Dalidag.az xəbər verir ki, bu sözləri modern.az-a 113 gün düşmən mühasirəsində qalan Başlıbel sakini Habil Sönməzoğlu babasının qalıqlarının tapılması ilə bağlı müvafiq orqanlara müraciətində bildirib.
H.Sönməzoğlu illər sonra babasının qalıqlarının tapılıb dəfn edilməsi üçün aidiyyatı qurumlardan yardım istəyir:
“Bizim ailə 7 nəfərdən ibarət idi. Babam Kazımov Ələsgər Ələsgər oğlu yaşlı idi. Biz - azyaşlılar dağ yolu ilə Başlıbeli tərk edə bilməyəcəyimiz üçün məcbur olub buranı tərk edə bilməyən 62 nəfər sakinlə kənddə qaldıq.
3 aprel 1993-cü ildə Laçın rayon Danbulaq kənd sakini olan bir ailənin 4 nəfər üzvü və Laçın rayonunda olan hərbi hissənin 9 əsgəri də bizə qoşuldu.
4 apreldə ermənilər Başlıbel kəndinə gəldilər. Kənd sakini Qənəhət müəllimi çox ağır işgəncələrlə qətlə yetirdilər. Biz qaçaraq, dağda yerləşən “Şırran” kahasında (mağara) gizləndik.
18 apreldə erməni əsgərləri kahada bizə hücum etdilər. 12 nəfəri - uşaq, qadın, qocanı amansızlıqla qətlə yetirdilər, 14 nəfəri girov apardılar.
Bir nəfər, İkinci dünya müharibəsi iştirakçısı, hər iki ayağından əlil Hüseyn kişini kəndin Mədəniyyət evində diri-diri yandırdılar. Rəhmətlik anam hər iki qolundan güllə yarası aldı.
Mən girovların içindən anamı, qardaşımı, bacımı və Nərgiz xanımla iki körpə uşağı güclə çıxarıb qaçıra bildim”.

Başlıbel sakini bildirib ki, atışma zamanı atasından, 7 yaşlı bacısı Tacirədən və babası Ələsgər kişidən ayrı düşüblər:
“Erməninin əlindən sağ qalıb qaça bilən hərə bir tərəfə dağılmışdı. 25 aprel 1993 - cü ildə babamgili “Nəbi” kahasında tapa bildim. Butün sağ qalıb ayrı düşənlərimizlə birlikdə bir müddət orada qaldıq. “Nəbi” kahası çox uzaq olduğundan sonradan “Barutlu” kahasına gəldik. Elə günlər olurdu ki, bir tikə çörək belə tapa bilmirdik”.
H.Sönməzoğlu ermənilərin müntəzəm olaraq, Başlıbel kəndində qaldıqlarını vurğulayıb:
“Biz 17 iyul 1993-cü ildə Başlıbel kəndindən Daşkəsən rayonu tərəfə yola çıxdıq. Babam Kazımov Ələsgər Ələsgər oğlu “Barutlu” kahasında qaldı. Nə qədər çalışsaq da, onu yola gətirə bilmədik. Kəndi tərk etməyə razı olmadı.
Biz 113 gün mühasirədə qalmışıq, Başlıbel kəndində nələr çəkmişik, onu bir Allah bilir. Çıxarkən heç bir sənəd götürə bilmədik. O vaxtdan babamdan da xəbərimiz olmadı. Bu yaxınlarda Başlıbel sakinlərinin qalıqlarını tapıb dəfn etdilər. Mən babam olan kaha tərəfdə insan sümüklərinə rast gəldim, amma təhlükəsizlik səbəbindən ora yaxınlaşmağa icazə vermədilər. Atam deyir ki, babam Ələsgər kişi keçmiş SSRİ dövründə - 1980-ci ildə o zamankı qırmızı pasportu alıb. Sənədlərinin surətinin Ədiliyyə Nazirliyinin arxivində olma ehtimalı var. Mən aidiyyatı orqanlardan, Baş Prokurorluqdan babamın qalıqlarının tapılıb dəfn edilməsi üçün kömək istəyirəm. Xahiş edirəm bunu bizdən əsirgəməsinlər”.