Nəsib Nəbioğlu:"Bəsdir qürbət eldə çürütdün məni, çağır qucağına başına dönüm..." -ŞEİRLƏR

02-05-2020 14:13
Harda olmasından asılı olmayaraq ürəyi Vətən üçün döyünər ruhu sözlə toxunmuş adamların. Qürbətdədi...ürəyi, ruhu, sözü, əməli Vətənə bağlı. Bu gün onun günüdü. Kəlbəcər dağlarının əzəmətini ağ saçlarında, vüqarlı baxışında yaşadan Nəsib Nəbioğlunun.
Nəsib Nəbioğlu 1954-cü ilin may ayının 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980 ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı institutunda ali təhsil alıb. 1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat institutunu əla qiymətlərlə bitirib.1985-ci ildə İnstitututunu bitirdikdən sonra SSRİ Dövlət Xarici turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan yazıçılar birliklərinin üzvü, Azərbaycan yazışılar birliyinin Moskva bölməsinin katibidir.
”Ürəyim yurd yeridir“, "Sizə sözüm var”, “Dua edən bulaq” rus dilində, “Bağışlamaz dağlar məni”“Nəğməkar əsgər”“Heç belə də kənd olar”“Ulduz nur saçırdı qayanın üstə" rus dilində, "Durnalar qayıdanda" şeir kitablarının müəllifidir. N.Nəbioğlu həmçinin, M.Axundov, S.Vurğun, R.Rza, M.İbrahimov, N.Rəfibəyli, M.Araz, Məmməd Aslan, T.Məlikli, Aşıq Ələsgər, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş məqalələrin (rus dilində) müəllifi olmaqla yanaşı, V. Şukşinin,V. Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Eseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib. R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatları laureatıdır. İyirmidən çox şeirinə müsiqi bəstələnib. O, dünya azərbaycanlılarının həmrəylik himninin müəllifidir. 2019-cu ildə Rusiya Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının yaradıcılıq sahəsində “Bədii sözün ucalığına, bədii sözün qüdrətinə xidmətə görə” diplom və medalla mükafatlandırılan Nəsib Nəbioğlu həm də "DƏLİDAĞ" Ədəbi Birliyinin fəxri üzvüdür.

Bu gün doğum gününü qeyd edən dəyərli ziyalımız Nəsib Nəbioğlunu təbrik edir, sağlıq və hüzur dolu ömür, sevinci bol həyat, yaradıcılıq uğurları, ən əsas Kəlbəcərə qovuşmağı arzulayırıq. Doğum gününüz mübarək, qürbətdən Vətənə nur saçan işıqlı ADAM!

Dalidag.az Nəsib Nəbioğlunun şeirlərini təqdim edir:
Sevinc Qərib

DURNALAR QAYIDANDA

Sözlərim, misralarım yenə bəzər dağları,
Görməmişəm dünyada belə bənzər dağları,
Çismim qürbətdə yanar, ruhum gəzər dağları,
Ürəyimə su səpin durnalar qayıdanda!

Bəlkə xəbər verəcək şiş qayamdan, daşımdan,
Baharım gəlməz oldu, çıxammıram qışımdan,
Mənə fikir verən yox, qayğım aşır başımdan,
Ürəyimə su səpin durnalar qayıdanda!

Bir sarılam boynuna yenə öpəm doyunca,
Yüyürəm dəli kimi Tərtərimin boyunca,
İşığım göydəki ay, döşəyim xalı-yonca,
Ürəyimə su səpin durnalar qayıdanda!

Əsir oldum əlində bu bitməyən töhmətin,
Yurda gedə bilmirəm, çətindir yollar çətin,
Gözləri yolda qalıb, bu günahsız millətin,
Ürəyimə su səpin durnalar qayıdanda!

Dizin-dizin sürünüm gedim vətənə kimi,
Ürəyimdə Dəlidağ, Qoçdaş bitənə kimi,
Arxasınca baxaram gözdən itənə kimi,
Ürəyimə su səpin durnalar qayıdanda!

Yaralanmiş torpağa ağı deyib gedən hey,
Bu ahdı, bu nalədi, məni didib gedən hey,
Məni nələr gözləyir, xəbər edib gedən hey,
Ürəyimə su səpin durnalar qayıdanda!

Mənzilə yetməmişəm hələ yarı yoldayam,
Cana yananım yoxdur, görələr nə haldayam,
Yaman məni dərd üzüb fikirdə, xəyaldayam,
Ürəyimə su səpin durnalar qayıdanda!

Bir azca torpaq üçün uzalı ovcum qalıb,
Dağlara vermədiyim bir vəfa borcum qalıb,
Yuvası dağılanam qəlbimdə açım qalıb,
Ürəyimə su səpin durnalar qayıdanda!

ANAM


Ata əvəziydi qadin donunda,
Qeyrətdən yoğrulmuş ər idi anam.
Hər sözü, kəlməsi bayatı idi,
Təpədən-dırnağa sir idi anam.

Getmir qulağımdan mehriban səsi,
Şirin bayatısı, həzin nəğmısi,
Ən gözöl varlıqdı ana nəfəsi,
Bir müqəddəs ocaq, pir idi anam.

Yatmazdı, görürdüm oyaq kimiydi,
Dindirsən kamandı, sarı simiydi,
Kiridə bilmədim uşaq kimiydi,
Didərgin düşəndən kür idi anam.

İnsan dərdən necə dindi, görmüşəm,
İnsan necə şama döndü, görmüşəm,
Gur yanan ocaqlar söndü, görmüşəm,
Gözümün önündə əridi anam.

Məni bu həsrətdən qurtar deyirdi,
“Atanin yurdunu qaytar”-deyirdi,
Məni Kəlbəcərə apar deyirdi,
Dağlar deyə-deyə kiridi anam.

MƏNİ


Dünyanın əlində oyuncaq oldum,
Ha qovdu, ha atdı, ha tutdu məni.
Sonu bilinməyən cığıra çəkdi,
Neçə döngəsində ovutdu məni.

Qəlbində haqq səsi, ədalət səsi,
Düz oldu urvası,təmiz kündəsi,
Dedi belə olar əsl bəndəsi,
Allah sevgisində yaşatdı məni.

Vətənsiz susmuşam, dilim ta laldı,
Gözümdə o yamac, o doğma yaldı,
Saldı uzaq elə,qürbətə saldı,
Başımı bişirdi, uvatdı məni.

Bu qoca dünyanın əməli ayrı,
Özülü sirr dolu, təməli ayrı,
Mən deyən deyilmiş, deməli ayrı,
Tutub əllərində fırlatdı məni.

Dərdi ayrı imiş daşın, dağın da,
Nisgili təşnəymiş dar ayağında,
Qürbətdə yatmışdım fil qulağında,
Yaxı ki, yuxudan oyatdı məni.

Bu qoca dünyanı yıxılı gördüm,
Nəyini gördümsə yuxulu gördüm,
Getdiyim yolları qorxulu gördüm,
Qismətim, taleyim unutdu məni.

AĞLADIĞIM KƏS...


Məni məftun edən qız ki, sən idin,
Ömrümə xoş bahar, yaz ki,sən idin,
Əlinə qələm al, yaz ki, sən idin,
Qəlbində gizlicə saxladığın kəs.

Sənsiz bir şairin yuxusu yoxdur,
Sənsiz çiçəklərin qoxusu yoxdur,
Bilirəm ki, mənəm ayrısı yoxdu,
Məni diri-diri ağladığın kəs.

Mənim dincliyimi əlimdən alan,
Çovğuna, borana, sazağa salan,
Mənəm ömründən uzaqda qalan,
Təkcə yuxularda yoxladığın kəs.

MƏNSİZ QƏRİBSƏYİB BİLLƏM O DAĞLAR


Bizsiz qəribsəyib billəm o dağlar,
Yad ayaq altında qalmaqdan bezib.
Dəlidağ dumana bürünüb, bəlkə,
Dərin xəyallara dalmaqdan bezib.

Elə pərişandır, elə qəmlidir,
Doğma el səsinə qalıb tamarzı.
Düz iyirmi ildir nalə yağdırır,
Qəm üstə köhlənir Şəmşirin sazı.

İtib yaddaşımda olub-keçənlər,
Nə vaxtdan qürbətdə itib qalmışam,
Qəmimi, dərdimi köksümə sıxıb,
Qərdimi içimə təpib qalmışam.

Əzəldən bilirdim doludu sirlə,
Təpədən dırnağa sirdi o dağlar,
Gəldi çaylarının şırıltısıyla,
Hər gecə yuxuma girdi o dağlar.

Tanrım, sınağına gəl az çək məni,
Bu həsrət ərimir, itmir bu həsrət.
Qürbətdə göynədib, yandırır məni,
O daşa məhəbbət, dağa məhəbbət.

Özümü ataram od-alovuna,
Deyirəm zirvəndə alışım, sönüm,
Bəsdir qürbət eldə çürütdün məni,
Çağır qucağına başına dönüm.

MƏN QÜRBƏT ŞAİRİ, DƏRD ŞAİRİYƏM

Söykədim çiynimi arxasızlara,
Onlar qürbət eldə sirdaşlarımdı.
Dönük taleyindən gileyli olan,
Oğullar çətində qardaşlarımdı.

Neçə arzularım qaldı gözümdə,
Qəlbimdən keçəni bir kəs duymadı.
Uzaq səfərimdən qayıdım deyə,
Anam əllərinə xına qoymadı.

Çığırlar yad səmtə apardı məni,
Gördüm sərt üzünü daşın, dağın da.
Zaman sərt üzünü göstərdi mənə.
Rahatlıq tapmadım yad torpağında.

Haqsızlar yol tapıb keçdilər başa,
Haqqım tapdalandı hər addım başı.
Haqsız dünya imiş bu dünya demə,
Yurdum talan-talan, oğullar naşı.

Bir elin yanında üzüm qaradı.
Dağların dağlarsız pərt şairiyəm.
Sizin sevdiyiniz şair deyiləm,
Mən qürbət şairi, dərd şairiyəm.

YAMAN TEZ-TEZ GİRİR YUXUMA DAĞLAR


Həsrəti göynədir, yandırıb yaxır,
Başımın üstündə şimşəklər çaxır,
Kədərim Tərtərə qarışıb axır,
Yaman tez-tez girir yuxuma dağlar,

Sinəmi Qoçdaşın qarı yandırır,
Qəddimi dərd əyir, zaman sındırır,
İntiqam almağa alovlandırır,
Yaman tez-tez girir yuxuma dağlar.

Başımda dumanı,başımda çəni,
Həsrətdən çoxalıb saçımın dəni,
Hər axşam qoynuna çağırır məni,
Yaman tez-tez girir yuxuma dağlar.

Qalıbdı bir dərdli avazda, neylim,
Gah dağlar, gah da ki Arazda, neylim,
Həsrətdən qocaldı biraz da neylim,
Yaman tez-tez girir yuxuma dağlar,

Necə ki, yollarım bağlıdır mənim,
Necə ki, qollarım bağlıdır mənim,
Necə ki mən yoxam sənin qoynunda,
Amandı tez-tez gir yuxuma dağlar,

YANAR HALIMA

Ahım-naləm bürüyübdü aləmi.
Sevənlərin de qisməti beləmi?
Bir gədikdə itirmişəm lələmi,
Kərəm görsə özü yanar halıma.

Yorub vallah, eniş-yoxuş yal məni,
Hərdən-hərdən dur yadına sal məni,
Bacarırsan bu atəşdən al məni,
Kərəm görsə özü yanar halıma.

Yad ellərə aparıbdı küləklər,
Yorub məni üzüdönük mələklər,
Başım üstə od ələyir fələklər,
Kərəm görsə özü yanar halıma.

Səcdə etdim məhəbbətin adına,
Dəliləri salan yoxdu yadına,
Mən də getdim bir sevdanın badına,
Kərəm görsə özü yanar halıma.

Dərd əlindən ilim-ilim itərəm,
Harda olsam özüm kimi bitərəm,
Nəsib deyər mən Kərəmdən betərəm,
Kərəm görsə özü yanar halıma.

MƏN NECƏ QOPARIM GÖYLƏRDƏN SƏNİ?

Eh fikrim-xəyalım özümdən qabaq,
Səni addım-addım izlədi onda.
O boyda sevgini,o boyda eşqi,
Bir balaca ürək gizlədi onda.

Səni gizli sevdim,bilmədi bir kəs,
Sənin xəyalınla yaşaya bildim.
Dinyaya sığmayan məhəbbətimi,
Bir yandan bir yana daşıya bildim

Elə gözəl idi dünya gözümdə,
Elə yaraşirdı gül-çiçək sənə.
İndi bu yazdığım bu nəğmə bəlkə,
Durna harayinda gələcək sənə.

Qınayan da oldu,qınamayan da,
Eşqi topuğunda olan oğlanı.
Bir görən olmadı,duyan olmadı,
Qəlbi viran,boran,talan oğlanı.

Qeyb oldun,yox oldun günün birində,
De haraya gedin,qaldın hayanda?
Bilirdim ki,tayın,bərabərin yox,
Mələk olduğunu bilmirdim onda!

Sən elə uzaqsan, uzaqsan indi,
Elə soraqladım hər yerdən səni
Çəkildin göylərin yeddi qatına,
Mən necə qoparım göylərdən səni?

ANAM YAŞADIĞI EVƏ GƏLMİŞƏM

Anam yaşadığı evə gəlmişəm?
Məni otaq sıxır, divarlar sıxır.
Bir həsrət qəlbimi yandırır elə,
Divardan bir ana doylanıb baxır.
Məni gözləməkdən bezdinmi, ana?

Baxıb görürəm ki, yorğunsan, yorğun.
Divardan boylanıb oyaq qalmısan,
Bilmisən ki, bu gün gələcək oğlun.
Doğma ocağına qonaq gəlmisəm,

Gəlmisəm halını soruşum indi.
Sən gedən zamandan elə solmuşam,
Dəyişib yerişim, diruşum, indi.
Ana xəbərim yox eldən obadan,

Sənə nədən deyim, nədən danışım.
Ana xəbərim yox evdən, eşikdən,
Yaman öz işimə qarışıb başım.
Çətinliklər gördüm, dolandım gəldim,

Keçiləsi deyil vətən yolları.
Qapının ağzında donub qalmışam,
Boynuma sarılmır ana qolları.
Qamətim əyilib sənsiz, ay ana,

Keçmişəm borandan, çovğundan, qardan.
Duymuram, ay ana doğma səsini,
Boylanıb baxırsan soyuq divardan.
Sənsiz ocağımız gur yanan deyil,

Ta yığılan yoxdu ocaq başına
Bu ocaq təzədən gur yansın deyə.
Hazıram ki dönəm ocaq daşına.
Yoxsa tələsmisən, yurduna sarı.

Qapımizı yanov qoyub getmisən.
Bəlkə də getmisən atamdan ötrü
Azad etmək üçün perik ruhunu,
Hamımızdan əvvəl duyub getmisən.

HARDA LƏNGIMISƏN QIFIL YIYƏSI?

Bir qaçqın kəlməsi donur dilində,
Milləti həsrətin, odun əlində,
Açarı özgənin, yadın əlində,
Harda ləngimisən qıfıl yiyəsi?

Tutulub hər yandan bərəsi-bəndi,
İlişmir zirvəyə atam kəməndi,
İyirmi ildir ki, həmin həmindi,
Harda ləngimisən qıfıl yiyəsi?

Bəlkə göylərdəsən enib gələsən,
Susmayıb dillənib, dinib gələsən,
Atın yox atını minib gələsən,
Harda ləngimisən qıfıl yiyəsi?

Sinənə döyərsən lələşsən,lələş,
Ha çalış, çabala, oynaqla, əlləş,
Tapsan papağını götür, fikirləş,
Harda ləngimisən qıfıl yiyəsi?

Gözümün yaçını silələyiblər,
Murovdan bu üzə dərd ələyiblər,
Kəpəzin başında bənd eləyiblər,
Harda ləngimisən qıfıl yiyəsi?

Yağı dediyimiz cındırdır cındır,
Od vurub qəlbimə, qəlbini yandır,
Tilsimə düşübsə tilsimi sındır,
Harda ləngimisən qıfıl yiyəsi?

Məğrur qayaların xasına bir bax,
Bu elin qurtarmaz yasına bir bax,
Bir dön bu qıfılın pasına bir bax,
Harda ləngimisən qıfıl yiyəsi?

Ahımız, naləmiz çıxıbdı ərzə,
Nərən yox dünyanı gətirə lərzə,
Yoxsa yollanmısan gedər-gəlməzə,
Harda ləngimisən qıfıl yiyəsi?

ÖPÜM

Yağılar yamaca qəddini əyib,
Mən gəlim yaralı dizindən öpüm.
Bəsdir göz yaşların qurusun, vətən,
Gözü yolda qalan gözündən öpüm.

Sinəmi həsrətdən oyan torpağın,
Məni qəriblikdə qoyan torpağın,
Şəhidlər qanından doyan torpağın,
Qanlı çəmənindən, düzündən öpüm.

Açılsın dərdimiz, müşkül qalmasın,
Qürbətdə bir ağlar bülbül qalmasın,
Silinsin, qəlbində nisgil qalmasın,
Gəlim ocağından, közündən öpüm.

SƏNİ QÜRBƏTƏ GƏTİRDIM...

Axı niyə gördüm səni,
Niyə gözlərimə dəydin?
Bəlkə nahaq eşqə düşüb,
Bu sevgiyə boyun əydin?
Nahaqdan vuruldun mənə,
Gərək məni sevməyəydin,
Səni Qürbətə gətirdim!

Sevinmədin gözün dolu,
Qəmlə, dərdlə sözün dolu,
Tənhalığa öyrəşmişdim,
Tək gedəsiydim bu yolu,
Səni Qürbətə gətirdim!

Əsir etdi bu məhəbbət,
Qəribliyin yükü zillət,
Sənə bir gün ağlamadım,
Səni qoydum yurda həsrət,
Səni Qürbətə gətirdim!

Dağların sünbül-süsəni,
Baxışından duydum səni,
Yurd həsrəti gözlərində,
Dərd içində qoydum səni,
Səni Qürbətə gətirdim!

O doğma yurd elə uzaq,
Yolumuzu alıb sazaq,
O aylara, o illərə,
Pərən-pərən o ellərə,
Hey baxırıq gendən belə,
Qonşu qızı, bağışlama,
Bağışlama innən belə,
Səni Qürbətə gətirdim!

YOLUMA GÖZ DİKƏN GÖZƏL HARDASAN?

Mənim həsrətimə alışdınmı heç?
Köçən d urnalara qoşuldunmu heç?
Halımı bir kəsdən soruşdunmu heç?
Yoluma göz dikən gözəl hardasan?

Gözlərin yollara qaldı dikili,
Qəlbin səksəkəli,qəlbin hürkülü,
Bənövşə duruşlum, boynu bükülü,
Yoluma göz dikən gözəl hardasan?

Deyəsən ömürlük qaldım dilində,
Bir zaman şəkərdim,baldım dilində,
İlk eşqim qəlbində, adım dilində,
Yoluma göz dikən gözəl hardasan?

Buludlar kişnədi,haray qopardı,
Tənha dolanmağın bağrını yardı,
Gör neçə fəsildir, neçə bahardı,
Yoluma göz dikən gözəl hardasan?

Sənsiz göz yaşımı tökürəm hələ,
Qəribəm boynumu bükürəm hələ,
Çəkdim həsrətini, çəkirəm hələ,
Yoluma göz dikən gözəl hardasan?

Məni məndən alan, mənsiz eyləyən,
İmansız eyləyən, dinsiz eyləyən,
Yönümü dağlardan yönsüz eyləyən,
Yoluma göz dikən gözəl hardasan?

O vaxtdan gizlənib ürəyimdəsən,
Qəlbim həsrət qalan mələyim də sən,
Şəklini çəkmişəm bəbəyimdəsən,
Yoluma göz dikən gözəl hardasan?

Nəsib Nəbioğlu

Dalidag.az



Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 02-05-2020 14:13
Baxış sayı: 41 034
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını