Reklam
“Caninin etirafı” pyesi necə yarandı - Nəriman Ocaqlı yazır
01-09-2021 16:46
Kəlbəcər mənim ilk və son beşiyim olan cənnətməkan bir diyardır. Bir Allah şahiddir ki, 1993-cü ilin aprel ayının 2-də Kəlbəcər ermənilər tərəfindən işğal olunandan sonra mən hansı hissləri keçirmişəm...
Həmin vaxtlar döyüşlərdə də iştirak etmişəm. Kəlbəcər uğrunda var qüvvəmlə döyüşmüşəm. Dəfələrlə ölümlə üzləşmişəm. Milləti bilinməyən bəzi satqın komandirlərimiz Kəlbəcəri ermənilərə təhvil verəndə çox böyük sarsıntılar keçirmişəm… Bu illərdə cəhənnəmi yaşamışam desəm daha doğru olar. Tez-tez yuxularımda Kəlbəcəri görmüşəm. Ayılanda bunun yuxu olduğuna çox heyifsilənmişəm. Təskinliyimi Kəlbəcərlə bağlı yazıçıların, şairlərin yazdığı əsərlərdə, publisist yazılarda, Kəlbəcər aşıqlarının oxuduğu mahnılarda və özümün də Kəlbəcərlə bağlı yazdığım şeirlərimdə, poemalarımda, publisist yazılarımda tapmışam.
Onu da vurğulamaq istəyirəm ki, Şuşa Qarabağda muğamın, musiqinin beşiyi sayıldığı kimi, Kəlbəcər də bu bölgədə, Qarabağda aşıq sənətinin beşiyi sayılır. Çünki bu bölgədən Miskin Abdal, Aşıq Alı, Aşıq Ələsgər, Dədə Şəmşir və onlarla maraqlı, ustad sənətkarlar, adları Azərbaycan musiqi tarixinə düşən azman aşıqlar yetişib.
Allahıma indi çox şükür edirəm ki, Kəlbəcər 27 ildən sonra Ali Baş Komandanımız, ölkə başçımız, çox böyük siyasətçi cənab İlham Əliyevin uzaqgörən siyasəti və rəşadətli ordumuz tərəfindən, 25 noyabr 2020-ci il tarixində erməni gavurlarından təmizləndi. 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz Azərbaycanın son 230 ildə ən böyük, rəşadətli qələbəsi oldu. Bu müqəddəs işdə xalqın birliyi də çox böyük rol oynadı.
Mənim ilk laylam Ağdabanlı şair Qurbanın şeirləri, Dədə Şəmşirin oxuduğu aşıq mahnıları, yazdığı şeirləri, qoşmaları olub desəm, daha düzgün olar. Birinci, biz eyni kökdən olduğumuzdan və ikinci də Azərbaycan ədəbiyyatında, aşıq sənətində xüsusi yerləri olan bu böyük şəxsiyyətlər, məhz Kəlbəcərdən olduğuna görə həmişə onlarla qürrələnmişəm, böyük fəxarət duymuşam. Eləcə də mənim bir şəxsiyyət kimi yetişməyimdə, həkimlik sənətimlə bərabər poeziyaya, aşıq sənətinə marağımın yaranmasında, şeirlər yazıb, sazda mahnılar çalmağımda, ara-sıra zümzümələr eləməyimdə hamımızın ustadı bildiyimiz Qənbər Şəmşiroğlunun da çox böyük köməyi olub. Çünki mən onun yazdığı şeirlərdən, qoşmalardan, qəzəllərdən, nəsr əsərlərindən çox bəhrələnmişəm. Bəlkə də onun yazdığı şeirlərin, nəsr əsərlərinin ilk oxucularından biri mən olmuşam desəm, daha doğru olar. Hətta özüm də onun keşməkeşli, maraqlı həyatına bir poema və çoxlu şeir, publisist yazılar həsr eləmişəm.
Onun yazdığı nəsr əsərləri içərisində “Caninin etirafı” romanı mənim daha çox xoşuma gələn əsərlərdən biri olduğuna görə, çox istəmişəm ki, bu roman əsasında pyes yazılsın və televiziya filmi çəkilmək üçün ssenari işlənsin. Çünki bu romanda səhnə və ekran üçün çox maraqlı, konfliktli epizodlar və dramatik yerlər çoxdur. Həm də bu roman xalqımızın ən ağrılı 1988-1993-cü illərdəki xaos, hərc-mərclik dövrünü əhatə etdiyinə görə və bu mövzuda heç bir əsər olmadığından fikirləşmişəm ki, çox yaxşı səhnə əsəri və ən azında on beş seriyalıq maraqlı
televiziya filmi ola bilər. Tamaşaçılar tərəfindən də çox maraqla qarşılanar. Bir müddət bu arzumu reallaşdırmaq üçün yollar axtarmışam…
Sonda belə qərara gəlmişəm ki, dostum, maraqlı rejissor-dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna müraciət edim. O, bu romanı oxuyandan sonra mənim fikrimlə tam razılaşıb. Beləliklə, biz Ağalar İdrisoğlu ilə birlikdə “Caninin etirafı” romanı əsasında gərgin işləməklə eyni adlı bir pyes yazıb, ərsəyə gətirmişik. Bu pyesin də Mingəçevir Dövlət Dram Teatrında, Ağalar İdrisoğlunun quruluşunda böyük sensassiya yaradan tamaşa alınması, respublikada böyük rezonans yaradıb. Mən bu pyesi ərsəyə gətirən yazarlardan biri kimi bu kollektivin peşəkarlığına heyran qaldım. Burada çalışan bütün aktyorların, aktrisaların hər biri yeksək peşəkar sənətkardır. Heyif ki, onlar əyalətdə işlədiyindən uzun illərdir fəxri adlar və mükafatlar veriləndə Mədəniyyət Nazirliyinin də diqqətindən kənarda qalıblar… Əsasən də teatrın direktoru və “Canin etirafı” tamaşasının prodüseri Səxavət Məmmədovun işgüzarlığına, belə bir yaradıcı, mehriban, işlək komanda yaratmasına çox sevinmişəm. Onu da vurğulayım ki, Səxavət Məmmədovun bu işgüzarlığını, yüksək təşkilatçılığını görən yeni Mədəniyyət naziri cənab Anar Kərimov, onu Göyçay, Ucar, Zərdab və Ağdaş rayonlarını birləşdirən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edib. Belə bacarıqlı insanlar həmişə diqqət mərkəzində olmalı və onların savadından, təşkilatçılığından, kollektivlə işləməsindən lazım olan səviyyədə istifadə olunmalıdır. Çünki belə bacarıqlı insanlar müstəqil Azərbaycan dövlətinə, dövlətçiliyinə özlərinin maraqlı işləri ilə böyük xeyir və töhfə verə bilərlər.
Bu tamaşanın Mingəçevirdə olan ilk iki möhtəşəm premyerasından sonra 2019-cu ilin noyabr ayının 2-də Gəncə şəhərində Kəlbəcər qaçqınları qarşısında göstərilən tamaşası da çox möhtəşəm qarşılandı. Eləcə də Tərtər şəhərindəki tamaşanı da tamaşaçılar rəğbətlə, sürəkli alqışlarla qarşıladılar.
“Caninin etirafı” tamaşasının Bakı şəhərində Azərbaycan Milli Akademik Dram Teatrının səhnəsində 2019-cu ilin 17-18 fevral tarixlərində Mingəçevir Dövlət Dram Teatrının kollektivi tərəfindən oynanılması isə Azərbaycan teatr tarixində maraqlı hadisə olmaqla, böyük tamaşaçı marağına səbəb odlu.
Məhz buna görə biz belə qərara gəldik ki, həmin tamaşanın necə ərsəyə gəldiyi və pyes barədə ayrıca kitab çap etdirib, gələcək nəsillərə bir ərməğan edək.
Bizim üçün ən böyük tarixi hadisə və sevindirici iş bu oldu ki, mənim ustadım, həyatımda, inkişafımda əvəzsiz rol oynayan Qənbər Şəmşiroğu “ Caninin etirafı” pyesi ilə Kəlbəcərin tarixində ilk peşəkar dramaturq kimi qaldı. Bu işdə əgər mənim də zərrəcə xidmətim olubsa, özümü çox xoşbəxt insan hesab edərəm. İndi mənim ən böyük arzum bu tamaşanın tezliklə doğma Kəlbəcərdə oynanılmasıdır. Sevinirəm ki, artıq Kəlbəcərə qayıdış başlanıb. Deməli, bu tamaşanın da orada, məmim ilk və son beşiyim olan cənnətməkan Kəlbəcərdə oynanılmasına çox az vaxt qalıb…Sağlıq olsun! Tezliklə o günləri də görəcəyik… Həmin tamaşada Qənbər Şəmşiroğlu başda olmaqla Kəlbəcərin bütün ziyalıları da iştirak edəcəklər.
Nəriman OCAQLI,
həkim, yazıçı-publisist
Kateqoriya: Kəlbəcər
Tarix: 01-09-2021 16:46
Baxış sayı: 2310
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23