“İzzət bulağı”nın gözləri yaşlı qaldı...

26-01-2025 20:08
(Başlıbel  kəndinin ağsaqqallarından olan Cəfərov Nəbi (İzzət) Məşədi Qədim oğlunun əziz xatirəsinə)

Dəlidağın qoynunda qədim bir kənd var idi,
Bu kəndin hər tərəfi gözəl laləzar idi...
Uca dağlar çəpərtək bu kəndi bürümüşdü,
İgidlər bu yerlərdən düşməni kürümüşdü.
Bu kənd həm çox gözəldi, həm də çox səfalıydı...
Bura gələn qonaqlar bu kəndin  heyranıydı.
Başlıbel deyərdilər bu kəndin ilk adına,
Burda hörmət çox idi ağsaqqala, qadına...      

 
  Bilmirəm, haradan düşdü bu şeir yadıma. Axı, mən kağız-qələmi əlimə götürəndə  İzzət əminin xatirəsinə aid bir məqalə yazmağı planlaşdırmışdım. Bu şeiri lap uşaq yaşlarımda eşitmişdim. Qardaşım Yusif və əmim oğlu Zakir ozlərinin həmyaşıdlarından birinin nakam sevgisinə aid poema yazmışdılar. Hazırda etiraf etməliyəm ki, həmin poemanı  gözəl bir bədii nümunə  hesab etmək olar.  Orta məktəbin sonuncu sinfində oxuyan gənclərin  intellektual səviyyəsi bu şeirdə əyani şəkildə  görünür. Bu şeirdə Başlıbel kəndində ağsaqqallara və qadınlara hamı tərəfindən yüksək hörmət göstərilməsi əks olunduğuna görə  bu xatirə yazısının girişində verməyi qərara aldım.
   
Dəlidağın ətəyində yerləşən Başlıbel kəndi Kəlbəcər rayonunun ən böyük kəndi olmaqla bərabər  oranın sakinləri də özlərinin savadlılığı,i ntellektual səviyyəsi, qonaqpərvərliyi ilə digər kəndlərdən fərqlənirdi. Bu kəndin sakinləri zəhmətkeş olduqları və təmiz, saf dağ havasında yaşadıqları üçün burada uzunömürlülərin sayı da çox olmuşdur.  Mənfur qonşularımız olan ermənilərin işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarımızdan məcburi köçkün düşən Başlıbel kənd sakinləri  respublikamızın müxtəlif rayonlarına səpələnərək  orada məskunlaşmağa məcbur olandan sonra  vətən həsrətli həmkəndlilərimiz nəinki uzunömürlülər siyahısına düşürlər, heç səksəni də haxlamamış dünyasını dəyişirlər.   Bu günlərdə  Başlıbelin  sağ qalan bir neçə ağsaqqallarından biri də  -  Cəfərov Nəbi ( İzzət) Məşədi Qədim oğlu da haqq dünyasına qovuşdu... 
 
İzzət  Cəfərov 1936- cı ildə Kəlbəcər rayonunun Başlıbel kəndində  doğulmuşdur. Kənd camaatı arasında xüsusi hörmətə malik idi.  Gənc yaşlarından özünün zəhmətkeş və əməksevərliyi ilə hamının rəğbətini qazanmışdı. Bənnalıq etməklə , evsizlərə ev tikməklə onları sevindirən  İzzət Cəfərov   ayrı-ayrı vaxtlarda   Xanlar adına kolxozun yaylaq qoruqçusu və  hesablayıcı vəzifələrində də işləmişdir.  Yaylaq qoruqçusu işləyərkən Tilişin Dərəsi yaxınlığında  yaylaq camaatının gediş-gəlişinin gur  olduğu yerdə gözəl bir bulağa nov düzəltmiş, bulağın  üstünü tikmişdir. Həmin bulağı  təkbaşına tikdiyinə görə kənd camaatı arasında bulağa  “İzzətin Bulağı“ adını vermişlər.   
Başlıbeldə İzzət Cəfərovun gördüyü  xeyirxah işlər təkcə bununla yekunlaşmadı. 
O, kənd ərazisində  18  bulaq üçün nov düzəldərək onları bərpa eləmişdi. Başlıbelin xeyriyyəçi ağsaqqallarından biri olan Mamedov Ələkbər Səməd oğlunun vəsaiti hesabına  alınmış tikinti materialı ilə  kənd məscidinin üstünün təmənnasız bərpa edilməsində İzzət Cəfərov  əvəzsiz rol oynamışdır. Qardaşı oğlu Hilal Qədimov sovet sədri işləyərkən kəndin mərkəzindəki körpünün tikilməsini ona  məsləhət görmüş və həmin körpünün tikilməsində  usta kimi işləmiş, əlindən gələn köməyi etmişdir. Qeyd etmək lazımdır ki, həmin körpü son dərəcə keyfiyyətlə inşa edildiyinə görə  otuz ilə yaxın işğalda qalsa da  çətin sınaqlardan sağ - salamat çıxmış və hal-hazırda  ağır tonlu maşınlar  körpünün üzərindən sərbəst şəkildə keçir. Oğlu  Qiyas  böyük traktor sürücüsü işləyərkən Başlıbel camaatı ilə məsləhətləşmiş camaatla birlikdə  Qara Şırnoy yaylağına maşın  yolu çəkdirmişdir.   
Camaatla birlikdə gördüyü işdən əlavə özü təkbaşına  oğlu Qiyasın traktoruna yanacaq tökərək Gur Bulaq və  Dərə Yurd yaylaqlarına  maşın yolu çəkdirmişdir. 
1993-cü ildə  doğma yurdu tərk etdikdən sonra  Qəbələ rayonunda məskunlaşan İzzət Cəfərov  burada da  məcburi köçkünlər üçün tikilən binaların həyətində öz hesabına yeni bulaq tikmiş ,dəfələrlə əlaqədar dövlət təşkilatlarına gedərək həmin bulağın suyunun sayqacsız və ödənişsiz  istifadəsinə icazə almağa nail olmuşdur.   
   
2020-ci ildə 44 günlük Vətən Müharibəsində düşmənlərimiz üzərindəki parlaq qələbəmiz nəticəsində  doğma torpaqlarımızın azad edilməsindən sonra  doğulduğu Başlıbel kəndini görmək üçün can atırdı. Qəbələdə yaşadığı otuz iki ildə  Başlıbelə qayıdacağına həmişə inanırdı.  Hər dəfə başlıbellilərlə  xeyir-şər məclislərində görüşəndə  gənclərə  doğma torpaqlara qayıdacağımızı əminliklə deyirdi və onları Vətənə sədaqətli olmağa səsləyirdi.  Torpaqlarımızın düşmənlərdən azad olunmasından sonra bir qrup Başlıbel kənd sakininin “Başlıbelin İnkişafına Dəstək“ İctimai Birliyini  təsis etdiyini eşidəndə  həmkəndlilərinin ilk birliyinə ağsaqqal xeyir - duası verən də İzzət Cəfərov oldu.   

Uzun illərin ayrılığından sonra, nəhayət, ötən yay  doğma torpaqlarımızı ziyarət etmək üçün icazə ala bildi. Məhərrəm ayında Başlıbelə səfər edərək  düşmən tərəfindən viran olmuş kəndini, vaxtilə min bir zəhmətlə tikdiyi evini və  Başlıbel camaatı üçün həmişə  müqəddəs olan  kənd məscidinin qalıqlarını  ziyarət etdi. Təsərrüfat işləri ilə əlaqədar kənddə alaçıq qurub yaşayan həmkəndlilərini  başına yığaraq  kənd  məscidinin  qarşısındakı meydanda Quran oxudu, mərsiyyə dedi. Həmkəndlilərinə xeyir - dua verdi.  
 
 ...İzzət Cəfərovun  vəfat etməsi xəbəri ildırım sürəti ilə ölkəmizin qırxdan çox rayonunda məskunlaşmış həmkəndlilərimizə çatdı.  Respublikamızın hər tərəfindən Qəbələyə İzzət Cəfərovu son mənzilə yola salmaq üçün gələn qonaqlar onun övladlarına başsağlığı verdilər. Yas mərasimində onun yaxşı əməllərindən danışaraq Başlıbelə qayıdanda hamının “İzzət Bulağına“ gedəcəyini, təkcə İzzət Cəfərovun o bulağı bir daha görə bilməyəcəyini düşündülər. Allah rəhmət eləsin!

     Oqtay Salahlı                                                                                                   






Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 26-01-2025 20:08
Baxış sayı: 270
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını