Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşmə və əkib-becərmə layihəsi

20-12-2019 16:13
Qarabağ

Brüsseldə mənzillənən Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair sensasion faktlarla dolu hesabat yayıb.

Dalidag.az xəbər verir ki, təşkilatın saytında yerləşdirilmiş hesabata əsasən erməni işğalçıları nəinki Dağlıq Qarabağın inzibati ərazisində, eləcə də ətraf rayonlarda məskunlaşmanı sürətlə davam etdirir. Hətta elə vəziyyət yaranıb ki, işğal altındakı Qubadlı rayonunda əkinə yararlı bütün torpaq sahələri zəbt olunub, nəticədə işğal altındakı ərazilərə daraşan ermənilər Füzuli və Cəbrayıl rayonlarının Araz çayı boyu münbit torpaqlarını əkib-becərməyə başlayıblar.
Hesabat “Dağlıq Qarabağda dalandan necə çıxmalı” adlanır, təşkilat belə qənaətə gəlir ki, əgər tərəflər sürətlə hərəkət etsələr Dağlıq Qarabağa dair dalan vəziyyətindən çıxa bilərlər. Bunun üçün tərəflər işğal altındakı ərazilərdə qanunsuz məskunlaşma, sülhməramlıların yerləşdirilməsi və bölgənin yekun statusu kimi mürəkkəb məsələlər ətrafında sakit danışıqlar aparmalıdır. Amma bir paketdə deyil, mərhələlərlə.
İCG analitikləri qeyd edirlər ki, 2019-cu ilin əvvəllərində danışıqlarda bəzi ümidverici əlamətlər müşahidə olunsa da hazırda vəziyyət yenidən pisləşib. “Lakin hər şey itirilməyib”,-hesabatda vurğulanır.
Hesabatda təşkilat münaqişə ilə bağlı üç əsas həssas məsələ üzərində dayanıb: Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərin taleyi, potensial beynəlxalq sülhməramlı qüvvələr və Dağlıq Qarabağın yekun hüquqi statusu. Sənədə əsasən tərəflər arasında ölkə rəhbərləri və xarici işlər nazirləri səviyyəsində son il yarımda aparılan danışıqlar barədə çox az məlumat var, amma tərəflər çətin ki, bu əsas məsələlərdən hansısa biri ilə bağlı razılığa gələ bilərdilər. Amma hesabatda tərəflərin potensial sövdələşmə əldə edə biləcəyi bəzi variantlar əksini tapır.
Kəlbəcər rayonu işğaldan əvvəl
İCG təklif edir ki, ətraf rayonlarda məskunlaşma məsələsində tərəflər belə potensial sövdələşmə əldə edə bilərdilər: əgər Azərbaycan beynəlxalq məhkəmələrdə qanunsuz məskunlaşma faktları ilə bağlı iddia qaldırmaqdan çəkinsə ermənilər sonrakı məskunlaşmanı dayandırardılar.
Hesabatda deyilir ki, işğal altındakı ətraf rayonlarda məskunlaşma və ərazilərin əkib-becərilməsi davamlı olaraq artmaqdadır. Baxmayaraq ki, bu ərazilərdə infrastruktur yoxdur. “9 il qabaq biz bura ilk dəfə gələndə cəmi 150 hektar torpaq əkilmişdi. İndi isə bir hektar da boş torpaq qalmayıb”,-Qubadlı rayonunda qanunsuz məskunlaşmış bir erməni təşkilatın ekspertləri ilə söhbətində deyib.
Hesabata əsasən kənd təsərrüfatı məqsədi ilə torpaqlara tələbatın artması nəticəsində Dağlıq Qarabağın qondarma “hökumətinin” məmurları məskunlaşmanın hüdudlarını genişləndiriblər.
“Dağlıq Qarabağdan cənubda, Füzuli və Cəbrayıl rayonlarının bir hissəsi əsasən Yerevanın təzyiqlərinə görə məskunlaşdırılmamışdı. Yerevan həmin rayonların qaytarılmasını nəzərdə tutan dinc nizamlama variantını özündə saxlamaq istəyirdi. Ancaq torpaqlara artan tələbat ona gətirib çıxardı ki, Dağlıq Qarabağın de-fakto hakimiyyəti və əhalisi bu rayonları da nəzarətlərində saxlamaqda tam qətiyyətlidir. Hətta bir vaxtlar potensial sövdələşmə üzrə qaytarılması nəzərdə tutulan ərazləri indi özlərində saxlamaq istəyirlər”,-hesabatda deyilir.
İCG bildirir ki, qanunsuz məskunlaşma məsələsi danışıqlarda praktiki olaraq müzakirə olunmur. Azərbaycan narahatdır ki, bu məsələ ilə bağlı istənilən sövdələşmə məskunlaşmanın faktiki tanınması kimi qiymətləndirilə bilər. Erməni tərəfində isə millətçi qüvvələr ətraf ərazilərin qaytarılmasını istisna edirlər və orada məskunlaşdırmanı genişləndirirlər.
İCG xatırladır ki, 1994-cü ildə atəşkəs əldə olunanda Ermənistan Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu, o cümlədən Ağdam və Füzulinin bir hissəsini işğal altında saxlayırdı. Qanunsuz məskunlaşma isə atəşkəsdən dərhal sonra başlayıb. Hazırda atəşkəsdən sonra işğal altındakı ərazilərdə məskunlaşdırılanlar Dağlıq Qarabağ və ətraf ərazilərdə yaşayan ermənilərin ümumi sayının 11 faizini təşkil edir. Və onların sayı artmaqdadır. “Məskunlaşma həm Azərbaycan, həm Ermənistan üçün ciddi problemdir. Tərəflərdən heç biri məskunlaşmanı danışıqlar çərçivəsində müzakirə etməyə hazır olduqlarını publik şəkildə ifadə etməyiblər, hərçənd Azərbaycan həmin ərazilərin qaytarılmasını tələb edir”,-hesabatda deyilir.
Keçmiş erməni məmur təşkilata bildirib ki, atəşkəsdən sonra Laçın şəhərinin və bir neçə ətraf kəndin məskunlaşdırılmasına dair məxfi əmr verilmişdi. Ermənistan bununla Dağlıq Qarabağı aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı. Hakimiyyət o vaxt hesab edirdi ki, Laçın rayonunun dörd yaşayış məntəqəsinin məskunlaşdırılması kifayətdir.
Lakin ermənilərin və müharibə veteranlarının planları daha böyük idi. Onlar iddia etdilər ki, işğal etdikləri ərazilərin hamısında məskunlaşmağa haqları var, çünki bu ərazilər “qədim erməni torpaqlarıdır”.
Nəticədə 1995-ci ildə Laçın rayonunun 4 yox, 12 kəndində ermənilər qanunsuz məskunlaşmışdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan ermənilərin sayı 13.500-ə çatmışdı.
Hesabata əsasən həmin vaxt Laçın ətrafındakı ərazilərdə məskunlaşma Ermənistan hökumətini əsəbiləşdirirdi. Yerevan bu ərazilərə köçənlərə birbaşa dəstək vermək istəmirdi, beynəlxalq təzyiqlərdən və Azərbaycanın məhkəmə iddialarından çəkinirdi. Dağlıq Qarabağ “hökumətinin” bir keçmiş nümayəndəsi deyib ki, o Yerevandan Zəngilan və Qubadlıya köçürülənlər üçün illərlə Yerevandan pul almağa çalışırdı. Amma ona müsbət cavab verilmirdi. Amma 2006-cı ildən etibarən vəziyyət dəyişdi. Məskunlaşma məsələsində səlahiyyət Dağlıq Qarabağın qondarma “hakimiyyətinə” keçdi və onlar sürətlə digər ətraf rayonlara, o cümlədən Kəlbəcərə, Ağdama, Zəngilan və Qubadlıya erməniləri köçürməyə, bu rayonlarda kənd təsərrüfatı təyinatlı torpaqları əkib-becərməyə başladılar.virtualaz.org
Dalidag.az  


Kateqoriya: Karusel / Qarabağ
Tarix: 20-12-2019 16:13
Baxış sayı: 3526
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını