“Hələ nəğməm var mənim” - Pərvanə Bayramqızı

26-06-2020 21:15
Küçədən “öz ritmimlə” keçirdim. Dilimdə bir nəğmə səslənirdi. Hansı nəğmə olduğunu yazmayacam. “Şifrələnmiş” mahnıdır. Yanımdan ötən maşının pəncərəsindən isə dilimdəki nəğmənin əksinə olaraq bir mahnı “hücumla küçəyə çıxırdı”: “Canım, canım, canım mənim, ürəyim sol yanım mənim”. Dilimdəki sevimli nəğməni ürəyimə ötürdüm. Balasını fəlakətdən qoruyan ana kimi bununla mahnını “xilas etməyə” çalışdım. İstəmədim bu havalı, sərbəst, ölçü-biçisiz mahnıya qarışsın. Özümü Ağca xanımı Qaraca qızdan uzaq tutmağa çalışan Pəricahan xanıma oxşatdım. 
Konfiçyüsün “Musiqi və ritm, yollarını ruhun gizli künclərində taparlar. Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir” “göydəndüşmə” fikri cəmiyyətimizin hazırkı musiqi zövqünü əməlli-başlı açıqlayır. Kütlənin musiqi zövqünün göstəricisi olan o mahnıya acı-acı güldüm. Neçə-neçə bəstəkarlar gəlib-getdi, neçə mahnılar unuduldu, dünya təzələndi, sevgiliyə edilən xitablar bir yana, bu ürək yerini dəyişmədi ki dəyişmədi; “ürəyim, sol yanım” – guya yeni ifadədir. 
Bu mövzuda Flora Xəlilzadənin “Zəif mahnı mətnləri, yaxud sözü qiymətdən salanlar” adlı yazısı da fikrimə qüvvət vermək üçün əla mənbədir. Ənənəvi üsulla yazılmış mətnlər, adətən, dahilərdən gətirilmiş sitatlarla başlayır. Yazılarımdan birində sadə mətnlərin aforizmlərlə “makiyaj” edilib bəzədilməsinin savadlı görünməyə xidmət etdiyini vurğulamışdım. Bu dəfə də digər tərəfdən yanaşaraq deyirəm ki, “bəzi aforizmləri oxumamış olsaq belə, biz də o qənaətdə oluruq, amma səsləndirən kimi deyirlər ki, filankəsin sözüdür. O filankəs rəhmətlik bizdən qabaq yaşayıb deyə tez yazıb də. Düşünmək qabiliyyətinə malik olduğumuzdan bu cür deyimlər bizdən də çıxır”. Götürək musiqini. Bu sənətə hər kəsin özünəməxsus yanaşması var, amma hər adam öz münasibətini sözə çevirmir. Lüdviq van Bethovenin “Ruhumu riqqətə gətirən musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərə bilmədiyi bir diyara oxşayır; təəssüf ki, bunu anlayan insanlar çox azdır” fikirlərinə bənzəyən sözlər, əminəm ki, çoxunun ağlına gəlib, amma heç yerə qeyd etmədiyindən tarixə düşməyib. 
Vilyam Şeksprin də “O insan ki, içində musiqi duyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri gecə kimi qaranlıqdır” qənaəti ilə, yəqin ki, çoxumuz razıyıq. Sitatları yekunlaşdırmaq olardı, əgər Hötenin “İfadənin etibarlı bir mənbəyə söykənməsi danışanın düşüncəsinə qanad verdiyi kimi, musiqi də duyğulara qanad verir”, – deyimini oxumasaydım. 
Keçmişdən, kitablardan ayrılıb reallığa dönəndə yadıma özüm düşürəm. Musiqi ilə nəfəs alan, sözlə, şeirlə, nəğməylə dost olan mən! Çayın şırıltısını, quşların civiltisini dinləməklə başlamışdı səsə sevgim. Bir də Salam Qədirzadənin qaranquşların naqildə düzülüşünü nota bənzətməyi ürəyimdən olmuşdu. Hərdən ağlıma gələn melodiyaları Şuşadan aldığımız kiçik pianinoda çalırdım. Belə doğmalaşdım musiqi ilə. Nəğmələr məni duyan yaxın dosta çevrildi. Həmişə hisslərimi onlarla bölüşdüm. 
Şeir nəğmənin yavan halıdır. Üzərinə qəlbinin yağını əlavə edəndə dadlı bir yaxmaya dönür. Kiçik fərqlərini nəzərə almasaq, mahnıyla şeirə əkiz də demək olar. Mahnı var ki, elə bilirsən, özün bəstələmisən. Elə bilirsən, içində tarmar olduğun gün nota köçürmüsən. Elə bilirsən, dərdin səni çöllərə salan vaxt nalə çəkmisən, elə bilirsən, o mahnının bəstəkarı da özünsən, ifaçısı da. Göynədikcə zümzümə edirsən, zümzümən də qayıdıb səni göynədir. Sən mahnını, mahnı da səni oxuyur. Sirrinə çevrilən mahnılar da var. Onu təkcə özün dinləmək istəyirsən. Duyğusuzlara qısqanırsan o mahnını. Hardasa eşitsən utanarsan, elə bilərsən, hamı səndən danışır. R.N.Güntəkinin “Damğa” və “Dodaqdan qəlbə” əsərlərində təsirli iki məqam var: birində epizodik qəhrəman sevglisini görəndə onu ələ verməmək üçün gözlərinə mil çəkir, digərində isə əsas qəhrəman sevdiyi qadını xilas etmək üçün özünü oğru kimi qələmə verir və həbsə atılır. Mahnıları gizlətmək də təxminən buna bənzəyir. Sirrinin açılmasından qorxur, “yalanını” gizlətmək üçün bəstəkardan istifadə edir, mahnılarda gizlənirsən. Məsələn, filan mahnıda filan hissə sənsən, amma “mən yazmamışam” deyib “canını qurtarırsan”. 
İçimizdəki təlatümləri aça bilməyəndə o mahnıları dinləyir, sakitləşirik. Hisslərimiz, duyğularımız şairdə, bəstəkarda, ifaçıda birləşib mahnı olur. O mahnı da sən oluran. Bəzən nəsə demək istəyirsən, ya söz ehtiyatının qıtlığından, ya da utanc hissinin “yüksək həddi” səbəbindən deyə bilmirsən. Hər şeyi ifadə etməyə bircə mahnı bəs edir. Dinləyirsən, dinlədirsən, dinlədirlər, hər şey aydın olur. 
Musiqini mətndən sıyırıb tökəndə yerdə qalan şeir özü də çox vaxt özünə musiqi bəstələyir. Misralar dildə hansı ritmlə rəqs edəcəyini özü göstərir. O şeirlər də nəğmədir. Axı onu da hansısa ürək öz nəğməsiylə yazıb. 
Özündən xəbərsiz halda ürəyində məskən salan hissləri şeirlər, mahnılar göstərir sənə. 
Cabir Novruz ruhundan qopub gələn “Sən elə bir vaxtda rast gəldin mənə”, “Gecikmiş məhəbbət”, “Səni unutmaqdan ötrü” kimi şeirlər musiqiyə bələnib daha da gözəlləşiblər. Bir az da öz nəğməni qatıb oxuyanda təsəllini 
mahnıdan alıb toxdayırsan. Elə bilirsən, dərdinə çarə tapdın. Elə bilirsən, yaxın bir kəs əlini çiyninə qoyub: “darıxma, hər şey düzələcək və ya yanındayam” deyir. 
Duyğularımı şerlərlə anlada bilmərəm, çünki şair deyiləm; 
özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm; 
düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm. 
Lakin bunların hamısını musiqi ilə edə bilərəm. (Amadey Volfanq Mosart: Avstriya bəstəkarı) 
Mən də Albert Eynşteyn kimi düşünürəm. “Əgər fizik olmasaydım, məmnuniyyətlə musiqiçi olardım”. 
Həmişə musiqi içində düşünürəm, həyatımı musiqi içində görürəm. Məhz buna görə Çarlz Darvinin dediyi kimi edirəm: “Əgər həyatımı yenidən yaşamalı olsaydım, ən azı hər həftə şeir oxumağı, musiqi dinləməyi özümə qayda edərdim”. 
Bütün bu yazımın ruhunu Xəlil Cibran bir kəlmə ilə açır: “Musiqi ruhun dilidir. O həyatın sirrini açır”. Bayaqdan onu demək istəyirəm. Sirrinizi açan mahnıları başqalarından gizlədin. Kim bilir, eyni mahnını bir-birindən gizlədən nə qədər insan var… 
Mahnı da var ki, onu həyatının ən dəyərli hədiyyəsi kimi qəbul edirsən, yadigar sanırsan. Yadigarı da qoruyar, sevər, başqasının toxunmağına razı olmarıq. Dinlədikcə sevinirsən, söz-söz, not-not tapırsan sevdiyini, elə bil pazl yığırsan. “Hə, bax bunu demək istəyib” deyə tapanda sevinirsən. Elə özün də çox vaxt ürəyindən keçənləri hansısa mahnının sayəsində çatdırırsan. Beləcə mahnılaşırsan. 
“Musiqi bəşəriyyətin universal dilidir. Bəli, biz də bir-birimzlə bu dildə danışdıq, anlaşdıq” deyib Henri Longfellou. Haqlıdır, səninlə musiqi dilində danışıram. Bax, sən dedim. Duydunmu? 
Ehtiyatda bir mahnı saxlayıram. Nə vaxt hiss etsəm ki, səni narahat edirəm, onda göndərəcəm. Və çəkilib gedəcəm. Bağrıma daş bağlayıb bir də səni axtarmayacam. “Harda ki sözlər tərk edib gedir, o yerdə musiqi başlanır” (Henrix Hayne.) 
Nə deyirsən, göndərimmi o mahnını? 
                                                                          
Pərvanə Bayramqızı 
Dalidağ.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-06-2020 21:15
Baxış sayı: 3786
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını