Rafiq Yusifoğlunun “Seçilmiş əsərləri”nin 18 cildi nəşr olunub

03-05-2024 10:06
   Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, görkəmli şair, ədəbiyyatşünas, “Qızıl kəlmə”, “Qızıl qələm”, “Vətən”, “Araz”, “İlin ən yaxşı kitabı” və s. mükafatların laureatı,  filologiya elmləri doktoru, professor  Rafiq Yusifoğlu çoxşaxəli yardıcılıq  fəaliyyəti ilə məşğul olan peşəkar bir qələm  sahibidir.

Dalidag.az xəbər verir ki, bu yaxınlarda, daha dəqiq desək, 2022 və 2024-cü illərdə bu istedadlı, zəhmətkeş və təvazökar qələm sahibinin - Rafiq Yusifoğlunun “Seçilmiş əsərləri”nin 18 cildi nəfis tərtibatla nəşr olunmuşdur. Məlumdur ki, ədəbi-elmi fəaliyyətinin bütün dövrlərində Rafiq Yusifoğlunun yaradıcılığında ən aparıcı yeri poeziya tutmuşdur. İndiyə qədər onun xeli sayda şeir kitabları işıq üzü görmüş, çoxsaylı oxucuların və ədəbi ictimaiyyətin rəğbətini qazanmışdır. Şairin ayrı-ayrı vaxtlarda nəşr edilən “Ocaq yeri”, “Qəm karvanı”, “Həsrət köçü”,  “Təzə sevdalara doğru”, “Ömür ağacından düşən yarpaqlar”, “Arazular kəhkəşanı”, “Ayrılığın qəm hasarı”, “Sevdalı sabahlar”, “Eşqin qarlı yollarında”, “Üçüncü qərinə”, “Sevdalı ömür yaşadım”, “Zəfər dastanı” və s. şeir kitablarında onun rəngarəng mövzulu və janrlı poetik əsərləri nəşr edilmişdir. Hər cildi 512 səhifədən ibarət olan seçilmiş əsərlərin ilk yeddi cildində Rafiq müəllimin poetik əsərləri yer almışdır.

Rafiq Yusifoğlunun yaradıcılığının ən aparıcı qollarından birinin uşaq ədəbiyyatı olması da danılmaz həqiqətdir. Şairin uşaqlar üçün xeyli sayda şeir kitabları nəşr olunmuş, onun əsərləri dərsliklərin bəzəyinə çevrilmişdir. Rafiq Yusifoğlunun seçilmiş əsərlərinin səkkiz, doqquz və onuncu cildlərinə onun “Yurdum-yuvam” (1983), “Ətirli düymələr” (1986), “Aylı cığır” (1992), “Zamanın qatarı” (2005), “Daha uşaq deyiləm” (2006); “Çiçık yağışı” (2000), “Söz çəməni” (2002)”, “Ana dilim”(2007) “Şeirli, sehrli qrammatika” (2020) “Böyük arzuya gedən yol” (2000) “Günlərimiz, aylarımız” (2003), “Yaddaş kitabı” (2019), “Qızılı məıktublar” (2013), “Sabahın sorağında” (2016), “Bulud fayton” (2017), “Nağıl qapısı” (2018), “Yollar” (2006) kitablarında gedən şeirlər toplanmışdır. “Seçilmiş əsərləri”nin on birinci cildində onun indiyədək çap edilməyən poetik əsərlərindən bəzi nümunələr, “Cəh-cəh” (2020) kitabındakı uşaq şeirləri, tərcümələri verilmişdir. Cildin bir hissəsinə isə yazıçının “Bahar qatarı” (1999) və “Dəniz səviyyəsi” (2005) kitablarında gedən nəsr əsərlərindən nümunələr daxil edilmişdir.     

On ikinci cild yazıçınln “Xiffət” romanı ilə açılır. Bu cildə müəllifin kiçik povestləri, əsasən uşaqlar üçün yazılan hekayələri və nağılları daxil edilmişdir. 13--cü cild də uşaqlar üçün yazılan nəsr nümunələri ilə davam etdirilir.  Bu cilddə “Xatirə kəcavəsi” kitabındakı bəzi məqalələr, müsahibələr, eləcə də müəllifin ayrı-ayrı vaxtlarda real hadisələr əsasında qələmə aldığı yumoristik yazıların bir qismi öz əksini tapır. “Seçilmiş əsərləri”nin on dördüncü cildinə onun “Bir sevdalı ürəyim var”, “Tanrının ömür payı”, “Taleyimdən keçən yollar” kitablarındakı bəzi yazılar, eləcə də müəllifin bir neçə publisistik səpkili məqalələri daxil edilmişdir. Rafiq Yusifoğlu həm də ölkənin sayılıb-seçilən ədəbiyyatşünaslarından biridir. Onun “Seçilmiş əsərləri”nin on beş, on altı, on yeddi və on səkkizinci cildlərinə alimin “Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri”, “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri”, “Ədəbiyyatşünaslığın əsasları”,  “ Müasir ədəbi proses və ədəbi tənqid” adlı sanballı monoqrafiyaları,  eləcə də “Bədii söz və məna ocağının közləri” kitabındakı ədəbi-nəzəri məqalələri daxil edilmişdir. Rafiq Yusifoğlunun “Seçilmiş əsərləri”nin 18 cildliyi müəllifin keçdiyi keşməkeşli, axtarışlarla dolu yaradıcılıq yolu haqqında dolğun təsəvvür yardır.

Dalidag.az










Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-05-2024 10:06
Baxış sayı: 3646
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını