Azərbaycan-Tacikistanın dövlətlərarası münasibətləri bu gün ən yüksək səviyyəyə çatıb

26-05-2024 11:29
Vidadi Murtuzayev,
Hüquqşünas

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır.

Qarşılıqlı siyasi dialoq və mütəmadi səfərlər ölkələrimiz arasındakı əlaqələrin intensivliyini artırmaqla bərabər, onun yeni mərhələyə adlamasına möhkəm zəmin yaradır. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da dərinləşərək inkişaf edir. Təkcə onu demək kifayətdir ki, Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib və axırıncı səfər 2023-cü ilin aprelində reallaşıb.

Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, parlament, humanitar, ticari-iqtisadi və digər sahələrdə münasibətlər də birləşdirir. İki ölkə arasında indiyədək ümumilikdə 70-dən çox sənəd imzalanıb. Həmçinin, dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb. Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə 2008-ci ildən fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiya işini uğurla davam etdirir. Komissiyanın sonuncu iclası 2023-cü il iyul ayında Bakıda keçirilib. Ölkələrimiz arasında siyasi, iqtisadi, parlament, mədəniyyət, ticari-iqtisadi sahədə əlaqələr mövcuddur. Azərbaycan və Tacikistan arasında münasibətlərin genişlənməsində parlament əlaqələrinin rolunu xüsusi qeyd etmək lazımdır. Milli Məclisdə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Tacikistan Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. Qarabağ Zəfərindən sonra yeni reallıqlar və dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın nüfuzu artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmiz müasir nəqliyyat-logistika infrastrukturu yaratmağa nail olub. Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub.

Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa və Asiya arasında əhəmiyyətli nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Hazırda Orta Dəhlizə marağın artmasının təsadüfi deyildir. Bu beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək, Türkiyə və Avropa ölkələrinə qədər uzanır. Orta Dəhlizin Şərqdən Qərbə yükdaşımalarında son dərəcə əhəmiyyətli yolu vardır və bu marşrutun ən vacib hissəsi Zəngəzur dəhlizi olacağdır. Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq və əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək. iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin tacikistanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi, sənədlər imzalandı, mətbuata birgə açıqlama verildi. Dövlət başçılarının görüşləri zamanı müzakirə olunan məsələlər, imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 26-05-2024 11:29
Baxış sayı: 4207
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını