Reklam
Qələmimin qan ağladığı günlərin şahidi və Kəlbəcərinin əsil şəhidi
07-11-2020 18:20
unutsaq, unudularıq...
Ayrılıq həsrətinin qara yeli yamanca əsdi...
Qələmimin qan ağladığı günlərin şahidi və Kəlbəcərinin əsil şəhidi
*... Hamı haqqında yazan, özündən yazılmayan Kifayət Umudqızının ömür və yaradıcılıq yoluna düşən işıqdan görünənlər, yadda qalanlar...
*...Dindirməyin, misralarım qan ağlayır qəmli sətirləriylə ağlayan və ağladan, “...Qərib gecələrimin qonaqları”nın yaddaşında qalan, qələmiylə qəlblərə yol açıb, Haqqa qovuşan, Azərbaycan Radiosunun “qaraca qızı” – Kifayət Umudqızının ruhu qarşısında baş endirmək də azdır mənə...
***
...Bir qədər əvvəl sosial şəbəkədə, daha dəqiqi, focebookda illər öncədən tanıdığım bir qələm dostumun, həmkarımın mənim haqqımda yazdığı və kitabında dərc etdirdiyi məqaləmi ürək ağrısı, göz yaşlarımla paylaşdım. Düşündüm: “Bu qədərmi unudulmağa layiqdir belə vətənpərvərlərimiz?” Əlbəttə, yox.
Haqqında, bəlkə də hamıdan daha çox mən yaza bilərdim, bir də ki, uzun illər eyni redaksiyada çalışan digər qələm dostları – Əli Qurban Dastançı, Həbib Əhmədov, Zimistan Həsənəv, Əli Abbasov, Amil Novruz, Malik Zeynalov, Sayad Məmmədova, Validə İsmayılova, Qənifə Səmədova, Qəhrəman Nağıyev, Oqtay Salahlı, Zahid Muxtar... Sadalamağa ehtiyac yoxdur. Bu sıradakıların əksəriyyəti əbədiyyətə qovuşub, Allah rəhmət eləsin, qalanlarımız isə... Deyəsən, başımız öz dərd-sərinə qarışıb. Unudulması mümkün olmayan birini unutmuşuq.
Kəlbəcərdə uzun illər “Yenilik” qəzeti redaksiyasında birgə çalışdığımız qələm dostlarımızdan biri haqqında yazmaq istədim, illər öncə, bacarmadım. Qələmimin qüdrətimi yetmədi, yoxsa, dərd-sərimizin başımızdan aşmasımı imkan vermədi, yaza bilmədim. Amma, məndən bu yazını ummuşdu. Neynim axı, dəfələrlə mənim məqaləmi oxuyub, özümə oxudub, yarıda saxladıb deyirdi: “Bax, mənnən də belə - yanıxlı yazarsan ha!”
Bəlkə də bunu qələmimə hörmət, yazılarıma istəkli oxucu sevgisiylə deyirdi.
Xatırlayıram. Bir dəfə rəhmətlik Akif Səmədin iş yerimdə son xahişini Kifayət bacımıza danışanda “bir yumub, min tökdü”:
“Bax, görürsənmi? Sənin qələmində ağı, elegiya, dərd, qəm elə gözəl yazılır ki, adam ağlamaqdan doymur”,-dedi.
Akif Səmədin ömrünün son günü “Azərbaycan” nəşriyyatına gəlmişdi. Mən “Vətən səsi” qəzetində çalışırdım. Otaq yoldaşım, qələmdaşım, məsləkdaşım şair-publisist, Qaraqoyunlu ellərinin yetirməsi Nəsib Qaramanlı ilə işdən-gücdən söz salmışdıq. Günortaya yaxın idi. Otağın qapısı açıq idi. Baxdıq ki, Akif Səməd o
ağır, samballı yerişiylə yaxınlaşıb əllərinin ikisini də qapıya söykəyib dərindən nəfəs aldı. Özünü toxdadıb, sonra ağır-ağır dilləndi:
-Ayə, qağa, Nərimanoğlu, sənnənəm, başını bəri döndər.
Baxdım və:
-Akif Səmədə baxmamaq, dinləməmək günah olar, qardaş! Xoş gördük,-dedim. Qalxıb otağa dəvət etdim. Əlinin birini çiynimə qoyub sözünün gerisini gətirdi:
-Bax, o Qaramanlı Nəsibə demirəm, ondan ummuram da, tənbəldi yazmağa, qələmi güjlüdü dana, hər kəsdən yazmer. Sənnən bir balaca-ürək boyda, ovucun içinə sığan qədər təbrik isderəm! Ayə, bir də 45 yaşım olmuyajax ha! Heç bəlkə 50 də olmadı! Gözdüyürsən ki, ağı-bayatı, elegiya yazasan?! Gözəl yazırsan onnarı. Amma bu gün bir təbrik istəyirəm. Heç olmasa, “Sücaət bulağı”nın xətrinə yaz. “Ocaq” qəzetinin bu sayını Dərviş Vəli maa həsr edib, xüsusi buraxılışdır. Orada istədim ki, sənin də ürək sözlərin olsun.
Akif dərindən bir də nəfəs alıb, sözünə davam elədi:
-Təbrik yaza bilməsən, sən canın bir elegiya yaz, başsağlığı həcmində olsa da, yaz! Vaxtım yoxdu, getdim, yaz ha, nə yazırsansa yaz!
...O gün aradan 2-3 saat keçməmiş Akif Səmədin Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubundakı tədbirdən çıxarkən ürəktutmasından əbədiyyətə qovuşması xəbərini eşidib dəli oldum. Təbriki yazmamışdım, zarafata yozmuşdum şairin xahişini. Amma, yazdım, xahişini yerə salmaqmı olardı şairin?! Lakin, o, təbriki yazmağımı gözləmədi, sonuncu kəlməsini deyib getmişdi: “...heç olmasa, bir kiçik, təbrik boyda elegiya yaz”.
“Qəzet dilini” mənə öyrətdikcə...
Niyə bu acı xatirəni yada saldım? Kifayət Umudqızının hər mövzusunda bir qəm-qüssə, kədər notu gizlənirdi. İnanın, radioda məktəblilərlə apardığı verilişdə də onun sətiraltı-səsaltı mənalarında bir dərd dastanı yatırdı. Bunu bilirdim, duyurdum. Hər hansı mövzuda danışırdısa, orada yurd itkisini xatırladırdı şagirdlərə, həmsöhbətlərinə.
Qayıdaq Kəlbəcərə. Biz Kəlbəcərdə eyni orta məktəbi bitirmişdik, müxtəlif illərdə. Lakin təsadüfən birlikdə hazırlıq kursunda oxumuşduq. Ali təhsildə yollarımız ayrılmışdı. O, filologiyanı bitirib rayona qayıtdıqdan sonra bizim Otaqlı kəndində müəllim işləmişdi. Anam və bacılarım, qohum-əqrabalarımız onu yaxından tanıdıqları üçün evimizin, ailəmizin doğma qızına çevrilmişdi. Uşaq yaşlarından anasını itirdiyi üçün anam həmişə ona ana olmağa çalışırdı. O sevgi Bakıda da özünü göstərirdi: anam güllər Məmmədqızını tez-tez radioya dəvət edir, bayatılarını, şeirlərini dinləyir və efirə verirdi. Onun sayəsində anam artıq radionun doğmalarından birinə çevrilmişdi.
Kifayət Umudqızı ilə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində birlikdə çalışmağımız bizi qardaş-bacı kimi bir-birimizə daha da yaxınlaşdırdı. Qələmimə, yazı-pozularıma təcrübəli jurnalist kimi diqqət yetirməsi, kəm-kəsirlərini düzəlişlə aradan qaldırması, “qəzet dilini” (ədəbi dil) mənə öyrətdikcə, onun qabiliyyət və istedadına bələd olur, oxucusuna çevrilirdim. Açığı, onun da mənim yazılarıma dərin rəğbətindən istifadə edərək, hər dəfə
(Davamı var)
ZİRVƏDƏ QALAN ÖMÜR
Ağdabana birinci səfərim idi. Yol boyu Dədə Şəmşirin məzarı önündə özümün özümə verəcəyim suallar və qoşa qəbirlərin qoşa başdaşlarının lal baxışlarından "oxuyacağım" cavablar barədə düşünürdüm.
...Qarlı yoxuşu qalxib üç məzarla üz-üzə dayandım. Üç dəstə qərənfil, bir də səməni qoyulmuşdu məzarların üstünə. Bahar küləyi gülləri oxşadıqca mənə elə gəlirdi ki, onlar bu ata-balaya layla çalır.
Qəbir üstə qərənfil görmüşdüm, amma, səməni yox. Deməli, qərənfil Çimnazın da, Əkbərin də axan qanı, səməni isə yaşıl donlu bahar ətirli arzuları idi.
Dədənin başdaşındakı ayaqüstü şəklinə baxdım. Baxışlarımdan o yana bir əlçim boz duman gözlərimizin arasına pərdə saldı. Dədə yavaş-yavaş gözlərimdə canlandı. Yox, deyəsən, mənə elə gəlirdi. Gözlərimi sildim. Bu dəfə qulaqlarımdan başlayan uğultu həzin bir laylaya çevrildi. O idi - Dədə, səsindən tanıdım:
Bahar gələr əlində gül,
Bağda bülbül ötər, qızım.
Dağda kəklik qaqqıldaşar,
Səsi sənə yetər, qızım...
Dədənin bu oxumağı balası üçün olsa da, onun dinləyicisi mən idim. Hardaydı bala?! Dədə bilmirdi ki, ömür-gün dostu Güllü nənə nə haldadı. Dədənin şeirlərində vəsf olunan nənə indi ürəkdağlayan bir səslə balalarına ağı deyir.
Bir vaxtlar bu dağlara, bir də Güllü nənəyə üz tutaraq "Yaxşı saxla, səndə əmanətim var",-demişdi. Fəqət, nə daglar, nə ana Dədənin əmanətlərini saxlaya bilmədi. Ürəyindəki toysuz, paysız Əkbər həsrətinə indi də Çimnaz yoxluğu qarışıb Güllü nənənin.
Başdaşındakı lal baxışlardan uzaqlaşmaq olmurdu.
Yenə bir səs gəldi qeybdən. Tanış səs idi. Bayaqkı yanğının qövr eliyən yaralarından qalxan sızıltı idi. Buna oxumaq demək olmazdı. Dədə sanki dağları, Qənbərini yaralı balalarına köməyə səsləyirdi:
Baxıb əhvalımı üzə gülərdi,
Bu düşgün könlümə yol göstərərdi.
Qənbərin gəlməsi şəfa verərdi,
Gözləri yollarda qalan xəstəyə...
Can, ay balalarının əhvalından bixəbər Dədə! Nə biləsən ki, Qənbər müəllim ozünü çatdırsa da, yaralı balana imdad eləyə bilmədi.
...Yaxşı saxla, qaçıb ovçu əlindən,
Sənə bir maralım yaralı, dağlar.
Təbib hanı, gəlib eləsin dərman,
Sızıldar, ah çəkər yaralı, dağlar.
Dağlar neyləsin, dili yox, ağzı yox. Yağılar bənd-bərəni əjdaha kimi kəsib.
Gözlərimdən axan yaş Dədənin məzarı üstündəki şeirin bir bəndunə düşdü. Qərənfillər tez gizlədilər o göz yaşlarını ki, Dədə ağladığımı bilməsin. Kaş gizlətməyəydi, Dədə mənə deyəydi:
Şəmşirəm, qəlbində dərd belə qalmaz,
Hasil olmalıdır gözlənən muraz.
Keçər bu zimistan, qorxma, gələr yaz,
Bir də görəcəksiz bahar, ağlama.
Elə bilirdim ki, Dədə ağladığımı bilmir. Sən demə, bayaqdan haldan-hala düşdüyümü Dədənin ruhundan gizlədə bilmirmişəm.
Bu sonuncu sətri ürəyimdə dönə-dönə təkrarladım. Xeyli dərdləşmişdik - ürəyimi, gözümü boşaltmışdım. Ziyarətgahdan üzügeri dönərkən Dədənin od-ocağına baş çəkəndə yenə hər yanı dərdli-vərəmli gördüm.
Bacısından sonra Ələsgərin sazı qara geyinib. Şəmşir ayrılığı, Əkbər yoxluğu, Çimnaz şəhidliyi sazı qaraya bürüyüb.
Dədə Şəmşir, ev-eşiyində bunları gördüm. Ürəyim qana döndü. Dözmə bu dərdə, götür sədəfli sazını çal o "Yanıq Kərəmi", "Dilqəmi”ni, "Yurd yeri"ni - layla de Əkbərinə, Çimnazına. Ovundur Güllü nənəni, bəlkə çalıb-çağırsan. Balaların ağrılarını unutmaq üçün bir az da sənə qısılacaqlar...
“Qala dərdim”dən qalanlardan...
Hə... Bu da Kifayət bacımızın o zamanlar yazdığı məqalə. Bundan sonra Kəlbəcər də əlimzdən çıxdı, kəlbəcərliliyimiz də, sanki, soyuqlaşdıq bir-birimizə. İtirib-axtarmadıq yaxın-uzaq dostları, qohumları.
Bax elə bu qoşma da ona görə Dədə Şəmşirə ünvanlandı mənim dilimdən, qələmimdən və “Qala dərdim” kitabında özünə yer tapdı:
Dədə Şəmşir, bilirsənmi gül açmır,
Xəzan vurub bahar çağı dağları!
Balaları şirin-şəkər dil açmır,
Bürüyübdü fəryad, ağı dağları.
Köç eyləyib, ellər səndən aralı,
Sinəsindən çalın-çarpaz yaralı.
Alıbdı nişana körpə maralı,
Salıbdı kəməndə yağı dağları.
Məhəmmədəm, ocağım yox bu yanda,
Qılınclar pas atır hələ ki qında.
Bahar, payız, həm də yay ayında
Dağlayır sinəmin dağı dağları.
Kifayət Umudqızının Azərbaycan Radiosunda işləməsi hər ikimzin də kəlbəcərsizlik dərdinə məlhəm olmuşdu. O zaman Kəlbəcər RİH-nin başçısı Sahib
Əkbərov Az.TV-nin rəhbərinə xahiş eləmişdi. Azərbaycan Radiosunda əvvəlcə qonorar hesabına, sonra isə ştatlı işə qəbul eləmişdilər. Sevimli peşəsinə qovuşduğundan, bir az başı qarışmışdı. Vaxtaşırı məni radioya dəvət edir, dərd-sərimizi bölüşürdük. O qədər acılı-şirinli xatirələrimiz var ki.
Bakıda məcburi məskunlaşdığımız ilk vaxtlar idi. Yer tapa bilmirdik. Mən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki B.Sərdarov adına Binəqədi Maşınqayırma Zavodunun fəhlə yataqxanasında (bu gün də - 28 ildir ki, oradayıq), Umud əmigil isə Abşeron rayonunun ya Fatmai, ya Pirşağı, ya da Novxanı kəndlərinin birində (oradakı Qocalar Evində) sığınacaq tapmışdı. Bir dəfə onlara getdik, deyəsən, Umud əmi rəhmətə gedəndəydi. Həm də qardaşları Çıraq və Vilayətlə də yaxın dost-sirdaş idik axı, hələ Kəlbəcərdəkən. Çıraq ömür-gün yoldaşım Gülbəniz xanımla bir sinifdə oxumuşdu, ali təhsili də eyni vatxda eyni almışdıq - Mədəniyyət və İncəsənət İnstitutunda. Vilayət isə qaynım Məzahir və Müzəffərlə yaxın dost olmuşdu. Bir sözlə, ailəvi yaxın idik. Sığınacaqları, deyəsən, vaxtilə sovxozun kitabxanası olmuşdu sovetlər dönəmində. Milli müstəqillikdən sonra o kitabxana da dağıdılıb məhv edilmişdi. Kifayət kitabxananın dağılan, məh edilən fondunu, kitab rəflərini mənə göstərib dedi:
-Bax, hazırca sərvətdir. Bilirəm ki, bircə kitabın da yoxdu. Seç, ürəyin istəyən kitabları apar.
Doğrudan da sığındığımız yataqxanada oradan gətirdiyim kitablardan, az qala, kitabxana düzəltdim. 3000 nüsxədən artıq kitabım var idi. Sonradan həmin kitablardan bir kitabxana düzəldib yolladım Kəlbəcər MKS-in bir kənd filialına. Təəssüf ki, o xəzinəni qorumadılar. Üstəlik, özümün buraxdığım yeni kitablardan da yollayırdım, müntəzəm.
Budur, bizim ailəvi aramızda olmuş qardaş-bacılıq münasibəti. Budur, onun mənim yazı-pozuma, mənim isə onun dərd-sərinə doğmalığımızın nümunəsi.
Kifayət Umudqızı, Vidadi Bəşiroğlu, Qəhrəman Nağıyevlə bizi Bakıda məskunlaşdığımız üçün “Yenilik” rayon qəzetindən işdən çıxarmışdılar. Heç yanda iş tapa bilmirdik, sadəcə, “Azərbaycan” nəşriyyatına gedib-gəlirdik ki, bəlkə, haradasa iş tapdıq, müvəqəti. Elə bilirdik ki, yaxın günlərin birində doğma yurdumuza dönəcəyik, guya ki, torpaqları müvəqəti boşaldıblar ki, müharibə başlayacaq və dığaların payı veriləcək. Bu da baş vermir, hər gün Kəlbəcərdən uzaqlaşırmışıq sən demə. Amma qəlbimizdə daşıyırdıq yurd ağrılarını. Görüşəndə göz yaşlarımızla qucaqlaşır, sarılır və hönkürtümüzü bölüşürdük.
Gözəl qələm sahibi olan, şair Sücaətin jurnalist qardaşı, o zamanlar “Səhər” gündəlik informasiya qəzetində çalışan Hidayət Elvüsal bizi olmayan “qanadının altına” almışdı. İşləməsək də, yanına gedir, kəlbəcərli günlərimizin həsrətini bölüşürdük.
Duman olub ayağına sürünəm,
Zirvəsində çiskininə bürünəm,
Düşməninə qənim kimi görünəm,
Qadasını belə alam dağların!
Şəlalədə yuyunardı kəndimiz,
Heç saymazdıq bərəni biz, bəndi biz.
Xəyallarla danışırıq indi biz,
Həsrətin çox çəkir balam dağların.
Alaçıqda yenə yatan de, varmı?
Ayaqyalın saldığım iz durarmı?
Ay Məhəmməd, heç balası sayarmı,
Ürəyimə dərdin salam dağların?!
Bu qoşmanı da elə o ağlargözlü vaxtlarımızda Kəlbəcəri və kəndimizi Kifayət xanımın yadına salmaq üçün bədahətən dediyimdən çaş-baş qalmışdı.
Bir gün Hidayət Elvüsal bizim hərəmizə bir paket (poçt paketi-məktub üçün) verib dedi ki, bunu götürün, bəy (İsgəndər Həmidov, Allah rəhmət eləsin, artıq o günlərdə daxili işlər naziri deyildi, istefa vermişdi) göndərib, sizin üçündür. Deyib ki, uşaqlar darıxmasın, yaxın vaxtlarda Kəlbəcərə qayıdacağıq.
(Davamı var)
“Ümid işığı” ilə “Dədə ocağı”na doğru
Düzü, paketdə pul olduğu ağlımıza gəlməzdi. Nəşriyyatdan çıxanda məktub-paketi açdıq ki, (Kifayət xanım, Vidadi müəlim, Qəhrəman Nağıyev və mən) hər birində iki ədəd 250-lik manat pul var. Ağlamaqdan gözlərimiz yolu seçmirdi. “Elmlər Akadimiyası” metrostansiyasına piyada gedib sakitləşənədək ağlamışdıq. Bu, ən azı, bir aylıq ailəmizi saxlamaq demək idi. Sən demə, bu pulu Hidayət Elvüsal öz cibindən veribmiş ki, götürək, Bilsək ki, bizə o özü yardım edir, yaxın durmazdıq. Bunu Hidayət Elvüsal yaxşı bilirdi. Buna görə də İsgəndər Həmidovun adı ilə verirdi ki, etiraz etməyək. Bunu isə mən sonralar İsgəndər Həmidovun öz dilindən eşitmişdim. Bu işdən xəbəri olmamışdır.
Kifayət xanım radioda, mən isə “Respublika”, sonralar isə “Yeni Azərbaycan” qəzetlərində işləyirdik. Artıq mənim iki şəhid kitabım (“Dağların sinə dağı” və “Yurd göynərtisi”) “Azərbaycan” nəşriyyatında çapdan buraxılmışdı. Az-çox tanınırdım. Növbəti “Ümid işığı” və “Dədə ocağı” kitablarımı çapa hazırlayırdım.
Kifayət Umudqızının radio verilişlərini müntəzəm izləyirdim. Onun hesabına az qala bütünlüklə radionun əməkdaşları məni tanıyır, verilişlərinin qonağı edirdilər. Hərdən mənə zəng edib təcili çağırırdı ki, verilişimə lazımsan. Deyim ki, Kifayət Umudqızından başqa da radio-televiziyada çalışanlarımız var idi. Nədənsə, onların heç birindən doğmalıq hiss eləmirdi. Bunu mənə dönə-dönə gizlicə deyirdi. Üstəlik, hələ onu qınayırmışlar ki, bu qədər qaraya bürünmə. Başqaları kimi, saçlarını kəs, şalvar geyin, başını rənglə... O isə bunları özünə təhqir hesab edir və üzüldüyünü mənə deyirdi.
Bir neçə dəfə məni təcili radioya çağırdı. Gedirdim ki, verilişi-zadı yoxdu, bəhanədi. Gülə-gülə qayıdırdı ki:
-Bəs sənə demiyib, kimə deyəsiyəm ki? Vallah yolpulum yoxdu, burdan çıxıb nəşriyyata, sənin yanına gəlim. Nə yaxşı ki, iş yerlərimiz yaxındı. Az qalırdım ki, piyada gəlim. O qədər Kəlbəcərdə piyada yol gedirdik ki. Məsələn, sizin Otaqlıda dərs deyən vaxtlarda piyada gedib-gəlirdim 3-4 kilometr yolu. İndi tənbəlləşmişik elə bil.
Qardaşı bilirdi məni. Ərkimiz az deyildi. Hərdən özünü üzdüyü üçün, mənim də sözümə baxmadığından, inciyirdim, küsürdüm. O da mənim kimi, yamanca həssas və kövrək idi.
Xatirələr bir-birinə calandıqca elə bilirəm ki, dünəndəyəm - kəlbəcərli və Kifayətli günlərimizdə. Budur, illər ötüb aradan. Yadıma saldıqca qəlbim qan ağlayır ki, belə bir vətənpərvər qızımızı, taleyi üzünə gülməyən bacımızı itirib-axtarmadıq. Dərd-azarından xəbər tutmadıq. Kimsə bilmədi ki, o, sinəsində hansı dərdləri cücərtdi, böyütdü və o dərdlə də bu dünyanı, etibarsız bizləri tərk etdi. Bilmədik. Bilsəydik. Həkimə, xəstəxanalara çatdırardıq. Mən bircə onu bilirdim ki, Kəlbəcərdən yalnız anasının yadigarı olan onun uzun saçlarınə gətiribmiş. Göz bəbəyi kimi qoruyurmuş...
“Diktafon” məsələsi və umu-küsü...
Bir gün mənə dedi:
-Məhəmməd, bu səsyazma aparatını (diktafon da deyildi ey, ağır və böyük idi) harasa daşıyıb aparmaq yamanca çətindi mənə (qız uşağının gücünə deyildi. Amma, o, bunu daşımağa məhkum olmuşdu). Müsahibə almağa müxtəlif ünvanalra, məktəblərə, nə bilim haralara aparıb-gətirə bilmirəm. Bir kiçik diktafon lazımdır. Pulum da yoxdu, neyniyək? Açığı, elə bil ki, ildırım vurdu məni. Dedim ki, Ququ, məndə diktafon ikidir. Birini sənə verərəm. Telefonda sevindi:
-Yaxşı, birdən özününkünü verərsən ha!
-Yox, nə danışırsan?! Bəs mən nəynən işləyərəm ki? İki dənədi. Ana-bala eləməyəcəm ki. Sənə də bir təzəsini mən qardaşın söz verir. Müvəqqəti işlət, vallah, sənə bir yeni diktafon aldıracam bu məmurların birinə.
Razılaşdıq. Amma onu da sözarası dedi:
-Mən kimsədən istəmirəm ha, özün bil!
-Arxayın ol, bizim qəzetin məmurlala əlaqəsi olandır. Nə istəsək (hərçənd mən istəmirdim. Çünki, həm də məsul katib olduğum üçün heç kimlə müsahibə almağa getmirdim), edərlər.
O zaman Dədə Şəmşirlə bağlı “Dədə ocağı” kitabını hazırlayırdım. Qənbər müəllimlə, qardaşı Rəşid müəllimlə (Respublika Prokurorluğunda çalışırdı) əlaqəm var idi. Məsləhətlər alırdım. Bir gün bu məsələni Rəşid müəllimə telefonda dedim. O da Allah köməyi olsun, pis oldu ki, bu qız niyə bizim birimizə demir axı? Bu qədər ki bizim nəsildən, Kəlbəcərdən verilişlər hazırlayır. Deyərsən gəlsin yanıma, narahat olma, düzələr, nə şeydi ki?
Kifayətə bu formada demədim. Başqa bir yolla Rəşid müəllimin yanına getməsini tapşırdım. O da getmişdi. Rəşid müəllimdən bizim kitab haqqında fikirlərini öyrənmiş və veriliş hazırlamışdı. Həmin verilişin lent yazısını dinləmək bəhanəsi
ilə Rəşid müəllim Kifayət Umudqızını dəvət eləyər iş yerinə. O da gedər. Rəşid müəllim həm buna diktafon aldığını deyər, həm də konvertdə pul təklif edər.
Nə diktafonu, nə də pulu götürməyən Kifayət bir neçə gündən sonra mənə radiodan zəng elədi. Ağlaya-ağlaya:
-Mən əldən-ağızamı qalmışam?! Niyə məni elə yerə yollayırsan ki?! Mən bir o qədər Çimnazdan, Dədədən yazmışam, veriliş eləmişəm ki?! Mən təmənnalımı eləyirdim bunları?! Niyə Rəşid müəllim mənə pul və diktafon verməlidir ki?!-dedi və telefonun trubkasını asdı.
Rəşid müəllim bir gün sonra məni dəvət elədi yanına. Olub-olmazları mənə danışdı və diktafonu verdi ki, heç olmasa, sən hədiyyə elə.
Beləliklə, Kifayət bacımızın qeyri-adiliyi burada da özünü göstərdi. O, kimsədən bir qəpiklik təmənna ummazdı, xidmətlərinin müqabilində. Amma, bir şeyi də unutmarıq ki, o, bizim evə gələndə sanki doğma qardaş-bacı yanında olduğunu hiss edirdik. Yoldaşımın ona qoyduğu pay-püşü sanki doğma bacıdan görürmüş kimi aparırdı. Həm də özünə yox, bacısı Təranəyə, qardaşı Vilayətin balalarına - Bəhruza, Samirə. Bunu daima duyurduq.
(Davamı var)
“Qərib gecələrimin qonaqları”nın aqibəti
Kifayət Umudqızının xalası qızı Zərifə xanımla ilk və son görüşümün səbəbkarı da o oldu. Bir gün dedi ki, gəl gedək Zərifəgilə. O günə qədər isə nən Zərifə xanımın üzünü görməsəm də, bir nəfərin xahişi ilə haqqında geniş məqalə yazmışdım. Getdik, Bakıdakı, deyəsən vallah, metronun “Xalqlar dostluğu”, ya da ki, “Neftçilər” stansiyası yaxınlığındaydı.
Sağlığına qismət, hər cür rahatlığını təmin eləmişdi tanrı vergilisi olduğuna görə. “Rentgen Zərifə” axı, ölkədə tanınırdı. Orada gizlicə, Zərifə xanıma dedim ki, Kifayəti yanınızda saxlayın. Sizin bütün yazı-pozu işinizə o baxsın. Zərifə xanım and-aman elədi ki, öhdəsindən gəlmirəm, eşitmir məni. Deyir ki, belə səsli-küylü yer mənlik deyil. İnanırdım ona. Doğrudan da elə yerlər Kifayət üçün həbsxanadan betər olardı. O, yazı-pozu, ictimaiyyət adamı idi. Bülbülü qəfəsdə saxlamaq kimi olardı. Mən də daha sözün gerisinə varmadım.
Nəhayət, Kifayət Umudqızı bir gün zəng eləyib dedi ki, ay Məhəmməd, “Qərib gecələrimin qonaqları” adlı kitab olarmı? Yəni ki, bu adda kitab buraxmaq.
Dedim ki, niyə olmur?
-İstəyirəm ki, radio verilişlərimdəki “Qərib gecələr”in qonaqları haqqında yazdıqlarımı toplayaq, dünya ölüm-itimdi, bir kitab edək. Amma, öz qonorarımla, haaaaa!
Bəri başdan qərarını verirdi ki, kimsə kömək eləməsin! Dedim ki, yazılarını verək kompyuterdə yazılsın, baxarıq:
- Niyə olmur ki?! Yazdırmışam, hazırdı,-dedi və əlavə etdi ki, -gətirim evdə kompyuterdə baxarsan.
Razılaşdıq. O gecə bizə gəldi. Kompyuterdə yazısını nə illah elədik, açılmadı. Kompyuter sanki “daşa döndü” - söndü. Bir sözlə, sabaha kimi ikimiz də çalışdıq, alınmadı ki, alınamdı. Başqa proqramda yazılıbmış, sən demə. Axır ki, açdım, yazıları oxuduqca hiss edirdim ki,danışıq dilindən yazılı dilə gətirmək, ciddi redaktə etmək lazımdır. Bunu özünə bildirəndə bir söz deməsə də, duydum ki, ciddi redaktədən qaçır. Radioda qəzetdəki kimi ciddi redaktəyə ehtiyac olmur axı...
Kitabının yazılarını hər gün vaxt tapdıqca redaktə edirdim. Amma, bir söz deyim də. Kitabın hazırlanması zülm verirdi mənə. Dəfələrlə yazılar silinir, əziyyətim heç olurdi. Bunun şahidi olduqca özünə qarğayır və təkidlə tələb edirdi ki, onları kompyuterdən silim, iş alınmır...
Bu kitab məsələsi iki il çəkdi. Tələsmirdik, özü belə istəyirdi, yazılar əlavə edirdi. Yay ayları idi. Bir gün mən Gəncədə olanda zəng gəldi. Kifayət idi. Çox incik bir şəkildə kitabın kompyuterdən köşürülməsini və ona qaytarılmasını istədi:
-Qardaş, o qara daşa dönmüş yazılar sənin də kompyuterini qoymur düzəməlli işləsin. Gəlim fləşkaya köçür ver mənə. Sonra bir şey fikirləşərik.
Dedim ki, evdə deyiləm, Gəncədə yasdayam. Gələndə verərəm. Dedi ki:
-Yox e, Müşfiqə çatıram, sizə gedirəm. Uşaqlar bacararlar. Tapşır, mənə köçürüb versinlər. Nəşriyyatla danışmışam, necə yazmışamsa, eləcə də çapa vermək istəyirəm.
Onsuz da mənim redaktəmi qəbul etmədiyini duymuşdum. Dedim ki, yaxşı, Kənan evdədir, gedin, köçürüb versin. Beləcə, “Qərib gecələrimin qonaqları” bizim evdən çıxıb getdilər.
Tərki-dünyalıq boyuna biçilmişdi sanki
Bir gün işdəydim, mənə zəng elədi ki, kitabı nəşriyyatda birinci mərtəbədə, vaxtilə “Səhər” qəzeti yerləşən otaqların birində çap olunur, Məleykə xanım edir. İmkanın olarsa bir baş çək. Təcili endim ora. Məleykə xanım göyçəli ziyalılarımızdan biridir. Xatirimi də çox istəyirdi. Görüşdük və kitab haqqında məlumat aldım. Ən aşağı çap üsulu ilə -“rezoqraf”la-surətçoxaldan maşında çap edirdilər. Şəkillər heç seçilmirdi. Xahiş elədim ki, çapı saxlayın. Belə kitab olmaz! Məleykə xanım mənə vəziyyəti danışdı ki, heç kim kömək eləmədiyi üçün məcbur olub bu üsulla çap etsinlər.
Özü ilə əlaqə saxlamamışdan öncə Əvəz Şükürovun oğlu Adil Şükürov mənə zəng edib kitab haqqında məlumat almaq istədi. Dedim ki, həkim, kitabı Kiyafət məndən xəbərsiz bir mini mətbəəyə, əslində, redaksiyaya verib, sizin atanızın və Milli Qəhrəman qardaşınız Şahlar Şükürovun şəkilləri rəngli, qalanları bomboz, ağ-qaradır. Bu kitab biabırçı şəkildədir.
Həkim mənə bildirdi ki, kitabın buraxılmasını sənə tapşırmışdıq. Niyə nəzarətdən buraxmısan?!
-Kifayət xanıma da dedim ki, kitabı keyfiyyətli buraxın, Məhəmməd təcrübəlidir. 1000 manat da pul verdim. Tapşırdım ki, az olsa, mənə desin, başqasına yox...
Əslində, həkimə mən xahiş etmişdim ki, Kifayət xanımın kitabına kömək lazımdır. O da eləmişdi. Həmin mətbəənin sahibi kitabı yüksək keyfiyyətlə yox, başdangetdi çap etdiyini görüb dəli olmuşdum. Bunu Kifayətə və Zərifə xanıma da dedim. O da bundan incik düşmüşdü. Zərifə xanım and-aman edirdi ki, öhdəsindən gəlmədim,
ay qardaş, eşitmədi məni. Dedim ki, kitabı samballı buraxım özüm. Amma Kifayət xalam qızı “daş atıb, başını tutdu”.
Beləcə, kitab zay bir şəkildə çap olunmuşdu. Adil həkim də məndən incimişdi, Kifayət də. Amma, məndə heç bir günah olmamışdı. Sadəcə, onun xarakterindəki bu utancaqlıq, kimsənin haqqını boynunda saxlamamaq xasiyyəti onu bizdən, doğmalarından uzaq salmışdı. Son illər isə tamamilə uzaq düşmüşdü hər kəsdən: tərki-dünya olmuşdu.
Bir gün işdən evə gələndə bir kitab gördüm masanın üstündə - kompyuterin yanında.“Qərib gecələrimin qonaqları” kitabı idi.
600 səhifəlik ktabı açıb vərəqləyəndə bir əlyazma məktub düşüdü arasından. Götürüb oxudum. Başımdan duman qalxdı. Gözlərim qaraldı. Kifayət yazırdı: “Məhəmməd, salam!
Əvvəla bu kitabça üçün elədiklərin, daha sonra mənim özümə dar gündə göstərdiyin bütün hörmət və köməyə görə sağ ol!
Minnətdaram və unutmaram.
Bilirəm ki, oxumayacaqsan, çünki vaxtın yoxdur. Əhəmiyyətsiz hesab etmək üçün bircə yazını redaktə etməyin yetər.
Yazıçı, publisist əlinə kitabça verməyin məsuliyyətini indi bildim.
Rəyini öyrənməyə cəhd etmirəm, çünki bu mənə aydındır. Güllər xalanın şəkli xatirinəsə də maraqlanmadın.
Giley deyil, sadəcə, iraddı. Bunu deməyə haqqım olmasa da yazdım.
İmza: K. Hüseynova.
Geri qaytarmağa fikirləşmə, çünki satılan mal yenidən qəbul olunmur”.
Qərib axşamlar
Bəli, budur haqqında təfərrüatı ilə söz açdığım kitab. İçərisində mənim və mərhum anam Güllər haqqında yazdığı məqalələr də var. Kitabda bir-birindən dəyərli portret-oçerklər az deyil. Onları qələmə almaq heç də asan olmayıb. Hər biri ürək yarasıdır, bir cüt gözün sabaha kimi axıtdığı göz yaşlarıdır...
Müəllifin ön sözündən sonra bu başlıq altında verilən publisist yazıdan bir neçə sətiri birlikdə oxuyaq: “Uşaq vaxtı elə bilirdim hara getsəm, hara səfər etsəm darıxmaram. Sonra gördüm ki, yox, ölümdən betər gəlir qəriblik mənə. Ürəyimdə belə zənn edirdim ki, yəqin vaxtsız itirdiyim ana məhəbbətidi, ana həsrətidi məni kənara buraxmayan.
1992-ci ilin sentyabr ayında məzuniyyət götürüb Kiyevdə yaşayan qardaşım Seymurgilə qonaq getdim. Bilirdim ki, darıxacam. Ona görə də böyük qardaşım Vilayətin 3 yaşlı oğlu Bəhruzu da özümlə apardım. Amma o boyda Ukrayna, hər addımbaşı qarşılaşdığım gözəllik, yenilik, rahatlıq, bolluq məni Kəlbəcər həsrətindən uzaqlaşdıra bilmədi. Toran düşəndə Bəhruz da Kəlbəcər üçün ağlayırdı, mən də. Nə isə, niskilli keçən bir ay başa çatdı. Bakıda aeroportda düşüb Azərbaycan dilində danışanları görəndə sevindim...”
Bundan o yana oxuya, yaza bilmədim. Bağışlasın ruhu bacımızın məni. Burada kimlər haqqında yoxdu ki? “Kölgəli kişi”-Əvəz Şükürov, Milli Qəhrəman oğlu, şəhid mayor Şahlar, qaragöz Çimnaz, Dədə Şəmşir, dağların qartal oğullarından Ülfət Kərimov, həkim Əvəz Cəfərov, “Ölüm, sənə ölüm olsun, necə qıydın sən Bəhmənə” başlıqlı ya
Bu sətirlərin müəllifi haqqında “Sözün əsgəri, təbin, ilhamın qulu”, “Qərib ömrüm daha bəsdi” deyən anam Güllər Məmmədqızına ağı-elegiya... Yox, yox, səhifələyə, izah edə, yaza bilmirəm kitab haqqında. Axı, o zaman da redaktə edə bilmirdim. Əlim gəlmirdi, çünki müəllifinin ruhuna toxunurdu. İndi isə müəllifin ruhu qarşısımda borcumu yerinə yetirə bilmirəm.
Bağışlama bizi, bacım! Siz ana-bacıları canınızdan artıq sevdyiniz və həsrətindən baş götürüb bu eybəcər, yataqlığı qəbul edən dünyadan getdiniz. Getdiniz ki, yeriniz boş qaldığının fərqinə varaq. Getdiniz ki, kəlbəcərsiliyə dözənlərlə bir sırada olmadığınızı, qala bilmədiyinizi təsdiqləyəsiniz, bizə anladasınız...
Görürsənmi məndə nələr dözüm var?!
Kifayət! Səndən sonra Vilayət də dözmədi! Vilayətin balalarını yamanca çox istəyirdin. Ağzının tikəsini saxlayıb onları yedizdirirdin! İndi onları da ağlar qoymusan, Çırağı da. Çıraq elə qocalıb, elə ahıllaşıb ki, Umud dayını xatırladır! Sən onun bu fənalığını, vaxtsız qocalığını, Vilayətin də yaman, sağalmaz dərdlə getməsinə dözməzdin, bacım! Xoşbəxtliyə can atmayan, canını dərdə-azara atan bacı, necə də yerin görünür.
Ayaq saxla, bir balaca səbr elə,
Sənə deyiləsi neçə sözüm var.
Yurd yerinə həsrət qalıb kor olan,
Bulaq kimi bir ağlağan gözüm var.
Nə payızım, nə yayım var, nə yazım,
Gileylənib bundan sonra nə yazım?
Xoş gələmməz kökdən düşən avazım.
Sinəm üstə bir yaralı sazım var.
Kəlbəcərdəm üzərəmmi əli mən?!
Məhəmmədəm, haraylaram eli mən.
Qaçqın-köçkün ellərimin dili mən,
Görürsənmi məndə nələr dözüm var?!
Azərbaycan Radiosunun efirindən bir səs getdi, uçdu, durna qanadlarında, yəqin ki, Kəlbəcərə, canından da artıq sevdiyi ata-ana yurduna. “Qərib axşamlar”ın da sona yetdi. Qonaqlı-qaralı bacım, düşmən hər gün bizi hədələməkdə, biz də özümüzü aldatmaqdayıq. Kəlbəcərdə hər gün haylar məskunlaşır at oynadır, kəlbəcərlilər isə çətən kimi qırılır. Yas yerlərinə də gedə bilmirik. Dünyanı korona adlı elə bir virus bürüdü ki...Qardaş bacının qapısını aça bilmir.
Bacım, sənin kitabının 577-ci səhifəsindəki “Torpaqla söhbət”indən duyuram ki, necə də ülfət bağlamışsanmış gəlin ananı vaxtından əvvəl qoynuna alan torpaqla: “...Torpaq, səndə nələr varmış? İnsanı ucaldan da, qocaldan da, alçaldan da elə sən imişsən. Yalnız səninlə xoşbəxt, sənsiz miskin olurmuşuq. Bu hikməti səndən uzaq düşəli daha aydın dərk etmişəm. Ayrılıq həsrətinin qara yeli bu qısa müddətdə saçlarımda ağ izlər açıb...”
Kifayət, əziz bacım, elə bilirsən ki, sənin gedişinlə bu həsrətə son qoyulub? Yox. Bax, Məhəmməd nələr yaşayır:
Xəyalıyla qovrulduğum yurdumun
Açılmır səhəri gör neçə ildi?!
Yəhərsiz-yüyənsiz, bir də ki, nalsız
Minilir kəhəri gör neçə ildi?!
İzim düşmür cığırına, yoluna,
Meşəsinə, talasına, koluna.
Tamarzıyıq pətəyində balına,
Dadırıq zəhəri gör neçə ildi?!
Köklənməyən, zillənməyən bir neyəm,
Kəlbəcərsiz yetim qalan körpəyəm.
Yurdu talan, bir yuvasız leyləyəm,
Düşmüşəm sərsəri, gör neçə ildi?!
Zəngilan, Qubadlı, xan Şuşam hanı?!
Batdımı Ağdamın, Laçının qanı?
Cəbrayıl, Füzuli... neçədi sanı,
Dağılıb məhvəri, gör neçə ildi?!
Məhəmmədə hücum çəkir dərd, qada,
Həsrətdi bir isti ocağa, oda.
Qalıbdı yağıya, quldura, yada,
Neçə ləl-gövhəri, gör neçə ildi?!
P.S. Həə, burada yazıya nöqtə qoymuşdum. Lakin bu ilin iyul ayından başlayan Ordumuzun əks-hücumları işğal ltında qalan torpaqlarımızın artıq qarış-qarış deyil, kənd-kənd, rayon-rayon azad edilməsi ruhumuzu təzələdiyi üçün bu əlavəni etməli oldum, əziz bacım! Sənin kimi neçə-neçə talesizlərimiz yurd-yuva həsrətini qəlbinizdə çəkərək əridiniz, qəribməzar oldunuz. Bu günlərin arzusuyla yaşayan, yana-yana gözləyən bacım, arzularınız çin olur, ordumuz üzü Laçın, Şuşa, Kəlbəcərə, Ağdama, Xankəndinə doğru hər gün irəliləyir. Ruhunuz yəqin ki, o dağların azad səmalarında pərvazlanır. Sevinməyə bilməzsiniz. Axı, bəlkə də hər kəsdən çox siz yanıb qovrulurdunuz…
Qoy qayıdaq o dağlara qadası,
Yada düşdü Dəlidağın lalası.
Deyərsiz ki, kəlbəcərli balası
Müvəqqəti qonaq qaldı Gəncədə.
Bəli, bu gün Gəncədəki yurddaşlarımız Bəhmən Vətənoğlunun diliylə bu bəndləri ağlaya-ağlaya yox, daha sevinə-sevinə dilə gətirir. Sazımı “Kərəmi”, “Dilqəmi”.. yox, “Yurd yeri”, “Misri”, “Cəngi”yə köklüdür… Ruhun şad olsun!
Məhəmməd HƏRİMANOĞLU
Dalidag.az

Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-11-2020 18:20
Baxış sayı: 4849
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02