Reklam
Dəlidağ.az-ın əməkdaşı 28 il 6 aydan sonra Kəlbəcərdə - Səfər təəssüratları
30-10-2021 10:17
Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsi nəticəsində doğma torpaqlarımızın azadlığa qovuşmasından 10 ay 8 gün sonra yolum Kəlbəcərə düşdü. Bunun üçün ilk növbədə şəhidlərimizə, qazilərimizə, Şanlı Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandanımıza borcluyam!
28 il 7 aylıq həsrətə, sıxıntılara, məhrumiyyətlərə son qoyan Ali Baş Komandanımıza, onun rəhbərlik etdiyi Orduya eşq olsun! Ulu babalarımızın, nənələrimizin əsrlərdən bəri günümüzə qədər süzülüb gələn bayatısı Vətən Müharibəsində özünün doğruluğunu təsdiq etdi: Əzizim ordu bada, Yol gedir Ordubada, Sərkərdə igid olsa Verməz heç odu bada. Əsrlərdən bəri Azərbaycan adlı dövlət itirdiyi torpaqlardan bir qarışını da qaytara bilmədiyi halda, 44 Günlük Vətən Müharibəsində Ordumuz misli görünməmiş qəhrəmanlıqlar edərək 30 ilə yaxın erməni faşistlərinin əsarəti altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Azrbaycan Ordusunun hücumları qarşısında aciz qalan erməni hərbi birləşmələri Ağdam, Laçın və Kəlbəcər rayonlarını bir güllə atılmadan tərk etməyə məcbur oldu. Artıq erməni silahlı qüvvələrinin torpaqlardan qovulmasından 10 aydan bir qədər çox keçməsinə baxmayaraq işğaldan azad edilmiş torpaqlarımızda minalardan təmizlənmə və quruculuq işləri sürətlə aparılır. Bu il sentyabr ayının 5-də Füzuli hava limanının uçuş üçün istifadəyə verilməsi, Şuşa şəhərindəki geniş miqyaslı tikinti-abadlıq işləri, Kəlbəcərdə elektrikləşmənin başa çatması, Murovdağ tunelundə işlərin sürətlə davam etməsi və s. ölkəmizin, dövlətimizin quruculuq işlərini sürətlə davam etdirməkdə israrlı olduğuna əyani sübutdur. Bu yaxınlarda şəhid ailələrinin üzvlərindən və ziyalılardan ibarət bir qrup Kəlbəcər sakinləri işğaldan azad edilmiş doğma yurda səyahət etmişlər. Həmin ziyarətçilərdən biri də mən idim. Mən Kəlbəcəri tərk edəndə 32 yaşım vardı. Doğma yurddan ayrılanda “sabah qayıdarıq” deyə düşünürdüm. Kəlbəcərdə müxbir işlədiyim “Yenilik” rayon qəzetini Gəncə şəhərinin Gülüstan qəsəbəsindəki Kəlbəcər qərargahında “Kəlbəcər harayı” adı altında nəşr etdirəndə də “Sabah qayıdacağıq!” düşüncəsi, bir an da olsun, məni tərk etmədi. Məcburi köçkünlüyün hər gününü doğma Kəlbəcərimizə qayıtmaq ümidi ilə yaşadım. Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə nəticəsində müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu mənfur düşmənləri torpaqlarımızdan qovdu. Doğma kəndimiz - Başlıbel tədricən öz sakinlərinə qucaq açdı. Başlıbelə ilk səfər bu ilin aprelində, kəndimizdə törədilmiş kütləvi qətliamın 28-ci ildönümü ərəfəsində gerçəkləşdi. Başlıbel kənd sakini, araşdırmaçı-jurnalist Elxan Salahovun “Qanlı Kaha” kitabındakı faktların dövlət səviyyəsində araşdırılmasına göstəriş verildikdən sonra yurd həsrəti ilə yaşayan başlıbellilərin doğma yerlərə dönüşünə imkan yaradıldı. Bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının tribunasından ermənilərin Başlıbeldə törətdiyi kütləvi qətliamdan danışarkən “Qanlı Kaha” kitabındakı faktları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bundan sonra Başlıbel kəndindən olan bir qrup sakinin doğma yurdumuza növbəti səfəri təşkil olundu. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin oktyabrın 2-də təşkil etdiyi səfər çərçivəsində 28 il 6 aydan sonra ilk dəfə doğma Kəlbəcərə ayaq basırdım. Murovdağ aşırımındakı palçıqlı yollar nə qədər çətin olsa da, doğma yurda qovuşmaq eşqi sözlə ifadə olunmayacaq qədər qarışıq hisslər yaradırdı. Yol boyu kəndləri xaraba gördükcə göz yaşlarımı saxlaya bilmirdim.
Dağılmış evlər, yandırılmış yaşayış məntəqələri bir-birini əvəz edirdi. Kəlbəcər rayonunun ən ucqar kəndi olan Başlıbel kəndinə çatan kimi ilk olaraq kəndimizin birinci qəbiristanlığını və 44 günlük Vətən Müharibəsində şəhid olmuş polkovnik-leytenant Zaur Cəfərovun doğulub böyüdüyü evin xarabalıqlarını, daha sonra kənddən xeyli aralıda yerləşən ikinci qəbiristanlığı ziyarət etdik. Erməni vandalları nəinki yaşayış evlərini, hətta qəbirlərin başdaşlarını dağıdıb, bəzilərini söküb aparıblar. Başlıbel kəndində təkcə qəbiristanlıqlar yox, evlər də digər kəndlərdəki evlər kimi erməni vandalizminin qurbanı olub. İkinci qəbiristanlıqda Başlıbelin ilk şəhidi Əbdüləliyev Namiq Qasım oğlunun qəbrinin üstü kol-kosdan təmizləndi, mərhumun məzarı başında xatirə lövhəsi quruldu. 28 ildən sonra doğma yurdumuzu ziyarət etmək imkanı yaradan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusunun bütün döyüşçü heyətinə minnətdaram. Öz qanı və canı bahasına torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm can sağlığı arzulayıram.
Oqtay SALAHLI
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 30-10-2021 10:17
Baxış sayı: 21 046
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23