Göynəyən dərdi üfürən dost - Məhəmməd Nərimanoğlu

25-01-2022 11:31
El misalı var, deyərlər ki: “O, saf adamdı, paklığı sevəndi, suyu üfürə-üfürə içir”. Suyu üfürərlər ki, təmizlənsin, soyusun. Yaranı üfürərlər ki, ağrısı kəssin…
Bəs dərdi üfürmək nə verir?! Özü də göynəyən dərdi?!… Deməli, dərdin özü də göynəyərmiş… Göynətdiyi qədər göynəyərmiş..., yandırdığı qədər yandırarmış…


Mərhum şairimiz Bəhmən Vətənoğlu deyirdi:

Əzizinəm, dərdə tamı,
Dərd verər dərdə tamı.
Dərdin atası ölsün,
Öldürdü dərd atamı…

Deyim nə gözəldi? Dərdə tamı dərd verərmiş! Dərdin də öz dadı-tamı varmış! Analar da dərd doğurmuş. Dərdin də bəlası varmış… Dərdin bəlası onun göynətdiyi adamlar imiş.
Dünən boyu sevilə-sevilə  doğulub bələnən oğul bu gün şəhidlik donuna bükülüb torpağa tapşırılanda ana üçün doğulmuş dərd olurmuş.
Bu ifadələr Məhəmməd Nərimanoğlunun yazılarına səpələnib ki, dərdi, qəmi, şəhid ağrısını olduğu kimi anlasınlar, yaşasınlar.
Haqqında söz açmaq istədiyim yaxın dostum, çox gözəl insan, tutarlı qələm sahibi, qələminin ucundan şəhidlərin qəhrəmanlıq çağırışları, ata-ana ah-naləsi tökülən Məhəmməd Nərimanoğlunun - “Dağların sinə dağı”na,  “Dədə ocağı”na, “Yurd göynərtisi”nə, “Qanlı köynəklər”inə, “Qiyamətə qalan qisas”ına, bir sözlə, Vətən həsrətinə “Ümid işığı” axtaran Məhəmməd Nərimanoğlunun -  bəli, göynəyən yurdun, qanı tökülən şəhidlərin dərdini yaza-yaza özü də  qələminin şəhidinə çevrilmiş Məhəmmədin.
Bu fikrimi özünü hələ tanımadığım, yazılarının vurğunu olduğum Telman Mehdixanlının Məhəmməd Nərimanoğlu haqqında “Çiçəyi erkən solan dünya” başlıqlı yazısındakı bir fikirlə tamamlamaq istəyirəm: “Şəhidlərin sinəsinə dəyən güllələr nə qədərdisə, bir o qədər də sən yaralanmısan, göyüm-göyüm göynəyib sızlamısan. Haqqında yazdığın qəhrəmanların kimi, şəhid olmusan, amma Ulu Tanrı yenidən qismət edib ki, onların hər birinin sonrakı ömrünü yaşayıb yaşada biləsən”…
Bəli, dostum Məhəmməd Nərimanoğlu belə ömür yaşayır ki,  dərdlərimizi üfürə-üfürə soyutsun, göynərtisini kəssin, dağların sinə dağını üfürüb qaysaqlatsın, yerini sağaltsın. Dərdə yavanlıq edir ki, dərd onu doyurmasın…
Mən həmişə qələm sahiblərini, yazarları çox sevmişəm, çünki tarixi yazanlar yaşadır. Tarixi hadisələr yazılmasa, gələcək nəsillər nə bilərlər ki, keçmişimizdə nələr olmuşdur. Biz unudulmuş yerlərin, xalqların, qəhrəmanların adını şeirlərdə, tarixi yazılarda tapırıq…
Məhəmmədin yazılarında, kitablarında gələcək nəsillər  çox tarixi yadigarlar tapacaq. Mənim bugünkü nəvələrim keçmişimdən xəbərsizdirlər, mən doğulan yurdu görməyiblər, tanımırlar. Onlar bu yurdları, tarixi hadisələri, şəhid olan oğullarımızı Məhəmməd Nərimanoğlunun və digər yazarlarımızın  yolunda əlli min dərdi qələmə alıb, dərd şəriki ilə qoşa ağlayan Məhəmməd Nərimanoğlu yazdığı kitablarda görön nə deyir:

Kəlbəcərin dağı var,
Dağlarında yağı var.
Kitabı aç, vərəqlə,
Gör bir neçə dağı var…


Dahilər  yaxşı deyib: “Yediklərin çürüməyə, yığdıqların dağılmağa, tikdiklərin sökülməyə məhkumdur. Amma daim yaşayan əməllərin, adın və sözündür”.
Məhəmməd müəllimin ömür kitabı vərəqləndikcə açılan hər yeni səhifədə bir Kəlbəcər dünyası, bir Kəlbəcər hay-harayı görürsən. Sözlər buluddan süzülən leysan kimi tökülür, ürəyinin içindən keçir. Sözdən Kəlbəcər tamı gəlir - Kəlbəcər adı yaşadıqca damaqlardan getməyəcək. Bu doğma diyarın adı dünyanın harasına yazılsa, digər yazarlarımızla yanaşı Məhəmmədin adı da o yerin zirvəsinə yazılacaq.
Peyğəmbər salavatullahın hədislərinin birində göstərilir ki,  şəhidlər ölmür, cənnət-məkan olurlar. Vətənimiz uğrunda can verən şəhidlərimizi müqəddəs varlıq kimi  əbədiləşdirən Məhəmməd Nərimanoğlu elə  bu başdan «cənnət-məkanlıqdır».
Budur, 50 illik bir ömrün barı-bəhəri, Azərbaycanın şeir-sənət dünyasına, ədəbiyyat tarixinə Kəlbəcərin bəxş etdiyi «Söz tacı–Söz çələngi»: «Kəlbəcər – yüz şairin bir kitabı», «Kəlbəcər- sazın-sözün harayı». O tacın içərisində Ağdabanlı şair Qurban, Dədə Şəmşir, Məmməd Aslan, Ənvər Rza, Qəmkeş, Yaqub-Əyyub qardaşları, Bəhmən, Sücaət, Əli Qurban Dastançı, Adil Cəmil, Mirsəyyaf, Yusif Hüseyn, İdris Verdiyev, Mehdixan…  kimi Kəlbəcəri ellərin və illərin yaddaşında yaşadan şairlərimizin töhfəsi vardır.
Məhəmməd Nərimanoğlunun çox mülayim təbiəti, kövrək hissləri, mədəni davranışı, yapışıqlı tələffüzü vardır. Həm də onun ağlatmağı bacaran qələmi, güldürməyə gücü çatan yumorlu-satiralı, elağızlı deyimi, həqiqəti görən gözü vardır. Ondakı geniş təfəkkür, həssas duyum həmişə diqqəti cəlb edir və çox təlatümlü, zəngin dünyaya malik olması, oxucuda özünə qarşı geniş maraq yaradır.
Mən Kəlbəcər rayonunda müxtəlif rəhbər vəzifələrdə işləyəndə Məhəmməd Nərimanoğlu çox gənc idi. O vaxtlar çalışdığı «Yenilik» qəzetində onun imzası ilə tez-tez məzmunlu, kövrək, yanımcıllıq duyulan yazılar dərc olunurdu. Yazılarını oxuduqca xəyalında meşə talasında bitmiş boynubükük, təzəcə açılmış qanbənövşə təsəvvürü yaradırdı. Elə bil ki, hər misra qönçə bağlayır, bükülüb-açılır, bəzən də misra yazıqlaşır, boynunu bükür.
Məhəmmədin indiki yazılarını oxuyanda çoxdan yaddaşımda qalmış şeirdən bir misra düşür yadıma:

Nərgizli dağlarda qaldı nərgizim,
Nərgizlər içində itər, qorxuram.
Mənsiz tellərini çəmənə verib,
Dönər bənövşəyə, bitər,  qorxuram…


Deməli, Məhəmməddə bu qorxu hissi əvvəldən yaranmışdı. Fikirləşirsən: o, nə bilirdi ki, yurd-yuvamız viran qalacaq, qəhrəman oğullarımız torpağa öz qanları ilə «Vətən! Azərbaycan-Qarabağ-Kəlbəcər!» sözlərini yazacaqlar, əl-ələ verib özlərini qayadan atacaq qızlarımız bakirə vücudlarını Tərtər çayının coşğun sellərinə qurban verəcəklər,  dağlarımızda, çəmənlərimizdə, meşə talalarında maralçiçəyi, saçaqlı nərgizlər, qanbənövşəsi tellərini qürbətə çevrilmiş dağlarımızın küləyinə verib, boynubükük qalacaqlar?!
Sən demə, hər şey ona agah olurmuş, Allahdan vəhy gəlirmiş. O, özünü hələ gənc yaşlarından Kəlbəcərin, ulu  Göyçənin, Dərələyəzin, Zəngəzurun, Qarabağın, bütövlükdə bütöv Azərbaycanımızın qara taleyini, şəhidlərimizin yarımçıq qalan ömür yollarını yazmağa, onları tarixləşdirməyə hazırlayırmış.
Məhəmməd müəllim bu kövrək yazıları acizlikdən yazmır. O yazıları ilə Məhəmməd tarixi bir xronologiya yaradır. Gələcək nəsilləri agah etmək üçün yazır, qəhrəmanlıq tarixi yazır ki, biz mənfur düşmənlərə (ermənilərə) qarşı iki əsrə yaxındır ki, belə mübarizə aparırıq. O, elə yazır ki, adamın əti ürpəşir, başının tükü biz-biz olur.
Məhəmməd Nərimanoğlu ömrünün 50 illik dönəminə qədər Vətən üçün nə düşünüb, nə yazıbsa, hamısı ürəkdən gəlib. Onun misralarında təskinlik üçün bir sərinlik, taqət  üçün bir qudum tamı - ana südünün tamı var…
Onun bir mövzusu vardır; vətənpərvərlik. Onun fikrincə, şəhidlərimizin hamısı da qəhrəmandır və onların qanı yerdə qalmamalıdır! Bizim hamımızın bölünməz, bütöv bir Azərbaycanımız vardır, onlar bu Vətən uğrunda şəhid olublar.
Məhəmməd Nərimanoğlu şəfaverici «qələm çalan» müəllifdir. Onun hər bir şəhid haqqında yazdığı yazılar, çaldığı qələm şəhid analarının yarasına, sinəsinin göynərtisinə sərinlik gətirir, su çiləyir, təskinlik verir. Gənclərimizi ümidli bir gələcəyə səsləyir. Budur Məhəmməd Nərimanoğlunun qələminin gücü, yaddaqalanlığı. Onun qələminin ucundan söz tökülüb itmir, muncuqlanır, mirvariləşir, qızıl boyunbağına çevrilib, oxucunun yaddaşından asılır, «oxu məni»,-deyir.
Məhəmməd kölgəsi olan müəllifdir. Onun qələmi öz kölgəsində sərinlik tapır, başqa kölgə axtarmır… şütüyür, yazır…
Məhəmməd müəllimlə bağlı bir neçə xatirəmi oxuculara çatdırmaq istəyirəm. Bir gün Məhəmməd iş otağıma gəldi və dedi ki, Vəliyəddin müəllim, nə qədər ki, biz doğma ocaqlarımıza qayıtmamışıq, onsuz da qələmdən əl çəkməyəcəyik. Məsləhətdirsə, mənə köməklik göstərin, bir qəzet  buraxdıraq, Siz də təsisçi olun. O qəzetdə respublikamızın nailiyyətlərindən, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan siyasi  mübarizədən və dərd-sərimizdən yazaq. Bəlkə bu yazılar bizi ovundura, Bəhmən Vətənoğlu demişkən, «Kəlbəcərə qayıdana qədər Allahdan möhlət istəyək»…
Söz məni yamanca tutdu və təsisçisi mən, baş redaktoru Məhəmməd Nərimanoğlu olmaqla, «Yeni Bəşər» qəzetini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib, buraxılışa razılıq aldıq. İlk nömrəsini buraxmaq üçün materiallar hazırlandı.
Müdhiş bir xəbər eşitdik… Şirin qoşmalar müəllifi, milyonlarla insanın dilinin əzbəri, ilk məhəbbətlə dil açan gənclərin deyə bilmədiklərini onun şeirlərinin dili ilə deyənlərin ürəyində yaşayan Bəhmən Vətənoğlu, özü demişkən, «Əzrayılın gözündən yayına» bilməyib…
Bu ağır xəbər hamını sarsıtdı. Mən dəfnə çata bilməsəm də, sonrakı gün, hüzn mərasimində oğlu Etibara təskinlik verdim və dedim ki, bu itki tək səninki deyil, Azərbaycanın şeir dünyasınındır, hər birimizin və hamımızındır. Söz verdim ki, Bəhmən Vətənoğlunun bu kədərli gününə həsr olunmuş bir jurnal buraxdıracam. Qoy bu gün bir daha tarixləşsin. Belə də elədik. Məhəmməd Nərimanoğlu ilə məsləhətləşib, «Yeni Bəşər» qəzetinin ilk sayını «xüsusi buraxılış» formasında Bəhmən Vətənoğlunun «son səfər»inə və «axirət müsafiri»nə həsr etməyi məqsədəuyğun bildik. Hətta, belə fikirlər də  səsləndirildi ki, qəzetin ilk sayı gərək matəmli-yaslı-yaralı mövzuya həsr olunmayaydı. Mən dedim ki, xeyr, bu fikir yanlışdı. «Yaşamaq üçün doğulan Bəhmən şərəflə ölmək üçün yaşadı».  O, şərəfli doğuldu, şərəfli yaşadı, şərəfli də öldü. Kəlbəcərin hər gülündə, çiçəyində, yarpağında şeh damlası kimi, Bəhmən nəfəsi, həniri, dağında-dərəsində səsinin əks-sədası, cığırlarında izi, sevən  və sevilən ürəklərdə sözü-söhbəti vardır. O, bunları qoyub getdi, özüylə bircə «sızıltılı Kəlbəcər yarası» apardı. Qoy dünya silkələnsin, bundan sonra Bəhmən kimi və ona bənzər milyonlarla «Yeni bəşər övladları» yaratsın. Bəlkə bu günya qandan-qadadan qurtara, Söz gülüstanına, cənnət bağına çevrilə…
Bəhmən Vətənoğlunun matəm libaslı mərasiminə həsr olunmuş xatirə-yazımı  Məhəmməd Nərimanoğluya oxudum. O, çox diqqətlə və kövrələ-kövrələ qulaq asırdı. Qurtaranda soruşdu:
-Vəliyəddin müəllim, bu kövrək yazıya başlıq nə verirsiniz?
Dedim ki, Bəhmən adi şair deyildi. O, çox böyük fəlsəfi fikirli bir adam idi. Onun «Dünya» rədifli şeirində belə bir misrası var: «Bəlkə bir də bitdim, ək məni, dünya». Bax, mən də xatirəmə belə başlıq verirəm.
O, gözləri yaşarmış halda, səsi titrəyə-titrəyə dedi:
-Vəliyəddin müəllim, yaman silkələdiniz məni, icazə verin Sizin yazının sərlövhəsini Vətənoğluya həsr etdiyimiz bu xüsusi buraxılışa-jurnala verək.
Bəli, «Bəlkə bir də bitdim, ək məni, dünya» adlı bir jurnal çap etdirib Vətənoğlunun «qırx mərasimi»ndə oxucularına çatdırdıq.
Bu, bir dost kimi mənim Bəhmən Vətənoğlu ruhu qarşısında borcum və onun ailəsinə təskinliyimiz idi.
Amma Məhəmməd müəllim hər sözü üfürə-üfürə düzən bir redaktor kimi materialları yığması, gözlərinə qor doldura-doldura kövrək yazılar işləməsi, hətta, jurnala ad seçəndə də onun necə sevindiyi yadımdan çıxmır. Bəlkə də heç ata oğluna ad verəndə bu qədər sevinməmişdi. Bəlkə oğul atası barədə bu qədər canı-dildən hər əzaba-əziyyətə qatlaşmazdı ki, o, bütün bunlara dözür, qatlaşırdı, təki Kəlbəcərimizin fəxri Bəhmənimizin yolunda xidmət göstərsin.
Bir epizodu da xatırlatmaq pis olmazdı. Məhəmməd Nərimanoğlu Azərbaycan Aşıqlar Birliyinin «Ozan» qəzetinin redaktoru işləyəndə Bəhmənlə Sücaətin «Respublika» sarayında görüşünü keçirmək təşəbbüsünü qaldırmışdı. Doğrudur, həmin gecə rəsmi olaraq Aşıqlar Birliyinin adı ilə qeyd edildi, lakin hamı və hər kəs bildi ki,  bu təşəbbüs Məhəmməd Nərimanoğludan gəlmişdi. Sücaət həmin ərəfələrdə dünyasını dəyişdiyindən, Bəhmən tədbirdə iştirakdan qəti imtina eləmişdi. Ömür boyu saraylardan  uzaq duran, kimsəni vəsf etməyən Bəhmən o gecə saraya sığsa  da, onu sevənlər saraydan bayırda da qalmışdı. Onda Bəhmən səhnəyə qalxıb onu alqışlayan tamaşaçılarına və bayırdan onun səsini eşidənlərə deyirdi: «Bilsəydim ki, xalqımın mənə məhəbbəti bu qədərdir, palaz olub, kilim olub ayaqları altına sərilərdim.»…
Bu da Bəhmən böyüklüyündən, Vətənoğlu ucalığından gələn səs idi.
Məhəmməd Nərimanoğlu həm də belə insandır. O, təkcə qələmi ilə Kəlbəcəri təmsil etmir, kəlbəcərliliyi ilə də Kəlbəcərə əsil oğul olduğunu təsdiqləyir.
Bütün bunlar Məhəmmədin içindən gələn insani sevgi, elinə-obasına, onun hər bir övladına qoyduğu qiyməti, hər şeydən əvvəl mənəvi borca sadiqliyi, insanlara sədaqəti idi. Bu, onun tərbiyəsindən irəli gəlirdi, heç kəs, heç bir qüvvə onu məcbur etmirdi.
İkinci bir xatirə. Müqəddəs bir dostum vardı; Qarabağ ellərinin nüfuzlu bir ağsaqqalı - Bərdə rayonunun Canavarlı kəndində yaşayan Seyid Yusif ağa. Onunla  bizim ata-baba dostluğumuz var idi. Onda o qədər müdriklik, şirinlik, səmimiyyət vardı ki, doymaq olmurdu. O, həm atam Misir Qabil oğlu, həm də mənimlə dostluq edirdi. Ata və oğulla eyni vaxtda dostluq etmək  isə qabiliyyət tələb edirdi.
Mən tez-tez ona baş çəkər, ocağını ziyarət edərdim. Ağanın 70 ilik yubileyinə hədiyyə etdiyim büstü evin lap baş tərəfində qoymuşdu. Hər dəfə görüşəndə deyərdi: «A bala, sən sağlığımda mənim cismimi əbədiləşdirmisən, nəfəsimi və ruhumu verən Allahdır. O uca Tanrı köməyin, cəddim dayağın olsun, səni qorusun. Yəqin ki, bundan sonra da məni unutmazsan, səsimi, sözümü-söhbətimi tarixləşdirərsən, gələcək nəsillərə çatdırarsan. Bilirəm, yazın-pozun var, tez-tez məni kitablarda, qəzetlərdə işıqlandırırsan»…
Bu sözlər  ətimi ürpəşdirirdi, deməli, nə isə Ağama agah olub… 
O, bu sözləri mənə 2006-cı ilin avqust ayının 4-də xəstə olanda demişdi. Bu, bizim son görüşümüz  oldu. Bundan  bir az sonra, avqust ayının 26-da Ağa Haqq dünyasına qovuşdu.
Mən Seyid Yusif Ağa haqqında, onun möcüzələri barədə Məhəmməd Nərimanoğluna danışmışdım. O da həmişə deyərdi ki, anam və qardaş-bacılarım, uşaqları Ağanın ocağını ziyarət ediblər, sağlıq olsun, mən də ziyarətinə gedəcəyəm.
Bu, Məhəmmədin ürəyində bir niskilli arzu olaraq qaldı, yəqin belə qismətiymiş. Amma, o, hələ 2001-ci ildə çapdan buraxdırdığı «Kəlbəcər - Azərbaycanın qala qapısı» kitabını məhz Ağanın xeyir-duası ilə açmışdı.
Artıq hər şey gec idi… Mən Məhəmmədə zəng vurdum və Ağa haqqında foto-materiallar və xatirələr toplamağını xahiş etdim.
Görüşdük, dedi ki, Vəliyəddin müəllim, biz fikirləşirdik ki, qəzetimizin ilk nömrəsinin xeyir-duasını Seyid Yusif Ağa verəcək, amma, belə olmadı. O, duruxdu…
-Mən də belə fikirləşirdim, necə ki, 1998-ci il Prezident seçkilərində biz yaratdığımız qaçqın və məcburi köçkünlərin ilk təşəbbüs qrupunun Şəhriyar adına mədəniyyət sarayında keçirilən yığıncağında Ulu öndərimiz Heydər Əliyev cənablarının namizədliyinə xeyir-duasını verdiyi kimi,-dedim (O toplantının lent yazılarını tarixi bir hədiyyə kimi indi də saxlayıram).
-Hə, Vəliyəddin müəllim, indi də «Yeni Bəşər» qəzetinin xüsusi buraxılışının 2-ci sayını Seyid Yusif Ağanın işıqlı, nurlu simasına, müqəddəs ocağına pənah gətirənlərin ürək sözlərinə həsr edək,-dedi Məhəmməd Nərimanoğlu və əlavə etdi:-Bəs, jurnala nə ad verək?
Mən əlimdə Ağa haqqında xatirələr yazırdım. Üzümə diqqətlə baxıb, nə fikirləşdisə handan-hana dilləndi:
-Yəqin ki, yenə də nə isə fikirləşmisiniz?
Dedim ki, yox. Mən adicə öz xatirələrimi yazıram. Mənim aləmimdə O, nurdan yaranıb, nura döndü. Yazımın mövzusu belədir.
Məhəmməd  kəlmə, söz sərrafıydı. Fikrimi göydə tutdu. Biz Seyid Yusif Ağaya  həsr olunmuş «Nurdan yaranıb nura dönən» başlığı altında  xüsusi buraxılış çap etdirdik.
İndinin özündə də oxucular o jurnalı əl-əl gəzir, çox heyf ki, indi bircə nüsxəsi də əlimdə yoxdur. 
Bəli, Ağanın dəfn mərasimi və onun xatirələri bir tarixə çevrildi, tarixləşdi. Bu tarixi Məhəmməd Nərimanoğlunun qələminin  sehri və zəhmətinin təri yazdı, əbədiləşdirdi (Allah Bəhmən Vətənoğluna və Seyid Yusif Ağaya qəni-qəni rəhmət eləsin, yerləri behişt olsun!).
… Qarşımda bir kitab var, əlimi üzümə söykəyib, kitabın üz qabığına çəkilmiş ana şəklinə baxıram… qəhər məni boğur, yadıma analı dünyam düşür, gözümün önünə rəhmətlik anamın nurani, xanım-xatın sifəti düşür. Gecə saat 4-55-dir…
Qarşımda bir ana ağlayr, dəsmalını yaşmaq edib, ağzına tutaraq ağlayır.
Saçlarındakı ağlıq qocalıq ağlığı kimi görünmür. Sır-sıra bağlamış birçəyi dağ sazağından titrəyən, qurumuş çəmən otunu xatırladır. Kipriklərinə qırov düşüb, qarqaralı, yaş tökülür, su kiprikləri ucunda donub. Yanaqları hönkürtüdən büzüşüb, amma qaşlarındakı cazibədarlıqdan görünür ki, cavanlığında Murovun kəkliyi, Alagöllərin sonası olub. İndi gözlərinin altı göz yaşıyla dolub və elə oradaca donub. Göz qapaqlarını  ha sıxıb buraxır, yaş qurtarmır ki, qurtarmır. Dərdə  bax ki, bu damlalar da ana kimi sanki heykəlləşib, göz dağına dönüb.
Bu ana istəkli yar, nakam bala, igid qardaş itirmiş olsa da belə, bu qədər ağlamaqla indi boşalmışdı, kədəri səngimişdi…
 Yox! Bu ana dayanmaz, hıçqırır,  göz yaşları dağların sel-suyunu heçə döndərir.
Bəs hardandı bu kədər, bu göynərti?.. Bəli, ana Vətən itirir. Bu çox ağır dərd imiş, bütün dərdlərdən betərmiş… Onunçün ana kirimirmiş:

Corabın ağına bax, 
Dəstələ, bağına bax. 
Kəlbəcərsiz Güllərin
Sinəsinin dağına bax!


Murovun  zirvəsində burulub, çiyninləri üstündən qürbətə dönən ocağına, göynəyən  yurduna baxır: «Yurd göynərtisi» budur…-Ananın dağdan ağır dərdi. Yaylığının ucuna büküb gətirdiyi bir ovuc nəm Kəlbəcər torpağını donmuş barmaqları ilə sıxır… Barmaqlar yerinə qayıtmır, ovuc açılmır, qorxur ki, bu bir ovuc torpağı da itirə…
Bu ana Məhəmməd Nərimanoğlunun anasıdır - Güllər anadır!
Rahat yat, Ana! Sən «Dağda açılıb, aranda solan gülsən».
Bəli, soldun, heyf ki, Kəlbəcərdə solmadın,  ətrin, rayihən dağ çiçəklərinin üstünə çilənmədi,  üz-gözündən dərd yağışı yağdı, boran-tufan qopdu, yurdunda qarımadın, öz ocağında isinmədin, eləcə bumbuz baxışlarınla Murova həsrət-həsrət baxa-baxa, dilində ağı-bayatı dondun.

Yaz ağlaram.
Hər payız, yaz ağlaram.
Dildə ağım, bayatım,
Sinəmdə söz ağlaram.

Bu dərddən qəlb ağladı,
Yaş üzümü dağladı.
Murov yaylığım atdı,
Saçlarım buz bağladı.

Ağlasın ellər məni,
O şirin dillər məni.
Qəbrimi qaz Murovda,
Vursun o yellər məni.

Güllərin yaşdı gözü,
Sellənib daşdı gözü.
Buz heykələ dönübdü,
Borandı, qışdı gözü.


Amma, Güllər ana, xoşbəxt idin ki, solan ləçəyinin yerində  Məhəmməd kimi oğlun qönçələndi. O, sənin yarımçıq qalmış arzularını solmağa qoymayacaq, Kəlbəcərə səndən qalan yadigarları toplayıb çap etdirdiyi iki kitabını aparacaq. Biz indi onu 50 illik yubileyini  də qeyd eləyə bilmirik, axı, Kəlbəcərsiz nə şad günü?! 

Hə, ay Məhəmməd!
Bir ömürdə 50 yaş!
Əlli bahar, əlli qış!
Üstünə gəl bir əlli,
Qoy cəm olsun yüz, qardaş!


Ay Güllər ana! Arzu edirik ki, Məhəmmədinin  yüz yaşı sən çiynində səhəng su gətirdiyin Zeynabın bulağında, Qumlu bulaqda, Dikyurdda nəvə-nəticənlə birlikdə qeyd olunsun!
Bəli, bax, beləcə, Məhəmməd dərd yaşayır ki, xoş günə çıxsın, dağlara qayıtsın. Məhəmməd Nərimanoğlu Vətənin çəkilməz dədini yaşayır ki,Vətən üzü görsün. Yazır ki, özü də yaşasın və tarixə yazılsın.
Mən xatirəmi Məhəmmədin Güllər anasına həsr olunmuş kitabı mənə hədiyyə edəndə yazdığı redaktor-tərtibçi qeydi ilə bitirmək istəyirəm. Mənə elə gəlir ki, bu mərhəm sözlər onu kövrəltsə də, doğmadır, istidir, həlimdir, səmimidir: «Qəlbi Vətən həsrətli müəllifdən, hörmətli, elcanlı həmyerli ziyalısına kiçik hədiyyə olsun. Çünki Vəliyəddin Misiroğlunun qəlbi və qələmi də Vətən-Ana dünyasının poetik, publisistik rəngini verir. Valideynlərinə dərin rəğbət və hörməti daim təcəssüm etdirdiyi üçün əzizimiz Vəliyəddin müəllim»ə bu kitabı oğulluq borcundan yaranan töhvə kimi hədiyyə etməyi özümə borc bilirəm. Ruhu Sizə kömək olsun!
Dərin hörmətliə: Məhəmməd Nərimanoğlu, Kəlbəcər-Bakı-Kəlbəcər, 01 may 2006-cı il».
Kəlbəcərdə doğulub boya-başa çatan, Bakıda  yazıb-yaradan, Kəlbəcərə qayıtmaq arzusu ilə yaşayan Məhəmməd Nərimanoğlu, qayıt dağlara! Çıx burdan, dağlarda gözlə bizi, biz də gəlirik! «Yurd göynərtisi» kitabının ardına bir tarixi roman əlavə et! Qoy kitabın adı belə  olsun: «Göynəyən yurdda görüş». Bu kitab tarixi bir epopeya olsun, inşallah!
O günlərə qovuşmaq arzusu ilə, Allah amanatı!




















Vəliyəddin MİSİROĞLU,
yazıçı-publisist

Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 25-01-2022 11:31
Baxış sayı: 2548
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını