Sinəsi yurd dağlı Kəklik nənə də "köçdü"...

01-12-2021 15:03
Ötən əsrin sovetlər dövründə yaşayan analarımız bir çox sahələrdə kişilərlə yanaşı, çiyin-çiyinə çalışıb, hətta onlardan da ağır əl əməyi ilə dolanmağa məcbur olublar. II Dünya müharibəsinin aclıq və səfalətlə dolu dəhşətli illəri onları çox ağır sınağa çəkdi. Lakin həyat eşqi, övladlarının xoş gələcəyi naminə onlar nişan üzüyünü belə ön cəbhəyə kömək etmək üçün əsirgəməyiblər.

Belə ağbirçəklərimiz artıq barmaqla sayılır. O dövrlərdə ağır və dözülməz şəraitdə yaşamalarına baxmayaraq Azərbaycan qadınları müharibələrin qurbanlarına çevrilmiş oğullarının sırasının boş qalmaması üçün Vətənə daha çox övlad bəxş etməyi də unutmayıblar. Doğrudur, keçmiş sovetlər dönəmində onların bəziləri «çoxuşaqlı» və ya «Qəhrəman ana» statusu da daşıyıb və bir sıra sosial imtiyazlardan bəhrələniblər. Buna görə onların sinəsini bəzəyən çoxsaylı orden və medalların arasında «Qəhrəman ana»nın xüsusi çəkisi olub. Belə qadınlardan biri də ötən əsrin 30-cu illərində dağlar qoynunda - Kəlbəcərdə dünyaya göz açan, müharibədən qayıtmayan atası Məşədi Əli oğlu Məhərrəmin dərdi ilə baş-başa qalıb anası Nabat qarıya həm oğul, həm də qız olan Kəklik Əliyevadır. Ömrünün ixtiyar çağlarında taleyinə qaçqınlıq-köçkünlük ağrıları yazılan bu ağbirçək, 80 yaşlı nənənin ətrafı oğul-uşaq, nəvə-nəticə ilə dolu olsa da, gözləri yollarda, könlü intizardadır. Çünki göz açandan gözəlliyindən doymadığı, səfasından çox cəfasını çəkdiyi Kəlbəcəri əlindən gedib. O, bütün xoşbəxtliyini Kəlbəcərdə tapmışdı. Həyatının ağlı-qaralı günlərini, əzabını – şirinliyini məhz bu dilbər guşəninin dağları arasında keçirmişdi. Kəklik nənə bütün çətinliklərdən öz fədakarlığı, cəfakeşliyi ilə qalib çıxmışdı. Uşaqlarının əksəriyyəti təhsil alıb. Bax beləcə, bəxtəvərin bəxtəvəri idi Kəklik ana!
20 ilə yaxındır ki, Bakıda müvəqqəti məskunlaşan Kəklik nənə yaddaşında olanları ipə-sapa düzdükcə bir anlıq o əlçatmaz zirvələr gözləri önünə gəlir: «Yağının tifaqı dağılsın. Balalarımın hərəsi bir diyara düşüb. Ağlım kəsəndən çalışmışam: 40 il rayon rabitə şöbəsində telefonçu işləmişəm. Əməyimə həmişə qiymət – orden və medallar verilib. Amma 1993-cü ildə Kəlbəcərdən çıxanda onların heç birini özümlə götürmək imkanım olmadı. Kəlbəcər həsrətindən ürəyi paralanan, qərib məzarlı həyat yoldaşım Vəli Abduləli oğlu ilə birlikdə, rabitə qovşağında düz «qırx il külüng çaldıq». O, Kəlbəcərin ən ucqar dağ kəndlərinin telefonlaşdırılmasında, mən isə kəlbəcərlilərin Bakı və respublikanın digər bölgələri ilə əlaqə yaratmalarında var qüvvəmizi əsirgəmədik. Amma indi elə bil ki, heç həmin illəri yaşamamışıq. Ermənilər hər şeyimizi – torpağımızı əlimizdən alıb bizi yurd-yuvasız qoydu. Ulu öndər Heydər Əliyevin Kəlbəcərin rayon partiya komitəsi katibləri ilə birbaşa rabitələrini yaratmaq kimi məsuliyyətli işin mənə tapşırılması elə-belə deyildi».
Yaddaşının dolaşıq kələfində ilişib qalmış xatirələrini ancaq çözələməyə gücü çatan bu ağbirçək uzun illər çəkdiyi əməyindən çox, Kəlbəcərin işğalı zamanı oradakı qız-gəlinlərin erməni əlinə keçməmələri üçün özlərini qayadan atmalarından danışdı. Hələ də səs-sorağı gəlməyənlərdən - Barmaq Binə kəndindən çıxa bilməyən Cəvahir nənənin, Otaqlıda qalan İsaq və Gözəlin (onların uşaqları olmayıb), 1941-45-ci illər müharibəsindən qayıtmayan Məhəmməd kişinin ailə qurmayan qızları Həmayillə Mələyin sonrakı taleyindən xəbər tuta bilmədiklərindən yana-yana söz açdı. Əlavə olaraq onu da bildirdi ki, bu gun qadınlara verilən hüquq və azadlıqlar onun kimi ağbirçək nənələri sevindirir. Axı, illərlə onlar belə firavan, xoş günlərin arzusunda olublar. Mart ayını qız-gəlinlərin işinin «başdan aşdığı» ay kimi xatırladan ağzıyaşmaqlı nənə sanki ömrünün həmin dövrünü yaşayırmış kimi, danışdı, Novruz əhval-ruhiyyəsi yaratmağa çalışdı. Bu ovqatla yaşamağa çalışan Kəklik nənə illərlə çalışıb-vuruşub qazandığı orden-medalların indi heç bir dəyərinin olmamasından da nigaran deyil. Müstəqil Azərbaycanın siravi vətəndaşı olmaqdan böyük qürur hissi keçirdiyini, Vətənə layiqli övlad olmağı bacarmağı tövsiyə edir balalarına, nəvə-nəticələrinə. Onu da deyir ki, çalışın, anaları təkcə 8 martda deyil, ilboyu sevindirəsiniz: «Anaların mükafatı xoş üz, şirin sözdür, ay bala. Bundan qiymətli hədiyyə yoxdur. Vətənə sevgi anadan gəlir. Ona görə də Ana vətən deyirlər».
Gözləri çox uzaqlara dikilmiş Kəklik nənənin nəmli baxışlarından boylanan vətən həsrəti çox sirayətedici idi. Dağların qarını xatırladan bəmbəyaz saçlarında həyatının ağlı-qaralı günlərini yaşadan, yaxası medallı, sinəsi yurd dağlı Kəklik nənə həm də deyir ki, Vətənə məhəbbət, sevgiyə sədaqət olmasa, yaşamaq mənasızlaşar. Ona görə də Kəlbəcərə dönmək, gənclik illərinin sorağını almaq arzusundadır.

***
...Bu da illər sonra...

Kəklik nənənin çöpə dönmüş barmaqları corab toxuyur. Bilirsiniz kimlər üçün? Ön cəbhədə düşmənlə üzbəüz Vətənin keşiyini çəkən, onu göz bəbəyi kimi qoruyan oğullarımza. Axı, balaları da düşmən qabağında dayanıb. Heç onlara yox, ümumiyyətlə, Murovdağdakı əsgərlərimizə 100 cütdən artıq  yun corab toxuyub oğlu, Birinci Qarabağ savaşlarının veteranı (onun da oğlu Elçin bəyimiz-Elçin Müzəffər oğlu Əliyev isə 44 günlük Vətən müharibəsinin iştirakçısı və veteranıdır) Müzəffərlə ön cəbhəyə yollayıb dəfələrlə.
Yasdığın yüngül olsun, xalqımızın vəfalı qızı, Kəlbəcərin mühasirə illərində Kəlbəcərlə Bakını danışdıran, həyacanlı səsinlə Bakını köməyə çağıran telefonçu qız, Allah sizi Kəlbəcərimizə qovuşdursun. Bu günlər yataq xəstəsi  kimi sizi görmək çox ağırdır. Allah şəfanızı versin, amin!

***

Əziz dostlar, bu da SON!

Dünən, illərlə Kəlbəcərinin ayrılığına “dözən”, qəriblikdə günlərini corab cağı ilə hörən, düyün salan, doğulduğu yurduna qovuşmaq üçün minbir zülmə tablaşan  el ağbirçəklərimizdən biri də qəribməzar oldu. İllər öncə dünyadan köç edən ömür-gün yoldaşı Vəli Abduləli oğlunun ruhuna qovuşan KƏKLİK nənə HAQQın dərgahına göyərçin kimi uçub getdi. Binəqədi rayonunun Masazır kəndi ərazisindəki “Qəriblər məzarlığı”nda qara torpağa tapşırıldı. Dünyadan köçənləriniz rəhmətlik olsun! 4 oğul, 5 qız anası olan KƏKLİK nənəni kəlbəcərlilər yaxından və yaxşı tanıyırdılar.
 Uzun illər Kəlbəcər rayon rabitə qovşağında “TELEFONÇU QIZ” kimi məşhur olan, Kəlbəcərin 5 il mühasirədə qaldığı dövrdə gecə-gündüz “telefondan asılı qalan”  - rəsmi Bakıdakı rəhbərliyi “narahat edən”, sonra isə üsyan edən Kəklik Məhərrəm qızı Əliyeva, hətta, son anlarda həyat yoldaşı, hər evin telefonlaşması üçün yollarda (dağlarda-dərələrdə) yorğun  olan Vəli dayı, Bakıda iş-gücünü atıb Kəlbəcərin müdafiəsinə qoşulan, Birinci Qarabağ  müharibəsi veteranı Müzəffər Əliyev (onun da oğlu Elçin Əliyev 44 günlük Vətən müharibəsinin cəsur döyüşçülərindən və qazilərindən biridir), digər balaca oğlu, “Kilimarası” və “Maraloyunu”  xalq oyununu dünyaya çıxaranlardan biri kimi tanınan Rövşən də gorov qalma təhlükəsiylə üzləşirdi...
Dünən, noyabrın 30-da Haqq dərgahına qovuşan Kəklik nənənin ilk və son arzusu Kəlbəcərinin azad edilməsi idi. O, bunu gördü, özü gedə bilməsə də, ruhu o dağlara uçdu, şəksiz.
Yeriniz cənnət olsun, nənələrimiz! 
Bununla bağlı uzaqdan-yaxından kədərimizə şərik çıxan hər kəsə dərin minnətdarlığımızı bildiririk! Nə yaxşı ki, sizlər varsınız!

Məhəmməd Nərimanoğlu


Dalidag.az olaraq, Kəklik Əliyevanın vəfatı ilə əlaqədar Məhəmməd Nərimanoğluya, Müzəffər Əliyevə və digər doğmalarına başsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin! Ruhu şad olsun!


Kateqoriya: Kəlbəcər
Tarix: 01-12-2021 15:03
Baxış sayı: 2441
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını