Fərdi sevgini ictimailəşdirən şair

26-09-2021 20:50
Fərdi sevgini ictimailəşdirən şair

Azərbaycan ədəbiyyatını, xüsusən də onun poeziya qolunu əbəs yerə milli-mənəvi sərvətimiz hesab etmirlər. Həqiqətən də xalqımızın sevgisini-inamını, sevincini-kədərini, mübarizəsini, tarixini, dəyərlərini, hiss-duyğularını, bir sözlə sivilizasiya yolunu özündə gizlədən – nəsillərdən nəsillərə ötürən poeziyamız qədər ikinci bir yaradıcı sənət növü yoxdur.

Ədəbiyyatımız qədər ədəbi nəsillərimiz də rəngarənglik yaradan istedadlı şəxslərdən formalaşır. Elə yaradıcı şəxslərdən biri də oxunaqlı, maraqlı şeirlər kitabının, lirik-psixoloji şeirlər müəllifi Valeh Qocadır.

Bədii yaradıcılığa erkən başlayan Valeh Qoca - Valeh Əldəddin oğlu Qocayev hələ orta məktəbdə oxuyarkən, “Yenilik” qəzetində şeirləri dərc olunub. Əslən Kəlbəcərdən olan, Qarabağ və doğlma yurdu ermənilər tərəfindən işğal olunandan sonra illərlə məcburi köçkün kimi Bərdəyə sığınan şair Yeni Azərbaycan Partiyasının üzvüdür. Ali təhsil illərində həmkarlar təşkilatının bədii özfəaliyyət dərnəklərinin fəal üzvü olmaqla yanaşı, öz şeirləri ilə tədbirlərdə dəfələrlə çıxış etmişdir.

Həm də ictimai fəal kimi tanınan Valeh Qoca Dünya Gənc Yazarlar Birliyinin fəal üzvüdür. Azərbaycan KİVHİRH tərəfindən “Qızıl Qələm” media mükafatı laureatı diplomuna layiq görmüşdür.

Bu təvazökar yaradıcı imza sahibi hələ kiçik yaşlarından etibarən respublikamızın dövri mətbuatda oxunaqlı şeirləri və ara-sıra qələmə aldığı publisist yazıları ilə ədəbi-mədəni ictimaiyyət arasında tanınıb. Şair sadə xalq dilində yazılmış qoşma, gəraylı və digər janrlarda olan şeirlərində el dərdini, vətən həsrətini, ana yurdun təbiətini tərənnüm edir. Yaradıcılığında heç bir iddia ortaya qoymayan şair, sanki doğulduğu kəndə, el-obasına borcunu qaytararaq, elin adət-ənənələrini, Qarabağın işgal tarixini və şəhidlərin qəhrəmanlıqlarını ürəkağrısı ilə şeirlərində qələmə almışdır.

Onun da üzvü olduğu DGTYB tərəfindən 2017-ci ildə reallaşdırılan “Yaradıcılıq üfüqləri” adlı ədəbi layihə çərçivəsində Bərdə şəhər elektron kitabxanasında düzənlənən toplantıda söylədiyi şeirləri alqışla qarşılanmışdı. Ümumiyyətlə, ədəbi imzası ilə Gəncə, Şəmkir və Gədəbəydə yaşayan poeziyasevər oxucular tərəfindən əla ad çıxarmış Valeh Qoca Azərbaycanın bütün bölgələrində istedad sahibi olaraq sevgi ilə oxunur.

2017-ci ildə “Bölgələrdən səslər” almanaxının üçüncü buraxılışında, elə həmin ildəcə ədəbi nəsrlər seryasından işıq üzü görən “Xəzan” ədəbi-bədii jurnalda, “Milli zәka” beynəlxalq, elmi, ədəbi, ictimai-siyasi dәrgidə, 2018-ci ildə ildə qardaş Qazaxıstanda çapa hazırlanmış “Yeni zaman Azərbaycan şeiri” (I cild) antologiyasında Valeh Qocanın da yaradıcılığına xüsusi yer ayrılmışdır. Şairin ədəbiyyatsevərlər tərəfindən sevilərək oxunan şeirləri ədəbi nəşrlərdə və İnternet saytlarında müntəzəm şəkildə çap olunub.

Şairin 2020-ci ildə “Eşqim məndən böyükdür” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Daha sonra “Zirvəyə doğru” poeziya antalogiyasında, “Sevirəm, sevmişəm, sevəcəyəm də” (III hissə) peziya antalogiyasında, “Bir yandan boşalıb, dolan dünyadır” poeziya antalogiyasında (II hissə), “Xəzinə” (III cild) poeziya toplusunda, http://www.zekaishiginda.az saytı kimi başqa yazılı və elektron mətbu orqanlarında biri-birindən gözəl şevgi şeirləri ilə poeziya izləyicilərinin diqqətini cəlb edən şairin yaradıcılığında saf eşqə xüsusi yer ayrılır.

Valeh Qoca həyatda sevgi ilə yaşayanların arzusunu “Səni gətirə...” şeirində mraqlı poetik ifadələrlə təsvir edir:

...Uca tanrı qismətimə ləl əkə,
Arı gələ həyatıma bal əkə.
Yazıq anam bir dibçəyə gül əkə,
Gül yerinə dibçək səni gətirə.


***
İman gələ inadının üstünə,
Fikrin düşə saatının üstünə.
Ala səni qanadının üstünə,
Bir axşamca mələk səni gətirə...


Minillərlə tarixi olan milli poeziyamızda öz yeni nəfəsini qatmaq istəyən gənc şairin başqa bir lirik əsərində - “Səni unutmağa vaxtım olmadı” şeirində əsl sufiyanə təsvirlərlə rastlaşan oxucu ilahi eşqin müqəddəsliyinə inanır.

...Allahın əlindən baxtımı aldın,
Bir taxta çıxmışdım, taxtımı aldın.
Bir az da ümidlə vaxtımı aldın,
Səni unutmağa vaxtım olmadı.


***
Eşqin ürəyimə satdı başımı,
Həsrətin qoparıb atdı başımı.
Bir az da darıxmaq qatdı başımı,
Səni unutmağa vaxtım olmadı...


Əksər şeirlərində məhəbbəti iddeallaşdıran istedadlı şair maraqlı poetik tapıntılarına sevginin fəlsəfi çalarını da qata bilir.

“Düşür” şeirinə diqqət ayıraq:

…Burdan bir çay axır, sənli başımdan,
Xəyalım sürüşüb bu çaya düşür.
Bütün arzularım bu tayda qalır,
Bütün ümidlərim o taya düşür.


***
Nə olar gözümdən eşqimi dərsən,
Dərdimi ayaqlar altına sərsən.
Bilirəm hardasa gülümsəyirsən,
Hardansa bir işıq düz aya düşür…


Söz yox ki, dövrün gedişatını ədəbi dilə çevirərək şeirlərində verməyə çalışan şairin ictimai-siyasi mövzuda da əsərlər çoxdur. Bu şeirlərində Valeh Qoca Qarabağ dərdi, işğalla bağlı 30 illik ictimai dərdin poetk əksi, Kəlbəcər hicranı, itkilərimiz, insan duyğuları kimi motivlər çoxluq təşkil edir.

“Boş qalıb” şeirində şair fərdi hisslərini ictimailəşdirməyi bacarıb:

…Sinəmdədir ocağının izləri,
Ürəyimdə bıçağının izləri.
Silinibdir ayağının izləri,
Yollarımın ayaq yeri boşdu, boş...


Oxucular tərəfindən daha çox sevgi şairi kimi tanınan Valeh Qocaya bundan sonra da yaradıcılıq yollarında uğurlar arzu edərik. İnanırıq ki, bundan sonra yaradıcılığında daha çox doğma insanlarının geri qayıtmasını gözləyən Qarabağ və Kəlbəcərə qayıdış mövzusuna yer ayıracaq...

Cəmilə Çiçək (İsbəndiyarova)
AJB və AYB-nin üzvü,
“Milli Zəka”elmi-ədəbi Jurnalının
təsisçisi və baş redaktoru,
araşdırmaçı-jurnalist,
http://www.zekaishiginda.az
saytın təsisçisi və rəhbəri,
Prezident təqaüdçüsü

Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-09-2021 20:50
Baxış sayı: 3426
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını