Kəlbəcər etnoqrafiyası - Ramiz Nəcəfli təqdim edir

14-10-2019 10:32

Ramiz NƏCƏFLİ,
Bakı Dövlət Universitetinin dissertantı 
[email protected]

KƏLBƏCƏR MUZEYİ MATERİALLARI AZƏRBAYCAN ETNOQRAFİYASININ ÖYRƏNİLMƏSİNDƏ ZƏNGİN MƏNBƏDİR.

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi sanki budaqlarında müxtəlif meyvələr yetişdirən nəhəng bir ağaca bənzəyir. Bu bənzətmə mərhum filoloq alimimiz Tofiq Hacıyevin “Kitabi-Dədə Qorqud” haqqında qeydlərindəndir:”Dədə Qorqud kitabı” gövdəsində müxtəlif meyvə calaqları yetişdirən nəhəng ağaca bənzəyir-mükəmməl sinkretik tarix sənədidir: salnamədir(oğuzun tarixidir) və bədii əsərdir, şifahi yaradıcılıq nümunəsidir və yazılı ədəbiyyatdır.

Əbəs yerə Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi haqqında bu bənzətməni aparmadıq. Erməni  işğalı altında qalan bu muzeyin salonlarını izləyən tamaşaçıların ürək sözlərinin yer tutduğu rəy kitabını oxuyan hər kəs bu fikirdə ola bilər. Arxeoloqlar Kəlbəcər muzeyini arxeologiya muzeyi, bioloqlar biologiya muzeyi, geoloqlar geologiya muzeyi, etnoqraflar etnoqrafiya muzeyivəs.adlandırırlar. Ona görə ki, hər elm adamı bu muzeydə öz axtardığını tapa bilər. 1980-ci ildə yaradılmış Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycan tarixinin öyrənilməsində əvəzsiz mənbədir. Əvvəlki yazılarımızda Kəlbəcərin arxeoloji və qayaüstü abidələrindən bəhs etmişdik. Bu məqalədə Kəlbəcər muzeyinin etnoqrafik bölümünün bəzi sahələrindən söz açacağıq.

Qürurla demək olar ki, minilliklər boyu formalaşmış mədəniyyətimizin tərkib hissəsi olan etnoqrafiyamız bu muzeyin salonlarından parlaq bir günəş kimi keçmişimizə işıq salır.Dövlətçilik tariximizdən üzü bəri bayramlarımız, ənənələrimiz, xalq oyunları, sənətkarlıq, o cümlədən toxuculuq(xalçaçılıqvə.s) və keçəçilik, əkinçilik mədəniyyəti, arıçılıq, Kəlbəcərin ədəbi mühiti və aşıq sənəti, lətifələr, Kəlbəcər mətbəxi, xalq təbabəti, dərman bitgiləri, geyimlər və s. sahələrdən bəhs edən materiallar ölkə mədəniyyətinin tərkib hissəsi olmaqla yanaşı, həmçinin bənzərsizliyi ilə də seçilir. Sadaladığımız etnoqrafiya sahələrinin Kəlbəcər muzeyində necə əks olunduğu ilə bağlı materialların hələlik cüzi bir hissəsindən söz açacağıq. Çünki yuxarıda qeyd olunanlar bir məqaləyə sığmaz. Odur ki, öncə xalq oyunlarının ekspozisiya salonlarında necə əks olunduğu və onların mədəniyyətimizin formalaşmasında yeri barədə açıqlama verək. Onu qeyd etmək lazımdır ki, Kəlbəcər özü açıq səma altında başdan-başa bir muzeydir. Əbəs yerə Kəlbəcər qaya təsvirləri Qobustanın əkiz qardaşı adlandırılmayıb.  Bu təbiət muzeyinin içərisində qədim insanlar daşlar, qayalar üzərində bugünümüz üçün çox qiymətli izlər qoyub, təsvirlər yaradıblar. Həmin təsvirlərdə qədim insanların həyat tərzi, məişəti, Günəşə sitayiş, ov, səhnələri, ilkin xalq oyunları, rəqslər əks olunmuşdur. Bu barədə üç cildlik Azərbaycan etnoqrafiyasında müəyyən məlumatlar verilir, Anadolu abidələri, Qobustan və Gəmiqaya ilə paralellik aparılır:  “Mədəniyyətimizin ən qədim abidələrindən olan Qobustan qaya təsvirləri, həmçinin Kiçik Qafqazın Kəlbəcər və Göyçə yaylaqlarından başlayaraq, Naxçıvandakı Gəmiqayaya qədər geniş bir ərazidə  yayılmış və Anadolu abidələri ilə səsləşən qayaüstü rəsmlər arasında xalqımızın həyat və məişət tərzini əks etdirən təsvirlərdə Günəşə sitayiş, ov, əkin-biçin, cıdır, güləş səhnələri- ilkin xalq oyunlarının izləri əks olunmuşdur. Qayaüstü təsvirlərdə Azərbaycan xalqının bir sıra qədim inamlarının(oda, suya, Günəşə, Aya, totemlərə sitayiş və s) və milli bayramlarının (məhsul, nəsli artım, Novruz və s.) kökləri ilə bağlı maraqlı təsviri səhnələr vardır”. Xatırladaq ki, muzeydə 9  nümayiş salonu vardır ki, onun altıncı salonu xalq oyunları və yerli adət-ənənələrə bağlı materiallarla formalaşmışdı. Ulularımızın keçmişdə icra etdikləri xalq oyunları, dini inancları və həyata keçirdikləri digər ənənələr muzeyin bu guşəsində sanki canlıdr, əyanidir. Beləliklə xalq oyunları və ənənələrinin bəziləri ilə tanış olaq:

“Kilimarası” – “oyuq(kukla) tamaşasıdır. Repertuarının zənginliyi və məzmunun dərinliyi ilə seçilən bu tamaşa növü el şənliklərində olduqca məharətlə ifa olunurdu. Tədqiqatçılar “Kilimarası”nı əbəs yerə oyuq teatrının tacı hesab etməmişlər. 1928-ci ildə etnoqraf Ə.Ələkbərov Kəlbəcər, Şəmkir, Qazax və Göyçə bölgələrində bu oyunları müşahidə etmiş, onun ifaçlıq ənənələrindən bəhs etmişdir.

Tədqiqatçı alim, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin yaradıcısı Şamil Əsgərov etnoqraf Ə.Ələkbərova istinad edərək bildirir ki, bu oyun ilk dəfə Kəlbəcərdə qeydə alınıb. Ş.Dəlidağdan bu oyun barədə daha geniş məlumat alan Azərbaycan Etnoqrafiyası müəllifləri XX əsrin 70-80-ci illrində onun məşhur ifaçılarının-Kəlbəcərin Ağcakənd sakini, 90 yaşlı Mehralı Mehdiyev və onun oğlanları Süleyman və Şəfaqətin adlarını qeyd edirlər. Ş.Əsgərov byazır ki, bu oyun geologiya elmlər doktoru Şamil Allahverdiyev tərəfindən kinolentə çəkilib:” Oyunun ən mahir ifaçıları Ağcakənddə Milli Məmmədalı, sonralar Oruclu kənd sakini Səlim kişi sayılırmış. Öyrəndik ki, bu oyunu cavan vaxtı Mehralı Süleyman oğlu Mehdiyev bacarırdı. Bunları bildikdən sonra 1967-ci ilin yayında geoloq alimlərlə(akademik Mirəli Qaşqay, elmlər doktoru Şamil Allahverdiyev, elmlər namizədləri Əli Məqribi və İbrahim Babayevlə) Ağcakəndə getdik.Mehralı kişi əvvəlcə qocalığını bəhanə gətirib oyunu ifa etməkdən imtina etdi. Çox xahiş-minnətdən sonra O, cavan şuxluğu ilə “Kilimarası” oyununu ifa etdi. Şamil Allahverdiyev oyunu kinolentə çəkdi. Bu lent indi də Şamil müəllimin evində saxlanılır”.

İndi oyunun ifa olunması qaydasına diqqət edək.“Kilimarası” toy və ya el şənliklərində oynanılır. İfaçı kilimin arasına uzanır və onun üstü tamamilə bükülür. Kuklaların kilimdən çölə çıxarılması üçün bir qədər açıq yer qoyulur.İfaçı  üç “adam” ı-kuklanı xüsusi qaydada bağlanmış iplərlə əllərində və dizlərinin üstündə hərəkət etdirir. Oyunu ilk dəfə görənlər kilimin arasında adam olduğunu bilmir. Saz və ya qara zurna sədaları altında oyun başlanır və “gəlin” kilimin arasından çıxıb rəqs eləyir. Bir azdan ” ər”i də “gəlin”ə qoşulub oynayır. Çox vaxt keçmir ki, “ər” kilimin arasında yox olur. “Gəlin” qulağını kilimə söykəyərək ərinin yatdığına əmin olur. Kilimin o biri başını tıqqıldadır. “Gəlinin” aşiqi səsi duyub gizləndiyi yerdən-palazın arasından ortaya çıxır və “aşiq”-“məşuq” biri-birinə sarılaraq oynayırlar. Pusquda bunu görən “ər” kilimin arasından çıxaraq xəyanət edən “arvad”ının və onun “aşiqi”nin başını kəsir. Oyunçular “ər”i alqışlayırlar. Oyun beləcə sonuclanır. Muzeyin bu  guşəsi tamaşaçıları canlı bələdçi olmadan aşağıdakı şer parçası ilə məlumatlandırırdı:

Gərək yerə iri palaz sərəydik,

Ustadına yaxşı fikir verəydik,

Sonra “Kilimarası”nı görəydik.

Xain arvad kişisini satardı,

Axırda öz cəzasına çatardı.

“Kilimarası” oyununun XX əsrin 30- cu ilərindənfəaliyyətinə qadağa qoyulub. Bunun səbəbləri  barədə elmi ədəbiyyada məlumatlar olmasa da, şübhəsiz ki, bu, 30-cu illərin repressiyası ilə əlaqəlidir. Necə ki, türk-müsəlman ideologiyasına, milli mədəniyyətimizə, onun ayrılmaz hissəsi olan musiqimizə, tarımıza qarşıqanlı cəza tədbirləri aparılırdı. Amma 70-80-ci illərdə bu qədim oyun yenidən incəsənət nümayəndələrininin diqqətini cəlb etməyə başladı. “Kilimarası” oyunun sədası bir vaxtlar Fransada, İraqda və İsraildə gəldi. Oyunun məşhur ifaçısı Kəlbəcər Mədəniyyət evinin işçisi bu oyunu adı çəkilən ölkələrdə çox ustalıqla oynamışdır.Əslində oyunun ifaçısı Rövşən bu sənəti “Kilimarası” nın keçmişdə mahir ifaçılarının şəcərə daşıyıcılarından mənimsəmişdi. Belə ki, Rövşən bu oyunu  Kəlbəcər Mədəniyyət Evinin müdiri Şəfaqətdən öyrənmişdi. Şəfaqət isə “Kilimarası”nın ən mahir ifaçısı Mehralı kişinin oğlu idi. Mehralı kişinin Süleyman adlı oğlu da bu oyunun mahir ifaçısı olub. 

Qeyd edək ki, Nizami Gəncəvinin əsərlərində orta əsrlərdə Azərbaycanda geniş yayılmış xalq oyunlarından “Çövkən”, “Kəbbədə”, “Üzük-üzük”, “Kəndirbazlar”la yanaşı “Kilimarası”nın da adı təsvir edilmişdir.

“Maral oyunu” muzeyin etnoqrafiya şöbəsinində yer alan meydan tamaşaları sırasındadır. Əsasən bayramlarda, el şənliklərində və toylarda oynanılır. Çox qədim və zəngin mifoloji tellərə bağlı olan bu oyunmaral formasında paltar geyinmiş xalq incəsənəti nümayəndələri tərəfindən ifa olunur. Maral oyunun meydana gəlməsi ilə bağlı Kəlbəcərdə el arasında maraqlı bir əfsanə dolaşır. Əfsanəyə görə bir çoban sevdiyi qıza dağlardan  maral balası tutub gətirir. Qız maral balasını sevgilisinin qiymətli hədiyyəsiolaraq əziz tutur və onu sevə-sevə böyüdür. Çox keçmir ki, o maral balasına oyun oynamağı öyrədir və el şənliklərində, toylarda onunla birgə oynayır. Qızın atası onu sevmədiyi başqa birinə ərə verir. Artıq sevgilisindən əli üzülən qız özünə qəsd edir. Toy günü cammat qızın ölüm xəbərini eşidir. Çoban da sevgilisinin acısına dözməyərək dünyasını dəyişir. Dünyadan nakam köçən aşiq- məşuq yanaşı dəfn olunur. Onların qəbrini ziyarət edənlər maralın da  sevgililərin qəbrləri arasında öldüyünü görürlər. Beləliklə maral oyununun  nakam məhəbbətin rəmzi kimi yarandığı söylənilir.

Maralla bağlı Kəlbəcər Muzeyində “Keyti və Mehdi” adlı maraqlı bir əfsanəyə dair guşə yaradılmışdı. El arasında yayılan məlumatlara görə onun dastan variantı da olub. “Keyti və Mehdi” dastanında başverən hadisələr Kəlbəcərin Zəylik, Zar və Bəzirxana kəndlərinin qarşısındakı dağda olub. Faktlar həqiqət olduğunu göstərir. Kəlbəcərli alim İlham Məmmədlinin “ XX əsr Azərbaycan ədəbi mühiti” monoqrqafiyasında da bu əfsanə ilə bağlı məlumat ala bilirik. Rəvayətə görə bu kəndlərdə böyük hörmət sahibi olan Keyti və Mehdi adlı iki ovçu qardaş yaşayırmış. Qardaşlar bir dəfə yaxınlıqdakı dağa ova gedir. Onlar ayrı-ayrılıqda ov axtarır. Çox keçmir ki, Keyti bir maral ovlayır. O, maralın dərisini soyaraq əyninə geyinir və maralsayağı bir formada uzanır. Bununla o maralları özünə yaxınlaşdırmaq və daha çox ov etmək niyyətində olub. Amma bir azdan onu  yuxu tutur. Elə bu zaman Mehdi yatmış qardaşını maral bilərək onu nişana alır. Ovuna yaxınlaşan Mehdi qardaşını vurduğunu görür. O, qardaşının dərdinə dözməyərək özünü də öldürür. Qardaşlar həmin dağın zirvəsində dəfn olunur. Əhali bu dağa Keytinin adını verir.  Kəlbəcərin işğalınadək yaxın kəndlərin sakinləri  Keyti dağının başındakı qəbrləri yay vaxtı ziyarət edirdilər(R.N) . (3.s  50)

Muzeydə tamaşaçıların diqqətlə izlədiyi qədim xalq oyunlarından biri də “Yeddi hünər”  oyunudur. Minilliklərdən xəbər verən “Yeddi Hünər” oyunu yeddi oyundan – “Yeddi Çoban”, “Yeddi Pəri”, “Yeddi Çapar”, “Yeddi Nər”, “Yeddi Qaçar”, “Yeddi Ovçu”“Yeddi Gəlin”dən ibarətdir. “Yeddi Hünər”in tərkibində olan bu oyunların hər birinin adının  nədən yeddi rəqəmi ilə başlanması maraq doğurmaya bilməz. Hər kəsə məlumdur ki, yeddi rəqəmi müqəddəs hesab olunur. Dünyanın əksər xalqları bu rəqəmi xoşbəxtlik rəmzi kimi qəbul edir. Qədim türk mənşəli şumerlərin ilahəsinin şərəfinə tikilən məbədin 7 darvazası və yeddi qapısı olub. Misirdə yeddi rəqəmi qədimdən əbədi həyatın göstəricisi hesab olunur. Planet və qitələrin yeddi olması da maraqlı və düşündürücüdür. 

“Qurani-Kərim”in surələrində yeddi rəqəminin müqəddəs olmasına nəzər salaq:

“Yer üzündə nə varsa, hamısını yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur(Allahdır). O hər şeyi biləndir!

Orta əsrlərdən üzü bəri xalqımızın toy mərasimlərində oxunan

Anam, bacım qız-gəlin, 

Əl-ayağı düz gəlin, 

Yeddi oğul istərəm, 

Bircə dənə qız gəlin.

bayatılarında da yeddi rəqəmi seçilib. Dahi Nizaminin “Yeddi  Gözəl” poeması da təsadüfən yazılmayıb. Hürufilər də yeddi rəqəmini müqəddəs sayır. 

“Yeddi Hünər” oyununun mənşəyini araşdıran Şamil Əsgərov hesab edir ki, bu oyunun dinlə əlaqəsi yoxdur və onluq say sisteminin hələ yaranmadığı, yeddilik say sisteminin mövcud olduğudövrdə meydana gəlmişdir. 

“Yeddi Hünər” oyununubir ağsaqqal və ağbirçək idarə edir. Hər bir oyunda iştirak edən adamlar, heyvanlar və əşyalar da hər dəfə yeddi-yeddi olur. Bu oyunlar adətən bayram günlərində , özəlliklə də ilin axır çərşənbəsi və ya Novruzun ilk günündə icra olunur. Oyuna hazırlıq işləri əvvəlcədən görülür və qaliblərə vermək üçüçn nəmər hazırlanır.

“Yeddi Çoban”-  Əvvəlcə oyunu idarə edən ağsaqqal və ağbirçək ifaçıların şəninə şer deyib onları ruhlandırarmış:

Çoban hey!

Qoy dillənsin qarğı ney,

Yarın baxır qıyqacı,

Möhkəm saxla ağacı.

Ağac əlindən çıxmasın,

Yarın məlul baxmasın...

Bu oyunla bağlı lmuzeyin 6-cı salonunda olan bir guşədə lakonik bir şer parçası tamaşaçılara aydın izahat vermiş olurdu:

Yeddi çoban mərd meydanı qurardı,

Ağacını uca tutub durardı.

Hərə ona bircə dəfə vurardı,

Kimin əldən çıxmasaydı ağacı,

Gülümsəyib yar baxardı qıyqacı. 

Şer parçasından göründüyü kimi yeddi nəfər əli çomaqlı çoban bir-bir sınaqdan keçirilir. Öncə irəli çıxan daha ürəkli çoban çomağı əlində dik tutub saxlayır. Altı çoban bir-bir sınağa çıxan çobanın əlindəki ağacı öz əlindəki çomaqla vurub yerə salmağa çalışır.  Əgər çobanların lap bircəsinin də vurduğu zərbə ilə ağac sınanılan çobanınəlindən çıxarsa, o məğlub olur. Beləliklə hər bir çoban çomağını dik tutaraq tək-tək altı nəfərin  zərbəsinə hazır dayanır. Hansı çobanın bu zərbədən ağacı əlindən çıxmasa,  o qalib hesab olunur və oyunu idarə edən ağsaqqal ona nəmər verir. Hədiyyə camaatın imkanlarından asılı olaraq yapıncı, çomaq, çarıx, corab və s. əşyalar olur. 

“Yeddi Pəri”.Çobanların ardınca corab toxuyan qızlar sınağa çəkilir. Yeddi qızın hər biri yeddi rəngli ipdən corab toxumağa başlayırlar. Ağbirçək yarışmanı idarə edərək qızları ruhlandırmaq üçün üzünü onlara tutur:

Deyiklin baxır sənə,

Qız, zirək tərpənsənə.

Dilində nəğmə oxu,

Əlində corab toxu.

Ağbirçəyin  sözlərindən hərəkətə keçən qızlar zərif və zəhmətkeş əllərini işə salır, qalib gəlmək üçün var güclərini ortaya qoyurlar. Onlar müxtəlif naxışlı corabların incəliyinə diqqət etməklə yanaşı, həm də işi tez qurtarmaq üçün cəld olmalıdırlar. Yuxarıdakı şerdə də,  göründüyü kimi qızların deyiklisinin də(qızla oğlanın bir-birinə ad elənməsi. R.N) orada iştirak etmələri yarışanlara əlavə stimul verirdi. Beləliklə yarış üçün ayrılan vaxtın başa çatması iıəqızlar işlərini dayandırırlar. Bilici qismində oyunu idarə edən ağbirçək “Yeddi Pəri”nin işlərini gözdən keçirir. Daha incə, sıx və naxışlı toxuyan “Pəri” nəmər sahibi olur. 

“Yeddi Çapar”.Bəşəriyyətin yaşı boyu at  igidlərin arxası və ən yaxın köməkçisi olub. Bir də,  hər at minən kişi qəhrəman olmur. At belində yurd-yuvasını yağılardan qoruyaraq torpağına bəd niyyətlə ayaq basanları süpürüb atıblar əcdadlarımız-at minən babalarımız. Vətənin dar günündə seçilib-sayılanlar, onun şad günündə də obanın-elin içində olub, bayramlarda, şənliklərdə at üstündə keçmiş ənənəvi bacarıqlar nümayiş etdiriblər. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin salonlarında nümayiş etdirilən “Yeddi Çapar” oyunu da ulularımızın bizlərə yadigar qoyduğu qədim oyunlardandır. Bu,at üstündə oynanılan qədim oyunların bəlkə də birincisidir. Burada təsvir olunan hadisələr Azərbaycanın  müəyyən bir dövr tarixi ilə səsləşir. Odur ki, muzey  materiallarınatarixi mənbə kimi yanaşmaq bir tələb kimi qarşıya qoyulmalıdır.

“Yeddi Çapar” oyunu belə başlayır. Öncə Ağsaqqal meydana daxil olan yeddi atlının(çaparın) şəninə şer söyləyir.Əvvəlcədən yolun kənarına  7 erkək qoyulur. İgidlər atın çaparağında əyilib yerdən erkəyi götürüb sürətlə geri qayıdır. Bu qaydanı yerinə yetirə bilən çapar nəmər qazanır. Muzeyin salonunda qurulmuş yeddi çapar müqəvvası belə  təəssürat yaradır ki, sanki onlar canlıdır. “Yeddi Çapar” guşəsinin qarşısında yazılmış şer parçası tamaşaçının bələdçisi olur. 

Başlananda yeddi hünər oyunu,

Sanki bir el keçirərdi toyunu, 

Çapar yerdən götürərdi qoyunu,

Qucağına alıb, atı çapardı, 

Yeddi igid belə hünər yapardı.

Yuxarıdakı göstərilən stat  işğal altında qalan Kəlbəcərdəki muzeyin salonlarında olan tablolardandır. Əvvəlki məqalələrimizdə qeyd etmişdik ki, ermənilərin işğalı altında qalaraq dağıdılıb talan olunmuş muzeyi Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin yaradıcısı  Şamil Əsgərov Şəhid Muzey kimi səsləndirmiş və Bakıda qurduğu yeni muzeyə Şahid Muzey adını vermişdir. Bu gün Şahid Muzeydə qeyd olunan tablolar və şəkillər bir sıra qaranlıq məqamlara aydınlıq gətirir. 

“Yeddi nər” oyunu yeddi nər igidin ayrı-ayrılıqda  yeddi kəl və ya cöngə ilə savaşından bəhs edir. “Yeddi nər” oyunu da Azərbaycan etnoqrafiyasının öyrənilməsi üçün yeni və qiymətli mənbədir. İnsanların heyvanlarla , xüsusilə də,  buğa ilə döyüşü istər şərq, istərsə də qərb ölkələrində rast gəlinir və bu gün də mövcuddur. Hələ “Kitabi-Dədə Qorqud”da xanlar xanı Bayandur xanın oymağında dəli buğanı yıxıb başını kəsən Dirsə xanın oğlu Buğacla bağlı məlumatlıyıq. Çox güman ki, “Yeddi Nər” oyununu yaradan ulularımız Dədə Qorqudun müasirləri olublar. Burada rəqəmlərin yeddi seçilməsi ilə bağlı isə “Yeddi Hünər” oyununa giriş verdiyimizdən bir daha bunun üzərində dayanmağa lüzum bilmirik. Keçək oyunun icrasına. Oyunun getdiyi meydanın bir yerində öncə ağıla(heyvanlar saxlanılan yer)yeddi  kəl gətirilir. Meydana gələn yeddi  igidin hərəsindən bir kəlin boynunu burub yerə yıxması tələb olunur. Oyunu idarə edən ağsaqqal, elin say-seçmə oğullarını belə qarşılayır:

İgid hey!

Boyun qatla peydərpey.

Gözlər səni gözləyir,

Yarın səni izləyir...

Bu çağırışla oyun başlayır. Nər igidlər kəllərlə kəllələşməli olur. Təbii ki, kəlin boynunu burmaq hər oğula qismət olmur. Hünər göstərib kəlin dizini yerə gətirən iştirakçı oyunun qalibi kimi yüksək nəmərə sahib olur. “Yeddi Hünər” oyununun digər hissələrindəki kimi,  muzeydə “Yeddi nər” oyunu guşəsini seyr eləyənlərə canlı bələdçi gərək olmur. Çünki tabloda yazılmış bir parça şeri oxuyan hər kəs tam məlumat almış olur:

Yeddi buğa qatılardı ağıla, 

Az qalardı helləşmədən dağıla.

Belə güləş bənzəyirdi nağıla, 

Kim onları boyunlayıb yıxardı,

Qazanardı nəmər, qalib çıxardı.

“Yeddi Qaçar”. Bu oyunun şərtinə görə yeddi gənc oğlan uzaq məsafədən qaçıb , yeddi maneəni aşmalı və yeddi küləş topasını ayağı ilə vurub dağıtmalıdır. Oyunu idarə edən ağsaqqal bəzən şərtdə kiçik dəyişiklik edirdi. Belə ki, maneəni keçib gələn oğlanlar sonda küləş topasını yandırmalı ourlar. Maneələri sürətlə keçərək daha tez küləşi yandıran gənc mükafat alırdı. Mükafatı bəzən bir deyil, bir neçə nəfər alırdı. Muzeyin etnoqrafiya şöbəsində yer alan “Yeddi qaçar” guşəsinin qarşısında yazılmış şer parçası tamaşaçılara oyun haqqında belə şərh verirdi:

Qaçar hey!

Igid qanad açar hey, 

Yüyür bir-bir bəndi aş,

 yolda büdrə, nə də çaş.

Dağıt, od vur topaya , 

El çağırsa çat haya.

Bələdçi statusunu daşıyan şer parçasında “el çağırsa çat haya” sözlərini oxuyan hər bir tamaşaçı nəyə görə insanların keçmişdə min bir sınaqdan keçirilməsi məsələsinə diqqətsiz qala bilməz. Hər kəsəbəlli olur ki, sınaqlardan üzü ağ çıxan seçilmiş insanlar-igidlər dar gündə xalqın səsinə hay verirlər. Burada baş verən hadisələr lap qədim zamanlarda xalqımızın keçdiyi tayfa dönəmindən başlamış uğurlu dövlətçilik ənənələrindən xəbər verir. 

“Yeddi ovçu” . Yerə yeddi paya(ağac) basdırılır. Bu payalar  hər hansı ovun, bəzən isə yağı düşmənin rəmzi kimi qəbul olunurdu. Payalardan müəyyən məsafədə qərar tutmuş  əlində yay-ox  olan yeddi cavan oyuna  başlamaq əmrini gözləyir. Yay-oxu bəzən daş əvəz edirdi. Hər ox və ya daşla payanı vurub aşırmaq tələb olunur. Ağsaqqal yarış iştirakçılarına ürək-dirək verir:

Ovçu hey!

Görməkdə ol qartal, ley,

Ox payada zey açsın,

Yarın dodağı qaçsın!

Göründüyü kimi ağsaqqal  cavanları qartal kimi diqqətli, iti baxışlı olmağa çağırır. Eyni zamanda cavanlar “Əgər oxun payada zey(yer) açarsa, yarın sevinər-dodağı qaçar”-deyə ruhlandırır. Aşağıdakı şer parçası əvvəlkilərdə olduğu kimi yenə də muzey tamaşaçısının hayına gələr, “yeddi ovçu” guşəsində nələr baş verdiyini anladardı:

Yeddi çöpü basdırardıq torpağa,

Başlayardıq bir-bir nişan almağa.

Çalışardı hamı qalib olmağa, 

hərəsini bir daş ilə vuranlar,

Nəmər alıb sayılardı bəxtiyar.

“Yeddi gəlin” . Bu xalq oyununu başlamaq üçün yeddi yerdə ocaq qalanır. Hər bir ocağın üstündə bir qazan asılır. Ocaq başına gələn yeddi gəlinin hərəsi bir qazanda yemək bişirir. Şərtə görə gəlinlərin bişirdiyi yeməklər fərqli olmalıydı. Onlardan ciddi məsuliyyətli olmaq tələb olunurdu. Bişirəcəkləri yeməklərin dadlı olub-olmaması onları təşvişə salır, ürəkləri titrəyərdi. Belə bir anda oyunu idarə edən ağbirçək gəlinlərə öyüd-nəsihət verir:

Qızım hey!

Payla şərbət olsun mey,

Bişir ən dadlı xörək,

Yeyəndə ləzzət görək.

Yemək hazır olan kimi bütün məclis əhli süfrə başına keçir. Gəlinlər hazırladıqları yeməkləri ədəbi-ərkanla süfrəyə gətirir. Kimin bişirdiyi yemək dadlı olursa nəmərə layiq görülür. Bununla da bütövlükdə “Yeddi Hünər” oyunu başa çatır. Oyunun müsbət nəticələnməsi üçün bir neçə ay əvvəl hazırlıqlar görülür. Çomağı möhkəm saxlayanlar, corabı incə və əla naxışlı toxuyanlar, atın şıdırğı qaçarağında əyilib yerdən erkəyi götürənlər,  kəlin boynunu sındıranlar, hamıdan tez qaçıb tonqalı qalayanlar, rəmzi düşmən olan payanı bircə dəfəmə oxla vurub yerə aşıranıar və nəhayət dadlıyemək bişirməkdə seçilənlər hamının sevimlisinə çevrilir. Sonda “Yeddi Hünər” oyunu üçün yazılmış şer parçası:

Yeddi qıza bir ağbirçək ip bölər, 

Yeddi çoban, yeddi çapar, yeddi nər,

Yeddi ovçu, yeddi qaçar, hünərvər,

Yeddi gəlin xörəyə od qalardı

Qoçaq olan çoxlu nəmər alardı.

Bunlar etnqrafiyamızın nə qədər zəngin olduğunu göstərməklə yanaşı insanların fiziki sağlamlığına və qabiliyyətlərinin yüksəlməsinə xidmət edir. Bu xalq oyunu toplusu Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində millətimizin əxlaqi-mənəvi dəyərləriniqoruyub saxlamaqda gələcək nəsillərə mənəvi və tarixi abidə kimi saxlanılır. “Yeddi hünər” oyunu tariximizin araşdırılmamış səhifələrindəndir. 

Qeyd: Yuxarıda ədəbiyyat kimi göstərilən tabloların şəkilləri Kəlbəcərin şahid muzeyində saxlanılır.

“Şəhid Muzey”in altıncı salonunda yer tutmuş “Ayın tutulması” guşəsi xalqımızın minilliklərdən üzübəri gələnək və görənəklərindən xəbər verir. Bu guşədə ayın yarımtutulu vəziyyəti və kukladan düzəldilmiş bir ”Qoca kişi”nin qazana çəkic endirdiyi görünür. Həmin guşənin altında yazılan bir bənd şer parçası tamaşaçıya bələdçilik edir:

Dərd çatarmı keçən günün dadına, 

Nələr düşür gör adamın yadına,

Ay tutulsa yetişərdik dadına.

Tez-tələsik mis qazanı döyərdik,

Ay çıxanda özümüzü öyərdik.

Buradan görünür ki, qədim insanlarınislamdan qabaqkı inanclarına görə guya hansısa bir alətlə mis  qazana döyməklə tutulmuş ayın üzü açılır. Onların mis qazanı döyməsi anı  ilə ayın üzünün açılması təsadüfünün üst-üstə düşməsi bugünümüzə qədər gəlib çatmış bir ənənə ilə tanış oluruq.  

Bildiyimiz kimi Ayın və Günəşin tutulması ən qədim zamanlardan insanları düşündürən təbiət hadisələrindəndir. Təxminən 3000 il əvvəl çinli astronomlar günəş və ayın tutulmasının baş vermə vaxtının əvvəlcədən təyin edilməsi ilə bağlı fikirlər söyləsələrdə,hələ sual doğuran məqamlar kifayət qədərdir. Dahi Azərbaycan şairi Nizami Gəncəvi “İsgəndərnamə”sində ayın tutulması ilə bağlı rəvayətə toxunub. Əsərdə Makedoniyalı İsgəndərin şərqə yürüşü zamanı Əhəmənilər sarayına və buradakı atəşpərəstlik məbədinə od vurarularkən ayın tutlmasından söz açılır. Burada ayın tutulması bir əjdahının onu tutub gizlətməsi ilə əlaqələnirilir. Rəvayətlərə görə isə ay tutularkən insanlar guya onun qarşısını kəsən əjdahını qorxudub qovmaq üçün mis qabları ağacladöyərək hay-küy salarmışlar. Makedoniyalı İsgəndərin qoşunları tərəfindən  atəşpərəstlərin məbədininyandırılması ilə bağlı bir əhvalatda Azər Humayun adlı cadugər bir qadının adı çəkilir. Həmin qadın guya atəşin içində bir əjdaha quraraq igidləri öldürürmüş. Bundan xəbər tutan İsgəndər cadugərin qarşısını almaq məqsədi ilə vəziri ilə götür-qoy edir. Vəzir tilsimləri açan ovsunçu Bəlinası hökmdarın hüzuruna çağırtdırıb. 

Bəlinası tapdı, sordu İsgəndər:

“Bu cadu nə ilə əslinə dönər?”

Dedi: Əjdahını, böyük tacidar

Yalnız bir əfsunçu edər aşikar.

Bu sirri açmağa olsa buyruğun, 

Başını kəməndə salaram onun

Bəlinas cadugərin düyününü açmaqla əjdaha məhv olur. Ayın üzü açılmaqla yanaşı cadugər ay üzlü bir qadına çevrilir. Bəlinas Azər Humaynun bağışlanmasını İsgəndərdən xahiş edir və istəyinə nail olur.

Görkəmli şair Abdulla Şaiq yazır ki, Ay tutulanda qadınlar kəsilmiş atın quyruğunu uzun bir payanın ucuna bağlayıb havada o tərəf bu tərəfə yellədə-yellədə “kişə kafir,  kişə”- deyə-deyə haray-həşir salırlar. 

Muzeyin etnoqrafiya şöbəsində yerləşmiş  “Tale”  guşəsi də tamaşaçıların diqqətlə izlədiyi qədim ənənələrimizdəndir. Guşədə bir qızın çayın qırağında daşın altına yumurta, qırmızı boyaq və kömür qoyduğu seyr edilir. Bu adət ilin axır çərşənbəsində icra olunur. Yumurtanı çay qırağına qoyan gənc qız bununla bəxtini sınamaq istəyir. O hesab edir ki, əgər yumurta qırmızı boyanarsa ürəyində tutduğu oğlandan ona elçi gələcək, yox əgər yumurta kömürlə boyanarsa,  onda onların taleyi barışmayacaq. Qızların çayın qırağında daşın altına yumurta qoyduğunu görən qonşular çox zaman gizlincə gedib yumurtanı qırmızı boyayarmışlar. Bununla onlar minillərdən üzübəri gələn “Qonşun əsl qonşu olarsa, kor qızın ərə gedər” deyiminə əməl etmiş olurlar. Onlar bu əməlləri ilə qonşu qızının xoşbəxt olmasına şərik çıxmalarını nümayiş etdirərdilər. Səhər tezdən yumurtasının qırmızı boyandığını görən qızlar sevindiyindən  başlarına qırmızı şal bağlayarmışlar. 

Paxıl və xəbis təbiətli insanlar isə yumurtanı kömürlə boyayardılar.  Bəzən isə qızların gizlətdikləri yuymurtanı əvvəlcədən pusquda duranazyaşlı uşaqlar dagörərək kömürlə boyayardılar. Uşaqlar bu hərəkəti təbii ki, zarafatla edərdilər. Onlar qızların üzüldüklərini gördükdə  “Tale”nin işinə biz qarışdıq deyə gülərmişlər.

Cavan qızlar yığışanda əl-ayaq,

Tapıb kömür, həm yumurta, həm boyaq.

Çay qırağı gizlin yerdə düzərdi. 

Hənəkçilər gedib onu gəzərdi,

Ya qırmızı, ya da qara bəzərdi.

Səhər-səhər ağlayana baxaydın,

Qırmızı şal bağlayana baxar

Tarixçi və istedadlı şair Mürvət Qədimoğlunun redaktorluğu ilə Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin yaradıcısı Şamil Əsgərovun keçdiyi həyat yoluna həsr olunmuş “Hər çeşmədən bir damla” kitabında akademik Teymur Bünyadovun “Dağ vüqarlı, dağlar oğlu” sərlövhəli bir yazısı etnoqrafiyamıza və onun incəliklərini qoruyan, yaşadaraq təbliğ edənlərə verilən bir dəyərdir:”Kəlbəcər etnoqrafik baxımından, tarixilik nəzərindən açıq səma altında zəngin və təkrarsız muzeydir. Ona görə də bu yerləri görmək, tarixi abidələri öyrənmək, ağsaqqal, ağbirçəlıərin müdrik kəlamlarını, ibrətamiz hekayətlərini qələmə almaq, kitaba salmaq şərəf işi idi. Bu məqsədlə Kəlbəcərə etnoqrafik səfər etmək qarşıda dururdu. Başımda bir neçə elmi işçilərlə birlikdə dağların, gözəlliklərin qoynuna getməyi qərarlaşdırdım. 

Düz bir həftə Kəlbəcərin kəndərini, ellərini, obalarını gəzdik, dolaşdıq. Gözəlliklərlə heyranlandıq, bənzərsizlikdə heyrətə gəldik”. 

Etnoqraf alim Kəlbəcər muzeyini seyr etdikdən sonra ondan söz açaraq belə bir muzeyin nəinki respublikada, hətta Qafqazda olmadığını dilə gətirib: “Şamilin yaratdığı və minlərlə eksponatları olan bu muzey bütün respublikaya nümunə idi. Nəinki Azərbaycanda, hətta Qafqazda belə muzey çətin tapılardı. Şamili əsərləri qədər, yaratdığı muzey dəşöhrətləndirər, dillər əzbəri edər..”

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyiin etnoqrafiya şöbəsinin başqa sahələri ilə bağlı növbəti məqaləmizdə məlumat verəcəyik. Azərbaycan tarixinin öyrənilməsində bu materiallar olduqca dəyərlidir. 

Dalidag.az




Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 14-10-2019 10:32
Baxış sayı: 21 437
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını