Ömrün müdriklik, elmin zirvəsinə ucalan alim - Şahlar Əsgərov- 80

19-06-2021 09:17

Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Şahlar Əsgərovun keçdiyi yol eniş-yoxuşlu olsa da, onu ucaldıb.
Hər bir şəxsi şəxiyyətə aparan yol onun doğulduğu ailədən, titrək qədəmlərini basdığı yurddan, el-obadan, daha sonra onu formalaşdıran təbiətdən və ictimai mühitdən başlayır. Mərkəzdən uzaqlarda – “gözdən uzaq, könüldən iraq” məkanlarda, dağlar səltənətində dünyaya göz açanların elmə, sənətə marağını da məhz təbii mühitlə əlaqələndirirlər. 
Əsrarəngiz gözəlliklər diyarı olan Kəlbəcərdə də belə elm-sənət xadimləri az yetişməyib. Ulu Öndər Heydər Əliyev 1996-cı ildə kəlbəcərli ziyalılarla görüşündə bir daha bunu xatırladaraq demişdir: “...Kəlbəcərdə yaşayan insanlar da o gözəl təbiətin, məğrur qayaların, dağların təsiri altında daim cəsur olublar. Eyni zamanda, zəkalı olublar, elmə, biliyə, mədəniyyətə həmişə çox böyük maraq göstəriblər. Ona görə də Azərbaycanın ucqar və dağlıq rayonu olan Kəlbəcərdə, eyni zamanda, həmişə yüksək mədəniyyət və yüksək mənəviyyat olmuşdur. Təbiidir ki, Kəlbəcər rayonundan çıxmış adamlar - kəlbəcərlilər Azərbaycanın hər yerində, xüsusən, Bakıda ölkəmizin ictimai-siyasi, mədəni, elmi həyatında özlərinə məxsus görkəmli yer tutmuşlar və ölkəmizin inkişafında öz xidmətlərini göstərmişlər...”
Kəlbəcər təkcə şeir-sənət ocağı deyil. Bu torpağın yetişdirdiyi elm adamları var ki, onlar nəinki Azəraycanda, əslində dünyada daha yaxşı tanınırlar. Elmə verdikləri töhfələrlə dünyada şöhrət qazanmış, əslən Kəlbəcərdən olan görkəmli ziyalı, Əməkdar elm xadimi, professor, tanınmış təhsil eksperti Şahlar Əsgərov da belələrindən biridir ki, ömrünün 80-ci ilinin bah-bəhrəsini dərməkdədir.
Məncə, bu yubileyə ən böyük töhfə pofessor üçün doğulduğu Kəlbəcərinin 28 illik işğalından sonra azadlığına qovuşmasıdır.
Bakı Dövlət Universitetinin professoru və 1990-cı ildə yaratdığı "Amorf təbəqələri" elmi tədqiqat laboratoriyasının rəhbəri olan elm xadimi əvvəllər bu ali təhsil ocağında müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışıb. Təhsilin fəlsəfəsi, daha doğrusu, sosial fəlsəfə və pedaqogika üzrə apardığı tədqiqatlar Şahlar Əsgərovun növbəti uğurlu istiqamətidir. Tanınmış alimin fəlsəfi mövzulara həsr olunmuş "Keçid dövrünə fəlsəfi baxış" (1998), "Milli birlik probleminə fəlsəfi baxış" (2001), "Təhsilimiz dünən, bu gün və sabah" (2003), "Düşüncə tərzi" (2008) və digər kitabları özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.

“Hikmət məclisi” – müdriklik mücəssəməsi
200-dən çox elmi, 700-dən artıq publisistik məqalə, 15-dək kitab, 3 monoqrafiya professorun Azərbaycan elminə verdiyi töhfələrdəndir. Alimin nümizmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində də ixtira və patentləri az deyil.
Şahlar Əsgərov 1995-2000 və 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub, 2000-2005-ci illərdə bu ali qanunvericilik orqanında Elm və təhsil məsələləri daimi komissiyasının sədri vəzifəsini də layiqncə daşıyıb.
Professor Şahlar Əsgərovun elmdə və təhsildə, eləcə də ictimai fəaliyyətdə göstərdiyi xidmətləri dövlət tərəfindən qiyməyləndirilib: 1999-cu ildı "Şöhrət" ordeni ilə təltif edilib, 2001-ci ildə isə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 
Bir sira beynəlxalq akademiyaların (РАЕ , АСПН) üzvü olan professor hazırda  Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri vəzifəsini daşıyır. Səmərəli elmi fəaliyyəti ilə diqqəti cəlb edən alimin  “Düzgün qərarın hikməti” və “Yonulmuş daş yolda qalmaz” kitabları da  yeni çapdan buraxılıb və ictimaiyyətə təqdim olunub.
Bu günlərdə professorun 80 illik yubleyi münasibəti ilə onlayn “Hikmət məclisi” adlı tədbir keçirilib. Məclisdə Təhsil Nazirliyinin rəsmi şəxsləri, millət vəkilləri, ziyalılar və alimin tələbələri iştirak edib. İştirakçılar professorun bir alim kimi üstün keyfiyyətlərindən geniş bəhs edərək, onun elmə verdiyi töhfələrin əhəmiyyətindən danışıblar. Professorun həyat və fəaliyyətini əks etdirən videoçarx maraqla qarşılanıb. UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi tərəfindən hazırlanmış əhatəli rolik vasitəsilə video-iştirakçılar professorun dünəninə səyahət ediblər.
Məclisdə həmçinin professorun yeni çap olunan “Düzgün qərarın hikməti” və “Yonulmuş daş yolda qalmaz” kitablarının təqdimatı da keçirilib.
Hər bir xalqın dünyada tanınmasında, eləcə də mütərəqqi yolla inkişafında onun sayılıb-seçilən ziyalıları, elm xadimləri mühüm rol oynayır. Çünki intellektuallığı, yüksək zəkası, istedadı ilə fərqlənən belə şəxslər, ilk növbədə, cəmiyyətdə mənəvi idealların möhkəmlənməsinə çalışırlar. Onlar sıradan biri olan şəxslikdən çıxıb, şəxsiyyətə çevrilir, ölkənin tərəqqisinə mühüm töhfələr verir və insanları saf məqsədlərə yönəltmək missiyası ilə diqqət  çəkirlər. 

Mürəkkəb nəzəriyyə və novatorluq
Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyan, sahib olduğu mövqeyə uzun illərin gərgin zəhməti, yuxusuz gecələri, inadkar fəaliyyəti ilə yetişən belə alimlərdən biri də fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovdur. Təbiət elmləri sahəsində dəyərli araşdırmaları, dəst-xətti olan Şahlar Əsgərov eyni zamanda dövrünün sosial problemlərinə özünəməxsus fəlsəfi təhlil prizmasından yanaşan, mürəkkəb nəzəriyyə məsələlərinin elmi həllinə dair yeni modellər təklif edən novator alimdir.
Professor Şahlar Əsgərov həyatda məqsədlərinə halal zəhmətlə, işgüzarlıqla, məqsədyönlülüklə çatıb. Əsl alim üçünsə elmdə zirvə və hədd anlaşıyı yoxdur. O, öz elmi axtarışları ilə daim öyrənməyə, həqiqəti üzə çıxarıb təsdiqləməyə, əldə etdiyi faydalı nəticələri praktik surətdə gerçəkləşdirməyə çalışır. Yorulmaz tədqiqatları ilə elmdə layiq olduğu zirvəyə yetişən Şahlar Əsgərovun bu gün də - ömrünün səksəninci fəslində gənc tədqiqatçı şövqü ilə yaratmaq, virtual məkanın hüdudsuz imkanlarından bəhrələnmək səyləri onu tanıyanlarda rəğbət hissi doğurur.
Bu bir gerçəklikdir ki, insanın təkcə gələcək ömür yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində doğulub boya-başa çatdığı torpağın, təbii və ictimai-sosaial mühitin rolu az deyil. Əhatə olunduğu mühit hər bir insanın istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm  vasitə hesab olunur. Şahlar Əsgərov da Azərbaycanın ən füsunkar guşələrindən biri olan Kəlbəcərdə 1941-ci il yun ayının 15-də onu əhatə edən əsrarəngiz gözəlliklər diyarının təsiri altında dünyaya göz açıb. Bəlkə elə ona görə çox erkən yaşlarından mehrini məhz təbiət elmlərinə salıb? Orta məktəbi əla qiymətlərlə bitirib. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olub. 1963-cü ildə  bu ali məktəbi müvəffəqiyyətlə bitirib. 1964 -1967-ci illərdə təhsil aldığı universitetin əyani aspirantı kimi Leninqrad (indiki Sankt-Peterburq) Sabit Cərəyan İnstitutunda elmi işi üzərində çalışıb. 
Aspiranturanı bitirdikdən sonra ömür yolunu doğma universitetilə bağlayan Şahlar Əsgərov  əmək fəaliyyətinə burada müəllimliklə başlayıb. Sonra dosent, dekan müavini və prorektor vəzifələrində çalışıb. 1970-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. Elmi tədqiqatlarını uğurla davam etdirən Şahlar Əsgərov 1992-ci ildə Bakı Dövlət Universitetində "Toxunma sərhədinin qeyri-bircinslilik dərəcəsinin metal-vakuum və metal-yarımkeçirici strukturlarının elektrofiziki xassələrinə təsiri" mövzusunda doktorluq dissertasiyası müdafiə etməklə bu sahədə təsadüfi şəxs olmadığını sübuta yetirib. 

Dünya alimlərinin  istinad yeri...
1993-cü ildə BDU-nun professoru seçilən Şahlar Əsgərov elmi fəaliyyəti dövründə bir sıra böyük uğur və nailiyyətlərə imza atıb.
Beynəlxalq aləmə elm yolu ilə çıxan Şahlar Əsgərov Danimarka Texniki Universitetində birillik ezamiyyətdə olub. Oradan qayıtdıqdan sonra respublikada ilk dəfə metal-yarımkeçirici kontaktı mövzusunun tədqiqinə başlayıb.  
Professor bildirir ki, ion mühərrikləri ötən əsrin  yetmişinci illərindən alimlərin diqqətini cəlb edib. 2000-ci ildən bəri isə artıq ion mühərrikləri vasitəsilə kosmosa bir çox aparatlar çıxarılıb. Sevindirici haldır ki, belə mühərriklərin hazırlanmasında professor Şahlar Əsgərovun elmi nəticələrindən geniş istifadə olunur. Tozlanma ilə bağlı professorun əldə etdiyi nəticələrdən, dövrün bir nömrəli problemi sayılan İdarə oluna bilən termonüvə qurğularının "plazma-divar" kimi tanınan problemin həllində də geniş istifadə edilir. 
Şahlar Əsgərovun elm adamı kimi ən diqqət çəkən xüsusiyyətlərindən biri də tədqiqatçılıq məharəti, bu yolda yorulmazlığı, qətiyyətliliyi və əzmkarlığıdır.
Ömrünün məhsuldar dövrünü yaşayan professor peşəsinə vurğunluğu ilə də seçilir. Əslində, çox hallarda elmdə müəyyən karyera qurduqdan sonra dərin tədqiqatlardan, araşdırmalardan uzaq düşən, arxayınlaşan elm xadimlərimiz az deyil. Bir çox alimlərimizin araşdırmaları isə ölkə hüdudlarını heç də asan  keçə bilmir. Şahlar Əsgərov isə daim axtarışda olan, dünya elminə dəyərli töhfələr verən, ona inteqrasiya edən sanballı alimlərdəndir. 
Onu da deyək ki, Şahlar müəllim L.Sena (Leninqrad), L.Praneviçyus (Kaunas), V.Yurasova (Moskva), V.Strixa (Kiyev), P.Prehn (Kopenhagen), M.Lukkala (Helsinki), L.Şelyakin (Moskva), A.Şkavro (Kiyev), A.Arş (Ryazan) və digər dünya alimləri ilə əməkdaşlıq edərək,  elmdə maraqla qarşılanan birgə məqalələrin müəllifi kimi də tanınır.
Şahlar müəllim universitetdə radiofizika, emissiya elektronikası, mikroelektronika və digər fənləri tədris etməklə yanaşı, bu istiqamətlərdə sanballı elmi araşdırmalar da aparmaqdan yorulmur.  Alimin elmi əsərlərinin dəyəri isə ilk növbədə, praktik tətbiq imkanlarının genişliyi ilə ölçülür.
Bir çox xarici ölkələrdə alimlərin elmi tədqiqatlarının dəyəri, ilk növbədə, onlara edilən istinadların sayı əsasında müəyyənləşir. Yəni, aktuallığı, elmi siqləti, ideya məzmunu ilə seçilən əsərlərdə irəli sürülən tezis və fikirlər sonradan digər nüfuzlu alimlər üçün də maraqlı istinad mənbəyinə, diskussiya predmetinə çevrilir. 
Gizli deyil ki, Yusif Məmmədəliyev, Lütfi-Zadə, Azad Mirzəcanzadə, Bəhram Əsgərov... kimi korifey elm xadimlərindən sonra Azərbaycanın dünyaca məşhur alimlərinin sırası seyrəkləşib. Bəlkə də elə buna görədir ki, azərbaycanlı alimlərin tədqiqatlarına istinadlar o qədər  çox deyil. Lakin professor Şahlar Əsgərov kimi fədakar alimlərin elmi tədqiqatları bu mənada istisnadır. Professor deyir: “... ABŞ-ın Klivlend şəhərində NATO-nun Levis Araşdırmalar Mərkəzinin mütəxəssisi Maris A.Mantenieksin  məruzəsində tədqiqatlarıma geniş yer ayırıb. Tədqiqatçı qeyd edib ki, ağır ionlarla katod tozlanmasının öyrənilməsi hələ ötən əsrin 60-cı illərində Şahlar Əsgərov və L.Sena tərəfindən başlanılıb. Məruzə müəllifi yazır ki, Ş.Əsgərovun və L.Senanın nəticələrinin etibarlığı bu sahədə mühüm nailiyyətlər əldə etmiş nüfuzlu alimlərin nəticələrini üstələyir. Ağır ionlarla tozlanma məruzəsini davam etdirən mütəxəssis məruzənin bir səhifəsində 9 yerdə (15 sətirlik mətnin isə 5 yerində) elmi araşdırmalarımın nəticələrinə istinad edib...” 

“Düşüncə tərzi” və keçid dövrünün müddəti...
Azərbaycan hazırda inkişafının elə bir mərhələsindədir ki, müstəqillik illərində keçilən yolun ayrı-ayrı parlaq səhifələrinin fəlsəfi rakursda nəzərdən keçirilməsi, eyni zamanda, milli inkişaf strategiyasının elmi-nəzəri kontekstdə əsaslandırılması qarşıda duran vacib məsələlərdəndir. Yüksək vətəndaş və ziyalı təəssübkeşliyi, vətənpərvərliyi ilə bu prosesdə yaxından iştirak edən alimlərdən biri də məhz professor Şahlar Əsgərovdur. Tanınmış alimin fəlsəfi mövzulara həsr olunmuş "Keçid dövrünə fəlsəfi baxış", "Milli birlik probleminə fəlsəfi baxış", "Təhsilimiz dünən, bu gün və sabah", "Düşüncə tərzi" və digər əsərləri özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.
Bu əsərlərdə kapital münasibətləri fonunda mənəvi-əxlaqi dəyərlərin deqredasiyasına zəmin yaradan neqativ tendensiyalar tərbiyəedici motivlər əsasında göstərillir. Alimin "Düşüncə tərzi" kitabı müasir Azərbaycan cəmiyyətinin həm hazırkı real gerçəkliyinin, həm də düşüncə tərzinin bütün başlıca istiqamətlərdə təhlilinə, burada mövcud olan yararlı-yararsız cəhətlərin aşkara çıxarılmasına həsr olunub. Müəllif  "Keçid dövrünə fəlsəfi baxış" kitabında yazır: "Keçid dövrünün müddəti nə qədərdi? sualını tez-tez eşidirik. Mənim fikrimcə, Prezident üçün keçid müddəti dövlət maşınını qurmaq müddətidir. Parlament üçün keçid dövrü dövlət maşınının işləməsi üçün lazım olan qanunların qəbul müddətidir. Baş nazir üçün keçid dövrü iqtisadiyyatın inkişafinın məntiqini axtarıb tapmaq müddətidir. Əhali üçün keçid müddəti azadlığın yüksək amal olduğunu dərk etmək müddətidir..."
Bu fikir Prezident İlham Əliyevin keçid dövrünün bitməsi ilə bağlı bəyan etdiyi fikirlə həmahəng səsləşir. Azərbaycanın dövlət maşını qurulub və onun işləməsi üçün zəruri qanunlar parlament tərəfindən qəbul edilib. Keçid dövrünün əsas komponentləri bitib.
Elmi, mədəni, intellektual səviyyəsi ilə ictimaiyyətin diqqətini çəkən professor Şahlar Əsgərov, bir sözlə, bütün sahələrdə fəallığı, idarəçilik və təşkilatçılıq fəaliyyəti ilə seçilir. Professorun Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri də onun rəhbərliyi altında 20-dən artıq elmlər namizədi və doktorunun hazırlanmasıdır. 
Professor bu qənaətdədir ki, çağdaş dövrdə həm dəyərlərimiz, həm də mədəniyyətimiz gözümüz önündə əriyir. Bəzi gələcəkşünas alimlər hesab edirlər ki, dürüst həyat tərzinə alışmış nəsillər gələcəkdə yox olacaq: “Güman edirəm ki, bu təhlükəli və arzuolunmaz gələcəyin əsas səbəbi təhsilin doktrinasının qüsurlu olmasıdır. Belə ki, uzun illərdir təhsil bəşəriyyəti arzu olunan istiqamətə apara bilmir. Təhsilin çağdaş paradiqması gəncləri şəxsiyyət kimi yetişdirməkdir. Hesab edirəm ki, təhsilin əsas məqsədi şəxsiyyət yox, kamil insan yetişdirmək olmalıdır. İnsanlar zəngin yox, dəyərli və kamil olmağa can atmalıdırlar. Öz fəaliyyətində ictimai mənafeni üstün tutan kamil insandır. Diqqətə almaq lazımdır ki, bəşəriyyət ümumi mənafenin artımı istiqamətdə inkişaf edir. 
Texnologiyanın açarı elmdə, elminki təhsildədir
Yuxarıdakı  konsepsiyadan doğan bəzi tezislərə də diqqət ayıraq: 
- təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılıdır. Belə olanda  təhsil cəmiyyəti xoşbəxt gələcəyə, ikinci halda vəhşi kapitalizmə tərəf aparır; 
-müharibə vaxtı ordu generalları hansı önəm daşıyırsa, əmin-əmanlıq dövründə məktəb direktorları həmin məsuliyyəti daşımalıdırlar; 
-özünü məktəbə qurban verən direktor onu çiçəkləndirəcək. Məktəbi özünə qurban verən direktor isə onu  məhv edəcək; 
-məktəb həm də psixoloji laboratoriyadır: milli birliyin, vətənə sevginin, milli ruhun rüşeymləri məktəbdə formalaşır; 
-vətənpərvərliyin açarı təhsilin məzmunundadır;
-ali məktəblər giriş qapısını geniş açmalı, çıxışını daraltmalıdır. Universitetlərə qəbul asan, bitirmək çətin olmalıdır;
-dövlətlər, adətən, iqtisadi qüdrətinə görə sıraya düzülürlər. İqtisadiyyatın açarı sənayedə, onunku texnikada, texnikanınkı isə texnologiyadadır. Texnologiyanın açarı elmdə, elminki təhsildədir. Deməli, iqtisadiyyatımız təhsilimizin başqa müstəvidə  inikasıdır;
-təhsil şəxsiyyət yox, kamil insan yetşdirməlidir. Kamillik, ictimai mənafenin şəxsi mənafeyə olan nisbəti ilə ölçülür. Təhsil keçmiş nəsillərin yaratdığı dəyərləri gələcək nəsillərə çatdırmaq missiyası daşımalıdır; 
-təhsil milli və mənəvi dəyərləri öyrətməli və yenilərini yaratmalıdır. Təhsil düzgün qərar qəbul etmənin sirrini gənclərə öyrətməlidir. Bu məqsədə nail olmaq üçün təhsilə bəzən məqsəd, bəzən də vasitə kimi baxmaq lazımdır...”
Mənəvi dünyasının, daxili aləminin - vicdanının səsi Şahlar Əsgərovu yalnız özü üçün yaşamağa, əhatə olunduğu dövrün, mühitin nöqsanlarına, qüsurlarına göz yummağa, etinasız yanaşmağa qoymayıb. O, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik nümayiş etdirməyib. Məşhur 91-lərin biri kimi dövrünün ictimai-siyasi hadisələrinə laqeyd qalmayıb, fəaliyyətinin bütün mərhələlərində məhz Azərbaycanın gələcəyini düşünüb. Siyasi baxışlarında hər zaman sabit və prinsipial olan Şahlar Əsgərov Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu dönmədən müdafiə edərək, onun rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesinə layiqli töhfəsini verməyə çalışıb. Ulu Öndərin siyasi fəaliyyətinə YAP-ın fəallarından biri kimi daim dəstək verən, dövlətçilik maraqlarının keşiyində dayanan alim YAP İdarə Heyətinin üzvü kimi də üzərinə düşən vəzifəni həmişə layiqincə yerinə yetirir. Məhz dövlət başçısı professorun dövlətçilik fəaliyyətini yüksək dəyərləndirərək, alimimizi "Şöhrət" ordeninə layiq görüb.

Və nəhayət, Şahlar Əsgərovun “Kamilləşən düşüncə”si...
Milli Məclisin deputatı Etibar Əliyevin öz müəllimi haqqında söylədiyi fikirlər də  maraqlıdır:  “...Mən Şahlar Əsgərovu necə tanıyıram: Böyük fizik alim, Əməkdar elm xadimi, professor, ictimai xadim, ağsaqqal bir dost və himayədar, müəllimim, təhsil eksperti kimimi? Bu suallara birmənalı cavab vermək çətindir. Müəllimim Şahlar Əsgərov iti rasional düşüncəyə, analitik təhlil qabiliyyətinə malik olan bir alimdir. Müəllimim Şahlar Əsgərov əqidəsində möhkəm, siyasi mövqeyində sabit adamdır. Şahlar müəllim hansısa hadisənin məntiqi təhlilini emosional fonla birləşdirə bilir. Bu keyfiyyət sağlam düşüncənin məhsuludur. Şahlar Əsgərov ən rasional elmi təmsil etsə də, təfəkkür tərzinə görə intellektualdır. Mən onu həmişə öyrənən görmüşəm. Hər hansı tədbirdə istənilən məsələ barədə söhbət gedəndə ən orijinal fikiri Şahlar müəllim söyləyir. Bu, məni tələbəsi kimi, çox sevindirir. Yeri gəlmişkən, onun böyüklüyünü sübut edən bir faktı da deyim: Tələbələrindən nəyisə öyrənməsindən qürur duyur. Bu, alimə xas olan mühüm keyfiyyətlərdən biridir.

Onun “Kamilləşən düşüncə” adlı fundamental əsəri düşüncənin fəlsəfəsidir.
Əsl alimin bir əlaməti də özünü dərki ilə yanaşı, özünə sevgi, özünə hörmətidir. Daha doğrusu, insanlığa sevgi və hörmət şəxsi nümunənin prizmasından keçməlidir. Şahlar Əsgərovun səmimiyyəti istər-istəməz həmsöhbətini də səmimi olmağa vadar edir...”
Keşməkeşli olduğu qədər də mənalı, zəngin və şərəfli həyat yolu keçib, məqsədlərinə doğru pillə-pillə irəliləyən professor Şahlar Əsgərov xalqına fayda vermək əzmi və qətiyyəti ilə ömrünü elmi axtarışlara həsr edib. Əlbəttə, şübhə yox ki, görkəmli alim bundan sonra da böyük səylə, qətiyyətlə çalışacaq, Azərbaycan elminin ən son nailiyyətlərini dünya ictimaiyyətinə çatdırmaq prosesində yüksək fəallıq və vətənpərvərlik nümayiş etdirəcək. Axı, ona yeni güc, dözüm, səbir, iradə verən doğma yurdu, həsrətini çəkdiyi Qarabağı, o cümlədən Kəlbəcəri düşmən əsarətindən azad edilib. 80 illik bir yolun ətəklərində Qarabağ, onun zirvəsində Kəlbəcərini görən professora cansağlığı diləyir və ömrünün müdrik çağlarında elmin fəlsəfəsini gənc nəslə öyrətməkdə yorulmamağı arzulayırıq.

Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az


Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 19-06-2021 09:17
Baxış sayı: 4629
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını