Coğrafi adların mənşəyi: Tədqiqatlar, tarixi faktlar, həqiqətlər

13-03-2023 12:29
M.İ.Verdiyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Bakı ş., Ü.Hacıbəyov küç. 68
[email protected]


Məqalənin tarixi:
Daxil olub: 09 iyul 2022
Təkrar işlənməyə göndərilib:
16 sentyabr 2022
Çapa qəbul olunub: 18 dekabr 2022
Açar sözlər:
toponimika
coğrafi adların mənşəyi
Kəlbəcər toponimi
Kənd adları
Tarixi mənbələr

X ü l a s ə
Məqalədə Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra yer adları-nın mənşəyi barəsində çoxsaylı məqalələrin yazılmağa başlanması müsbət hal kimi qiymətləndirilmişdir. Lakin toponimika sahəsində çalışan bəzi insanlar tərəfindən Azərbaycanın, xüsusilə də, işğal altında olan ərazilərin adlarının mənasına aid məsələləri tarixi mənbələri araşdırmadan, yozulmaqla söylən-məsi, sözlərin tərkib hissələrinə ayrılması vasitəsi ilə mənşəyinin yaranmasına hökm verilməsi və müxtəlif müəlliflər tərəfindən saytlarda, sosial şəbəkə-lərdə, qəzet materiallarında yayımlanması bu sahədə mənfi hal kimi göstə-rilmişdir. Xüsusilə də, Kəlbəcərin adının mənasının daha çox yozulmalar əsa-sında verilməsi qeyd edilmişdir. Məqalədə “Kəlbəcər” toponiminin araşdırıl-ması, adının müxtəlif dövrlərdə dəyişikliyə uğraması, xüsusi ilə də başqa dil-lərdə yazılarkən təhrif olunması arxiv araşdırmalarına istinadən verilmişdir. Elmi-tədqiqat zamanı tarixi mənbələrdən əldə edilmiş xəritə-sxemlərlə əsil həqiqəti üzə çıxarmağın mümkün olması göstərilmişdir.
1. Giriş
Qərbi Azərbaycandan - Ermənistandan soydaş-larımızın kütləvi şəkildə öz ata-baba torpaqların-dan deportasiya edilməsi ilə paralel olaraq ermə-nilər bütün yaşayış məskənlərinin, yer adlarının er-məniləşdirilməsini həyata keçirdilər. Sovet döv-ründə bir sıra yerlərin adları dəyişdirilmiş olsa da, SSRİ dağıldıqdan sonra ad dəyişdirmə sürətləndi və bütün Azərbaycan adları erməniləşdirildi. O cümlədən də, işğal edilmiş Qarabağ və onun ətra-fında yerləşən rayonlarda da adlar dəyişdirildi. Ad dəyişdirmə yerli toponimlərin izini itirmək və əra-zilərin “qədim erməni dövləti”nin bir hissəsi olma-sını süni şəkildə sübuta yetirmək məqsədi güdürdü.
Ulu öndər Heydər Əliyev çıxışlarının birində xalqa müraciət edərək demişdi: “İşğal olunmuş ərazilərin ziyalıları öz diyarının tarixini yazsın.” Bu müraciət ziyalıları hərəkətə gətirdi və bir-biri-nin ardınca müxtəlif ərazilərin toponimlərinə aid kitablar yazılaraq nəşr edildi. Bu olduqca dəyərli bir elmi-tədqiqat işi idi. Ziyalılar çalışırdılar ki, ne-çə ki, yaşlı nəslin nümayəndələri yaşayır, onların yaddaşında qalan ərazilər, onlar haqqında informa-siyalar öyrənilərək yazıya köçürülsün. Yer adları-nın mənşəyi barədə, toponimlərin izahı haqqında bir sıra məqalələr qəzet səhifələrində və müxtəlif saytlarda öz əksini tapdı. Bu olduqca sevindirici bir hal idi. Lakin atalar demişkən:-İş olan yerdə nöq-sanın olması labüddür. Toponimlərin izahına aid yazılmış kitablarda da nöqsanlar mövcutdur. Topo-nimlərin həqiqi mənasının izahına qərar vermək üçün ilk öncə mənbə göstərilməlidir. Tədqiqatçı yüksək məntiqə sahib olmalıdır və coğrafiyaçı, ta-rixçi, ədəbiyyatçı, dilçi olmağı ilə yanaşı haqqında fikir söylədiyi ərazini yaxşı tanımalıdır. Bu keyfiy-yətlərə malik olmadan toponimist olmaq olmaz. Toponimist adların mənasını araşdırarkən ilk öncə mənbə axtarmalıdır. Əraziyə vizual baxış keçirmə-lidir. Ərazidə baş verən coğrafi prosesləri, tarixi hadisələri öyrənməlidir. Yerli əhalinin mənşəyini, xarakterik xüsusiyyətini öyrənməlidir. Ən əsası azərbaycan dilini mükəmməl bilməklə yanaşı, ar-xaik sözləri öyrənməlidir. Bir rayonun əhalisinin dilində işlənən arxaik sözlər başqa bir rayonun əha-lisinin dilində işlək olmaya bilər. Buna görə də to-ponimika sahəsində çalışan tədqiqatçılar xüsusi keyfiyyətlərə malik olmasa, toponimlərin əsil mə-nasını aça bilməz. Ən təhlükəli hal Azərbaycan to-ponimlərinin müxtəlif dillərdə olmasını iddia et-məkdir. Bəzi tədqiqatçılar toponimləri hissələrə elə parçalayır ki, sanki, fonetik təhlil aparırlar. Sözü parçalayıb, hər bir hissəsinə ayrıca məna verirlər və ya başqa dildə olduğunu iddia edirlər. Bu da qətiy-yən yolverilməzdir.
2.Material və metod
Tədqiqat zamanı ilk öncə müxtəlif illərdə yazıl-mış elmi ədəbiyyatlar oxunaraq nəzəri təhlil edil-mişdir. Sonra müxtəlif ədəbiyyatlarda verilmiş eyni toponimin mənalarının bir-birləri ilə müqayisəsi aparılmışdır. Aydın olmuşdur ki, eyni toponim müxtəlif ədəbiyyatlarda müxtəlif mənalarda veril-mişdir və heç bir mənbə göstərilməmişdir. Mə-sələn: Zəngilan rayonunun adı “Azərbaycan topo-nimlərinin ensiklopedik lüğəti, I cild” kitabında “zəngilərin məskəni” [4, səh. 295] kimi verildiyi halda, “Coğrafi adların mənşəyi” kitabında “ilan-mələyən yer, ilançalan yer” kimi verilmişdir [15, səh. 41]. “Zəngilan toponimləri” kitabında isə fars-ca “tək daş, qaya” yazılmışdır [20, səh. 33]. Kitab-lardan istifadə etmək istəyən oxucular üçün ifa-dələrin hansının dəqiq olmasını seçmək olduqca çətin olacaq. Çünki Zəngilan sözünün mənşəyi ba-rədə yazılan ifadələr olduqca fərqli mənalar kəsb edir və heç biri üçün də elmi mənbə və ya dövlət sənədi göstərilmir.
Bir sıra toponimlərin yerləşdikləri ərazilərin xəritə üzrə tutuşdurulmaları aparılmaqla dəqiqləş-dirilmişdir. Bəzi toponimlərin yerləşdiyi ərazilər yanlış coğrafi ərazidə göstərilmişdir. Məsələn:-Kəlbəcərin Lev kəndi “Lev çayının sahilində, Bu-rovar silsiləsinin ətəyindədir” kimi verilmişdir. [8, səh.82] Halbu ki, Burovar silsiləsi Azərbaycanın cənub-şərqində Talış dağlıq ərazisində yerləşir. Tərtər çayının mənbəyi də həmin kitabda coğrafi cəhətdən səhv göstərilmişdir. Qeyd edilir ki, “Tər-tər çayı mənbəyini Kəlbəcər rayonunda Zəngəzur silsiləsinin şərq yamacından alır” [4, səh. 240]. Tədqiqatçı Azərbaycanın fiziki xəritəsinə baxmış olsaydı, Tərtər çayının Mıxtökən silsiləsinin şimal yamacından başladığını görərdi. Bu da onu göstərir ki, coğrafi əraziləri göstərərkən müəlliflər Azər-baycanın tematik xəritələrindən istifadə etməmiş-dilər.
Azərbaycan toponimlərinin ensiklopedik lüğə-tinin II cildində Kəlbəcərin Tirkeşəvənd kəndinin adı “Tərkeşəvənd” kimi verilmişdir. Adının məna-sının izahında deyilir:-Oykonim “tirkəş” (etnos) və “vənd” (oğlu, uşağı, nəsli) komponentlərindən dü-zəlib, “tirkəş nəsli” mənasındadır [8, səh. 240]. Çox təəssüf ki, toponimlər olduqca yanlış məna-larda izah edilir. Əslində kəndin adı “tir” və “keşəvənd” sözlərinin birləşməsindən yaranmışdır. Kəlbəcərin istənilən kəndində yaşlı bir şəxsdən soruşulsa, hər iki sözün ağacdan hazırlanmış tikinti materialına verilmiş ad olduğunu deyər. Belə ki, “tir” damın və ya evin üstünə qoyulmuş uzun ağaclardır ki, üzərinə pərdiləri qoyub sonra tor-paqla örtürlər. “Keşəvənd” isə divarın üstünə qo-yulan ensiz ağacdır. Tirlər bir-birindən 1 m aralı olmaqla bu ağacın üstünə qoyulur. “Keşəvənd” di-varın rütubətindən tiri qoruyur, nəticədə tir uzun-ömürlü olur və gec cürüyür. VII əsrdə ərəblərin Azərbaycana basqını zamanı talan edilmiş və əha-lisi məhv olmuş kəndin xarabalıqlarından tapılan bu ağacların adı ilə adlandırılmışdır. Ərazidə əhali məskunlaşdıqdan sonra kəndin adı Tirkeşəvənd kimi qeyd edilmişdir.
Bəzi toponimlərin ərəb və ya fars dilində mə-nalarının verilməsi lüğətə əsasən araşdırılmışdır və yanlışlıqlar ortaya çıxarılmışdır. Belə qənaətə gəl-mək olar ki, tədqiqatçılar ərəb və ya fars sözlərinə istinad edərkən yalnız elmi ədəbiyyatlarda verilmiş ifadələrdən istifadə etmişdir, müstəqil lüğəti araş-dırma aparmamışdır. Məsələn, “Coğrafi adların sir-ri” kitabında göstərilir ki, “Lökbatan” sözünün mənasını karvan sahiblərinin batmaqda olan dəvə-ləri üçün qışqıraraq “lök batdı”deməsi ilə izah edilib. Qeyd edilir ki, “lök”-farsca “dəvə” demək-dir [14, səh.17]. Əgər fars dili lüğətinə müraciət edilsə, “dəvə”nin “şotor” olduğunu görmək olar. Deməli, “lök”ün farsca “dəvə” olması ehtimalı kökündən yanlışdır. Başqa bir misal, Yenə həmin kitabda “Səngəçal”lın fars sözü olduğu və “boz daş” mənasını bildirdiyi verilib [14, səh. 49]. Halbu ki, fars dili lüğətində “boz” sözünün mənası “xa-kestəri” kimi verilmişdir. Səngəçal sözünün də fars dilində olması özünü doğrultmur.
3. Təhlil və müzakirə.
Azərbaycan toponimlərinə aid elmi ədəbiyyat-ları oxuduqca heyrətlənməmək mümkün deyildir. Az qala hər toponim başqa bir xalqın adı ilə bağ-lanır. Hətta “Azərbaycan toponimiyası” kitabında göstərilir ki, mövcud Azərbaycanın toponimləri Türk-Azərbaycan, Qafqaz, Hind-Avropa, Sami və Monqol dillərindədir [11, səh. 103]. Əgər nəzərə alsaq ki, Qafqaz dilləri 3 qrupda birləşir və 7 mln. insan bu dildə danışır. Hind-Avropa dünyanın ən böyük dil ailəsidir və təxminən 2,5 mld. insan bu dil ailəsinə mənsubdur. Sami dil ailəsinə 8 dil qru-pu daxildir. Monqol dilləri 12 dil qrupunu birləş-dirir və 6,5 mln. insan bu dillərdə danışır. Topo-nimləri dil qruplarına və dillərə bölsək, Azərbay-can dilində olan toponim qalmaz (sxem 2). Belə yanaşma düzgün deyil. Azərbaycan dilinin zəngin-liyini bir misalla göstərmək kifayət edər ki, vaxtı ilə Asiya qitəsində bu dilin əsas ünsiyyət vasitəsi kimi işlənməsini sübut etmiş olsun. Bu da yəqin ki, “İpək yolu”nun Azərbaycanı tranzit ölkəyə çevir-məsi ilə əlaqədar olmuşdur. Belə ki, 1810-cu ildə Qafqazın baş hakimi Aleksandr Petroviç Tormasov Tiflisdə açdığı Tiflis Nücəba hərbi məktəbinin “İl-kin qaydaları”nın IX bəndində göstərirdi:-“Tiflis Nücəba Hərbi məktəbində tatar (azərbaycan) dili qramatik qaydada öyrənilməlidir, bu dil təkcə bü-tün Asiyada deyil, həmçinin Avropanın mühüm hissələrində işlənir. Bu dili bilmək xüsusilə bu ölkədə (Qafqazada) hər bir zabitə vacibdir” [17, səh 102)
Burdan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan dili vaxtı ilə Avrasiya materikində ən çox yayılmış ünsiyyət dili olmuşdur. Hətta Hindis-tanın səfiri Heydər Əliyevə səfir sənədini təqdim edərkən demişdir:-Azərbaycan dilindən 2000-dən çox söz hind dilinə keçmişdir və bu gün də işlən-məkdədir.
Elmi ədəbiyyatlardakı toponimlərin adlandırıl-ması üsullarını əsasən Sxem 1-dəki kimi qruplaş-dırmaq olar.
Sxem 1. Toponimlərin adlandırılması üsulları
Toponimika tədqiqatçıdan araşdırmalara olduq-ca ciddi yanaşmağı və dəqiq, elmi məlumatlara əsaslanmağı tələb edir. “Toponimika onomastika-nın tərkib hissəsi olub, coğrafi adları öyrənir” [11, səh.3]. 1938-ci ildə Parisdə keçirilən I Beynəlxalq Onomastik Konqresdə “Onomastika”ya elmi sta-tusun verilməsi qərara alınmışdır. Böyük Rusiya Ensiklopediyasında qeyd edilir ki, “onomastika” yunanca “ad vermə incəsənəti” mənasını verir. Deməli, toponimlər elə-belə yaranmamışdır, bu özü bir incəsənətdir. İncəsənət isə incə yanaşma tələb edir.
Sxem 2. Toponimlərdə iddia edilən əsas dillər
Sxem 2-də əsas dillər verilib. Sxem 3-də isə ha-disələrlə bağlı toponimləri 5 qrupda birləşdirmək olar. Məsələn:-Öküzuçan yer-məişət hadisəsi, Qırxqız dağı-tarixi hadisə, Stepanakert şəhəri-işğal hadisəsi, Pələngə dərəsi-ovçuluq hadisəsi və Nov-ruzbatan göl-həyati hadisə ilə əlaqədar olaraq ya-ranmış toponimlərdir.
Sxem 3. Hadisələrlə bağlı toponimlər
Azərbaycan toponimləri müxtəlif xarici ölkə səyyahlarının gündəliyində, əsərlərində, imperia-list qüvvələrin sənədlərində yazılarkən təhriflərə uğramışdır. Belə ki, azərbaycan dilindəki səslərin və hərflərin digər dillərdə qarşılığı olmadığına gö-rə, toponimlərin yazıya köçürülərkən yanlış yazıl-ması labüddür. Məsəslən: bu gün bütün dövlət sənədlərində və elmi ədəbiyyatlarda Bakı şəhərinin yerləşdiyi ərazi “Abşeron” kimi yazılır. Sözün mə-nası da müxtəlif elmi ədəbiyyatlarda müxtəlif cür izah edilmişdir. “Coğrafi adların mənşəyi” kita-bında “şor sular”, “şor göllər ölkəsi” [15, səh. 3], “Azərbaycan toponimləri, ensiklopedik lüğətinin I cild”ində farsca “ab”-“su”, “şoran” [4, səh. 10] mənasında olduğu bildirilir. 1933-cü ildə nəşr edil-miş “İqtisadi coğrafiya” kursu üçün 5 №-li tapşı-rıqda qeyd edilir ki, “Lənkəran ovalığında və Əfşə-ran yarımadasında kauçuk yetişməsi mümkündür”, “Neftin ən çoxu Əfşəran yarımadasındadır” [22, səh.1]. “Coğrafi adların sirri” [13, səh. 7] və “Azər-baycanın coğrafi adları və oçerkləri” kitabında da “Əfşəran” toponimi verilmişdir. [21, səh.40] Bur-dan belə nəticəyə gəlmək olar ki, əslində yarıma-danın adı “Abşeron” deyil, “Əfşəran”dır. Rus di-lində “ə” hərfi olmadığından söz ruslaşdırılaraq “Əfşəran-Abşeron”a çevrilmişdir. Ona görə də toponimlərin mənasını araşdırarkən onun hansı dil-də, necə yazıldığına diqqət etməli və keçmiş azər-baycan dilində yazılışı ilə mütləq qarşılaşdırılma-lıdır. Eyni zamanda əksər toponimlərin fars sözləri olduğu iddia edilməklə, İranın Azərabycana ərazi iddiasına rəvac verilmiş olur. Bəzən də toponimlər yazılarkən səhv göstərilir və tədqiqatçılar da dəqiq araşdırmalar aparılmadan səhvi doğru kimi qəbul edib, kor-koranə köçürmələr edirlər. Məsələn: 22 iyul 1951-ci ildə M.Bağırovun “Kommunist” qəze-tindəki çıxışında deyilir:-Samur-Dəvəçi kanalının II növbəsinin çəkilməsi nəticəsində öz-özünə axan su “Ceyranbatmaz gölünə töküləcək.” Rəsmi döv-lət qəzetində gölün adı “Çeyranbatmaz” yazıldığı halda, müasir dövrdə “Ceyranbatan”a necə çevri-lib? Lüğətdə toponimin “ceyran keçə bilməyən mənasında olduğu iddia edilir. Əgər gölün adı Cey-ranbatmazdırsa, niyə ceyran keçə bilməz olsun? [4, səh. 168]. Burdan yalnız belə bir nəticəyə gəlmək olar ki, kiminsə səhvi ucbatından Ceyranbatmaz adı Ceyranbatana çevrilib və növbəti mərhələlərdə toponim tamamilə yeni məna verən ada malik olub, bu gün də yanlış mənalandırılmaqdadır.
Kəlbəcərin Qaraçanlı kəndi “Azərbaycan topo-nimlərinin ensiklopedik lüğəti, II cild”də keçmiş adı Qaraçanlı Alaqaya kimi verilib [5, səh. 21]. Hə-min kitabın I cildində XIX əsrdə Zəngəzur qəzasın-da mövcud olmuş Qaraçanlı kəndinin əsasında Baş, Orta və Aşağı Qaraçanlı kəndlərinin yarandığı göstərilıib [4, səh. 115, 145]. Halbu ki, 1961-ci ildə nəşr edilən “Azərbaycan SSR inzibati-ərazi bölgü-sü kitabında kəndlərin adı Kəlbəcərə aid olan cəd-vəldə Qaraçanlı Alaqayanın adı “Qaracanlı”, Baş, Orta və Aşağı Qaraçanlı isə “Qaraşanlı” kimi veril-midşir. [6, səh. 86] Burdan belə bir nəticəyə gəl-mək olar ki, toponimlərin adının əvvəlki illərdə rəsmi dövlət sənədlərində necə yazılması da müt-ləq araşdırılmalıdır. O zaman Qaracanlının və Baş, Orta və Aşağı Qaraşanlı toponiminin mənasını tədqiq etmək daha doğru nəticəyə gəlməyə imkan verər.
Aydın həqiqətdir ki, işğalçılar zəbt etdikləri əra-zilərdə yalnız var-dövlətə, təbii sərvətlərə, əhaliyə, onun dilinə, dininə, tarixinə, coğrafiyasına, adət-ənənəsinə təcavüz etmir, eyni zamanda toponimlə-rə də təcavüz edirlər. Toponimləri özününküləşdir-məyə çalışırlar ki, gənc nəsil keçmişini unutsun. İş-ğalçıları onların istədiyi tərzdə qəbul etsin. Məsə-lən: 2 mart 1804-cü ildə Çar Rusiyası “Gəncə”nin adını rəsmi olaraq dəyişdirmişdir və şəhər Yeliza-vetpol adlanmışdır. Çarın fərmanına əsasən “Gən-cə” adının dilə gətirilməsi qadağan olunmuşdur. Bu qaydanı pozanlar bir qızıl manat cərimə verməli idilər. Keçmişini unudan xalqı köləyə çevirmək ol-duqca asan olur. Bunu cədvəl 1-in timsalında da aydın görmək olar. Belə ki, “Azərbaycan SSR-in inzibati-ərazi bölgüsü” kitabında “Keçmiş adların siyahısı” [6, səh. 284] cədvəlində Sovet hökuməti-nin fərmanları ilə Azərbaycan ərazisində toponim-lərin dəyişdirilməsinin həyata keçirilməsi göstəril-mişdir (cədvəl 1).
Cədvəl 1-dən göründüyü kimi Sovet hakimiy-yətinin ilkin illərində Azərbaycan toponimləri dövlət səviyyəsində rəsmi olaraq dəyişdirilmişdir. Toponimləri araşdıran tədqiqatçılar da dəyişdiril-miş və yeni ad verilmiş toponimləri mənalandı-raraq, müxtəlif nəsil, tayfa, şəxs adlarına uyğun-laşdırmaqla, sözləri kök və şəkilçiyə ayırmaqla elmi əsası olmayan məntiqi nəticə çıxarmışlar. “Azərbaycan toponimlərinin ensiklopedik lüğə-ti”nin I və II cildində də eyni dəst-xətti görmək olar. Hər iki lüğət AMEA-nın Nəsimi adına Dil-çilik İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmişdir. Çoxlu sayda Azərbaycan toponimlərini bir arada toplamaq böyük zəhmət tələb edir. Bunun üçün dilçi alimlərə təşəkkür etmək yerinə düşər. Lakin yaxşı olardı ki, tərtibçilər arasında coğrafi-yaçı, tarixçi, toponimist, arxaik sözlər tədqiqatçısı alimlər və müxtəlif dillər üzrə tərcüməçilər də daxil ediləydi. Onda lüğətlərdə yanlışlıqlar, təhriflər de-mək olar ki, minimuma enmiş olardı. Lüğətlərdə toponimlərin mənası əsasən tayfa, özgə dillər, şəxs adları, nəsil adı və s. əlaqələndirilib. Məsələn:-Şötüklü düz Şötükxan Göyçə oğlunun ailəsi salıb və “şötük/şötix” “dəvənin belinə bağlanan enli ip, örkən” mənasında olması göstərilib [5, səh. 223]. Halbu ki, “şötük” arxaiq söz olub, körpə uşaqların bələyini (açılmasın deyə üstdən səkkizvari şəkildə) bağlamaq üçün 5 santimetr enində nazik ağ rəngli ipdən əldə hörülmüş lentdir. “Örkən” isə yük hey-vanları üçün yer hanasında toxunmuş 10 santimetr enində uzun ipdir.
Cədvəl 1
Bir sıra toponimlərin rəsmi olaraq dəyişdirilməsi
Başqa bir misal, “Yuxarı Ayrım, keçmiş adı Yuxarı Binə olub, Qazax Alı adlı şəxs salmışdır” [5, səh. 281]. 2000-ci ildə nəşr olunmuş “Azər-baycan toponimləri, ensiklopedik lüğət” kitabında isə toponimin “Ayrum tayfa adıdır” deyə, izahı verilib [2, səh. 31]. Əslində isə Kəlbəcərin bu kəndi vaxtı ilə Kəlbəcər kəndinin əhalisi tərəfindən yaz-payız binəsi kimi istifadə edilən ərazi olub. Son-ralar maldarlıqla məşğul olan bəzi ailələr özlərinə ev tikərək həmişəlik burda məskunlaşmışdılar. Ailələrin sayı artdıqca kənd statusu almışdır və adı Yuxarı Ayrım (Kəlbəcərdən ayrıldığına görə) kimi qeydə alınmışdır. Yuxarı Ayrımdan bəzi gənc ailə-lər kəndin yerləşdiyi dağ yamacının 2-3 km yuxarı hissələrində özlərinə ev tikərək yeni yaşayış mən-təqəsi salmışdılar. Bu yeni yaşayış məntəqəsi isə Yuxarı Binə adını almışdır. Hal-hazırda Yuxarı Ayrım kəndi Aşağı Ayrım, Yuxarı Binə kəndi isə Yuxarı Ayrım kimi qeydiyyata alınmışdır. Qazax Alı adlı şəxsin bu kənddə yaşaması barədə heç bir rəsmi sənəd göstərilməyib. Kəndin yaşlı nəsli isə ulu babalarının ərəb istilasından sonra Dərələzdən gəldiklərini söyləyirdilər.
Tərtər çayının adının mənası da müxtəlif kitab-larda müxtəlif variantlarda verilib. Ensiklopedik lüğətdə qeyd edilir ki:-“Tərtər/tartar” qıpçaq mən-şəli tayfa adıdır. III-VII əsrlərdə hunların tərki-bində Albaniyaya gəlmiş “tərtərlər” məskunlaş-mışdır” [5, səh. 240]. “Azərbaycanın coğrafi adları, oçerklər” kitabında isə “Trtu, Turtur” (Çox təəssüf ki, bu sözlərin Ermənistan SSR-in 1961-ci ildə çap olunmuş atlasından götürüldüyü göstərilib), ərəb dilində “Sərsur” deməkdir. Ş.Sədiyev isə “Dil haq-qında hekayələr” kitabında “tər” sözünün təkra-rından əmələ gəldiyini, R.Yüzbaşov isə bunun inandırıcı olmadığını iddia edir [21, səh. 65]. Er-məni atlasında yazılmış toponimlərin dəyişdirilib erməniləşdirilməsi bir həqiqətdir. Ona görə də ermənicə yazılmış toponimin mənasını həqiqət kimi qəbul etmək olmaz. Ərəbcə “Sərsur”un mə-nası tarakan deməkdir. Çaya tarakan adı vermək ağlabatan deyildir, çünki tarakanla Tər-tər çayının heç bir əlaqəsi yoxdur. “Coğrafi adların mənşəyi” kitabında da mənbə göstərilmədən çayın adının mənasının azərbaycan dilində “həmişə təzə” ol-duğu verilib [15, səh. 91]. Q.R.Mirzəzadənin 1924-cü ildə yazdığı “Ümumi coğrafiya” I hissə kitab-ında bir neçə yerdə “Tər-tərin adı “Tirtir” kimi verilmişdir. Belə bir sual ortaya çıxır ki, 1924-cü ildə “Tirtir” adı sonralar “Tər-tər”ə necə çevrilmişdir? O cümlədən, Kəlbəcərin Alolar kəndinin adı “Azərbaycan SSR inzibati ərazi bölgüsü” kitabının 1961 və 1964-cü il buraxılışında Alovlar yazıldığı [6, səh. 86] halda, 1968 və 1977-ci il bu-raxılışında kəndin adı Alolar kimi göstərilib. “Alovlar-Alolar”a çevrilib. Burda “v” hərfinin çap səhvi kəndin adının yanlış istiqamətdə araşdırılmasına şərait yaradıb. Nəticədə, toponimin mənası Kəlbəcərin Geştək kəndindən köçən “alolar nəs-li”nə aid ailələrin məskəni kimi izah edilmişdir [2, səh. 49]. Çəpli kəndinin adı da oğuz tayfası olan “çəpni, cəbni/cabanı” kimi verilib [4, səh. 191]. Kəndin adının əsil mənası isə “çəp” sözüdən olub istiqamət mənasını verir. Yəni əsas yoldan çəp isti-qamətdə yerləşdiyinə görə kəndi Çəpli adlandırıblar.
Bir sıra toponimlərin izahı isə ərazinin görünü-şü ilə əlaqələndirilib. Məsələn:-Kəlbəcərin Gəlin-qayası toponimi “Laçın toponimləri” kitabında “gəlinə oxşayır” kimi verilib [18, səh. 50]. Bu iddianı irəli sürmək üçün lazımdır ki, tədqiqatçı qayaya vizual baxış keçirsin və onun həqiqətən də gəlinə oxşaması qənaətinə gəlsin. Müstəqilliyin ilk illərində çap olunmuş Azərbaycanın fiziki xəritə-sində qayanın adı Qalınqaya kimi yazılmışdır. Həmin vaxtı araşdırma aparıldıqda aydın olmuşdur ki, xəritənin çap prosesində işləyən bir xanım rus-dillidir və Gəlinqayanı Qalınqaya kimi yazıb. Bi-lərəkdən və ya bilməyərəkdən belə yanlış yazılan toponimlərin adının mənasını da tədqiq edərkən tədqiqatçılar yanlış nəticəyə gəlirlər. Dövlət dilini bilməyən bir nəfərin yanlış yazması tədqiqatçıları yanlış səmtə yönəltmişdir və “Qalınqaya vari-antında da qeydə alınmışdır” [4, səh. 280] deyə, toponimik lüğətdə verilmişdir. Adın mənasına gəldikdə isə, Azərbaycanı işğal edən çar əsgərləri tərəfindən böyük oğlu öldürülmüş bir ailə qayanın yaxınlığında yaylağa qalxırlar. Bir gün bulaqdan sudan gələn əri ölmüş gəlin çadıra yaxınlaşarkən qaynatası ilə qaynanasının söhbətini eşidir. Ayaq saxlayıb qulaq asır. Görür ki, qaynata ilə qaynana gəlini kiçik oğlu ilə evləndirmək üçün oğluna yalvarır. Kiçik qardaş isə qəti etiraz edir və ça-dırdan çıxıb atlanıb yaylaqdan gedir. Gəlin heç nə olmamış kimi çadıra daxil olaraq ev işləri ilə məşğul olmağa başlayır. Gecə ərinin aldığı gəlinlik paltarını geyinib çadırdan çıxır və birbaşa xilaskar hesab etdiyi qayaya tərəf gedir və özünü qaydan ölümün ağuşuna atır. O vaxtdan qaya “Gəlinqa-yası” adlanır və nadanlığın yaratdığı faciəni xatır-ladan abidəyə çevrilir.
Azərabycan Respublikasının fiziki xəritələrində Gamışdağı yazılan toponim lüğətdə “Camışdağ” kimi göstərilib. Mənası isə “nohurda oturmuş ca-mışlara oxşayır” kimi qeyd edilib [4, səh.166]. “Gamış” dağın adı, “camış” isə heyvan adıdır. İd-dia edilən kimi dağ heç də camışa oxşamır. To-ponimin mənasını tədqiq etmək üçün “Gamış” sözünü arxaiq söz kimi qəbul edib, mənbəyini araşdırmaq daha doğru olardı. Uzaqdan baxanda dağ heç də nohurda oturmuş camışa oxşamır.
Qazandağ “kənardan qazana oxşayır” [5, səh.47], [18, səh.22] deməklə, toponimin mənasını vermiş hesab edirlər. İnanmaq olmur ki, əhali keçmişdə dağa qazan adı versin. Dərəyə belə ad verilsə, daha düzgün olardı. Dağ qabarıq sahə olduğuna görə, qazan ifadəsi formaya yaraşmır. Bəlkə adını Qazan xandan alıb? Bu adın nə vaxtdan mövcud olmasını tarixi sənədlərdən araşdırıb, dağa vizual baxış keçirdib, sonra qərar vermək daha doğru olardı.
Ensiklopedik lüğətin II cildində Kəlbəcərin Şurtan kəndinin və çayının adının mənası belə izah edilir:-“Şurtançay-“turşumuş qatıq”-“şortan”-Azərb. dialektində” [4, səh. 224]. Kəlbəcərlilər “şortan” sözü işlətmirlər, qatıq əgər turşuyubsa ona “turşumuş qatıq” deyirlər. Toponimə gəldikdə isə, Yelizavetpol quberniyasının 1888-ci il xəritəsində kəndin adı “Şoroşan” kimi qeyd edilib. 1902-ci il Cavanşir dairəsinin xəritəsində isə “Şurotan” kimi yazılıb (cədvəl 2). Burdan belə nəticəyə gəlmək olar ki, tədqiqatçı əvvəlcə, “Şoroşan”-“Şurotan” sözülərinin mənalarını araşdırmalı, nə vaxtdan də-yişikliyə uğrayaraq “Şurtan”a çevrildiyini öyrən-məli, sonra isə toponimin mənasına yekun qərar verməlidir.
Kəlbəcərin Laçın kəndinin də yaranma tarixi və adının mənası yanlış verilib. Toponimlərin ensik-lopedik lüğətinin II cildində göstərilir ki:-“Əvvəl-lər Abdallar adlanıb. Laçın rayonunun Alxaslı kən-dindən gəlmiş Xudayarlı və Çıraqlı nəsillərinin məskunlaşması ilə yaranıb. Kəndin adı Xaçın dağının adı ilə bağlıdır.”-kimi verilib. [5, səh.80] Əslində Alməmməd və Hüseynalı qardaşları Laçın rayonundan Kəlbəcərin Qılışdı kəndinə köçərək 4 il orada yaşayıblar. Əraziləri tanıdıqdan sonra VII əsrdən qalma kənd xarabalığında məskən salıblar. İlkin dövrlərdə adı Kənd olub. Əhalisi artdıqca gənc ailələr dərənin digər tərəfində məskən salıblar və yeni ərazi Dərə kəndi adlanıb. Kolxozlaşma dövründə hər iki kəndin adı birlikdə 8 km məsafədə yerləşən Laçın qayasının adı ilə Laçın kəndi adlandırılıb. Laçın qayası barəsindəki informasiya da elmi mənbələrdə yanlış verilmişdir. Qeyd edilir ki, “Kəlbəcər rayonunda Lövqala adlı qalanı əhali Laçınqaya adlandırır. Tərtər çayının sol sahilində olan həmin qalanın yerləşdiyi sıldırım qaya xalq içərisində Laçınqaya adlanır” [1, səh. 79]. Əvvəla, Laçın qayası Tərtər çayının sağ qolu olan Tutqun çay dərəsinin sağ tərəfində yerləşən Laçın dağla-rının şimal tərəfindədir. İkincisi, qaya laçın quşu-nun məskəni olduğuna görə Laçın qayası adlan-dırılıb. Lev qalasının yerləşdiyi ərazi ilə əks tərəf-dədir (şəkil 1 və 2).
“Qurd qapısı” toponimi də tarixi hadisə ilə bağlı yaranmışdır. Toponim tarixi-linqvistik təhlil zama-nı elmi ədəbiyyatda “müqəddəs totem olmuşdur. Çobanlar bu yeri qurdun qapısı, qurdun ağzı hesab edirlərmiş” kimi izah edilib [9, səh. 40]. Əslində bu ifadə totemlə deyil, məhz real tarixi hadisə ilə bir-başa bağlıdır. Belə ki, 1918-ci ildə Bakı qırğın-larında rus-erməni, ingilis ordusu şəhəri üzükqaşı kimi mühasirəyə alaraq bütün girişləri bağlamışdı. Qafqaz islam ordusu ilk dəfə Qurd qapısı deyilən ərazidən ön cəbhəni yarıb irəliləyiblər, türk-azər-baycan birləşmiş ordusu məhz ordan Bakıya daxil olub. O vaxtdan həmin keçid “Qurd qapısı” ad-lanıb.
Azərbaycan xalq nağıllarında Qaf dağlarının adı bütün hadisələrdə verilir və solmaz gül, xəstə-liyin dərmanının çarəsi və s. lazım gəldikdə nağıl qəhramanlarına müdrik qocalar Qaf dağına getmə-yi məsləhət görüblər. Qaf dağı bu günkü Qafqaz dağları kimi işlənir. Toponimikaya aid elmi ədə-biyyatlarda “Qafqaz”-sanskrit dilində “kas” və “qravan” sözlərindən əmələ gəlib, “parıldayan qa-ya” mənasındadır [16, səh. 30-31]. Sanskrit vaxtı ilə Himalay dağlarında mövcud olmuş qədim dil-dir. Tədqiqatçı araşdırmalıdır ki, Himalay dağla-rında yaşamış və qədim sanskrit dilində danışan in-sanlar Qafqaz dağlarına hansı şəraitdə ad veriblər. Toponimin mənasını izah edən tədqiqatçı sanskrit dilini bilirmi ki, “Qafqaz” sözünün “kas” və “qra-van” sözlərindən yarandığına qərar verir.
                       Şəkil 1. Lev qalası
Burdan belə bir sual da ortaya çıxır, əgər Qafqaz sözü Himalay dağlarında yaşayan qədim insanların dilindədirsə, nədən dağın ən hündür zirvəsi olan “Elburs” elmi ədəbiyyatlarda “fars dilində “işılda-yan dağ”, baktri dilində “hündür dağ” mənasın-da”dır [16, səh. 38] kimi izah olunur. Halbu ki, fars dilində “işıldayan dağ”-“kuh derəxşan” kimi tərcü-mə edilir. Bu sözün Elbursla əlaqəsi-oxşarlığı yox-dur. Aşıq Şəmşirin yaradıcılığında çoxlu sayda Azərbaycan toponimləri işlənir. “Elburs” dağı şeir-lərində “Albuz” dağı kimi verilib. O cümlədən, “Koroğlu” dastanının Paris versiyasında da Koroğ-lunun Albuz dağlarının ətəklərindən keçərək Dər-bəndə getməsi verilmişdir.
Toponimlərdən ən çox mənalandırılan “Naxçı-van”dır. Elmi ədəbiyyatlarda göstərilir ki, “Naxçı-van-güman edildiyinə görə dünyanın gözəlliyi mə-nasındadır. Adın sonundakı “van” sözü qədim gür-cü və fars dillərində “yer, məskən” mənasındadır [16, səh.67]. “Dünyanın gözəlliyi” mənasındadır. “van” sözü Azərbaycan dilində də “yer, məskən” deməkdir [16, səh.67]. “Naksuan” tayfa və ya tayfa başçısı olduğunu söyləmək olar. Farsca “nəqş” və “cahan” əmələ gəlməsi qeyri-elmidir” [21, səh.69]. “Klavdi Ptolomey kitabında “Naksubana” yazıb. Türk səyyahı Övliya Çələbi “Naxşivan” [14, səh. 41], “Azərbaycan tarixi üzrə qaynaqlarda” isə “Nəqşi-cahan” [7, səh. 170] kimi göstərilib. Görün-düyü kimi bir toponim müxtəlif kitablarda müxtəlif mənalarda verilib. Lakin tədqiqatçılar yekdil bir fikrə gəlib sözün əsil mənasını verməmişdilər. 1846-cı ildə çap olunan “Кафказский календарь” kitabının 51-ci səhifəsində göstərilir ki, “Şəhər heç vaxtı Ermənistan çarınınn paytaxtı olmayıb. Bu-rada Nuhun türbəsi deyilən, hələ də xarabalıqları qalan və xüsusilə diqqət çəkici olan məscid və taxta tikililər var. Araz çayı sahilində kiçik bir ərazi var-Mərənd, hansı ki, Nuhun arvadı dəfn olunub.” Bur-dan belə bir qənaətə gəlmək olar ki, “Naxçıvan”ın-“Nuhçıxan” mənasında olması məntiqi cəhətdən daha düzgündür.
Elmi toponimik ədəbiyyatlarda elə məskən sa-hələri, el arasında işlənən sözlər var ki, tamamilə yanlış mənalarda verilib. Məsələn:-Farmaçtəpə-“dağ zirvəsi fərməşə (məfrəş, döşənək) oxşadığı üçün belə adlanmışdır” [4, səh. 271] kimi izah edilib. Azərbaycan qadınları ipdən çoxlu növdə və sayda ev əşyaları toxumağı yaşlı nəsildən öyrə-nərək gənc nəslə ötürüblər. “Farmaş” da yundan toxunan ev əşyalarındandır. Eni 1m, uzunu 1,5m və hündürlüyü 1m olan qutu şəkilli toxunur və ağzı açıq olur. Ağız hissəsinin kənarları boyunca 25sm bir-birindən aralı ilgəklər hörülür. Yaylağa köçən-lər farmaşın içərisinə yorğan, döşək, yastıq və döşəkağılar, dəstmallar qoyurlar. Xüsusi hörülmüş rəngli iplə farmaşın ağzı ilgəklərdən keçirməklə bağlanır və heyvanlara yüklənir. Farmaş bir növ sandığa bənzəsə də təyinatı başqadır. Farmaş yerə döşənmir, sandıq kimi dayanır, lazım olanda əş-yalar içindən çıxarılır, lazım olmayanda yenidən içinə yığılır.
Toponimlərin sonluğundakı bəzi sözlərin elmi ədəbiyyatlarda tarixi-linqvistik təhlili də onu göstərir ki, Azərbaycan dilində olan ifadələr lazım olan səviyyədə araşdırılmamışdır. Belə ki, “M.Ellinin fikrincə “şen” Azərbaycan dilində “ya-taq” sözünə, “stan” şəkilçisinə uyğundur” [9, səh. 69]. Əslində “şen” sözü dildə işlənir. Məsələn:-Kəlbəcərin kəndlərində “Şenlik” deyilən ərazi mövcud olub. “Şenlik” elə bir yerdir ki, kənd əha-lisi işini qurtarıb oraya toplaşır, məsləhətləşir, yenilikləri bir-birə çatdırır, müxtəlif mövzularda qərarlar qəbul edirlər. “Şenlik”-“daima şənlik olan yer” mənasını daşıyır. “Şenlik”- sözündə “şen” “lik” şəkilçisi qəbul edərək məkanı bildirir. Bu da Azərbaycan dilinin xarakterik xüsusiyyətindən do-ğur. El arasında “Eviniz şen olsun”, “Allah evinizi şen eləsin” kimi alğışlar da mövcutdur.
Bəzi yer adlarının sonunda “abad” kəlməsi iş-lənir. Elmi ədəbiyyatda deyilir:-“Abad” bütün lüğətlərdə fars sözü kimi qeyd olunur. Bizcə söz iki hissədən-“ab”-su, bəlkə də ev”, “at”-(yer) ibarət-dir. Məsələn, elat (bir tayfanın yaşadığı yer, kənd)” [9, səh.70] “Abad-elat” sözlərini eyniləşdirərək su, yer, kənd kimi məna vermək nə dərəcədə düzgün-dür, anlamaq olmur. Azərbaycan dilində “abad” sözü yaşayış üçün yaxşı şərait yaradılmış əraziyə aid edilir. “Elat” isə atla yaylağa gedən köç kar-vanına deyilir. Məsələn, “Elat hələ yaylağa qalx-mayıb. Elat kəndə nə vaxt dönəcək?” Fars dilində “at”-“əsb” adlanır.
Dilimizdə bir sıra sözlər vardır ki, toponimik lüğətlərdə yanlış mənalarda verilib. “Oba”, “yurd” –“ev, mənzil” ifadə etsə də, toponimin tərkibində “kənd, yaşayış məntəqəsi” mövqeyində işlənir. Orta Asiya türklərinin alaçıqları da “yurt” adlanır” [9, səh.74] kimi verilib. “Oba”ya, “yurd”a kənd demək olmaz. Kənd daimi yaşayış məntəqəsidir. “Yurd” bir insanın yaz-yay aylarında istirahət et-mək, mal-qarasını saxlamaq üçün hər il köçdüyü yaylaq ərazisidir. Yurdlara əhali köçüb müvəqqəti məskunlaşanda obaya çevrilir. “Yurdlar obalandı” ifadəsi də burdan yaranıb. Alaçıqla Orta Asiyada tikilən “yurta” forma və tikiliş qaydalarına görə bir-birindən kəskin fərqlənir. “Yurta” dairəvi ol-maqla, tavanı kümbəzvari tikilir. Tavan hissə səma rolunu oynayır və kümbəzin içində oturub tava-nındakı iri və kiçik ağaclara baxdıqda saatı dəqiq söyləmək olur. Çünki iri ağaclar saatı, aralardakı kiçik ağaclar 15 dəqiqəni ifadə edir. “Alaçıq” isə dördbucaq və ya uzunsov şəkilli 3-4 metr uzun-luğunda ağaclar üst örtüyünün sahəsi həcmində 20-25 sm ara məsafəsi olmaqla yanlardan, ön və arxa tərəfdən torpağa sancılır. Sonra yanlar, arxa və ön tərəfdəki ağaclar əyilir və bir-birləri ilə keçi tükündən hazırlanmış iplə bağlanır, üstü çadır və ya keçə ilə örtülür. Yanları isə qamışdan hörülmüş çətənlə əhatə edilir. “Yurd” ərazidir, “yurta” isə ya-şayış yeri-tikilidir.
Azərbaycan dili olduqca zəngin dildir. Hər bir fikrin, hər bir ərazinin özünəməxsus sözlə ifadəsi vardır. Sözləri eyniləşdirmək gənc tədqiqatçıları yanlış istiqamətə yönəltmək olmaz. Belə ki, toponimik lüğətdə göstərilir ki, “binə”, “pəyə”, “yataq” sinonim sözlərdir [9, səh.76], “yaylaq”, “qışlaq” oba, kənd və yurdu ifadə edir” [9, səh.77]. Bu sözlərin hər birinin ayrı-ayrı mənaları vardır. Belə ki, “binə” yaz-payız aylarında heyvandarların müvəqqəti yaşayış məskəni, “pəyə” mal-qaranın, qoyunların saxlanması üçün tikilmiş uzunsov tikilidir ki, çox hissəsi torpaqda yerləşir. “Yataq” (yatmaq mənasındadır) əhalini ətlə təmin etmək üçün şəhərlərdən çox da uzaq olmayan ərazidə heyvanların saxlandığı yerdir. Orda heyvanlara qulluq edən naxırçının, çobanın, sağınçıların və onlara rəhbərlik edən şəxsin qalması üçün bina və heyvanların saxlanması üçün tövlə inşa edilir. “Yaylaq” dağlıq ərazidə, “qışlaq” isə aranda yer-ləşir. Lüğətdə “İlxıçı-səlcuq türklərinə mənsub nəsil adıdır” [21, səh.41] kimi verilmişdir. Halbu ki, ilxıçı peşə adıdır və at sürüsünü otaran şəxsə deyilir. Nəsil adı ola bilməz, çünki ilxıçı tək şəxsdir, toplu əhaliyə deyilmir.
Elə ifadələr də vardır ki, yaşayış məskənlərinin sonuna əlavə edilərək yeni toponim yaradılır. Mə-sələn:-Lənkəran toponimi. Lüğətdə göstərilir ki, “kəran” Azərbaycan dilində yoğun tirə deyilir. Aşıq poeziyasında “Güc bir olsa zərbi kəran sın-dırar”-kəran tir mənasında işlənmişdir” [9, səh. 75] kimi verilib. “Azərbaycanın coğrafi adları, oçerk-lər” kitabında isə “Lənkəran” talışca “qamış evlər” kimi verildiyi halda, 1846-cı ildə nəşr olunmuş “Кафказский календарь” kitabının 50-ci sə-hifəsində göstərilir ki, “Lənkəran”-Ləngər-Kunan” - “Gəmilərin sığınacağı” deməkdir.”
Kəlbəcər rayonu işğal olunduqdan sonra adının mənası barədə çoxlu sayda yazılar informasiya mənbələrində verilmişdi. Bu toponimin də araşdı-rılması xüsusi olaraq diqqətdə saxlanılmışdır. İlk öncə ötən əsrdəki coğrafiya kitabları, Azərbay-canda baş vermiş tarixi hadisələr, müxtəlif illərdə tərtib olunmuş xəritələr, siyasi-inzibati ərazilər haqqındakı rəsmi sənədlərə əsasən tərtib edilmiş kitbalar araşdırılmışdır. Kəlbəcər, Mardakert, Ağdərə, Cerabert, Çiləbört kimi toponimlər araşdırı-laraq aralarındakı əlaqələr təhlil edilmişdir. Bu to-ponimlər ayrı-ayrılıqda yazılmaqla müxtəlif mə-nalarda verilsə də, öz aralarında olduqca sıx bağ-lılıqları vardır. Belə ki, Kəlbəcər rayonu 8 avqust 1930-cu ildə təşkil olunub, sahəsi 1936 km ol-maqla, 2 qəsəbə, 14 kənd sovetini birləşdirməklə, 123 yaşayış məntəqəsinə malik olub. Mardakert rayonu da eyni vaxtda, 8 avqust 1930-cu ildə təşkil olunub, sahəsi 1705 km olmaqla, 2 qəsəbə, 24 kənd sovetini birləşdirməklə, 58 yaşayış məntəqəsinə malik olub. Mardakert rayonu 17 sentyabr 1939-cu ilə qədər Cerabert adlanmışdı. [6, səh.84,169] Hər iki rayon 1873-1929-cu illərdə Yelizavetpol qu-berniyasının Cavanşir qəzasının tərkib hissəsi ol-muşdur (xəritə 1).
“Azərbaycan tarixi üzrə qaynaqlar”da Mirzə Adıgözəl Bəyin “Qarabağnamə”sindən də misallar çəkilərək “Çiləbörd” toponimi müxtəlif variantlar-da yazılıb:- “Xəmsə adı ilə məşhur olan 5 mahalın hər birinin ayrı-ayrı adı var:-Dizaq, Vərəndə, Xa-çın, Çiləbörd, Talış mahalları. Çiləbörd mahalının məliki Məlik Allahquludur. Əsilləri Mağavızdan gəlmədir. Bunlar gəlib Çiləbörddə məlik olmuş, Tərtər çayının ortasında vaqeən möhkəm bir məm-ləkətdə yerləşmişlər. Çox çətin bir yolu olan Cer-mux qalasını (Çiləbörtün qısaldılmış adıdır) özlə-rinə məskən, sığnaq və mənzil etmişlər [7, səh.258-259]. Çiləbört və Talış məlikləri arasındakı çəkiş-mələr vardır [7, səh. 256], Caraberd də Azərbay-canda Atabəylər dövlətinin hakiminə tabe idi [7, səh. 177]. Çörəbərd (Çiləbörd) torpaqlarında yer-ləşən kiçik feodal hakimləri vardı. Çörəbərd məliyi Allahqulu xan 1637-ci ildə Zəngəzur xanını (Sü-nik) öldürdükdən sonra Qarabağa gələn Yeqan nəs-lindən idi” [7, səh. 262]. Müxtəlif variantlarda ya-zılmış olsa da əsil adın “Çiləbörd” olmasını demək o qədər də çətinlik törətmir. “Çiləbörd” toponimi müxtəlif lüğətlərdə “Cer qalası” [21, səh. 48], “oykonim “çilə” (topa, yığın, nəsil), bürt/bərd (qa-la, hasar, divar) olub “insanlara aid qala və ya icma, kənd mənasındadır” [4, səh. 195], “qədim türk dilində “yarğan, uçurum”, “bort-bert” assuri mixi yazılarında “qəsr” [19, səh. 47] mənalarında ve-rilmişdir. “Mardakert” toponimi isə mənalanma-yan söz kimi qeyd edilib [21, səh. 24]. Çox təəssüf ki, mənaların hər biri digərindən tamamilə fərqlidir və yekdil rəy yoxdur.
“Kəlbəcər” toponimi də:“Kevliçer”-qədim türk dilində “kevli”-çayın üstü”, “çericar-qala”, farsca “kevil”-mağara”, azərbaycanca “kühül”-“kühüllü yarğan, mağaralı yarğan” kimi işlənir”. “Kəbləcər” olmuş, sonradan dəyişmişdir” [4, səh. 389] kimi verilib.
Xəritə 1. Yelizavetpol quberniyasının Cavanşir qəzası
Sxem 3. Toponimin tədqiqat mərhələləri
Çox təəssüf ki, adlar və mənası izah edilərkən rəsmi sənəd göstərilmir. Sadəcə yozdurmalarla to-ponimlər mənalandırılır. Hələ 1916-cı ildə İstisu-yun əhəmiyyəti barədə “Кафказский календарь” toplusunun 1916-cı il buraxılışının 162-ci səhifə-sində göstərilirdi:-“Kalvajar” suyu dağ yamacın-dadır. Xəstələr vanna qəbul etmək üçüb bura tökü-lür”. Söz rus dilində yazıldığından “Kəlvəjər” kimi oxumaq olar. İddia etmək olar ki, ruslarda “ə” səsi olmadığına görə “ə”-“a” kimi yazılıb.
B.Əsgərovun 5-ci siniflər üçün “iş kitabı” me-todik vəsaitində göstərilir ki:-“Azərbaycan İcra-iyyə Komitəsinin və Xalq Qomissarlar Şurasının 1930-cu il 15 avqust qərarına görə Azərbaycanda okruqlar ləğv olunub, rayonlaşdırma işinə şüru edilmişdir. 1931-ci ildə Qosplan tərəfindən rayon-laşdırmaya görə 66 əvəzinə aşağıda göstərilən 51 rayon taksim olunur” [10, səh.199, 201]. Kitabda verilmiş bu cədvəldə Kəlbəcərin adı 44-cü sıra-dadır və “Qeybəcar” kimi verilib. 1902-ci ilin et-noqrafiya xəritəsində isə (xəritə 2) “Fərəhqanlı” yazılıb [3, səh.443]. (Yaşlı nəsil Kəlbəcərin mərd, igid, əhdinə vəfalı, sözündən dönməz, qorxmaz oğullarına baxıb:-Bizə Fərganlı deyərlər!-deyib qürur duyardılar.) 1918-1920-ci illərin Cavanşir qəzasının xəritəsində Kəlbəcərin adı “Kyalbac” ki-mi qeyd edilib. “Azərbaycan tarixi üzrə qaynaqlar” kitabında deyilir:-“Siyahguh da (Qaradağ) Azər-baycandır. Onun ətəyində “Kələnbər” şəhəri yerlə-şir [7, səh. 173]. Dövlət arxiv sənədlərində Kəlbə-cərin adı “Kilabort” kimi yazılıb.
Xəritə 2. Yelizavetpol quberniyası-1902
Bu da bir həqiqətdir ki, “Çiləbörd”-“Kilabort” eyni sözdür, sadəcə rus dilində “ç”, “ə” və “ö” hərfi olmadığından mətnlərdə sözü ruslaşdıraraq Kila-bord kimi qeyd ediblər. Deməli tədqiqatçı Kəlbə-cərin adını mənasını vermək üçün “Kalvajar-Qey-bəcar-Fərəhqanlı-Kyalbac-Kələnbər-Kilabort” to-ponim zəncirini bir-bir araşdırmalı və ondan sonra toponimin haqqında qəti fikir bildirməlidir (sxem 3). Çiləbörd Yelizavetpol quberniyasının Cavanşir qəzasının sahəsinə görə ən böyük hissəsidir və sahəsi 3641 km olub. Çar Rusiyası İrandan köçür-düyü erməniləri Çiləbördün bir hissəsində yer-ləşdirib və 2 hissəyə bölüb:-azərbaycanlılar yaşa-yan hissə Qeybacar-ermənilərin yaşadığı hissə Çi-ləbörd kimi qeydə alınıb. “Кафказский кален-дарь” toplusunda göstərilir ki, 1797-ci ildə 11 min erməni əhalisi Rusiya vətəndaşlığını qəbul etdi və İrandan köçürülərək Qarabağ məlikliyində fars sərhəddi boyunca yerləşdirildi [12, səh.62]. 1951-ci ildə “Kommunist” qəzetində çap olunan, Ermə-nistan SSR-in Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Papyanın “Sovet Ermənistanının 31-ci il-dönümü” adlı məqaləsi çap olunub, o çıxışında göstərmişdir:-“Əsirlər boyu öz dövləti olmayan erməni xalqı Lenin və Stalin dühası sayəsində, Bö-yük Oktyabr inqilabı sayəsində nəhayət öz döv-lətini qurdu və milli istiqlaliyyət qazana bildi”. Aşağıdakı fərman da bunu sübut edir.
Dağlıq Qarabağ avtonom oblastının Dizaq və Çerabert (Çiləbörd) rayonları adının dəyişdiril-məsi haqqında Fərman
Dizaq və Çerabert (Çiləbörd) rayonları adlarını onların mərkəzlərinin adlarına uyğunlaşdırmaq məqsədi ilə:
1. Dağlıq Qarabağ avtonom oblastının Dizaq rayonu Hadrud rayonu adı ilə adlandırılsın (mərkə-zi Hadrud kəndi).
2. Dağlıq Qarabağ avtonom oblastının Çerabert (Çiləbörd) rayonu Mardakert rayonu adı ilə adlan-dırılsın (mərkəzi Mardakert kəndi).
Azərbaycan SSR Baş Sovet Prizidiumunun sədri M.B.Qasımov
Azərbaycan SSR Baş Sovet Prizidiumunun katibi vəzifəsini aparan: X.Əfəndiyev

Bakı, 17 sentyabr 1939-cu il.
Fərmandan da görünür ki, nəinki ərazinin sa-həsində dəyişiklik edilib, hətta toponimdə də də-yişiklik edilib-“Çiləbörd-Çerabert”ə çevrilib. Cəd-vəl 2-də Kəlbəcərin Cavanşir qəzası dövründəki kənd adları verilmişdir. Müasir dövrdə həmin kəndlərin adları tamamilə yanlış yazılaraq izah edilib.
Cədvəl 2
Kəlbəcər kəndlərinin adının dəyişməsi
Şəkil 3. İrəvandan əhalinin deportasiyası haqqında sənəd

4. Nəticə
Tədqiqatlar nəticəsində aşağıdakı nəticələrə gəlinmişdir:
1.Toponimik lüğətləri hazırlayarkən xüsusi qruplar təşkil edilməmişdir. Halbu ki, tədqiqat qru-punun tərkibində coğrafiyaşünas, kartoqraf, tarix-çi, dilçi, peşəkar toponimist olmalıdır. Toponim toplanan ərazinin yaşlı ziyalı nəsli ilə əlaqələndi-rilmələr aparılmalı və əraziyə vizual baxış keçiril-məlidir.
2. Toponimin mənasını vermədən öncə tarixi hadisələr, coğrafi proseslər, rəsmi sənədlərin hansı dildə yazılması nəzərə alınmalı, həmin dilin qramatik xüsusiyyətləri ilə azərbaycan dili arasında müqayisələr aparılması həyata keçirilməlidir. Çünki xarici ölkə səyyahları yazdıqları, işğalçıların tərtib etdikləri sənədlərdə dilin qramatik xüsusiy-yətləri toponimlərin yanlış yazılışını təmin edir. Bu da toponimin başqa dilə mənsub edilməsini, həmin dildə yanlış lüğəti məna verilməsinə gətirib çıxar-dır və toponim Azərbaycana aid olmur.
3. Rəsmi dövlət sənədlərində müxtəlif illərdə toponimlərin yazılışındakı fəqlər və ad dəyişmə prosesləri araşdırılaraq təhlillər aparılmalıdır. Əks təqdirdə toponimlərin keçmişi, məna dəyişkənliyi reallıqdan uzaq fikir formalaşdırır.
4. Keçmişdə tərtib edilmiş kartiqrafik vəsaitlər araşdırılmalıdır. Bu zaman da xəritələri tərtib etmiş kartoqrafların və nəşriyyatın dilini nəzərə almaq olduqca vacibdir. Xəritəyə köçürüləcək ərazilərin adları rusca tərtib edilibsə, azərbaycan toponimləri rus dilinin qarmatikasına uyğunlaşdırılıb yazılır.
5. Toponimlərin toplanması, araşdırılmaların aparılması, dövlət sənədlərinin, arxiv materialları-nın öyərnilərək təhlillərin aparılması, həqiqi məna-sının ortalığa çıxarılması, dəqiq variantın tapılması toponimik lüğət tərtib edənlərdən olduqca böyük məsuliyyət tələb edir. Buna görə də toponimlərin mənasını sözü kök və şəkilçiyə, hecalara ayırmaq-la, yozulmalar etməklə mənalandırmaq yolveril-məzdir.
ƏDƏBİYYAT
1. Abışov E., El-oba adlarının izi ilə, Bakı, Nafta-Press, 2007, 136 səh.
2. Abbasov M.Ə., Axundov A.A, Babayev T.A. və b., Azərbaycan toponimləri, ensiklopedik lüğət, Bakı, Azərbaycan Ensiklopediyası NPB, 2000, 584 səh.
3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, iki cilddə, II cild, Bakı, Lider nəşriyyatı, 2005, 472 səh.
4. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.
5. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.
6. Azərbaycan SSR inzibati-ərazi bölgüsü, 1961-ci il yanvarın 1-dək olan vəziyyətə görə tərtib edilmişdir,
Azərb.SSR Ali Soveti Rəyasət heyəti, Bakı, Azərnəşr, 1961, 286 səh.
7. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1989, 321 səh.
8. Azərbaycan Xalq Cümhuriyyəti- Ensiklopediya, II cild, Bakı, Lider nəşriyyatı, 2005, 479 səh.
9. Əliyeva R.Z., XVIII-XIX əslər rus və Avropa səyyahlarının əsərlərində qeyd alınmış Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili, Bakı, Qanun, 2002, 136 səh.
10. Əsgərov B., Coğrafiyadan iş kitabı. 5-cü qrup üçün. (K.M.Q. Tədris Metod sektoru tərəfindən təsdiq edilmişdir.), Bakı, Azərnəşr, 1931, 202 səh.
11. Əliyev V., Azərbaycan toponimiyası, (dərs vəsaiti), Bakı, 1999, 278 səh.
12. Кафказский календарь, на 1846 год, изданый оть канцелярии кафказскаго намьестника, Тифлис, 1845, с
13. Гейбуллаев Г.А., Топонимия Азербайджана, (историко-этнографическое исследование), Баку, Элм, 1986, 116 с.
14. Məmmədov A., Coğrafi adların sirri, Bakı, Azərnəşr, 1971, 69 səh.
15. Nəbiyev N.N., Coğrafi adların mənşəyi, (qısa toponomik lüğət), Bakı, Maarif, 1965, 106 səh.
16. Nəbiyev N.N., Coğrafi adların mənşəyi, (qısa toponomik lüğət), Bakı, Maarif, 1969, 108 səh.
17. Rzayev V.M., Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri), II nəşr, Naxçıvan, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2019, 392 səh.
18. Tapdıqoğlu N., Laçın toponimləri, Bakı, 2002, 152 səh.
19. Tapdıqoğlu N., Laçın rayonu və onun toponimiyası, qısa ensiklopedik lüğət, Bakı, Araz, 2005, 370 səh.
20. Tapdıqoğlu N., Zəngilan toponimləri, Bakı, 2002, 140 səh.
21. Yüzbaşov R.M., Əliyev K., Sədiyev Ş., Azərbaycanın coğrafi adları, oçerklər, Bakı, Maarif, 1972, 99 səh.
22. II dərəcəli S.Şaumyan adına qayibanə firkə məktəbi üçün “İqtisadi coğrafiya” kursu, Tapşırıq № 5, Bakı, “Kızıl Şərk” mətbəəsi, 1933, 6 səh.
ПРОИСХОЖДЕНИЕ ГЕОГРАФИЧЕСКИХ НАЗВАНИЙ: ИССЛЕДОВАНИЯ, ИСТОРИЧЕСКИЕ ФАКТЫ, ИСТИНЫ
М.И.Вердиева

Резюме. В статье как положительный момент оценивается тот факт, что многочисленные статьи о происхождении ряда топонимов стали писаться пос-ле обретения Азербайджаном независимости. Одна-ко некоторыми людьми, работающими в области топонимики, вопросы, связанные со значением наз-ваний Азербайджана, особенно оккупированных территорий, обсуждаются без исследования истори-ческих источников, судя о происхождении слов, разделяя их на составные части, и публикация их на сайтах, в социальных сетях, в газетных материалах различных авторов показана как негативная ситу-ация в данной сфере. В частности, было отмечено, что значение имени Кельбаджар основано на толко-ваниях. В статье со ссылкой на архивные исследо-вания дается исследование топонима «Кельбаджар», изменения его названия в разные периоды, особен-ности его искажения при написании на других языках. В ходе научных исследований было пока-зано, что выявить настоящую правду можно с по-мощью карт, полученных из исторических источ-ников.
Ключевые слова: топонимия, происхождение географических названий, Кельбаджарская топони-мия, названия деревень, исторические источники.
ORİGİN OF GEOGRAPHİCAL NAMES: RESEARCH, HİSTORİCAL FACTS, TRUTHS
M.I.Verdiyeva
Annotation. The article assesses as a positive mo-ment the fact that numerous articles about the origin of a number of toponyms began to be written after Azer-baijan gained independence. However, some people working in the field of toponymy, issues related to the meaning of the names of Azerbaijan, especially the oc-cupied territories, are discussed without researching his-torical sources, judging the origin of words, dividing them into components, and publishing them on websi-tes, in social networks, in newspapers. materials of va-rious authors is shown as a negative situation in this area. In particular, it was noted that the meaning of the name Kalbajar is based on interpretations. The article, with reference to archival research, provides a study of the toponym "Kelbajar", changes in its name in different periods, features of its distortion when written in other languages. In the course of scientific research, it has been shown that it is possible to reveal the real truth with the help of maps obtained from historical sources.
Keywords: toponymy, origin of geographical na-mes, Kalbajar toponymy, names of villages, historical sources.

Dalidag.az


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 13-03-2023 12:29
Baxış sayı: 31 143
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını