə. 

Xəyal qurub hər gecə, 
Gözlərində azıram. 
Sənə bənzəsin deyə
Şeiri gözəl yazıram. 

De, hansı günahlarım
Məni gözündən saldı? 
Səndən mənə şairlik, 
Məndən sənə nə qaldı? 

Kimsə ovutmaz məni, 
Qəmi, qüssəni bölüm. 
Bütün ayrılıqların
Sonu ölümdür, ölüm! 

Sevmək qəlbi öyrədib
Qəmə, ovutmaq imiş. 
Gülüm, sənin sevməyin
Demə unutmaq imiş. 

Damlasını unudan
Bulud, göytək unutdun. 
Məni göyçək sevmədin,
Amma göyçək unutdun. 

Ölüm göylərdən bəridir

Sünbül ömrüm dənlə doldu,
Saymadım birdən o yana.
İşim kirkirəlik oldu,
Keçdim xəlbirdən o yana.

Ev tikmədim, evcik qurdum,
Yağmalandı könül yurdum.
Üstə gəldim, böldüm, vurdum,
Çıxdım cəbrdən o yana.

O, verdi, mən də götürdüm,
Qaçdım bu yolu, bitirdim.
Nələr tapdım, nə itirdim
Ah, bu səbrdən o yana?!

Sözüm Tanrının zəridir,
Haqqım alnımın təridir.
Ölüm göylərdən bəridir,
Həyat qəbirdən o yana.

Ən gözəl ayrılıqlar

Son ümid son qığılcım,
Külümdən sonra gəlir.
Bir çınqı sevincim min
Zülümdən sonra gəlir.

Bir güldür itirdiyim,
Yarıma yetirdiyim.
Dərdindən bitirdiyim
Gülümdən sonra gəlir.

Sevgi günah biçimi,
Bu ömür su içimi.
Ha açsam da içimi
Çölümdən sonra gəlir.

Dad, həzər ayrılıqlar,
İlk, əzəl ayrılıqlar.
Ən gözəl ayrılıqlar
Ölümdən sonra gəlir.

Sözüm vardı

Köklənərək qəm üstündə
Ağımı Şurda söylədim.
Orda nələr öyrənmişdim,
Gələndə burda söylədim.

Unutmadım heç kəsimi,..
Bu da hər kəsin bəsimi?!
Heç vaxt qısmadım səsimi,
Gurladım, gur da söylədim.

Qəbul etdim qismətimi,
Hörmətimi, izzətimi...
Mən yalquzaq xislətimi
Ulayıb, qurda söylədim.

Ürəyimdə közüm vardı,
Nə tab, nə də dözüm vardı.
Üç-dörd kəlmə sözüm vardı,
Onu da yurda söylədim.

Gecikdim

Yenə də gözlərin doldu,
Dindi fəryadın, bağışla.
Sən umduğun könlüm oldu
Özgənin, yadın, bağışla.

Kim öyrəşdi "bal" dilimə,
Al qıyığı, sal dilimə.
Oturmadı lal dilimə
O gözəl adın, bağışla.

Gözündəki qorxun nədir,
Röyan nədir, yuxun nədir?!
Bilmirəm ki, qoxun nədir,
Necədir dadın, bağışla.

Mən dəli eşqdən perikdim,
Ümidi taleyə dikdim.
Səni sevməyə gecikdim,
Bağışla, qadın, bağışla.

Oxuma bu şeiri

Bir azca vaxt oğurladım
Qismətimin fal yerindən.
Bir gün yıxılıb, ölərəm
Taleyin zaval yerindən.

Hardasa öyüldü başım,
Gün oldu, söyüldü başım.
Eləcə döyüldü başım
Dəf yeri, qaval yerindən.

Arada ölmək də keçir,
Dərdimi bölmək də keçir,
Lap belə gülmək də keçir
Qəlbimin "xal-xal" yerindən.

Pozmuram əhvalını da,
Dəyişmirəm halını da.
Mən sözlərin balını da 
Çəkirəm zülal yerindən.

Düzülsə də sətir-sətir
Oxuma bu şeiri, ötür!
Gəl, bir qaşıq da sən götür
Qanımın halal yerindən.

Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 29-06-2024 20:08
Baxış sayı: 3373
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
01 / 12 / 2024