"Gəncliyini axtaran adam"ın "Xəyanət"i

19-07-2020 11:46
                  Namiq ZAMAN
 

1971-ci ildə Laçın rayonunun Zağaltı kəndində doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Çeşidli adlar altında nəşr olunan qəzet-jurnal, almanax, onlayn sayt və dərgilərdə şeirləri, hekayələri, publisistik yazıları dərc olunub. Bu ilin əvvəllərində “Qanun” nəşriyyatında “Səni düşünürəm” adlı şeirlər kitabı nəşr olunub. “Bənövşə” jurnalşnın əməkdaşı, AYB-nin Mingəçevir bölməsinin ən istedadlı üzvlərindən biridir. Laçın rayonunun işğalından sonra müvəqqəti olaraq Ağdaş rayonunda məskunlaşıb.

İsmayıl İmanzadə, AYB-nin Mingəçevir bölməsinin sədri


XƏYANƏT


(hekayə)

Qoca ulas”ın* yanında qaraltı göründü. Bundan xəbər tutan camaat kəndin yuxarısındakı “Xırman yeri”nə axışdı. Gecə yağan qardan sonra hər yer ağappaq olduğundan, qaraltı daha yaxşı seçilir, diqqəti tez cəlb edirdi. Hava tər-təmiz, buludsuz və günəşli idi. Hamının nəzəri qarşı tərəfə – çayın o tayına, meşə talasındakı qaraltıya yönəlmişdi. Tezliklə hər şey məlum oldu: “Qoca ulas”la qabaq-qənşər balaca bir mağara vardı. Nə vaxtsa gəlib burada “qış yuxusu”na getmiş qonur ayı mağaranı tərk edərək, yavaş-yavaş ordan uzaqlaşırdı. Sinəsi və ayaqları ilə qarı yara-yara “Poçt yolu”nu keçən ayı “Həsənağa”nın düzünə çıxdı. Geriyə çevrildi, çöməlib bir müddət hərəkətsiz qaldı. Ətrafı gözdən keçirib havanı iylədikdən sonra, qollarını yuxarı qaldırıb bir az dikəldi. Boğuq, amma uca səslə nərə çəkdi. “Moruqlunun dərəsi” vəhşi bağırtıya əks-səda verdi. Bu vahiməli səs yeri-göyü silkələdi, ağacların, kolların üstündəki qar yerə töküldü. Kəndin qənşərindəki “Dəmirçi dağı”nın döşündən qopan nəhəng qar topaları diyirlənib “Meşənin başı”nda təpəcik əmələ gətirdi. Bir anda ətrafda civildəşən quşların səsi
kəsildi. Qəribə bir səssizlik yarandı. Hamı heyrətlə biri-birinin üzünə baxırdı. Baş verənləri anlamaq çətin idi...
Qaraltı “Dikyurd”un sinəsilə ilan kimi qıvrılıb-gedən qar basmış yolla üzüyuxarı sürünürdü. Obanın yaşlı sakinləri bu vaxta kimi belə bir hadisəyə rast gəlmədiklərini deyirdilər. Uzun illərdən bəri boş qalmış mağaraya bu heyvan haradan, necə gəlib girmişdi? Birdən-birə, “qışın oğlan çağı”nda, yuxusundan yarımçıq oyanıb bu vəziyyətdə – gecələrin birində deyil, səhərin açılan vaxtı oranı niyə tərk edirdi? O niyə öldürüləcəyindən qorxmur, özünü hamıya göstərirdi? Bəs bu hikkəli qışqırığın, baş alıb getməyin səbəbi nə idi?.. Cavabsız suallar beyinlərə, düşüncələrə hakim kəsilmişdi.
Artıq “Çalbayır”ın aşırımında görünən kainatın bu sirli varlığı qürub etməkdə olan günəşin son şəfəqləri içərisində əriyib yox oldu. Heyrətdən donmuş insanlar axşamın ala-toranlığında çəkilib öz evlərinə getdilər. O gecə heç kəsin gözünə yuxu getmədi.
Səhər açılar-açılmaz ayının izinə düşən adamlar dünən onun “Sarısərçəli meşəsi”nə getdiyini güman etsələr də, az müddətdən sonra yanıldıqlarını gördülər: iz onları aparıb “Qızıl- qaya”nın başına çıxartdı. Atlılar üzü kəndə sarı oturmuş halda donub qalan ayını görüb təəccübləndilər. Yenicə doğan günəşin qızılı şüaları onun üz-gözünü və enli sinəsini dünənki kimi parıldadırdı. Sifətindəki qəzəb və nifrət aydın sezilirdi. Sanki yenə də var gücü ilə bağırmağa, nəyi isə anlatmağa hazırlaşırdı...
Bu söz-söhbət uzun müddət danışıldı. Kəndin ağsaqqal, dünyagörmüş adamları ayının intihar etdiyini və bununla hansısa gizli bir mətləbdən xəbər vermək istədiyini söyləyirdilər. Bu, həm də yaxın zamanda baş verəcək xoşagəlməz hadisənin ola biləcəyindən və buna hər an hazır olmağın vacibliyindən xəbər verirdi.
Əslində, camaat hər şeyə çoxdan hazır idi: aşağı bölgələrdən məmləkətə soxulmuş yadelli quldurları yiyələndikləri ərazilərdən çıxarmaq üçün kəndin əli silah tutanlarının əksəriyyəti, xüsusən cavanlar oraya getmişdilər. Onlar gecə-gündüz səngərdə idi. Döyüşlərdə həlak olanlar, itkin düşənlər vardı, torpaq bir daha şəhid qanı da dadmışdı. Amma bütün bunlara baxmayaraq, heç kəs qorxmur, ruhdan düşmürdü. Elin-obanın qeyrətli, cəsur oğulları öz ata-babalarının vaxtilə tutduğu yolla gedərək, silaha sarılmış, bu dəfə nə olur-olsun, azğınlaşmış düşməni tamamilə süpürüb vətənin hüdudlarından kənarlaşdırmağı, zaman-zaman baş qaldıran bu dava-dalaşa, qan-qadaya birdəfəlik son qoymağı qət etmişdilər. Yenidən öz dönüklüyünü, qaniçənliyini ortaya qoyan bu xain “qonşu” vaxtilə uzaq məmləkətlərdən gəlib buralarda məskən salmış, sonralar ətraf bölgələri də ələ keçirmək məqsədilə bir-neçə dəfə hücuma keçərək, xeyli dağıntı, tələfat törətmiş, hər dəfə də istəklərinə nail olmuşdular. Ayrı-ayrı vaxtlarda yerli əhali onlara qarşı mübarizə aparsa da, son anda, məmləkəti işğal etmiş daha böyük düşmənin
havadarlığı sayəsində burada özlərinə yer eləmiş, zəli kimi əyalətin ortasına sancılmışdılar. İndi isə yenə də baş qaldıraraq, buranın qədim sakinlərini öz məskənlərindən qovmaq istəyirdilər.
Budəfəki ağır döyüşlərdə mühasirədə qalmış, aclıq və itkilərlə üzləşmiş düşmənlər qarşılaşdığı müqavimətdən sarsılaraq, savaşı dayandırmaq, tezliklə buraları tərk etmək fikrindəydilər. Canıyla, qanıyla vətənə bağlı olan igidlərsə, onların başına od ələməkdə davam edirdi. Ölümün üstünə atılan bu ərənlər yaxın günlərdə hər şeyi alt-üst edəcək xain hiyləsindən hələ xəbərsiz idilər...
Kənddə narahatlıq get-gedə artırdı. İllərdən bəri hər cür çətinliyə sinə gərmiş bu insanlar qorxmurdular, onları qarlı qışın bu vədəsi, ailə-uşağın vəziyyəti düşündürürdü. Bir yandan da, əvvəlki kimi sərbəst deyildilər və istədikləri şəkildə mübarizəyə qoşula, öz güclərindən faydalana bilmirdilər. Bunun da səbəbləri vardı: artıq “nizami” ordu yaradılmışdı, könüllü döyüşçülər də ordu ilə birlikdə komandanlığın istəyinə uyğun hərəkət etməyə məcbur idi.
Hadisələrin axarı xeyli dəyişmişdi. Döyüşə rəhbərlik edənlərin ikibaşlı hərəkəti hamını çaş-baş qoymuşdu. Bəzən könüllü döyüşçülər yersiz əmrlərə tabe olmur, buna görə cəza alırdılar. Təxribatlar güclənir, əsgərlər arasındakı pərakəndəlik get-gedə dərinləşirdi. Onlar sahib olduqları yerlərdən xeyli geriyə çəkilmişdilər, hücumlar çoxlu itki və məğlubiyyətlə nəticələnirdi. Əlverişli yerlərdən uzaqlaşdırılmış əsgərlər aşağı bölgələrdən xəbərsiz idi, aşağılarla əlaqə kəsilmişdi. Döyüşçülərə hər gün geri çəkilmək əmri verilir, düşmənlərsə, bundan istifadə edərək, öz ərazilərini genişləndirirdilər.
* * *
Bu səhəri camaat yenə acı xəbərlə açdı: əsgərlər döyüş meydanından tamamilə arxaya çəkilərək, qonşu obalara qədər gəlib çatmışdılar! Çöhrələrdə hüznlü bir təlaş vardı. Mal-qoyunun mələşməsi, toyuqların, itlərin səsi biri-birinə qarışmışdı. İnsanların ağzında söz də donmuşdu, kimsədən səs çıxmırdı...
Bu vaxtlar torpağın oyanan, quşların bala çıxaran vaxtı idi. Bahar qoxusu, yaz ətri hər tərəfi bürümüşdü. Axşam-səhər əsən ilıq meh dağlara, düzlərə sığal çəkib, dərələrin bal kimi süzülüb gedən dum-duru, ilıq sularında yuyunurdu. Hərdən nərildəyən ildırımın havanı, dağı-dərəni titrədən gurultusu, göz qamaşdıran şimşəyin göy üzündə damarlanan parlaq işığı, bir anda sellənən yağışın torpağı döyəcləyən iri damcıları möhtəşəm oyanışın əzəmətli təntənəsi kimi, yenə də hər yanı canlandırırdı. Dumanlı-çiskinli yaz yağışından sonra səmanı bəzəyən al-əlvan göy qurşağı bu bakirə gözəlliyə yeni bir naxış artırırdı. Kənd camaatının hərilki kimi, qoruyub saxladığı toxumları, tumları səpdiyi şumlar da göyərmişdi. Evlərin yaşıllığa, gülə-çiçəyə qərq olmuş geniş həyətlərindəki toyuq-cücə günəşin mehriban gülüşündən xumarlanıb, öz həzin nəğmələrini oxuyurdu. İlk baharda çiçəkləyən alça ağacları meşəni saçı yenicə çallamış, müdriklik yaşına qədəm qoyan nurani insana bənzədirdi. Talalarda nərgiz, bənövşə, pəşəməngül, inciçiçəyi
sanki biri-birilə bəhsə girib, öz zərif görkəmi, təkrarolunmaz ətirlərilə ətrafdakılara naz satırdı. Bulaqların, dərələrin, çayların yanından keçəndə, suların zümzüməsi kəkotunun, yarpızın, mustafaçiçəyinin, lilparın, zəncirotunun xoş qoxusu, rəngbərəng kəpənəklərin asudə uçuşu, arıların çiçəkdən-çiçəyə qonaraq, onları “əzizləməsi”, “öpüb-oxşaması”, bu füsunkar mənzərədən ilhamlanan quşların şövqlə oxuduğu şux nəğmələr adamı ovsunlayırdı. Bir sözlə, təbiətin ən gözəl, ən təravətli, “torpağın gül, daşların dil açan” çağıydı. Amma bunların heç biri insanların gözünə görünmür, onların ruhunu oxşaya bilmirdi. Çarəsizlik əzabı yaşanırdı...
Heç kəsin ağlına belə gəlməzdi ki, uzaqlarda gedən savaş nə vaxtsa buralara – “Araz”la “Kür”ün suayrıcına, hər daşı, qayası, keçilməz bənd-bərəsi ilə təbii səngər, alınmaz qala olan bu yerlərə, bu uca dağlara gəlib çata bilər, ölümə belə meydan oxuyan aslan cüssəli igidlər iyrənc oyunların qurbanına çevrilib, yağı qarşısından geri çəkilər. Amma budur, düşmən günbəgün boş qalmış əraziləri ələ keçirir, get-gedə yuxarılara sarı yol alırdı.
Məmləkətin başı üzərindəki qara buludlar getdikcə çoxalır, uğursuzluq küləyi sinəsini didim-didim didirdi: hazırlanmış döyüş planları boşa çıxır, öndə gedən say-seçmə oğullar müəmmalı şəkildə qətlə yetrilir, yaxud “itkin düşürdü”. Obalardakı şəhid məzarlıqlarında savaşda həlak olmuş əsgərlərlə yanaşı uyuyan, düşmən gülləsinə tuş gəlmiş günahsız sakinlərin, qarı-qocanın, gənc və körpənin məzarı da az deyildi.
Ehtiyatı əldən vermək olmazdı. Qadınları, yaşlıları və uşaqları kənddən bir mənzil uzaq olsun deyə, obaların yaylaq yerinə – “Qızılqaya”nın qonşusu, “Mıxtökən”ə, “Murov”a, “Dəlidağ”a “sirdaş” olan “Sarıyoxuş”a aparıb, orada hazırladıqları dəyələrdə yerləşdirdilər. Başının dumanı-çəni çox vaxt əskik olmayan bu dağın zirvəsindən hər yan; “Çilgəz”, “Alaqaya”, “Cinli gədik”, üzüaşağı uzanıb gedən “Qırxqız” silsiləsi və onun aşağı zirvə hüdudu sayılan “Sarıbaba”, “Keşik(çi) dağı”, “Dəmirçidağ”, “Qaragöl”, “İşıqlı” dağı, “Qabaqtəpə” tərəflər, ucsuz-bucaqsız yaylalar... göz işlədikcə görünürdü. Hava aydın və sakit olsa da, arabir əsən sazaq adamın iliyinə işləyirdi. Elə bil baharın nəfəsi buralara gəlib çatmamışdı. Dağlar öz qonaqlarının bu vaxtsız-vədəsiz gəlişini, ağrısını, müsibətini əvvəlcədən duymuş, ciyərinin yanğısını söndürmək üçün başında qar da saxlamışdı. Bulaqlar da əvvəlki kimi bəxtəvərcəsinə çağlamır, sakitcə göz yaşı axıdırdı...
İndi “Qızılqaya” camaatın gözündə daşlaşmış nəhəng ayını xatırladırdı. O ayını ki, o, hələ üç-dörd ay bundan əvvəl, şaxtalı bir qış günündə özünü qurban etməklə, bütün bu olanları camaata xəbər verməyə, onları ayıq-sayıqlığa çağırmağa çalışırdı. Son və əbədi mənzil kimi hər kəsin görə biləcəyi, bəlkə də özünün hamını, hər yeri və hər şeyi müşahidə edə biləcəyi bu məkanı seçmişdi. Yəqin ki, daşlaşıb “Qızılqaya” boyda əzəmətli bir dağa çevrilmiş ayının narahat ruhu bu
faciəni kənardan – həmin o uca zirvədən izləyirdi. O artıq cismən torpağa çevrilsə də, indi daha çox “danışa bilirdi”. Onun nə demək istədiyini camaat indi daha aydın başa düşürdü. Lakin gec idi...
Artıq hava qaralırdı. Kəndin üstünü qorxunc bir kabus almışdı. Hökm sürən cansıxıcı sükutu arabir hürən, ulayan itlərin səsi pozurdu. Kənd sakinləri yenə də həyatlarının ən çətin anlarını yaşayırdılar, doğma dam-daş sıxırdı onları. Sümükləri sızıldadan qərib duyğular tüğyan edirdi. İnsanlar sanki bu anda onlardan xeyli uzaqda – məmləkətin güney-gündoğanında satqın əməlinin güdazına getmiş, torpağı, od-ocağı, malı-mülkü talan edilərək ağır işgəncələrə düçar olunan soydaşlarının dəhşətli iniltisini hiss edir, “Araz”ın daşqın sularının gecənin qaranlığında amansızlıqla udub əbədi susqunluğa qərq etdiyi talesiz yurddaşlarının fəryadını eşidirdilər...
Gecəyarısı aşağı obalardakı yanğınların alovu havanı işıqlandırdı. Atışma səsləri, qulaqbatıran uğultu getdikcə yaxınlaşırdı. Müqavimət göstərməkdə aciz qalan döyüşçülər də geri çəkilməkdə davam edirdilər.
Danışmaq, hətta düşünmək belə mənasız idi, vaxt itirmək bundan da ağır faciəyə yol aça bilərdi. Əlləri hər yerdən üzülmüş insanlar evlərini tərk edib dağlara üz tutdular...
“Sarıyoxuş”da yaşadığı əzabdan və soyuqdan titrəyən insanlar şaqqıltıyla alovlara qərq olub tüstüsü ərşə qalxan kəndləri “seyr edirdilər”. Ürəkdağlayan ah-nalə nidaları gecənin zülmətini param-parça edirdi. “Buzxana”da, “Yelliyurd”da, “Cəhənnəmdərə”də ulayan qurdların səsi haylı-haraylı bir həyatın yetişməkdə olan qəmli sonluğundan xəbər verirdi. Bu müdhiş mənzərə iti bıçaq kimi dağın-daşın sinəsini dəlir, onların sirli yaddaşına hopurdu.
Gecənin dəhşətində vurnuxan insanlar sanki öz doğma məskənini heç zaman tərk etməyən, axır məqamda isə yurdunun daşına, torpağına çevrilib onunla əbədiyyətə qovuşan ayının nəfəsini hiss edir, hənirtisini eşidirdilər. Onun qaranlıqları ilğımtək yarıb-keçən qəzəbli baxışları adamların üzünə, gözlərinə dikilib onlara bir an rahatlıq vermir, üstlərinə nifrət dolu suallar yağdırırdı...
Səhərin açılmağına az qalırdı. Daha ləngimək olmazdı, hava işıqlaşmamış onlar dağın arxa üzünə, – “Qaragöl” tərəfə keçməli idilər. Xəyanət qurbanı olan bu zavallı insanlar ürəklərini, ruhlarını orada qoyub, acı göz yaşlarıyla əbədi sirdaşları olan dağdan-daşdan, yurd-yuvalarından aralanaraq, sonu görünməyən, ünvanı bilinməyən yolçuluğa qədəm qoydular.
Qarşıda onları məşəqqətli didərginlik həyatı gözləyirdi...


GƏNCLİYİNİ AXTARAN ADAM

(hekayə)

Ətrafa yayılan səs-küy, hay-haray onu fikirlərindən ayırdı. Mənzil başına çatmışdı. Keyimiş ayaqlarını sürüyə-sürüyə avtobusdan düşdü. Dərindən nəfəs aldı. Buraları ilk dəfə görürmüş kimi, diqqətlə gözdən keçirdi. Hər şey dəyişmişdi. Adam və maşın əlindən tərpənmək mümkün deyildi, sanki qarışqa qaynaşırdı. Avtobuslar da ağzınacan adamla dolu idi; əyləşənlərin çoxu başını aynaya söykəyib, gözlərini yummuşdular. İlk baxışdan, simalarındakı ifadəyə əsasən, düşünmək olardı ki, onları buraya zorla dürtüblər və “gedər-gəlməz”ə yollayırlar. Hamının üzündə kədər, hərəkətlərində yorğunluq hiss olunurdu. Elə bil harasa tələsirdilər, kimsə qovurdu onları. Yerdəki və küləyin havada uçurduğu zir-zibil isə bu görüntüyə yeni bir rəng qatırdı. Şəhər bu vəziyyətdə – öz sakinləri və zibillərilə birlikdə əldən düşmüş, pinti, cır-cındır içində itib-batan, ömrünün son günlərini yaşayan kimsəsiz, xəstə qocaya bənzəyirdi. Maşınların tüstüsü, yanmış ət qoxusu biri-birinə qarışmış, avazı bəlli olmayan musiqinin gur səsi aləmi başına götürmüşdü. Yolun kənarındakı balaca dayanacağın hər iki tərəfində böyük aptek tikilmişdi. Vaxtilə bu dayanacağın yanında gül-çiçək mağazası və qəzet köşkü vardı. Rəngbərəng güllərə, çiçəklərə baxmaqdan doymaq olmurdu, ətirləri ətrafı bürümüşdü. Yolun o tayında isə qəzet köşkü, ətriyyat və kitab mağazası yerləşirdi. İndi onların da yerində balaca dayanacaq, onun bir yanında böyük aptek, digər yanında isə üzərinə kömürlə kobud şəkildə “Dönər” yazılmış, görkəmi o qədər də yaxşı təsir bağışlamayan balaca bir koma görünürdü. Komaya güclə sığışan, əynindəki his və yağ ləkəli köynəyindən daha çox çirkabla işləyən fəhləyə oxşayan yekəqarın kişi əlindəki uzun, qılınca oxşayan xəncərlə önündə fırfıra kimi fırlanan ütülmüş ət topasının üzünü soyub o biri əlində tutduğu çörək parçasının arasına doldurmaqla məşğul idi. Buradakı yeniyetmə və gənclər isə heç nəyin fərqinə varmadan, verdikləri pulun müqabilində onun hazırladığı “dönər”ləri alan kimi, acgözlüklə yeməyə başlayırdılar. Komanın yan tərəfindəki yaşıllıq zolağının yerində – elə yolun qırağındaca, toza-tüstüyə bürünmüş stolların ətrafında əyləşən adamlar, sanki dünyadan xəbərsizcəsinə, öz keflərində idilər; çay içən kim, çörək yeyən kim... Camaatın davranışında və geyim tərzində bir neçə il əvvəl mövcud olan “şəhər mədəniyyəti”ndən əsər-əlamət belə qalmamışdı. Tüstü dumanı arasından çətinliklə sezilən arxa mənzərə də ürəkaçan deyildi: doqquzmərtəbəli binanın birinci mərtəbəsindəki mağazanı indi “Tibb mərkəzi” eləmişdilər. Apteklərdə olduğu kimi, oraya da girib-çıxan çox idi (Bir anlıq ona elə gəldi ki, burdakı adamlar xəstədirlər və elə müalicə olunmaq, şəfa tapmaq üçün buraya gəliblər). Sağ tərəfdəki növbənöv mineral sular və müxtəlif meyvə şirələri satılan balaca “köşkü” isə “puldəyişmə məntəqəsi” əvəz etmişdi. Sol tərəfdəki mədəniyyət ocağının – klubun uçulub-sökülmüş görkəmi, bir vaxtlar burdakı göz oxşayan parkın yandırılmış cəngəlliyə bənzəyən mənzərəsi uzun illərdən qalmış xarabalığı xatırladırdı.
Çox sıxıldığını hiss elədi. Dönüb, tezliklə buranı tərk etməyi qərara aldı. Pillələrlə aşağı endi. Üzbəüz binanın birinci mərtəbəsindəki böyük univermağın yerini “Mebel mağazası” tutmuşdu. Ömrünün ən bakirə çağlarında buradan dəftər-qələm aldığı vaxtlar xəyalından keçdi. Binanın tinindən dönərkən, bir qədər duruxdu. Qarşıdakı tramvay yolunun yerində yol boyu uzanıb gedən yanaşı tikilmiş mağazalar xoşagəlməz bir uyğunsuzluq, nizamsızlıq yaratmışdı. Tramvay çoxdan “başını götürüb qaçmışdı”. Təkcə ayağının altındakı səki öz görkəmində qalmışdı: bozarmış, səliqəsiz, çala-çökəyi ilə ona şirin gəldi. Şəhərin əvvəlki özünəməxsus qoxusu burnuna doldu. Bayaqkı üzüntünün yerini yenidən xatirələr aldı. O günləri düşündü... Növbəti binanın yanına çatanda qeyri-ixtiyari dayandı. Bu ikimərtəbəli yaşayış binasının o qədər də böyük olmayan həyətində həmişə sakinlərdən kimsə samovar qaynadardı. Hər dəfə burdan keçəndə, o mənzərəyə baxar, duyğulanardı. İndi o tüstülənən samovar da yox idi, həyət zibilliyə bənzəyirdi, binaların da rəngi bir qədər solmuşdu.
Hündür hasarın doğma, bir qədər qərib duyğular yaşadan divarları da əvvəlki görkəmində idi. Sadəcə, onun da rəngi solmuşdu, çox nimdaş görünürdü. Hasarboyu addımladıqca, ayaqlarının taqətsizliyini hiss elədi. Dayandı. Geri qayıtmaq istədi. Amma nə fikirləşdisə, yenidən yoluna davam etməyə başladı. Sağa burulub qapıya yaxınlaşdı. Darvazanın şəbəkələri arasından tanış mənzərəni seyr etmək istəyirdi ki, elə bu vaxt qarşısında gülərüz, son dərəcə mehriban bir oğlan – gözətçi peyda oldu. Xüsusi qayğıkeşliklə: – Yəqin ki, siz də burda oxumusunuz? – deyə, soruşdu və cavab gözləmədən, özünün də bu məktəbi bitirdiyini söylədi, keçmiş məzunların tez-tez buraları ziyarət etməyə gəldiklərini dedi. Bayaqkı üzüntülərin fonunda bu cür isti qarşılanmağı onu ötəri də olsa, işıqlı bir məmnunluğa qərq etdi. Gülümsədi, təşəkkürünü bildirib, içəri – həyətə keçdi. Tətil vaxtı və axşamüstü olduğundan, orada başqa heç kəs yox idi. Gözətçi onu xatirələrlə baş-başa buraxdı.
Hər şey köhnə, hər şey keçmişdə olduğu kimi; həmin asfalt örtük, həmin skamyalar, həmin qoxu... Qapıdan içəri girərkən diqqəti ilk cəlb edən, üzərinə dahilərdən birinin kəlamı yazılmış böyük lövhənin yeri indi boş qalmışdı. Oradakı – qarşısında balaca hovuz olan su kranını açdı. Suyun axdığını görüb sevindi. Əyilib əl-üzünü yudu, su içdi. Ürəyinin yanğısı bir qədər azaldı. İrəli addımladı, ətrafı seyr etdi. Gəlib tanış bir skamyanın yanında dayandı. Diqqətlə oraya baxdı. Sanki bu dəqiqə həmişə burada əyləşib kitab oxuyan oğlanı – arzuları aşıb-daşan, gələcəyə həvəsli, ümidlərin ətəyindən möhkəm yapışan o inadkar, çalışqan, qaynar təbli, hamını doğma bilən, hər kəsə yaxın olan, mehriban, qayğıkeş, qara saçlı yeniyetməni görəcəkdi. Biixtiyar əyləşdi, əlini havada yellədi. Ona elə gəldi ki, indi yanında əyləşib, həmin oğlanın saçlarını tumarlayır. Hətta onun nəfəsini, ürəyinin döyüntüsünü belə eşidirdi. Dodaqları tərpənir, nəsə danışırdı – söhbət edirdi... Uzaq kəndlərin birindən buraya gəlmiş, qaynar şəhər həyatına düşən bu
oğlanın çöhrəsindən bir məğrurluq, saflıq, sadəlövhlük oxunurdu. Nəfəsində kənd ətri vard, baxışlarında ayrılıb gəldiyi dağların əzəməti, vüqarı canlanırdı. Qəlbin aynası olan gözləri də daşların arasından süzülüb axan bumbuz bulaqların dumduru, saf sularını xatırladırdı. Buraya gəlmək çoxdankı arzusu olsa da, birdən-birə bu süni şəhər mühitinə düşməyi ona heç də yaxşı təsir bağışlamamışdı. İlk vaxtlar çox darıxmışdı. Qarşıya qoyduğu məqsədə çatmaq istəyi olmasaydı, çoxdan dönərdi kəndə. Amma yolun yarısından qayıtmağı özünə sığışdırmamışdı. Düşünmüşdü ki, bu çətinliklər müvəqqətidir və yavaş-yavaş hər şey öz qaydasına düşəcək. İlk dəfə burda görmüşdü insanların paxıllığını, saxtakarlığını, ikiüzlülüyünü, yaltaqlığını, burda anlamışdı həyatın “yaşamaq uğrunda mübarizə”dən başqa bir şey olmadığını. Ziddiyyətlərlə dolu bu yaşam tərzini çətin də olsa, qəbul edib, ona davam gətirməyə məcbur olduğunu dərk etmişdi. Canındakı qələbə ruhuydu onu yaşadan, irəli aparan. Gecə-gündüz var gücilə bu qələbəyə çalışırdı. Heç kəslə “işi olmayan”, ürəyitəmiz biri olduğu üçün onunla sirdaşlıq edən yaxşı yoldaşı da az deyildi. Hərdən, meydana çıxan mübahisələri yoluna qoymağı da bacarırdı. Onunçün insanlıq hər şeydən uca idi. “Savadın, elmin, təhsilin varsa, deməli, kiməsə gərək olacaqsan, səni axtaracaqlar, yaşamaq səninçün heç vaxt çətin olmayacaq, yalnız vətəninə, xalqına xidmət etməklə – şərəfli həyatınla başqalarına da nümunə olacaqsan”, – deyə düşünmüşdü. Elə bilirdi ki, “halallıq” hamının amalıdır, hamı biri-birinə yardımçı olmaq üçün, bəşəriyyətin xilası, rifahı naminə elm oxuyur, savadlı olmağa can atır. Bu hisslər sonrakı ali məktəb illərində də onu tərk etməmişdi.
Yaxşı ki, yaxınlıqda heç kəs yox idi, onun göz yaşlarını görən olmadı. Nədənsə, çox kövrəlmişdi. Alt-üst olan həyatınamı acıdı, heçliyə qovuşan o ümidlərin puç olduğunumu düşündü, yoxsa o məsum gəncə fəlakətlərdən xəbər verdiyinəmi peşman oldu, bilmədi. Sarsıldı. Bütün gücünün tükəndiyini hiss elədi, qəhərləndi, vücudu titrədi. Ayağa qalxdı, bir az tutuldu, ətrafa boylandı. Üz-gözündən köhnəlik yağan, şüşələri qırılıb-tökülmüş, içərisinin də əvvəlki təravəti itmiş oranjereyanın yanındakı qapıdan keçərək, bir qədər təbii meşəliyi xatırladan ağaclığı görməyə can atdı. O görkəmdən əsər-əlamət qalmamışdı. Ağacların çoxu kəsilib-götürülmüş, yerində qalanları quruyub əldən düşmüş, bağın əsas hissəsində isə üzü çöl tərəfə böyük bir bina tikilmişdi. Cadar-cadar olmuş torpaq buralara çoxdan su axmadığından, insan əli dəymədiyindən xəbər verirdi. Bir vaxtlar gəzib-dolandığı yerlərin bu hala düşməyi, xatirələrinin kökündən qazılıb itirilməyi – bu cansıxıcı mənzərə ona əzab verdi. Geriyə qayıtdı.
O gənclik təravətli, gülərüz oğlanın əyləşdiyi skamyanın qarşısından keçib, sola buruldu. Bir daha peşman halda məktəb binasının qarşısında dayanıb baxdı. Bu dəfə başqa bir duyğu onu çulğaladı: həyatında ilk dəfə gördüyü gözəlliyin, duyduğu səmimiyyətin təsirindən qəribə vəziyyətlərə düşdüyü günləri xatırladı. Sanki elə indicə doğma, gülümsəyib baxan o simanı
görəcəkdi...
Heç vaxt hisslərə bu qədər qapılmamış, inanmamışdı. Bu günsə, əməllicə əsiri olmuşdu təzadlı duyğuların.
Arxaya qayıtdı. Acılı-şirinli xatirələr içərisində xüsusi yeri olan, indi xeyli sönük görünən yeməkxananın ətrafını həsrətlə dolanıb, yataqxanaya baş çəkdi. O çılğın yeniyetmə ilə bir daha “qarşılaşmamaq” üçün orada çox dayanmadı. Amma hiss olunurdu ki, hər addımda əvvəlki izlərini axtarır vaxtilə gəzdiyi, əyləndiyi yerlərdə.
Yataqxananın arxa tərəfində vəziyyət daha da qəmgin idi: əvvəllər məktəbin tibb məntəqəsi olan bu hissədə həyatı, yurdu-yuvası vəzifə, mal-mülk dəllalları tərəfindən hərraca qoyulmuş, düşmənə satılmış, zəngin keçmişi, şanlı-şöhrətli tarixi, dəyərli şəxsiyyətləri, ziyalıları ilə tanınan böyük bir elin, səfil görkəmli məktəbi yerləşirdi. Məktəbin bu miskin siması ona öz halının güzgüdəki əksi kimi göründü. Qopa bilmədi bu acı hisslərdən; illərdən bəri çəkdiyi əzab-əziyyət, didərginlik, həyatının tar-mar edilməyi düşdü yadına. Keçmişi, bu günü, gələcəyi işğal olunaraq əldə oyuncağa çevrilmiş bir məmləkətin ömrü-günü talan edilmiş günahsız adamları, onların taleyi, həyatı, kəsilən “başları”, sındırılan “dizləri”, gözüyaşlı körpələrin üzündəki miskin ifadə yenidən canlandı gözləri önündə. Qəfildən çilik-çilik olub ətrafa səpələndi həmin güzgü. Parçalarının üzünə toxunduğunu, sifətini yaraladığını hiss etdi. Bir anda qırmaq, dağıtmaq istədi hər şeyi, ucadan bağırmaq, axtardığını tapmaq, görmək istədi. Amma bacarmadı. Başını əlləri arasına alaraq, divara söykəndi və dondu.
Hava qaralırdı. Əsən külək yağış yağacağından xəbər verirdi. Tozanağa qərq olmuş küçə ilə bir adam ağır-ağır addımlayırdı. O, artıq heç nə düşünə bilmirdi. Hətta haraya gedəsi olduğunu da unutmuşdu...

Namiq ZAMAN


Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 19-07-2020 11:46
Baxış sayı: 3748
Müəllif: Namiq Zaman
Tarix: 19 iyul 2020 20:28
Böyk insan, əziz dost, ustadımız İsmayıl müəllim (İsmayıl İmanzadə), göstərdiyiniz diqqət və qayğıya görə sizə minnətdaram. Hekayələrimi səhifələrində dərc edən DALİDAG.AZ saytına da təşəkkürlərimi bildirirəm. Tanrı bizə tezliklə Cəbrayılda, Kəlbəcərdə, Laçında görüşməyi qismət etsin! Var olun!
Müəllif: Namiq Zaman
Tarix: 19 iyul 2020 20:29
Böyk insan, əziz dost, ustadımız İsmayıl müəllim (İsmayıl İmanzadə), göstərdiyiniz diqqət və qayğıya görə sizə minnətdaram. Hekayələrimi səhifələrində dərc edən DALİDAG.AZ saytına da təşəkkürlərimi bildirirəm. Tanrı bizə tezliklə Cəbrayılda, Kəlbəcərdə, Laçında görüşməyi qismət etsin! Var olun!
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını