Peqov, Hovvanisyan və Stepanyan üçlüyü əslində nə deyir?

05-11-2020 11:20



WarGonzo layihəsindəki Semyon Peqov (daha doğrusu, qaçmağa meylli olduğuna görə Beqov) və Ermənistan Müdafiə Nazirliyinin yetkililəri Harsrun Hovvanisyanla Şuşan Stepanyan... Onları söyürsünüz, lənətləyirsiniz, pisləyirsiniz. Amma...
Bu məxluqların açıqlamaları, bəyanatları, çəkilişləri, paylaşdıqları videoları diqqətlə izləsək və düşmənin mövqeləri, davranışı, planları və ən başlıcası, real durumu barədə müfəssəl məlumatlar əldə etmək olar.
Sadəcə, onların yaydıqlarını ciddi təhlil etmək gərəkdir.
Beləliklə, başlayaq təhlilə.
Bu təhlil sırf Hovvanisyan-Stepanyan-Peqov triosunun yaydıqları məlumatların deşifrəsidir.
Şuşan Stepanyan dünən Qarabağ döyüşlərində ermənilərin operativ əməliyyat keçirən əsgərlərimizə artilleriya-minaatan zərbələrini əks etdirən video yaydı.
Video Rusiya istehsalı olan "Orion" kəşfiyyat-müşahidə PUA-sı yox, Ermənistan istehsalı olan "Krunk 25-2 Azniv" PUA-sı vasitəsilə çəkilmişdi.
Bu kadrlar əslində ordumuzun Laçından şərqdə ermənilərin müdafiə xəttini necə də dərin şəkildə yardığını göstərdi. Həmin "yarma" isə Xocavənddən başlayaraq bütün dağ platosu üzrə Şuşaya qədər irəliləyiş olmadan mümkün deyil.
Ermənilər üçün fəlakətdir bu: axı Hadrutdan başlayaraq Şuşa həndəvərlərinədək tam 35 kilometrlik məsafədə müdafiə xətləri yarılıb.
Üstəlik, qərb tərəfdən də, Quşçular istiqamətdən çox yəqin düşmən mövqelərinə tərəf irəliləyiş var.
Əməliyyat maraqlı olub, məncə.

İlkin mərhələdə kiçik piyada qruplarla düşmənin müdafiəsi yoxlanılıb. Şuşadan cənub-şərqdə Sığnax, Çanaqçı və Zardaşen kəndləri ətrafındakı döyüşlər barədə Ermənistan Müdafiə Nazirliyi artıq 6 gündür fasiləsiz məlumatlar verir.
Şərqdən qərbə 35 kilometrlik qövs boyunca ermənilərin müdafiəsini darmadağın edən əsgərərimiz irəliləyiblər. Bu zaman şərqdən Xocavəndə hücum başlayıb. Naçar qalan ermənilər həmin qövsü qorumaq üçün ehtiyatdan bir korpusu ön cəbhəyə atıblar.
Belə şəraitdə konkret hansı bölgələrdə diversiya-kəşfiyyat qruplarının (DKQ) işlədiklərini, harada isə ümumiqoşun hücumunun başlandığını bəlirləmək çox çətindir. Çünki həmin kəndlərdə ermənilərə hücumlar ağır texnika və artilleriyadan istifadənin prinsip etibarilə mümkünsüz olduğu dağlıq-meşəlik ərazilərdə gerçəkləşdirilib.
Üstəlik, ermənilər Hadrut əməliyyatını unutmayıblar.

Xatırladım ki, xüsusi təyinatlılarımız ilk əvvəl Hadrut ətrafındakı yüksəklikləri ələ keçirəndən sonra şəhərdəki düşməni məhv etməyə başlamışdı.
Semyon Peqovun Hadrutdan "məşhur" reportajları yadınızdadırmı?
Daha sonra əsgərlərimiz qərbdə 3 km yüksəklik Turşsuda və Şuşadan cənubda möhkəmləndilər. Ermənilər Şuşa ətrafındakı kəndləri müdafiə etmək üçün həmin bölgəyə böyük sayda canlı qüvvə və texnika yığmağa başlayanda DKQ-larımız ətrafdakı yüksəkliklərə çəkildilər.
Eyni vaxtda ordumuz Qırmızı Bazar ətrafınna artilleriya, reaktiv yaylım atəşləri sistemləri toplayaraq Şuşa ətrafındakı kəndlərdə olan düşmənin mövqelərini və qüvvələrini vurmağa başladı.
Daha sonra Qarabağın cənubunda ən yüksək nöqtə olan Turşsu və Tuğ kəndinədək 45 km uzanan dağ silsiləsini nəzarətə götürüldü.
Bu yüksəkliklərə nəzarət olmadan irəliləyiş sadəcə, mümkün deyildi.
Turşsu kəndinin özü hələlik düşmən əlindədir.

Və sonda bütün mərkəzi cəbhə boyu irəliləyiş, Şuşa-Laçın yoluna qismən nəzarət. Xocavənddən başlayaraq Şuşayadək bütün dağ platosu boyunca ermənilərin dağlıq-meşəlik massivlərinə səpələnmiş qüvvələri indi məhv edilməkdədir.
Şuşan Stepanyanın yaydığı videolar, Semyon Peqovun reportajları və Harsrun Hovvanisyanın açıqlamaları buna tam dəlalət edir.
Laçın dəhlizinə nəzarətsə o deməkdir ki, bu kontrolu ələ keçirən tərəf yoldan birbaşa istifadə edə bilər.
Ümumiyyətlə, hərb işində traslara nəzarət və kommunikasiyaların müdafiəsi ən çətin əməliyyatlar arasında yer alır.
Səbəb - kommunikasiyaların müdafiəsi üçün bütün tras boyunca vizual müşahidə və effektiv qorunma xətti yaradılmalıdır. Həmin xətdə də yetərincə canlı qüvvə olmalıdır.
Laçın-Şuşa yolu ermənilərin əlində qalan yeganə "həyat xətti"dir ki, Ağdərədən tutmuş Xocavəndədək, habelə Şuşa, Xankəndi və Əsgərandakı 25 minlik düşmən kontingentinin təminatında müstəsna rol oynayır.

Zəngilan-Cəbrayıl yolu əsgərlərimizin tam nəzarətindədir.
Şimaldakı Ağdərə-Vardenis yolunu isə ermənilər sentyabrın 30-dan qapadıblar, çünki ordumuz sentyabrın 28-də Murovdağı azad edəndən bəri həmin yolu atış kontrolunda tuturlar.
Bəhs etdiyim situasiyada ermənilər dalana dirəniblər.
Düşmən ya 45 km uzunluğundakı kommunikasiyalarını qorumaq üçün ehtiyat qüvvələrini trasa çıxarmalı, ya da Xocavəndlə Şuşanın müdafiəsini gücləndirməli idi.
Ermənilərin ordumuzun planları ilə bağlı kəşfiyyat məlumatları da yoxdur. Olsaydı, düşmən Xocavənddən çəkilərək Laçın dəhlizini qorumaq üçün cəbhə xəttini qısaldardılar.
Yaxud da ermənilər cəbhənin 3 istiqamətində ordumuzun real gücünü anladığından həmin anda dürüst saydığı qərar verdilər. Bu qərar da onlar üçün əsl fəlakət oldu.
Beləliklə, Peqov-Hovvanisyan-Stepanyan triosunun bəyanatlarından belə məlum olur ki, ordumuz Laçın dəhlizinə operativ nəzarət edir və trasın şimalındakı yüksəliklərdə əsgərlərimizdir.
Stepanyanın yaydığı videoda da aydın görünür ki, ermənilər əsgərlərimizə qarşı 152 mm çaplı artilleriyadan istifadə etmək üçün səmaya "Krunk" PUA-sını qaldırıblar.
Ermənilər əsərlərimizi istədikləri qədər "muzdlular", "terrorçular", "diversantlar" adlandıra bilərlər: bütün bunlar vəziyyəti dəyişmir.
Vəziyyətsə odur ki, ordumuz Qarabağla Ermənistanı birləşdirən "Laçın dəhlizinə" tam operativ nəzarətə çox yaxındır.
Beləliklə, sonuc.

Qarabağdakı erməni birləşmələrinin təminatında çox, amma çox ciddi problemlər yaranıb. Ağdam, Əsgəran, Xocavənd, Xankəndi, Şuşa və digər yaşayış məntəqələrində təqribən 25 min erməni hərbçinin olduğunu, həmin məntəqələr ətrafında tank, artilleriya və motoatıcı hissələrin cəmləşdiyini nəzərə alsaq, onların yanacaq-sürtgü materialları, sursat və ərzaqla təminatında qıtlıq var.
Həmin hissələri yalnız trasla, avtomobil nəqliyyatı ilə təchiz etmək olar. Təbii, "Laçın dəhlizi"ndən şimalda dağ yolları və cığırlar mövcuddur. O yollarla təminata başlanarsa, ermənilər bu iş üçün çoxsaylı əsgər və texnika ayırmalıdır.
Ermənilərin buna imkanları yoxdur, çünki müzəffər ordumuzun qarşısını almağa çalışırlar.

Elçin Alıoğlu



Kateqoriya: Manşet / Qarabağ
Tarix: 05-11-2020 11:20
Baxış sayı: 3627
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını