Reklam
"Dilimdə tam olub Kəlbəcər mənim..." - Bəhmən Vətənoğlu
01-10-2022 21:21
"...Qoy yazım varağı qalmasın ağı,
Kim çəkər həsrəti Bəhmən sayağı.
Çox da müqəddəsdi Gəncə torpağı,
Kəlbəcər yadıma düşdü, darıxdım..."
Dalidag.az Kəlbəcər həsrətilə bu dünyadan köç edən mərhum şair Bəhmən Vətənoğlunun şeirlərini təqdim edir:
BƏHMƏN
Bu mənəm, a qardaş, tanımadınmı?
Könlü dərdli, dili nalalı Bəhmən.
İndi yurdsuz qalıb, yuvasız qalıb,
Gördüyün o yurdlu-yuvalı Bəhmən.
Qəzalar, qədərlər əyibdi məni,
Dərdim öz içimdən yeyibdi məni.
Zaman zindanında döyübdü məni,
Yoxdu o əzəlki havalı Bəhmən.
Gələcək nəsilə şirin nağılam,
Bir də bu dünyaya çətin doğulam.
Daha nə vətən var, nə də oğulam,
İndi mən olmuşam Bəlalı Bəhmən
KƏLBƏCƏR MƏNİM...
Əslim-nəslim o torpaqdan yaranıb
Ulu babam olub Kəlbəcər mənim...
Ümidim, pənahım, arxam, dayağım,
Elim-obam olub Kəlbəcər mənim...
Qüvvətim, qüdrətim, gücüm, biləyim,
Qəlbim, hissim, duyğum, canım, ürəyim...
Müqəddəs nemətim, halal çörəyim,
Abu-havam olub Kəlbəcər mənim...
Atam, anam, bacım, qardaşım, balam,
Çiçəyim, bənövşəm, nərgizim, lalam...
Sütunlu sarayım, möhtəşəm Qalam,.
İsti yuvam olub, Kəlbəcər mənim...
Mənə qurban deyib, kəsib quzunu,
Sındırıb könlümün kədər buzunu...
Zülmət gecələrdə ömrüm uzunu,
Yolumda şam olub Kəlbəcər mənim...
Bəhmənəm, mən ona könüllü nökər,
Ondan ayrılalı gözüm yaş tökər...
Ləhcəmdə şirinlik, sözümdə şəkər,
Dilimdə tam olub Kəlbəcər mənim...
DAĞLARIN
Həsrət qaldım əlim, çatmır əlinə,
Sorağına qurban olum dağların.
Çınqılına,qayasına, daşına,
Torpağına qurban olum dağların.
Görən birdə qayıdarmı o çağlar,
Keçməz üstə çatılarmı ocaqlar.
Görüşəndə mən susaram, o çağlar,
Bulağına qurban olum dağların.
Qövsü,quzey kəmər olub belinə,
İnci düzüb çiçəyinə, gülünə.
Leysan yağıb sığal çəkib telinə,
Darağına qurban olum dağların.
Ləl söylədim qayasına, daşına,
Bulaq dedim gözlərinin yaşına.
Əgər əlim yetişməsə başına,
Ayağına qurban olum dağların.
Bahar yaraşığı, yay yaraşığı,
Çeşmə yaraşığı, çay yaraşığı.
Səhər günəş, axşam ay yaraşığı,
Çırağına qurban olum dağların.
Bəhmən, bu ayrılıq bizi haqladı,
Məhri-mülfət təməlindən laxladı.
Məzarını qollarında saxladı,
Qonağına qurban olum dağların.
BİLƏR
Nədir yar həsrəti, vüsal həsrəti,
Həsrətdən titrəyən dodaqlar bilər.
Ülvi məhəbbəti, nurlu isməti,
Həyadan qızaran yanaqlar bilər.
Bülbülsüz şöhrəti olmaz gülün də,
Çəmənsiz bəzəyi yoxdu çölün də.
Alışan, közərən şair əlində,
Qələm nələr çəkir varaqlar bilər.
Bəhmən, nə gəzirsən itən çağında,
Min bir xatirə var ötən çağında.
Ömrün yetmişinə yetən çağında,
Sən niyə cavansan? – O dağlar bilər.
ÇƏTİNDİ
Allahın evinə yol tapıb iblis,
İnsanların dolanmağı çətindi.
Bir arxın başını yüz div kəsibdi,
Bostanların sulanmağı çətindi.
Daha rüşvət alır o fələk kişi,
O da öz vaxtında görməyir işi.
Qalıb qiyamatə yazın gəlişi,
Axarların bulanmağı çətindi.
Qışda qar tapılmır, yayda qış girir,
Vaxtın qaş-qabağı yeri süpürür.
Biz kibrit çəkirik şeytan üfürür,
Ocaqların qalanmağı çətindi.
Dəbə minib gədə-güdə peşəsi,
Bu dərd olub qəlbimizi deşəsi.
Arzuların, ümidlərin şüşəsi,
Elə sınıb calanmağı çətindi.
Dost aranı kəsdi getdi, a Bəhmən
Xəzan yeli əsdi getdi, a Bəhmən.
Şadlıq, sevinc küsdü getdi, a Bəhmən
Qəm evinin talanmağı çətindi.
DARIXDIM
Axşam da qəribdi, mən də qəribəm,
Nələr ürəyimdən keçdi, darıxdım.
Zalım ayrılığın kamil ovçusu,
Ox atdı sinəmi deşdi, darıxdım.
Nə kövrək saatdı, nə kövrək andı,
Nəfəsim təngidi, ürəyim yandı.
Kəpəzdən bir çəngə bulud boylandı,
Xəyal uzaqlara uçdu, darıxdım.
Qoy yazım varağı qalmasın ağı,
Kim çəkər həsrəti Bəhmən sayağı.
Çox da müqəddəsdi Gəncə torpağı,
Kəlbəcər yadıma düşdü, darıxdım.
MƏN OLMALIYAM
Qartal o zirvədən belə en, belə,
İnsanam, zirvədə mən olmalıyam.
Günəş yandıranda ana torpağı,
Duman olmalıyam, çən olmalıyam.
Zirvədən salıbdı yolu babalar,
fikri kamal ilə dolu babalar.
Müqəddəs yaşayıb ulu babalar,
Mən də fitnələrdən gen olmalıyam.
Kədər toy gətirməz, düyün gətirməz,
Sükunət dünyaya bir ün gətirməz.
Ağlamaq heç kimə ağ gün gətirməz
Nə qədər həyat var, şən olmalıyam.
NƏ QALA
Zahirdə üzümə dost deyə-deyə,
Yağı düşmən saldı məni nə qala.
Dərdimi göylərə bülənd eylədi,
Belə yüksək nə bürc olar, nə qala.
Bu vətəndir torpağından el əmən,
Mən elinəm, qurban olum elə mən.
Öz-özümə od tutdum ki, elə mən,
Ocağıma nə kösöv qoy, nə qala.
Bəhmən, dərdi ürəyindən at, ayə,
Kədərini ilə qoyma, at aya.
Fərsiz övlad göz dağıdır ataya,
Şüursuzdan nə qalıbdı, nə qala.!?
YAZIĞIM GƏLİR
Dünya kiminə kef, kiminə dərd-qəm,
Bunları qanana yazığım gəlir.
Duyub, düşündükcə ömrün sonunu,
İnsanam, insana yazığım gəlir.
Ömür yollarında ağardıb birçək,
Atalar ay ellər, alimdir gerçək,
Cüt olsa sərçə də qalib gələcək,
Tək olan aslana yazığım gəlir.
Bir an çatılmazmı qaşı ovçunun?
Axmazmı gözündən yaşı ovçunun?
Dəyəndə gülləsi naşı ovçunun,
Yaralı ceyrana yazığım gəlir.
Zalım zaman kimi etdi bəxtiyar?
Ürəklərdə kədər, həsrət, intizar,
Aman Allah, dağlar boyda dərdi var,
Bəhmən tək ozana yazığım gəlir.
DAĞLAR
Utanmasam uşaq kimi ağlaram,
Yamanca düşübdü yadıma dağlar.
İstəyirəm bir ah çəkəm ürəkdən,
Qorxuram alışa oduma dağlar.
Qoynunda olanda çəkməmişəm qəm,
Ayrılanda gəlib gözlərimə nəm.
Bəxtimə yar olub, könlümə həmdəm,
Dar gündə yetişib dadıma dağlar.
Şirin laylam olub bulağı, çayı,
Unuda bilmərəm bu haqqı-sayı.
Mənim sevgim yoxdur ondan savayı,
Bəhmənəm yazılıb adıma dağlar.
Min il bizdən sonra gələn nəvələr,
Gəlmişik, getmişik, nə biləcəklər.
Yadigar qalmasa onlara bizdən,
Biz nələr etmişik, nə biləcəklər.
Nədən biləcəklər külə dönmüşük,
Torpağa çevrilib külə dönmüşük,
Çicəyə dönmüşük, gülə dönmüşük,
Dağlarda bitmişik, nə biləcəklər.
Pərvəriş verməsək bəhrəli bağa,
Doğru-düz ünvanı yazmasaq dağa,
Hansı ərazidə, hansı torpağa ,
Qarışıb itmişik nə biləcəklər.
QIRILDIQ
Tarixdə tarixi bir iş ğörmədik,
Özümüzü öyə-öyə qırıldıq.
Yaltaqlana-yaltaqlana urusa,
Erməniyə söyə-söyə, qırıldıq.
Sərf etmədik, Allah verən bir təbi,
Dərk etmədik, dediyimiz mətləbi,
Şah İsmayıl, Qoç Koroğlu, Qoç Nəbi,
Babamızdı, deyə-deyə qırıldıq.
Özümüzdə yaratmadıq cürəti,
Millət kimi qorumadıq milləti,
Əldən verdik, əldə olan fürsəti,
Dizimizə döyə-döyə qırıldıq.
Qaçqınlığın, köçkünlüyün günündə,
Gün keçirdik toyuqların hinində
Hər alçağın, hər əclafın önündə,
Başımızı əyə-əyə qırıldıq.
Vəzifədə bir alıcı quş olduq,
Ürəyimiz yumşalmadı, daş olduq,
Hansımız ki, bir mahalda baş olduq,
Yetim payı yeyə-yeyə qırıldıq.
Bəhmən VƏTƏNOĞLU
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 01-10-2022 21:21
Baxış sayı: 3839
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23