Məktəb şagirdlərini qeyri-etik davranışlarına görə necə cəzalandırmaq olar? -MÜNASİBƏT

02-03-2024 13:28
Dos.Mirvari Verdiyeva 
ADPU-nun fəlsəfə doktoru.



Son vaxtlar Azərbaycan məktəblərində şagirdlər arasında baş verən qeyri-etik davranışlar bütün cəmiyyəti narahat etdiyi kimi, müəllim hazırlığı ilə məşğul olan hər bir şəxsi də narahat etməkdədir. 
Bir müddət öncə 156 saylı məktəbin XI sinif şagirdi ilə məktəbdə oxumayan-IX sinifdən çıxmış bir qız arasındakı şəxsiyyəti alçaldan davranışlar hər bir şəxsin hiddətinə səbəb oldu. İbtidai sinif şagirdləri arasında baş verən dava-dalaş adətən yaşla əlaqələndirilir ki, uşaqdır, həyatı yaxşı dərk etmir-deyirlər. Lakin yuxarı sinif şagirdləri arasında baş verən hadisələr artıq tərbiyədə yol verilən nöqsanların bariz nümunəsinə çevrilmiş olur. Kimdir günahkar? Valideyinlərmi? Cəmiyyətmi? Sosial şəbəkələrmi? İnternetmi? Məktəbmi? Televiziyanın səviyyə cəhətdən aşağı olan verilişlərimi? Müasir dövrdə gənc nəslin tərbiyəsində hər kəsin öz payı var və yol verilmiş nöqsanlara görə hər kəsi günühkar etmək olar. Mən uzun illər orta məktəbdə müəllim işlədiyimə görə məktəbin daha çox günahkar olduğunu xüsusi olaraq qeyd edirəm... XI sinif şagirdi olan qızın kimin qızı olmasından və maddi imkanlarından asılı olmayaraq, ümumtəhsil məktəblərinin Tədris planına əsasən I-IV siniflərin hər birində 4, V sinifdə 12, VI sinifdə 14, VII-IX siniflərdə hər birində 17, X-XI siniflərin hər birində 14 fənn müəllimindən dərs alıb və bu gün də almaqdadır. Ümumilikdə I-XI siniflərdə 11 il ərzində cəmi 121 müəllim həmin qıza təhsil və tərbiyə verməklə məşğul olub.

Müəllimlər kollektivinə məktəbin direktorunu, dərs hissə müdirini, tərbiyə işləri üzrə müavini, psixoloqu və Uşaq birliyinin sədrini də əlavə etsək, bir şagird məktəb dövründə 126 müəllimin himayəsində təhsil və tərbiyə alır. Məktəb yalnız fənlərə aid bilik və bacarıq öyrətmir, həm də şəxsiyyət yetişdirən bir məkandır. Məktəbə gələn şagirdlərin ailə vəziyyəti rəngarəngdir. Məktəb şagirdinə sahib çıxmağı bacarmalıdır. Məktəbdə müxtəlif fənlərin tədrisindən əlavə, dərsdən və məktəbdənkənar işləri və tədbirləri də təşkil etməlidir və edir. Nöqsana yol verən qızın sinif rəhbəri də vardır və buna görə əməkhaqqı alır. Nədən sinif rəhbəri bu qızın islah olunması ilə məşğul olmayıb? Hər məktəbin yerləşdiyi ərazidə DİN-nin şöbələri fəaliyyət göstərir. Azyaşlı uşaqlarla məşğul olan əməkdaşlar olmalıdır. Həmin əməkdaşlar bir ildə görəsən neçə dəfə o qızın oxuduğu siniflərin şagirdləri ilə görüşüb və azyaşlılar arasında baş verən cinayət halları və onun qarşısının alınması, profilaktik tədbirlərin həyata keçirilməsi barədə söhbətlər aparıb? 156 saylı məktəbin XI sinif şagirdi olan qızın davranışlarını əks edən videodan aydın olur ki, qız hadisə yerinə hazırlıqlı gedib. Kəsici-deşici soyuq silah sayılan qayçı anlaqlı və planlı şəkildə gətirilib. Burda bir cinayət tərkibinin olması heç kəsə sirr deyildir. O da sirr deyil ki, insanlar nənfi hallardan daha tez nümunə götürürlər. Gələcəkdə belə halların və ya başqa formada baş verəcək xoşagəlməz hadisələrin olmaması üçün həmin qız mütləq cəzasını almalıdır ki, hər kəs ibrət alsın. Eyni zamanda videonu çəkən və ətrafdakı tamaşaçılar da günahkardır və bu və ya digər qaydada cəzalanmalıdır. Bəs bu cəza necə verilməlidir? Haydın həqiqətdir ki, 156 saylı məktəbin XI sinif şagirdi olan qıza və zərərçəkənə valideyinlər, müəllimlər, qohumlar vaxtında münasibətlərinə müdaxilə edərək ağıllı yol göstərmiş olsaydılar, hadisələr belə sonluqla bitməzdi.

Artıq hadisə baş verib. Zərər vuranı və zərər çəkəni şəxsiyyətə çevirmək üçün kəskin tədbir görmək vacibdir: -zərərvuranı və zərərçəkəni DİN əməkdaşları danışdırarkən yanlarında mütləq bir pedaqoq (ən yaxşı müəllim seçilib dəvət olunmalıdır) olmalıdır; 1 -zərərçəkəni və zərərvuranı ayrı-ayrılıqda ən yaxşı psixoloq danışdırmalıdır və psixoloji cəhətdən profilaktik tədbir görülməlidir, çünki hər ikisinin psixikasında müxtəlif formada çatışmazlıqlar mövcutdur; -zərərvuranın etdiyi davranışlar ədalətlə qiymətləndirilməlidir və cəzalandıırlmalıdır; -18 yaşına çatmadığına görə zərərvuran sosial cəza almalıdır. Belə ki, müəyyən müddətə (2 həftəliyə və ya bir aylığa, 6 aylığa) məktəbdən uzalaşdırma qərarı çıxarılmalıdır və işləməyə məcbur edilməlidir. Hər hansı bir müəssisədə xadimə, fermada sağınçı, tərəvəzyetişdirmə istixanasında işçi, qocalar evində 1-3 qocaya qulluq, uşaq evində uşaqlara dayə və s. kimi sosial işlərə cəlb edilməlidir. Sosial cəzalandırma həm azyaşlının əməyə cəlb edilməsini, iş görmə bacarığı qazanmasını təmin edir və eyni zamanda əməklə məşğul olması onun islah edilməsinə şərait yaradır.

Sosial cəza almış yeniyetməyə uşaq inspektorları və sosial şəxslər (QHT-lərin, Ombutsmanın, məktəbin, Təhsil Nazirliyinin xüsusi nümayəndəsi və s.) tez-tez cəza almış şəxsə baş çəkməli və davranışları barədə məlumat almaqla nəzarətdə saxlamalıdır. Cəzanın sonunda müəssisə rəhbərliyi və nəzarətçi orqanlar tərəfindən yüksək xasiyyətnamə alan azyaşlı məktəbdə təhsilini davam edə bilər. Sosial cəza vermək üçün məktəbin Pedaqoji Şurasının xüsusi səlahiyyətləri olmalıdır və qanunla tənzimlənməlidir. Yəni qəbul olunmuş yeni qanun DİN əməkdaşları və məktəbin Pedaqoji Jurasının birgə fəaliyyəti çərçivəsində olmalıdır. Gələcəyimiz gənclərin əlində olacaqdır. Gələcəyimizin gözəl olması isə bizim onlara münasibətimizdən asılıdır.

Dalidag.az





Kateqoriya: Sosium
Tarix: 02-03-2024 13:28
Baxış sayı: 3187
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını