Reklam
Mikayıl Müşfiq:"Yenə o bağ olaydı sevdalar ölkəsində, o söyüd kölgəsində..."
05-06-2021 13:29
Bu gün saf ruhu, bənzərsiz şeiriyyəti, insanlığa, bəşəriyyətə... sevgisi ilə ölməzliyə qovuşan Mikayıl Müşfiqin döğum günüdür.
Mikayıl Müşviq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Hələ ay yarım olarkən anasını, 6 yaşında isə atasını itirən Mikayıl bacı və qardaşları ilə birlikdə yetim qalmış, yaxın qohumlarının himayəsində böyümüşdür. Onun atasi Mirzə Qədir İsmayılzadə “Səadət” məktəbində müəllim işləməklə yanaşı “Vüsaqi” təxəllüsü ilə şerlər yazırdı. Yeri gəlmişkən, böyük bəstəkar M.Maqomayev “Şah İsmayıl” operasını Mirzə Qədirin eyni adlı poeması əsasında yaratmışdır.
M.Müşfiqin tərbiyəsinə nənəsi Qızqayıt böyük tə`sir göstərmişdir. O, çoxlu nağıl, əfsanə, xalq şerləri və mahnıları, bayatı və laylaları əzbər bilirdi. M.Müşviq ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almış sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və adəbiyyat fakültəsində davam etdirmişdir (1927-1931). Əmək fəaliyyətinə pedaqoq kimi başlamış gənc şair 7 il Bakının orta məktəblərində müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).
Poetik yaradıcılığa 1926-cı ildə Gənc İşçi qəzetində çap etdirdiyi “Bir gün” şerilə başlayan gənc şair müntəzəm olaraq dövri mətbuatda çıxış edir və eyni zamanda bədii tərcümə ilə də ciddi şəkildə məşğul olur. A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birlikdə) və M.Y.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), Xəyyamın bir çox rübailərini, T.Şevçenkonun şerlərini və başqa şairlərin irsindən nümunələri tərcümə edən Mikayıl Müşviq M.F.Axundovun A.S.Puşkinin ölümünə yazdığı məşhur “Şərq poeması”nı da azərbaycan dilinə çevirir.
M.Müşfiq həbs edilməmişdən əvvəl “Çağlayan” şerlər toplusunu tərtib edib nəşriyyata vermişdir. Buraya şair son illərdəki şe`rləri ilə birlikdə bundan əvvəl yaratmış olduğu ən yaxşı poetik əsərlərini də daxil etmişdi. “Çağlayan” bir növ onun on illik poetik fəaliyyətinin yekun kitabı olacaqdı ki, 1937-ci ildə şair “Xalq düşməni” damğası ilə həbs edilir və 1938-ci il yanvarın 6-də qısaca çəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gül icra olunur.
Müşviqin həyat yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə Bakıda “Müşfiqili günlərim” adlı xatirələr kitabı nəşr olunur, 2005-ci ildə isə kitabın son genişləndirilmiş nəşri “Gənclik” nəşriyyatında işıq üzü görür.
Qeyd edək ki, Mikyıl Müşviqin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir. Onun "Yenə o bağ olaydı", “Oxu, tar" və bir sıra başqa əsərləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.
Dalidag.az unudulmaz Mikayıl Müşfiqi böyük sevgi və ehtiramla anaraq, şairin bir neçə şeirini oxuculara təqdim edir:
ANA
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.
Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin çilvəsində yaratmış;
Ana, ana... çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.
O fidanı bəzi faqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!
Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.
Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.
İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,
Diyorum ki, - qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.
İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım
Bİr aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!
HƏYAT SEVGİSİ
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əllləşən
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Həyat dedikləri bu keçməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?
Ulduzlar fikrimin çırağbanıdır,
Bulud xəyalımın karıvanıdır,
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?
Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun könül maraqla sordu:
-Bu saçı leyladan necə əl çəkim?
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
– Həyat, həyat!- deyə çırpınır könül.
Könüldən, sevdadan necə əl çəkim?
Sən aldın aşını yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?
ÖLKƏM
Dünyamızı seyr etdim min dürlü həvəslərlə,
Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Baxdım doludur yarlar şən qəlbili kəslərlə,
Pək şad olaraq güldüm abad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.
Baxdım ki, duman görməz yüksəkləri billuri,
İnsanları matəmsiz, istəkləri billuri,
Dağlar, ovalar gülşən, hər bir yeri billuri,
Hər şey gülüyor gördüm, pək şad oldum ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.
Qış getdi ölümlərlə, ölkəmdə bahar vardır,
Bağlarda gözəlliklər, şən qəhqəhələr vardır,
Sevdalı könüllərdə sevdikləri yar vardır,
Daim sevişirlər, bax, məzdad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.
Vicdanları pək şəffaf, insanları nurani,
Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?!
Qaplar yarın artıq sağ dünyaları ürfanı.
Hər yer güləcək, nura mötad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.
SEVGİLƏR
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.
YENƏ O BAĞ OLAYDI
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə'sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!
Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe'rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə'zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!
Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.
Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, höyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.
Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
QURBAN OLDUĞUM
Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?
Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər, barışmaz, küsmüşdür səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum!
O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum?
Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neçin oyanmaz,
Şirin röyasına qurban olduğum?
ÜRƏK
Sən onun eşqilə, məhəbbətilə
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!
Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada,
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım şaşa, ürəyim!
Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O, səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa, ürəyim!
КÜLƏКLƏR
Hər səhər, hər aхşam, hər aхşam, hər səhər
Çoх zaman sərsəri кüləкlər biхəbər
Bir yaхın dost кimi qapımı döyərlər,
Кüləкlər, кüləкlər, bəstəкar кüləкlər,
Dünyanı dolaşan bəхtiyar кüləкlər!
Bəziniz qorхulu, bəziniz qorхusuz,
Bəziniz duyğulu, bəziniz duyğusuz,
Bəziniz uyqulu, bəziniz uyqusuz,
Кüləкlər, кüləкlər, еy sərin кüləкlər,
Sizdə var qoхusu hər yеrin, кüləкlər!
Еy çılğın кüləкlər, nəşəniz daşarкən,
Bağların şеhindən mеy sorub coşarкən,
Nalqıran dağları atlayıb aşarкən,
Məni də alınız, uçayım dağlara,
Кönlümdə nə varsa, açayım dağlara!
Gurlayın, ilhamım, sənətim gurlasın!
Fırtınam, qasırğam, qüdrətim gurlasın!
Şimşəyim parlasın, zülmətim gurlasın!
Еy məni sərazad bəsləyən кüləкlər,
Bir dağın başından səsləyən кüləкlər!
MƏHƏBBƏT
Mən ki, bilməz idim nədir məhəbbət.
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıxarıb oynatmadınmı?
Mən ki, nəğmə deyib bənövşələrdən
Peşəm zövq almaqdı bir şux dilbərdən.
Məndən uzaq gəzib, dolanıb hərdən,
Qəlbimi sıxmağa can atmadınmı?
Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın belə.
Müşfiqin qəlbini tez alıb ələ,
Onu röyalardan oyatmadınmı?
Mikayıl Müşfiq
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 05-06-2021 13:29
Baxış sayı: 3784
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02