Reklam
Kəlbəcərin Şahkərəm və Çovdar kəndlərinin sakinləri Mehriban Əliyevadan kömək istədilər
31-01-2022 14:43
Kəlbəcər rayonunun Çovdar və Şahkərəm kəndlərinin sakinləri Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya müraciət etdi!
Onlar birləşdiriləcək kəndlərin siyahısına sakini olduqları kəndlərin də adının salınmasını istəmirlər və fikirlərini aşağıdakı müraciətdə Birinci vitse-prezidentin nəzərinə çatdırırlar.Dalidag.az sözügedən müraciəti təqdim edir:
"Hörmətli Mehriban xanım!
Azərbaycan Respublikasının Prezdienti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi Zəfər harada yaşamağından, sosial mənşəyindən, yaşından asılı olmayaraq özünü azərbaycanlı sayan hər bir şəxsin, eləcə də bizə qardaş və dost olan digər ölkələrin vətəndaşlarının qəlbini böyük fərəh hissi ilə doldurdu. 30 ilə yaxın müddətdə Ermənistanın apardığı təcavüzkarlıq siyasətinə son qoydu, tarixi yurd yerlərimiz işğaldan azad edildi.
Bu qələbə öz ata-baba yurdundan didərgin salınmış məcburi köçkünlər, doğma ocaqlarının həsrətini çəkən yüz minlərlə həmyerlimiz üçün ikiqat sevincə çevrildi, onlara sözlə ifadə olunmayacaq hisslər yaşatdı.
Hörmətli Mehriban xanım!
İşğal dövründə ermənilərin həyata keçirdiyi vəhşiliyin, talançılıq siyasətinin, həmçinin dinc əhaliyə qarşı ağır cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında olduqca səmərəli fəaliyyət göstərmisiniz. Sülhməramlı səfiri olduğunuz BMT-nin YUNESKO təşkilatı, o cümlədən digər nüfuzlu beynəlxalq qurumlarda xalqımızın haqq səsini qaldırmış, işğalda olan torpaqlarımızda erməni vandallığı, həmin ərazilərimizin flora və faunasına vurulan zərərlər, tarixi və dini abidələrimizin dağıdılması və digər qeyri-insani addımlar barədə obyektiv məlumatları dünya ictimaiyyətinə təqdim etmisiniz. Didərgin həyatı yaşamağa məhkum edilmiş yüz minlərlə vətəndaşımızın həmişə yanında olmusunuz, onlara maddi- mənəvi dəstəyinizi heç zaman əsirgəməmisiniz. Bu nəcib fəaliyyətinizi bu gün də davam etdirirsiniz. Buna görə bütün məcburi köçkünlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətli Mehriban xanım!
Məlumdur ki, bir zamanlar zəhmətkeş insanlarımızın min bir əziyyətlə qurub - yaratdıqları ev-eşik, təsərrüfat obyektləri yağmalanıb, yerlə yeksan edilib. Buna görə də hazırda dövlətimiz və xalqımız qarşısında uzun və zəhmətli bərpa prosesi durur. Şübhə etmirik ki, Prezidentimizin və Sizin başçılığınız altında dövlətimiz bütün sahələrdə olduğu kimi, bu işlərin də öhdəsindən layiqincə gələcəkdir. Azad edilmiş ərazilərimizdə aparılan geniş quruculuq və bərpa işləri bunu bir daha təsdiq edir. Mənfur düşmənin xarabalığa çevirdiyi, dağıtdığı şəhər və qəsəbələrimiz, kəndlərimiz bu gün böyük tikinti meydançasına çevrilib. Həmin yerlərdə yeni və müasir yol-nəqliyyat infrasrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, tarixi abidələr bərpa olunur, yeni yarımstansiyalar inşa olunur. Çətin dağ relyefinə malik Kəlbəcər rayonuna Murovdağ silsiləsindən keçməklə Cənubi Qafqazda ən uzun tunel xətti ilə geniş zolaqlı yol çəkilir. Bütün bunlar bizi sevindirir və Vətənimizə ən qısa müddətdə qayıda biləcəyimizə olan ümidlərimizi artırır.
Bildiyimiz kimi, bütün bu işlər işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı üzrə infrastrukturların yenidən qurulmasına dair layihələr çərçivəsində aparılır. Qeyd olunan layihə ilə tanış olduqdan sonra onun bizim kəndlərlə bağlı hissəsinə dair təklif və qeydlərimizi Sizə çatdırmaqla, onların mümkün həlli ilə bağlı köməklik göstərməyinizi xahiş edirik. Belə ki, ilkin layihəyə əsasən, Kəlbəcər rayonunun kiçik kəndlərinin birləşdirilməsi nəzərdə tutulur. Rayonumuzun yalnız 58 yaşayış məntəqəsinin, o cümlədən Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 56 kəndinin yenidən qurulması, 68 kiçik kəndin isə digər iri yaşayış məntəqələrinə birləşdirilməsi planlaşdırılır.
Bu layihəyə əsasən, bizim ata-baba yurdumuz olan Şahkərəm və Çovdar kəndlərinin qonşu Xallanlı kəndi ilə birləşdirilməsi nəzərdə tutulur. Xallanlı kəndinin yerləşdiyi əraziyə yaxşı bələd olan adamlar kimi qeyd edirik ki, 3-4 kəndin sözügedən Xallanlıya birləşdirilməsini uğurlu qərar hesab etmirik. Çünki həmin kəndin ərazisi kiçik, otlaq və biçin yerləri əlverişsiz, əkinə yararlı torpağı isə çox azdır. Geri dönmək istəyən insanlarımız ənənəvi olaraq maldarlıqla, əkin-biçinlə, bir sözlə kənd təsərrüfatı ilə məşğul olmaq arzusundadırlar. Bu isə qeyd olunan ərazidə olduqca əlverişsiz, hətta qeyri-mümkündür.
Məsələ bundadır ki, Çovdar və Şahkərəm kəndlərinin əlverişli təbii-coğrafi şəraiti, bol sulu bulaqları, çayı, meşələri, geniş yaylaqları, gözəl iqlimi və münbit torpaqları var. O cümlədən, bu kəndlərin geniş otlaq və biçin sahələri mövcuddur. Orada həmçinin sıx çökə ağacları ilə əhatə olunmuş meşə sahələri var və bu da arıçılıq üçün çox münasibdir. Elə buna görə vaxtilə bizim kəndlərin cökə balı dillər əzbəri idi. Başqa sözlə, əvvəlki yerində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün daha geniş imkanlar olduğu halda, kəndlərimizin daha uyğunsuz yerə birləşdirilməsi məqsədəuyğun görünmür.
Qeyd olunanlardan əlavə, kəndlərimizin əvvəlki yerində bərpasını zəruri edən ciddi mənəvi əsaslar da az deyil. Çünki bu kəndlər bir-biri ilə çox yaxın yerləşir və tarixən eyni el-oba sayılıb. Hazırda həmin kəndlər üzrə qeydiyyatda olan sakinlər və əslən oradan olan və indi həmin yerlərə qayıtmaq arsuzu ilə yaşayan şəxslərin hamısı bir-birilə qohum olan insanlardır və həmin yerlərin bütün mənəvi irsi onların hamısı üçün eyni dərəcədə əhəmiyyət kəsb edir. Bizim ata-babalarımızın, qohum-qardaşlarımızın qəbirlərinin bir qismi dağıdılsa da, onların uyuduğu yerlər hamımız üçün müqəddəsdir.
Bizi o yerlərə çəkən, orada yaşayıb-yaratmağa ruhlandıran yalnız o torpaqların maddi potensialı deyil, həmin yerlərə olan mənəvi bağlılıq, qədim yurd yerlərimizi yenidən dirçəldərək tarixi şəcərəmizdən gələn bağları davam etdirmək istəyidir. Ona görə də bütün bu insanların ən böyük arzusu kəndlərinin məhz əvvəlki yerində bərpa olunmasıdır. Qeyd edək ki, hazırda bu iki kənddən olan 200-dən artıq ailə öz yurdlarına qayıdaraq orada yaşayacaqları günü səbirsizliklə gözləyirlər.
Onu da qeyd edək ki, vaxtı ilə bu kəndlərdən respublikanın müxtəlif yerlərinə köçmüş, eləcə də xaricdə yaşayan onlarla həmkəndçilərimiz geri dönmək, öz vəsaitləri hesabına şərait qurub orada yaşamaq istəyirlər.
Qeyd olunanları nəzərə alaraq, bizim kəndlərin əvvəlki yerlərində bərpa edilməsi üçün köməklik göstərməyinizi Sizdən xahiş edirik"-deyə, müraciətdə qeyd olunur!
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 31-01-2022 14:43
Baxış sayı: 2696
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23