24-10-2019 14:35
Ağ saraylar virana
Yüz il təslim bir ana
Məlhəm qoymaz yarana
Dünya, bumbuz Kəlbəcər

Dikəl qəfil qarşımda
Ağna, tökül başıma
Daş vermə başdaşıma
Qalmasın iz, Kəlbəcər

Çilikləndi büllur saz
Getdi ruhunda avaz
O Kəlbəcər qayıtmaz
Qayıtsa yüz Kəlbəcər..
Məmməd Aslan

Kəlbəcər mənim. ( Behmen Vetenoglu)
Əslim, nəslim o torpaqdan yaranıb,
Ulu babam olub, Kəlbəcər mənim.
Ümidim, pənahım, arxam, dayağım,
Elim-obam olub, Kəlbəcər mənim.
Qüvvətim, qüdrətim, gücüm, biləyim,
Qəlbim, hissim, duyğum, eşqim, ürəyim,
Müqəddəs nemətim, halal çörəyim,
Abi-havam olub, Kəlbəcər mənim.
Atam, anam, bacım, qardaşım, balam,
Çiçəyim, bənövşəm, nərgizim, lalam,
Sütunlu sarayım, möhtəşəm qalam,
İsti yuvam olub, Kəlbəcər mənim.
Mənə qurban deyib, kəsib quzunu,
Sındırıb könlümün kədər buzunu,
Zülmət gecələrdə ömrüm uzunu,
Yolumda şam olub, Kəlbəcər mənim.
Bəhmənəm, mən ona könüllü nökər,
Ondan ayrılalı gözüm yaş tökər.
Ləhcəmdə şirinlik, sözümdə şəkər,
Dilimdə tam olub, Kəlbəcər mənim.


DƏRDİM-KƏDƏRİM KƏLBƏCƏR
Sevincimdən xəbər yoxdu,
Dərdim, kədərim KƏLBƏCƏR!
Fəryad dolu gecələrim,
Dərdli səhərim, KƏLBƏCƏR!
Başımızda töhmət olan,
İtirilmiş ismət olan.
Namərdlərə qismət olan,
Barım- bəhərim, KƏLBƏCƏR!
Ömrü keçdi dərd dağında,
Yaxının da, uzağın da.
Düşmənlərin tapdağında,
Talan şəhərim, KƏLBƏCƏR!
Tanrım, sənə diz çökürəm,
Gecə-gündüz yaş tökürəm!
Kim nə bilir, nə çəkirəm?!
Balım, zəhərim, KƏLBƏCƏR!
Gedən çoxdan getdi, YUSİF,
Ömür sona yetdi, YUSİF!
Özü boyda dərddi YUSİF,
Qəmim, qəhərim, KƏLBƏCƏR!
Yusif Huseyn

QIFIL
Bizimlə bir dəstə açar gəlibdi,
Məhlənin açarı, evin açarı.
Kefim qıfıllanıb üzümə mənim,
Qalıb evimizdə kefin açarı.
İnadım əyilib, vüqarım sınıb,
O da qalaq-qalaq il altındadı.
Bilirəm, qapımız o vaxtdan yanıb,
Qıfıl bir kalafa kül altındadı.
O qıfıl gül açar günün birində,
Sükutun içində çürüyür, itir.
Onun torpaq dolmuş açar yerində,
Hər bahar bir həsrət çiçəyi bitir.
Qapılar görmüşəm, o vaxtdan bəri
Bu dərdin işığı içəri düşmür.
İndi mən neyləyim ayrı qapıya
Bizim qapımızın açarı düşmür.
Hayana üz tutdum qıfıl göyərdi,
Ümid qıfıllıdır, arzu qıfıllı.
Bərəkət qıfıllı, ruzi qıfıllı,
Bu tale, bu qismət, yazı qıfıllı.
Tətiyi qıfıllı silahımızın,
Tətiyi çəkəsi əlim qıfıllı.
“Susuram, başımı saxlamaq üçün”,
Ağzım qıfıllıdır, dilim qıfıllı.
Çaşdımı, tərk etdi oba yurdunu,
Dərdi köç üstünə aşırıb gəldik.
Bizdə ürəyə bax, baba yurdunu
Bir paslı qıfıla tapşırıb gəldik.
Çaylar qayalardan asılı qaldı,
Bulaqlar ağladı, kiridi orda.
Bu boyda həsrətin, bu boyda dərdin
Açarı burdadı, kilidi orda.


KÖRPƏ ARZULARIM DÜŞÜB DUMANA

Evim gorum olub, dörd divar sıxır,
Dərdlərim qol açıb Kəlbəcər deyir.
Körpə arzularım düşüb dumana,
Gözümdən yol açıb Kəlbəcər deyir.

Xəyalım ürpənir dərin yuxuda,
Tapmır itirdiyi yerin yuxuda.
Balam da səksənir şirin yuxuda,
Hər gecə dil açıb Kəlbəcər deyir.

Əkdiyim bənövşə sözümə bənzər,
Vərəqlər üstündə düzümə bənzər,
Boynu bükük qalıb özümə bənzər,
Hər bahar gül açıb Kəlbəcər deyir.

Rəsulun könlündə qəm qurub dəyə,
Birtəhər yaşayır yurd deyə-deyə.
Yenə dilənçitək yalvarır göyə,
Allaha əl açıb Kəlbəcər deyir.
Rəsul Murovdağlı


Neçə ildi bahar gəlmir,
Yazım qaldı Kəlbəcərdə.
Çiçəklərə naz satardım,
Nazım qaldı Kəlbəcərdə.

Həsrəti sözə düzürəm,
Əlimi yurdan üzürəm.
Şeirimə söz gəzirəm,
Sözüm qaldı Kəlbəcərdə.

Əkdiklərim burda bitmir,
Əlim bara daha yetmir.
Əzablara tab gətirmir,
Dözüm qaldı Kəlbəcərdə.

Qucaqlayıb bir yatdığım,
Təzənəylə oyatdığım.
Simin qırıb, ağlatdığım,
Sazım qaldı Kəlbəcərdə.

Bu nə nalə, bu nə səsdi,
Ay Eyvaz, dözdüyen bəsdi..
Murov aramızı kəsdi,
Gözüm qaldı Kəlbəcərdə.Eyvaz Əyyub

 


Kateqoriya: ---
Tarix: 24-10-2019 14:35
Baxış sayı: 261
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024