"Gedib yetmiş iki dil öyrənmişəm, hələ tapmamışam dilini sənin..."- Seyran Səxavət -ŞEİRLƏR

26-09-2020 11:40




"...Sən bir soyuq ulduz, mən gözlərinəm,
Eybi yox, mənimçün həmişə varsan.
Sıxma ürəyimi, ürək cəhənnəm,
Axı sən ordasan, sən sıxılarsan..."

Dalidag.az Seyran Səxavətin şeirlərini təqdim edir:

ŞƏHƏR

Şəhər əsəblərin yığıldığı
Nəhəng ambardı.
Nə qədər böyük olsa
O qədər də dardı.
Bizdə də bir şəhər vardı…
Şəhər
Kiril əlifbasındakı
Böyük «Q» hərifidi,
istəsən
asa bilərsən özünü,
sınayarsan taleyini
bəlkə qırıldı kəndir.
Başını aşağı sal,
ehmalca endir.
Şəhər
Kiril əlifbasındakı
Böyük «T» hərifidi-
yükü adamlıqdı,
Özü də ikiadamlıqdı.
İki nəfər könüllü gəlsin…
Adamların sağı solu…
Şəhər
Kiril əlifbasındakı
Böyük «Q» hərifi ilə dolu.
Bir qarıclıq yoldu,
Adamların ən uzaq yolu.
Şəhər
Kiril əlifbasındakı
Böyük «T» hərfi ilə dolu-
Görsənir hər yerindən şəhərin,
Bax, belə açılır səhərin.
Hardan gəlirsə gəlsin-
Köç
Adamlıq olacaq haaa…
Kiril əlifbasındakı
Böyük «Q» hərfi
Kiril əlifbasındakı
Böyük «T» hərfiylə birləşsə-
Arxa-arxaya versə,
üçadamlıq olacaq haaa…
yavaş-yavaş də… şair-
əvvəlcə bir, sonra iki, üç…
və sair…
Başqa bir qulluq
mənə dair

İYNƏ

Mənim iynəm apteklərdə satılmaz,
Satqın deyil bir ayrı cür iynədi.
Deşənlərin heç birinə oxşamır.
Qıyıx nədi, təbənə nədi,
iy nədi…
Özü də bilməz,
Çoxu nədi, iy nədi;
Burnu yoxdu, sünnət eləyiblər-
Burunsuzdu, burunsuz.
Nə zamansa,
Lap saçınızın bir tükünə batsa,
Toqqaşdıyın, döyün, söyün,
vurun siz.
Mənim iynəm
Gecə-gündüz tər tökür –
Matordu, mator.
Mənim iynəm nə beldi,
Nə buldozerdi,
Nə də ekskvator.
Yetmiş ildi külüng vurur,
Hələ istəyinə çatmayıb;
Qarışqanın da
Ayağına batmayıb.
Gəl nə özünü,
Nə də çaşıb
Şeir oxuyanları yor.
Bir əlimdə qələm
Birində iynə:
Biriylə kitab yazıram,
Biriylə gör…
Hərdən də tərsinə olur,
tərsinə;
saman təpəndə
adamın dərisinə:
qələmlə gor qazıram,
iynəylə kitab yazıram…

MÜDRİK

Mənə deyirlər ki,
Həmişə dik-dik danışırsan-
dik adamsan.
Mənə deyirər ki,
Müdrik adamsan.
Şəhərdən baş götürüb
Kəndə qaçdım-
Dedilər müdrik adamsan.
Hamı qaçırdı
Mən də qaçdım-
Dedilər müdrik adamsan.
Cığır açmıram,
Yol çəkmirəm,
Deyirlər müdrik adamsan.
İyirmi ildi
Maaş cədvəlinə
Qol çəkmirəm –
Deyirlər müdrik adamsan.
Dərəyə dağ deyirəm,
Deyirlər müdrik adamsan.
Qatığa ağ deyirəm,
Deyirlər müdrik adamsan.
Allahımı danmıram,
Deyirlər müdrik adamsan
Bəzən heç nə qanmıram,
Deyirlər müdrik adamsan.
Qışda palto geyirəm,
Bıçağa balta deyirəm,
Boyunduruğa xalta deyirəm,
Nə deyirəmsə
Alt-alta deyirəm,
Deyirlər müdrik adamsan.
Eşşəyə tənbəl deyirəm,
Hər şeyi tən böl deyirəm,
Hər şeyi genbol deyirəm,
Deyirlər müdrik adamsan.
Heç vaxt ağac əkmə dedim,
Boş papağa çəkmə dedim,
Qarşımda diz çökmə dedim,
Tay zəhləmi tökmə dedim,
Dedilər müdrik adamsan.
Hər yetənə daş atırdım,
Çox yerlərdə baş apardım,
Ev tikməyə daş apardım,
Dedilər müdrik adamsan.
Aramızdan su keçməyən
Adamlarla aram dəydi,
Bir gün oturduğum yerdə
Dilimə də hapam dəydi,
Dedilər müdrik adamsan.
Vaxt olub ki, bu dünyaya
Ayıq baxdım, dəm də baxdım,
Vaxt olub ki,
Gözlərimə qan dammadı,
Ustadıma kəm də baxdım,
Dedilər müdrik adamsan.
Zaman uzun, uzundraz
Ömür törə.
Biz gəlmişik baxa-baxa,
Görə-görə,
Anlayırdım, qanırdım ki,
Müdriklik bir təşnədi.
Əgər müdriklik budursa-
Müdriklik heç nədi…

KASIB İTİ GÜMÜŞ

İtin qanı qırmızıya çalmır –
Beş min kilometr getmiş
Avtomobil motorunun yağı kimi
qapqara olur.
İtin qanı qara olanda,
Yəqin qanı lap qara olur-
Gözlərinin ağını,
Dişlərinin ağını
Ağardan zənci kimi,
Ya da qara xəbər verən
Telefon zəngi kimi.
Elə bilməyin ki,
Söhbət burda bitdi,
Bu dediklərim,
Dünyanın
Normal itlərinə aiddi.
Bəs kasıb iti,
Canında sirkəsi, biti?
Kasıb qapısında
Kasıb iti olmaqdan
Kasıb olmaq yaxşıdı.
Kasıb iti olmaqdan
Özünü asıb ölmək yaxşıdı.
Süddaş kasıbın dişini sındıranda,
Bir haqsız, bir allahsız
Kasıbı allahın evinə qədər
Yandıranda,
İtdən çıxar
Geyran belinə çıxan
Çörəyinin acığını,
Gərəyinin acığını
Nalənin, ahın da acığını
Lap belə
Allahın da acığını…
Evin yıxılsın
İt yiyəsi,
Hardansa beynimə ilişib cücərdi
«Kasıb» sözünün qafiyəsi;
Ay kasıb,
Bir də görəcəksən
İt özünü asıb…

İLK MƏHƏBBƏT- SON MƏHƏBBƏT


Sən nə istəyirdin, nələr itirdin?
Qorxma kül olmaqdan, yan, məhəbbətim.
Sən mənim başıma nələr gətirdin,
Ay ilk məhəbbətim, son məhəbbətim.

O parlaq sevgimdən çox utanıb dan,
Ulduzlar eşqimdən qızartı dərmiş.
İnsanlar bir dəfə doğulduğundan,
Elə bir dəfə də sevə bilərmiş...

Mənəm, milyard naxış səpmişəm göyə,
De, varmı hesabı naxışlarımın?!
Kirpiklər özgəyə baxmayım deyə,
Çəkir keşiyini baxışlarımın...

Elə sızıldayır qəlbim tar kimi,
Sən kimin eşqini daşıyacaqsan?
Bəlkə də divarlar, maşınlar kimi,
Sən də məhəbbətsiz yaşayacaqsan...

Burda tənhalıqdan lap iyrənmişəm,
Qoy meh sığallasın telini sənin.
Gedib yetmiş iki dil öyrənmişəm,
Hələ tapmamışam dilini sənin...

Sən bir soyuq ulduz, mən gözlərinəm,
Eybi yox, mənimçün həmişə varsan.
Sıxma ürəyimi, ürək cəhənnəm,
Axı sən ordasan, sən sıxılarsan...

ÖZÜNÜ DƏ SEVİRƏM

Evinizin tuşundan
Sonsuz göylərdə yanan,
O parlaq ulduzları,
Xəzan vaxtı bağçanda
Yerə bir-bir tökülən
Yarpaqları sevirəm.
Sənin könül verdiyin
Can dərmanı yetirən,
Torpaqları sevirəm.

Qəlbinə həmdəm olan
Sirdaşını sevirəm.
O atanı, ananı
Qardaşını sevirəm.
Görürsənmi, gözəl qız,
Neçənizi sevirəm.
O daşlı, o kəsəkli
Küçənizi sevirəm.

Evinizin başına
Mənim kimi dolanan,
Barını da sevirəm.
Keçən yay bağçanızda
Məni dilintək sancan
Arını da sevirəm.
Qonşunuzda yaşayan
O sifəti qırışmış
Qarını da sevirəm.

Hərdən məni duymayıb
Gözümə düz baxmayan
Gözünü də sevirəm.
Lap mənə acı gəlib
Ürəyimə od vuran,
Sözünü də sevirəm,

Məndən incimə, ay qız
Yeri gəlmişkən deyim,
Özünü də sevirəm,
Özünü də sevirəm...

UTANCAQ MƏHƏBBƏT

Günlərin bir günündə
Bir utancaq məhəbbət
Doğulmuşdu sinəmdə.
Bir gözəlin baxışı
Ulduz-ulduz doğranıb
Dağılmışdı sinəmdə.

Gözlərimin qarası
Həsrət qalmış qapqara,
Şəvə kimi tellərə.
Əllərimin həsrəti
Həsrət dolu əllərə.
İllər sürünüb keçib,
İllərimin çoxusu
Gözümə şimşək kimi
Bir an görünüb keçib.

...İstəyirəm birinin
Ürəyinə axım mən –
Donur,
axa bilmirəm.
İstəyirəm birinə
Oğrun-oğrun baxım mən,
Gözlərim görə-görə
Yenə baxa bilmirəm.

Utancaq məhəbbətim!
Heç bilmirəm hardasan?!
Bəlkə özgə baxışlar
Qollarını bağlayıb,
Bəlkə elə dardasan

Utancaq məhəbbətim?!
Bilsəm ki, yaşayırsan
Dağlar gizlədib səni,
O pəhləvan dağları
Yumruğumla əzərəm.
Bilsəm dənizlərdəsən,
Mən bütün dənizləri
Dalğa-dalğa gəzərəm.

Ay yanağı qırmızı,
Utancaq məhəbbətim!
Bilsəydim ki, güllərin
Qoxusunda gəzirsən,
Əlimdə günəş boyda
Gül dəstəsi tutardım.
Bilsəydim insanların
Yuxusunda gəzirsən,
Bütün bəşəriyyətin
Əvəzinə yatardım...

Seyran Səxavət

Dalidag.az




Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-09-2020 11:40
Baxış sayı: 41 861
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını