Kəlbəcərin qərib Çiçəyi...

10-09-2020 13:20
Sakibə İsmayıl qızı Ələsgərova
filologiya üzrə fəlsəfə doktoru,
DPU-nun dosenti, əməkdar müəllim


Mən bir qız tanıyıram –Cəmilə Çiçək. Bu qız Vətən dərdlidir, ana dərdlidir. Hamının üzünə gülümsəyir, amma içində bir qovğa var- həyat qovğası, yaşam qovğası. Həssasdır, səmimidir, utancaqdır. Amma bu onun mənəvi gücünü zəiflətmir, mübarizdir, haqq yanadır. Kəlbəcər alınandan çırpınır-ailəsi üçün, elm naminə, Vətən üçün. Bəzən də vacib layihələrlə görüşümüzə gəlir. Bu dəfəki layihənin mövzusu “İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkün ailələrinin üzvlərinə  psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili” adlanır. Çox gözəl, ölkəmizin, Cənab Prezidentimizin gündəmindən heç düşməyən, hər gün nəzər-diqqətdə olan bir mövzu. Bu mövzunun içərisində məhəbbətlə həsrətin qovuşuğu, küskünlük, qəzəb var, dərd, ehtiyac var. Kəlbəcər və digər alınmış torpaqlarımızın çəməninə, ormanına, buz bulaqlarına, qartal vüqarına Vətənində qəribsəyən çox insanın qərib axşamlarının kədəri var. 
Cəmilə Çiçək həm də el dərdi çəkir, zərər görmüş ailələr necə dolanır? Bilmirəm ondan soruşan olubmu, Cəmilə, bəs sən neynirsən? Bu dəstək layihəsi çox gözəl, ən azından onun da mənəvi dünyası dəstək görürmü? Mən bu ürəkli, vətənpərvər qızın özünə də, layihəsinə də dəstək verirəm. Uğurlar! Neçə-neçə layihələrdə görüşmək ümidilə.
Qarabağın qara dərdi

Azərbaycan xalqının yaddaşında onun tarixi, həyat və məişəti ilə bağlı çoxlu nəğmələr, rəvayətlər, əfsanələr var. Koroğlu, Qaçaq Nəbi, Qatır Məmməd kimi xalq qəhrəmanları ilə bağlı və döyüşə səsləyən nəğmələr oxunanda insan özünü arxalı, ürəkli, güclü hiss edir. Koroğlunun qoç igidləri orta əsr tariximizin əsas istinadgahlarından biridir.

Dolun at belinə, qoç igidlərim. 
Xotkarı taxtından endirək, hoydu!
Talayaq  mülkünü, alaq malını,
Öyünü başına endirək, hoydu!


Belə nəğmələr sonralar aşıqlar tərəfindən oxundu. Zaman keçdi, öz gözəlliyini itirmədi. Hələ də o nəğmələr oxunarkən insan keçmişi ilə öyünür, toxdaxlıq tapır. Ancaq  XX, XXI əsr xalq düşmənlərinin əlində oyuncağa çevrilən, saysız-hesabsız igid gənclərin həyatını əlindən alan müasir silahların varlığı güclünü də, gücsüzü də qorxudur, istər-istəməz geriyə dönürsən: “Kaş o dövrdə yaşayaydım”. O zamanlar Oğuz oğlu düşməndən qorxmurdu, amma qışdan  yaman qorxurdu, ilin üç fəslini işləyib qışa tədarük görürdü. Böyük Çillənin çarəsizliyini yaşamamaq üçün çırpınırdı.  Amma Böyük Çillənin amansızlığı belə ona qismət gətirmişdi. Əli-ayağı donan, saqqalı buz bağlayan, əli boş, kor-peşiman evinə dönən Oğuz igidinin qabağına sonradan onun simgəsinə çevrilən qurd balası çıxmışdı, ona qismət gətirmişdi və Oğuz eli indiyə qədər ən imkansız vaxtında belə yavan çörəyə möhtac olmur. İndi zaman başqadır, “arxalı köpək qurd basır”. Düşmən uca dağlarımızda, güllü-çiçəkli çəmənlərimizdə səfa sürür. Amma mən düşünürəm  ki, bizim dağların qarı bizsiz əriməz, inanmıram ki, boynubükük bənövşəmiz düşmən üzünə gül aça, kəklikotumuz “onların dəmkeşində” dəm tuta, xınalı qayalarımız “onlara” heç xınayaxdı da keçirməz. Vəfalıdı bizim dağlar, bizim torpaqlar. Ən qədim dövrlərdən, hətta Dədəm Qorqud dövründən üzü bəri baxanda görürük ki, yağı düşmən iigidlərimizin arxayın düşən vaxtında həmləsini edib- əlində silah olmayanda, ova gedəndə, xeyir-şər vaxtı. Dağlıq Qarabağ və ətrafındakı yeddi rayondan Azərbaycan  xalqı beləcə -əliyalın vaxtında silah gücünə çıxarıldı. Ocaq yerləri dağıdıldı, ölən öldü, canını qurtara bilən qurtardı, düşmənə əliyalın “dirəşən” əsir alındı və ya  işgəncəyə məruz qaldı. Oğuz igidlərinin taleyi bir daha XX əsrin 90-cı illərində “kitablaşdı”. Allahından, xalqın mənəvi dəstəyindən güc alan, təmkinini gözləyən müasir ictimai-siyasi tariximizin gerçəklikləri dönəmində öz ilkinliyini-oğuzluğunu, göytürklüyünü qoruyub saxlayan neçə-neçə Azəri oğlu hərəkətləri ilə fövqəlinsan səviyyəsinə qalxdı. Ramil, Mübariz, Dilqəm və dostları və yüzlərlə belələri özlərinə, ailələrinə, bizə və Vətənimizə şanlı tarix yaşatdı və arxivləşdirdi. Kəlbəcərə- öz vətəninə, yurduna, yerinə, anasının qəbrinə ziyarətə gedən Əsgərov Dilqəm və dostu Quliyev Şahbaz ermənistan ekstremistləri tərəfindən əsir alındı və məhkəmə qərarı ilə həbs edildi, qəribə nüansdır, öz torpağına, anasının qəbrinə ziyarətə gedərkən. 27 ildir yüzlərlə kəlbəcərli gözünü sonsuzluğa dikərək itkin yolu gözləyir. Gözlərini göylərin qapısından yığmayan bu elə ümid güc verir, bir də inam. Torpaqlarımız yağı düşmən əlində inləyir, zamanın çarxı fırlanır, çox sədaqətsizdir. İgid oğullarımız Vətənin dar günündə, cihad vaxtında,  şəhid olmaq üçün yox,  igidlik göstərmək üçün, ölümə meydan oxumaq üçün, öldürmək üçün ayağa qalxıb. Gözəl yurd yerlərimizi talayan düşmənə göz dağı vermək vaxtıdır, ərlik məqamıdır. Qoy igidlərimiz günahsızın qisasını günahkarlarda qoymasın! Mehdixan Kəlbəcərli yazır ki, 

Üzdə üzümüzə gülən dünyadı,
Öz işini yaxşı bilən dünyadı.
Pay verib dərdindən ölən dünyadı,
Verdiyini geri almasa olmaz!... 


Azəri əsgəri də, türk əsgəri də birlikdə haqqı, ədaləti  saymayanları dizə gətirəcək, bizim olanı bizə qaytaracaq. Bənövşə, nərgiz görəndə, səpələnmiş lalə görəndə diksinən, özünü Kəlbəcərdə sananlar  qoxulayanda həqiqəti anlayır- bu bizim ellərin çiçəyi deyil.

Murovun başında əsdi küləklər,
Təzələndi çox arzular, diləklər. 
Qarşımda nazlandı əlvan çiçəklər, 
Güllər mənim güllərimə bənzədi. 


Gözəlliklər içərisində düşmənə aldandı Oğuz igidləri. Yol ayrııcında Qurd balasının verdiklərini yurd yerinə gətirdi, sünbülü əkdi, sürünü yaylağa sürdü, Oguz elinə bar-bərəkət gəldi, kefi kök dolandı, Novruz bayramını keçirdi, onu arxayanlıq basdı, bayram yenicə qurtarmışdı ki, yağı düşmən Kəlbəəcəri ələ keçirtdi. Bu dəfə Novruz ona uğur gətirmədi, amma adətinə, uğuruna, ilin təzələnməsinə inandı, inancına sadiq qaldı. Bu Oğuz igidinə nə deyəsən? Düşmən namərddirsə, onun günahı nə? Bəlkə bir az arxayındır? 

Ağca-ağca Oğuz qızları
Göyçə-göyçə yaylalardan gül toplasın.
Gündoğandan günbatana orduların qopsun. 
Oguz ellərindən arxan gəlsin,
Yağıların yaman yerdə axşamlasın. 


Oguz qızları beş il Kəlbəcərdə toysuz qaldı. İgidlər sərhəddi qorudu, bayramı evlərə endilər, olan onda oldu, düşmən əlinə fürsət keçdi.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan əsgərləri ilə tez-tez görüşürdü. Hər dəfə onun qürurla söylədiyi “Salam,  əsgər” ifadəsi əsgərləri döyüşə ruhlandırırdı. Təkrar-təkrar xatırladırdı: “Hər bir azərbaycanlı hiss etməlidir ki, Vətəni qorumaq onun vəzifə borcudur. Xüsusən, indi hər kəs müsəlləh əsgər olmalıdır”. Bu məqamda Səməd Vurğunun aşağıdakı misraları yada düşür:

Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən.


Azərbaycan mərd igidlər, qəhrəmanlar diyarıdır. Vətənə xidməti özünə borc bilən hər bir Azərbaycan oğlu valideynlərindən, el-obasından xeyir-dua alıb öz yerini, doğma yurdunu qorumaq üçün əsgəri xidmətə gedir. Bütün bunları televiziya ekranlarından izləyən bizim kimi insanlar Azərbaycan əsgərinin, onun tabe olduğu ordumuzun gücünə inanır. Ona da inanır ki, bu əsgər bir gün Qarabağdan xəbər gətirəcək. Əsgərlərimiz kitablardan qəhrəmanlıq tariximizi öyrəndi. Cavanşiri, Babəki, Oğuz igidlərini, Koroğlunu, Nəbini, Səttarxanı, Xiyabanini, Pişəvərini tanıdı. Valideynlərinin və özlərinin gözü önündə baş verən Qarabağ döyüşləri, 20 yanvar hadisələriinin, aprel döyüşlərinin şahidi oldular. Yüzlərlə şəhidin şahidinə çevrilən bu gənclər Fərid Əhmədovdan, Çingiz Mustafayevdən,  Ramil Səfərovdan,  Mübariz İbrahimovdan Vətəni sevməyi öyrəndilər. Qeyri-bərabər döyüşlərdə şəhid olan Fərid və Mübarizin şəhidlik səviyyəsi,  döyüş  rəşadəti əsgərlərimizin and yerinə çevrildi. Hələ mənim Kəlbəcərimdə narahat gəzən şəhid ruhlarını demirəm. O güllü, çiçəkli məkan xarabalığa çevrilib, Kəlbəcərin qartallı dağları dumana bürünüb, gülzar yerində bayquşlar gəzir. Buz bulaqlarımız düşmən “ciyərini soyudur”. Əli qoynunda illərdir bala yolu gözləyən ana və ataların ümidi Azərbaycan əsgərinədir. Haqsızlığa dözdüyümüz bəsdir.
İtaliyada səfərdə olarkən cənab prezidentimiz İlham Əliyev xatırlatdı ki, ordumuzda on minlərlə Fərid və Mübariz  kimi əsgərlərimiz var. Torpaqlarımızı qorumağa hazırıq. Qafqazda ən mübariz ordu Azərbaycan ordusudur. Ordumuzda ruh yüksəkliyi və döyüş texnikası var. Biz haqlıyıq, torpaqlarımızı düşmən işğalından azad etməyə də gücümüz var. İstənilən parametr üzrə Azərbaycan ermənistandan üstündür: iqtisadi, siyasi, hərbi və s.  Döyüş hazırlığı, peşəkar ordu, ruh yüksəkliyi, Azərbaycan xalqının iradəsi, iqtisadi təminat ona əsas verir ki. hərbi yolla torpaqlarımızı geri ala bilərik. Ancaq biz müharibə istəmirik. Döyüş bölgəsindəki hər bir itki bizə ağırdır. Odur ki, haqqımızı danışıqlar yolu ilə almağımız daha düzgündür. 
Bakı şəhər 2 saylı “Fəxri və Şəhidlər xiyabanı”nda, digər Şəhidlər xiyabanlarılnda uyuyan şəhidlərimizin xatirəsi, ruhu buzə təlqin edir ki: “Biz hamımız Mübarizik, biz hamımız Fəridik” deyə bilərik. Türklərdə belə bir atalar sözü var: “İgid namı ilə yürür”. Biz də deyirik ki, “İgid ölər, adı qalar”. Mən igidlərin ölməsini istəmirəm. Qoy qəhrəmanlıq göstərsinlər, ancaq onlar bizə sağ lazımdır. Qoy anaların əli qoynunda qalmasın. Mübariz bir əsgər kimi döyüşə gedəndə anasına məktub qoymuşdu. Şəhidliyi göz önünə alıb, düşmən üzərinə getmişdi. Şairlər onun qəhrəmanlığına, son məktubuna söz qoşdular.

Çırpınıram bir quş kimi, 
Sığmır ürək yuvasına. 
Rahat olar şəhid ruhu, 
Xain getsə bəlasına. 
Ata, ana oxu bunu.
Yazıram son məktubumu. 
Ruhuma siz dua edin 
Haqqınızı halal edin. 
Son ricam bu, son sözüm bu: 
Şəhid olsam, ağlamayın.
 

Öz arzusuyla torpağına baş qoyaraq şəhidlik zirvəsinə ucalan,  özünə əbədi həyat yolu seçən Azərbaycvan əsgəri Mübariz İbrahimova salam olsun! Onun üçün gah qərhrəmanlıq mahnısı, gah da ağı oxuyuruq. Ancaq biliirik ki, o, şəhidlik zirvəsindən bizə baxıb gülümsəyir. Ona görə ki, o da Ramil Səfərov, Fərid kimi düşmənin gözünün içinə baxıb sözünü “kişi kimi deyib”
Ancaq uzun illərdir düşmən tapdağında qalan torpaqlarımıza heyf!  Doğma Kəlbəcərimə heyf!

Oxudum şeirini şair Mehdixan,
Hayıf, Kəlbəcər tək məkana, hayıf!
Namərd əlləriylə saraldı, soldu,
O güllü, çiçəkli cahana,  hayıf!

O məkana ki, yüzlərlə bəxti kəm ölümə tuş oldu, onlarla insan itkin düşdü. Dədə Şəmşir kimi el şairlərinin məkanı Ağdabandan nişanə qalmadı. Kəlbəcərin varidatı  İrəvana çəkildi. Uzun illərdir övlad həsrətiylə saçını yolan anaların, beli bükülü ataların gözü Murov yollarında qaldı. Biz kəlbəcərlilər də peyk antenayla baxırıq: Kəlbəcərin qızıl mədənləri qazılır, torpaq qarışıq maşın karvanlarıyla daşınır. Qohumlarımız bizim “İsti-su” adlı mineral suyumuzu  Moskvadan satın alıb bizə də gətirdilər. Ancaq üstündə “İrəvan istehsalı” yazılmışdı. Odur ki, Tomris anamıızın, Qazan xanın, Cavad  xanın tarixdən silinməyən qüdrətini unutmayaq. 

Qalx ayağa,  Vətən oğlu, qalx ayağa,  Vətən qızı
Görmürsənmi ayaqlayır yağı düşmən xalqımızı?!

Səsimizə Azərbaycan əsgəri səs verir: “Hələ dayan, nə görmüsən?”
Bizə ümid verən Azərbaycan əsgərinə salam olsun! Məsləkimizi, əqidəmizi, vicdanımızı  ləkədən qurtaracaq Vətən oğullarına salam olsun! Vətənimizi intizardan qurtaracaq o kəslərə salam olsun ki, yaxşını yamandan seçir, bu taleyin sınağından bir türk kimi keçməyə hazırdır. Hər zamanın bir hökmü var. Xeyirlə Şər yanaşı addımlayır. Zərdüşt babamızdan üzü bəri bizim torpaqlarımızda İşiq Qaranlığa qalib gəlib “Hamımız bir, birimiz hamı” olaq. Deməyək ki, mənə nə var. Bu Vətəndə hər nə varsa, sənə də var, mənə də var! 

Dalidag.az





Kateqoriya: Poeziya-nəsr
Tarix: 10-09-2020 13:20
Baxış sayı: 31 335
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını