"Nə yaxşı görüşdük, nə yaxşı yenə", a dağların "bəxtəvər dustağı"

26-12-2019 13:10


Ədəbiyyatdan, şeir-sənətdən söz düşəndə xatırlananlar dünyanın bəxtəvərləri hesab ediliblər. Lakin bu “bəxtəvərlər”in taleyi heç də həmişə həsəd aparılası olmur. Qısadan-qısa, lakin əbədi ömür sahiblərindən biri də “dağların bəxtəvər dustağı” - tərcüməçi-alim, şair Ənvər Rza olub: cəmi 48 illik ömründə milli və bəşəri hisslərlə yaddaşlara yazılıb.
Şairin anadan olmasının 80 illiyinə həsr edilən “Ənvər Rzanı xatırlayarkən” kitabının Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təqdimat tədbiri keçirildi.
Tədbirin aparıcısı, filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçısı-jurnalist İlham Məmmədli Ənvər Rza poeziyasının işığına toplaşanlara təəssüf hissi ilə xatırlatdı ki, şairin üzünü görməyib, lakin səsini maqnitafon lentindən eşidib. S.Vurğunun, Dədə Şəmşirin nəfəsi, avazı kimi yaddaşına hopub Ənvər Rzanın lirik, duyğulu səsi: “…Amma şairlə illərlə bir süfrə arxasında oturub onu dinləyən və yaddaşına acılı-şirinli xatirələr yazan bir nəfər tanıyıram. İnsan loğmanı olduğunu artıq neçə illərdir ki, ölkə əhalisi də bilir. Kəlbəcərin ağır və məşəqqətli, mühasirə illərində lampa işığına belə cərrahiyyə əməliyyatı apararaq neçə-neçə könüllü döyüşçünü və Milli Ordu əsgərlərini amansız, vaxtsız ölümün pəncəsindən xilas edən cərrah Əli İsmayılovun həm də könül adamı olduğunu bu günlərdə duyduq. O, təsdiqlədi ki, kitab müəllifi olmaq üçün heç də dilçi-ədəbiyyatçı olmağa gərək yox. Qəlbin və qələmin könül bulağından su içirsə, fikrini düzüb-qoşa bilərsən. Təqdimatına toplaşdığımız “Ənvər Rzanı xatırlayarkən” kitabının müəllifi Əli İsmayılov peşəkar həkim olmasına baxmayaraq, nəinki şairin həyat və yaradıcılığına özünəməxsus ayna tutub, hətta, sovet ədəbiyyatının “tələb”lərinə cavab vermədiyi üçün o zamanlar çapdan buraxılan “Könlümə bahar düşüb”, “Nə yaxşı görüşdük, nə yaxşı yenə” kitablarında “unudulmuş” - senzuradan keçməmiş şeirlərinin burada oxuculara həm də hansı şəraitdə qələmə alındığını xatırladıb. Bu mənada həkim kitab yazmaq məhrətini də ortaya qoyub”.
Professor Şahlar Əsgərov çıxışında şairlə eyni orta məktəbdə oxuduğunu bildirdi: "Ənvər Rza orta məktəbdə barmaqla göstərilən şagirdlərdən olub. Hər zaman zəkası ilə seçilib. Sovet dövründə onun yaradıcılığı o qədər də geniş təbliğ olunmayıb. Özünü reklam etməyi xoşlamayan şair o dövrdə bəlkə də geniş oxucu kütləsinə məlum olmamışdı, lakin həmin vaxt onun şeirlərinə mahnılar yazılıb, qoşmaları aşıqlar tərəfindən oxunub. Kannektura tipli yazısı olmayıb. Ancaq sənət və ədəbiyyat üçün yazıb".
“Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov vurğuladı ki, Ənvər unudulası şəxsiyyət deyildi: "O qədər vətənpərvər torpağına bağlı insan olub ki, nümunə göstəriləsidir. Böyük dahiliyi ondan ibarət idi ki, ingilis dilindən ən keyfiyyətli tərcüməni məhz o edirdi. Azərbaycan dilinin bütün imkanlarından çox gözəl istifadə edərək tərcüməni əsərin orijinallığını itirmədən oxucuya çatdıra bilirdi. O, çox dürüst və obyektiv insan olub".
Azərbaycan Dillər Universitetin professoru Qələmşah Heybətov müəllimi Ənvər Rza haqqında xatirələrini bölüşərkən kövrək hisslərlə bildirdi ki, o, S.Vurğunun "Vaqif" dramını elə tərcümə etmişdi ki, hər kəs heyran qalmışdı: “Hətta onun tərcüməsi əsasında tamaşa səhnələşdirilmişdi və orada mən də çıxış etmişdim. Onun səmimiyyəti poeziyasına da hopmuşdu. Şairin şeirlərində yenilik və orjinallıq var idi. O, 48 yaşında dünyasını dəyişsə də, yaradan insanlar ölmürlər".
Ənvər Rzanın tələbəsi və tərcüməçi Allahyar Eyyubov isə tərcüməçi olaraq onun işindən çox yararlandığını unutmadı: “Onun tərcümələri çox rahatlıqla oxunurdu. Səmimiyyəti ilə hər kəsi özünə heyran qoyurdu. O, əyilməzlik simvolu olub. Heç kəsin qarşısında əyilmədən sözünü rahat şəkildə çəkinmədən deyə bilirdi...”
Təqdimatda çıxış edən professorlardan Eldar QasımovNəsir Əhmədli, filologiya üzrə fəlsəfə doktoru, türkoloq alim-şair Adil Cəmil, AYB-nin üzvü Güləmail Murad, Ənvər Rza şeiriyyətinin sinədəftərlərindən Vəliyəddin MisiroğluZakir MisirovƏli Uluxanlı, tibb elmləri üzrə fəlsəfə doktoru Nağdəli Zamanov və başqaları Ənvər Rza yaradıcılığının özünəməxsusluğunu qeyd edib kitabın maraqlı məqamlarından söz açdılar. Əli Uluxanlının təklifi isə Ənvər Rza yaradıcılığının pərəstişkarlarının ürəyincə oldu: “Ənvər Rzanın adının əbədiləşdirilməsi üçün təklifim var. Kəlbəcər rayonunun məktəblərindən birinə şairin adının verilməsi Kəlbəcər həsrətlilərin və ənvərsevərlərin ürəyincə olardı. Bu barədə əlaqədar təşkilatların qərar qəbul etməsini istərdik”.
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov təşkilatın sədri, el ağsaqqalı, Dədə Şəmşirin yadigarı şair-publisist Qənbər Şəmşiroğlunun təbrikini çatdırdı. Müəllif Ənvər Rza yaradıcılığına göstərdiyi xüsusi qayğıya görə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin Diplomu və Respublika Ehtiyatda Olan Zabitlər Birliyinin "Vətən naminə" medalı ilə təltif edildi.
Sonda cərrah Əli İsmayılov kitabın müəllifi kimi Ənvər Rza ruhuna olan borcu yerinə yetirməsinə dəstək göstərənlərə və şairin adını, yaradıcılığını daim uca tutanlara təşəkkürünü bildirdi.

Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az



Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 26-12-2019 13:10
Baxış sayı: 3713
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını