Elmin mübarək siması Şahlar Əsgərov - 80

15-06-2021 15:09
Kəlbəcər təkcə şeir-sənət ocağı deyil. Bu torpağın yetişdirdiyi elm adamları var ki, onlar nəinki Azəraycanda, dünyada da yaxşı tanınırlar. Elm hüdudları aşan bir sahədir. Elmə bəxş edilən ixtiralar, ideyalar, layihələr bir məkan, bir yer anlayışından uzaq, dünyəvilik aspektində qərar tutur. Bu gün elmə verdiyi töhfələrlə dünyada şöhrət qazanmış, əslən Kəlbəcərdən olan görkəmli ziyalı, əməkdar elm xadimi, professor, tanınmış təhsil eksperti Şahlar Əsgərovun doğum günü- 80 illik yuileyidir.

Dalidag.az bu münasibətlə dəyərli professoru ürəkdən təbrik edir, cansağlığı, elmi-pedaqoji fəaliyyətində müvəffəqiyyətlər və yeni yaradıcılıq uğurları arzulayır. Azadlığına qovuşmuş Kəlbəcərdə elmi nailiyyətlərini davam etdirməsini diləyirik.

Qeyd edək ki, Ş.Əsgərov 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda dünyaya göz açıb. Orta təhsilini burada aldıqdan sonra, təhsilini Azərbaycan Dövlət Universitetində davam etdirib. 1963-cü ildə universitetin fizika fakültəsini bitirmiş və təyinatla ADU-da saxlanmışdır. 1964-1967-ci illərdə ADU-nun əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan institutunda professor L.S. Senanın rəhbərliyi altında fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr artıq 40 ildir ki, elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunur. Xüsusilə ABŞ-ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitutu) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu tətbiqdən geniş istifadə edirlər. Fiziki elektronika və mikroelektronikaya aid olan metal- yarımkeçirici kontaktının (MYK) öyrənilməsi professorun Azərbaycanda əsasını qoyduğu ikinci elmi istiqamətdir. 1974-cü ildə Danimarkanın Texniki Universitetində birillik staj keçərkən katod tozlanması sahəsində əldə etdiyi nəticələri metal-yarımkeçirici kontaktına tətbiq etmiş və kontakt üçün qeyri-bircins model təklif etmişdir. Ş.Əsgərovun bu istiqamətdə əldə etdiyi nəticələr çoxsaylı elmi məqalələrdə və ixtiralarda əks olunmuş, monoqrafik ədəbiyyatda, xülasə məqalələrdə yer almışdır. Professorun soyadı 1999- cu ildə Ukrayna və Moldova Elmlər Akademiyasının alimlərinin birgə dərc etdirdikləri monoqrafiyada dünyada bu sahənin yaradıcıları və baniləri sırasında çəkilmişdir. Ş.Əsgərov elmi məktəbi olan alimlərimizdəindir. O, hər iki elmi istiqamət üzrə 20-yə qədər dissertasiya işinə, 100-dən çox diplom işinə rəhbərlik etmişdir. Hazırda BDU-nun professoru və 1990-cı ildə yaratdığı "Amorf təbəqələri" elmi tədqiqat laboratoriyasının rəhbəri olan elm xadimi əvvəllər BDU-da müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışmışdır. Təhsilin fəlsəfəsi, daha doğrusu, sosial fəlsəfə və pedaqogika üzrə apardığı tədqiqatlar Ş.Əsgərovun növbəti uğurlu istiqamətidir. Alim hesab edir ki, bugünkü dövlətimiz keçmiş dövlətin davamı olmadığı üçün, bugünkü təhsil də sovet təhsilinin davamı olmamalıdır. Yeni təhsil sistemi yaratmaq üçün əvvəlcə yeni təhsilin fəlsəfəsini yaratmaq lazımdır. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi "Biliyin qiymətləndirilməsinin yeni şkalası", "Biliyin qiymətləndirilməsinin yeni kriteriyası", "Pedaqogika üçün yeni paradiqma" və "Biliyin qiymətləndirilməsinin fəlsəfəsi" kimi 20–yə yaxın məqalə 2009 –2010-cu illərdə Rusiyanın mötəbər akademik jurnallarında çap edilmişdir.
Tanınmış alimin fəlsəfi mövzulara həsr olunmuş "Keçid dövrünə fəlsəfi baxış" (1998), "Milli birlik probleminə fəlsəfi baxış" (2001), "Təhsilimiz dünən, bu gün və sabah" (2003), "Düşüncə tərzi" (2008) və digər kitabları özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.
Qeyd edək ki, 200-dən çox elmi, 700-dən artıq publisistik məqalə, 15-ə yaxın kitab, 3 monoqrafiya professorun Azərbaycan elminə verdiyi töhfələrdəndir . Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.
Ş. Əsgərov 1995-2000 və 2000-2005-ci illərdə millət vəkili, 2000-2005-ci ildə Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuşdur.
Ş.Əsgərov "Şöhrət" ordeni (1999) və "Əməkdar elm xadimi" (2001) fəxri adıyla təltif edilmişdir. Bir sira Beynəlxalq Akademiyaların (РАЕ , АСПН) üzvüdür. Hazırda Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri vəzifəsini icra edir. Bu günlərdə alimin  “Düzgün qərarın hikməti” və “Yonulmuş daş yolda qalmaz” kitabları çapdan çıxıb və ictimaiyyətə təqdim olunub.

Sevinc Qərib

Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 15-06-2021 15:09
Baxış sayı: 4748
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını